Bir kərə yüksələn bayraq bir
daha enməz
ADR-qurulmasının 95-illiyi
münasibəti ilə.
XX-əsrin
əvvəllərində ölkədə müxtəlif
istiqamətli siyasi dərnək və partiyaların fəaliyyət
göstərməsi cəmiyyətdə yeni
baxışların, o cümlədən müstəqillik
duyğularının yaranıb inkişaf etməsinə əlverişli
zəmin və şərait hazırlamışdı.
Bütün bunlar Azərbaycan xalqının milli dövlətçilik
şüurunun oyanmasına və onun bir millət kimi
formalaşmasına, gələcəkdə azadlıq və
müstəqillik uğrunda mütəşəkkil siyası
mübarizəyə hazırlaşmasına stimul oldu.
Üzvlərinin
sayı min nəfərdən artıq olan partiyanın öz mətbu
orqanı - "İrşad" qəzeti Bakıda çap
olunurdu. Partiyanın Mərkəzi Komitəsi də Bakıda
yerləşir və ona görkəmli ədib və ictimai
xadim Əhməd bəy Ağayev başçılıq
edirdi. "Partiya Azərbaycan xalqını son vaxtlar onun
üzərinə düşən bədbəxtliklərdən
- hər iki xalqın normal yaşayış tərzini pozan erməni-müsəlman
toqquşmalarından xilas etməyi və həm də müsəlmanların
geriliyi ilə mübarizə aparmağı özünün
başlıca və əsas məqsədi elan etdi. Bu məqsədləri
həyata keçirmək üçün iki şərt -
savad və güc lazım idi".
"Müsavat"
partiyası məhz belə bir siyasi hərəkat təcrübəsi
üzərində yaradılmış, az bir zamanda xeyli
populyarlaşaraq, özunə çoxlu tərəfdarlar
qazanmışdı. Lakin yaradıldığı gündən
1917-ci ilin fevralına, yəni çar mütləqiyyətinin
süqutuna qədər partiyanın fəaliyyəti çox məhdudlaşdırılmışdı.
Bununla belə onun əsas qayəsi və məramı,
çox güclü senzura basqısı altında olsa da,
"Açıq söz" qəzeti vasitəsilə
kütlələrə çatdırılırdı.
Fevral
burjua-demokratik inqilabından sonra müəyyən siyasi
azadlıqlar əldə edərək açıq fəaliyyət
göstərməyə başlayan "Müsavat"
partiyası çox qısa müddətdə Azərbaycan
xalqının azadlıq və müstəqillik uğrunda
mübarizəsinin liderinə çevrildi və xalqın bu
mübarizəsi 1918-ci ilin 28 mayında ölkəmizin müstəqil
dövlətə çevrilməsi ilə nəticələndi.
Qarşıda çox nəhəng ağrılı problemlər
durmasına baxmayaraq, ADR dövründə ədəbi-mədəni
inkişaf məsələlərinə də çox diqqət
ayrılır və bu sahədə görünməmiş
quruculuq tədbirləri həyata keçirildi.
"Milli
Azərbaycan Respublikasının qurulduğu 1917-ci və
1918-ci illərdə Azərbaycan xalqı tarixinin ən həyəcanlı
günlərini yaşayırdı. Ədəbiyyat və sənət
bu həyəcana tərcüman olur, milli istiqlal günlərinə
yaxınlaşmanın şövq və sevinci içində
yaşayır, böyük ümidini bütün həssaslığı
ilə tərənnüm edirdi".
Milli
dövlətin yaranmasına ürəkdən sevinən və
bu böyuk tarixi hadisədən vəcdə gələrək
onu öz əsərlərində tərənnüm edən
Azərbaycan yazıçı və şairləri Məhəmməd
Hadi və Hüseyn Cavid, Hacı Kərim Sanılı və Əhməd
Cavad, Abdulla Şaiq və Əmin Abid, Cəlil Məmmədquluzadə
və Üzeyir Hacıbəyli, Seyid Hüseyn və Cəfər
Cabbarlı, Abdulla Sur və Tağı Şahbazi Simurq, Yusif Vəzir
Çəmənzəminli və Firudin bəy Köçərli,
Üm Gülsüm və İ.Aşurbəyli bilavasitə Azərbaycan
istiqlalına, milli dövlətə, bayrağa, gerbə,
türklük idealına və ümumbəşəri islami dəyərlərə
həsr etdikləri ən yaxşı ədəbi-bədii,
elmi-publisistik, fəlsəfi-tarixi əsərləri bu illərdə
yazmışlar.
Azərbaycan
Cümhuriyyətinin rəsmi numayəndəsi kimi 1918-ci ildə
ona diplomatik pasport verilmiş, bu dövrdə,
qızğın fəaliyyət göstərən
"Yaşıl qələmlər" dərnəyinin Məhəmməd
Əmin Rəsulzadə, Ömər Faiq Nemanzadə, Əhməd
Cavad, Uzeyir Hacıbəyli, Əbdürrəhimbəy
Haqverdiyev, Nəcəfbəy Vəzirov, Salman Mümtaz,
Hüseyn Cavid, Abdulla Şaiq, Cəfər Cabbarlı kimi
görkəmli üzvlər var idi.
Azərbaycan
Demokratik Respublikası dövründe yazılan şeirler
özünü daha bariz şəkildə göstərir. Bu
dövrde yazılan şeirlər Azərbaycan Demokratik
Respublikasının fəaliyyətindən xalqa bəxş
etdiyi azadlıqdan demokratiyadan, sülh ideyalarından həvəslə
tərənnüm olunur. Bu movzulu şeirlər
"İqbal", "Yeni iqbal", "Açıq
söz", "İstiqlal", "Azərbaycan", "Ədəbiyyat",
"Birlik", "Qurtuluş", "Məktəb Füqəra
fyuzatı", "Şərq qadını" qəzet və
məcmuələrdə ardıcıl olaraq çap olunurdu.
Bu səpgili
şeirlərde milli qürur, xalqın əsirlər boyu
öz azadlığı yolunda çəkdiyi əzab-əziyyətlər,
türklüyə sonsuz məhəbbət hissi çox
güclüdür. Əhməd Cavad, Huseyin Cavid, Cəfər
Cabbarlı, Mikail Muşviq, Abdulla Şaiq, Abbas Səhət, Məhəmməd
Hadi, Üm Gülsüm kimi xalqı vətəni uçun
yazıb yaradan ədiblərin
yaradıcılığının ən məhsuldar
dövrü 1917-1920-ci illərə təsadüf edir. Bu illərdə
onlar "Azərbaycan bayrağına", "Sevimli ölkəm",
"Türkün nəğməsi", "Milli
bayrağımıza", "Ey əsğər",
"Turan düyünü", "Səs verəlim",
"Ey türk oğlu", "Əsgər anası",
"Yolunu bəklərdim", "Bayrağın enerken",
kimi bir-birindən gözəl şeirlər yazır. Üm
Gülsüm yaradıcılığında vətən
sevgisi bir tərəfdən milli istiqlal uğrunda mubarizə,
onun tərənnümu, digər tərəfdən, xalqı
Azərbaycanın milli istiqlala səslənməsi, onu qoruyub
saxlamaq əsas yer tutur.
Ədiblərimizin
yaradıcılığında vətən sevgisi bir tərəfdən
milli istiqlal uğrunda mübarizə, onun tərənnümü,
digər tərəfdən, xalqı Azərbaycanın milli
istiqlala səslənməsi, onu qoruyub saxlamaq əsas yer tutur.
Ə.Cavadın
"Ey əskər!" şeiri bu cür poetik örnəklər
arasında öz ideya-estetik keyfiyyətləri və
duyğularının səmimiliyi ilə seçilməkdədir:
Dağa,
daşa sancağını ördurub,
Duman
kimi bu dağları bürüdün!
Dənizlərə
salam rəsmi yapdırıb,
Göylərdəki
bulud kimi yürüdün!
Yürü,
yürü batan gunun izinə,
Gulumsəyir
doğan Günəş yüzünə!
Həmin
dövrün vətənpərvər şairlərindən
Üm Gülsüm də 1918-ci ildə şair qardaşı Ə.Cavadın
hisslərinə bənzər duyğuların təsiri
altında qələmə aldığı "Ey türk
oğlu!" adlı şeirində türk əsgərinə
üz tutub onu şanlı qələbələrə səsləməyi
özunə bir vətəndaş sənətkar borcu bilirdi:
Ey
türk, sən ey qəhrəman, igid oğlu türklərin,
Şanlı
ulu babanın öyüdünü unutma!
Sən də
yürü o yolu, ad çıxarsın əskərin,
Ulular
ardınca get, başqa bir yolu tutma!
Hadinin yaradıcılığında
"İstiqlal" mövzusu daha üstün yer tutur.
"İstiqlalımız parlaqdır", "İrəliyə
doğru gedəlim!", "Ümid səhneyi-təmaşayi-həyatın
ruhudur" kimi şeirlər bu mövzuda yazılmış əsərlərdir.
Ey ol vəqti
görən məsud, unutma bizləri yad et!
Ey yoldu həsrət
ilə can verən əhvalı tedad et!
Məzarım
usdə gəl dur, qəmli-qəmli ağla, fəryad et!
Oxu bu
şeiri qəbrimdə ələt təkrar evrad et:
Dur, ey
zindani nisyanda yatan, azad olub aləm!
Sürurabadi-hürriyyət
gəlib, dilşad olub aləm!
"Azadlıq", "istiqlal" arzuları ilə
ruhlanan şair şeirdə öz kədərlərini elə
məharətlə qəzəb və intiqam hissinə
çevirir ki, bu hisslərinin od-alovunu döşmənin
başına tökur.
Azərbaycan
xalqının milli istiqlaliyyəti, mədəniyyəti,
dilinin inkişafı Abbas Səhhət
yaradıcılığında da xalqın, vətənin
taleyi ilə bağlı; azadlıq - "hurriyyət",
marifə və elmə çağırış bəzən
sızıltı və bəzən fəryad şəklində
ifadə olunurdu. Onun yazdığı "Fəryadi-intibah
və ya amali-vətənrərvəranə" şeirində
vətəndaşlarını oyanmağa, azadlığa
çağırır.
Ayıl,ey umməti-məhrumə,ayıl!
Ayıl,ey milləti məzlumə,ayıl!
Ayıl,ey bulbuli-gulzari-vətən!
Nəğmən
ilə ola bidar vətən!
...Ayıl,ey xabi-qəmə aludə,
Bu qədər yatma dəxi asudə.
Millətini,
vətənini azad görmək istəyən Cəfər
Cabbarlı:
Durnalar,
durnalar, bizdən dubara,
Turan ellərinə
salam söyləyin.
deyərək, Azərbaycan istiqlalının möhkəmliyini Turan
ellərinin azadlığında görür.
1920-ci il ADR-ın süqutundan sonra Vətənin hər
növrağının söndüyü, onun sinəsinə
və əllərinə yad izlər göründüyü
üçündür ki, aşiq öz "xəstə qəlbi
ilə haraya gəlməyə çalışır".
Bən
baxarkən sən vurduğun yaraya,
Şimdi zalım fələk girdi araya.
Bax, xəstə
qəlbimlə gəldim haraya,
Sən
ağlama, bən ağlayım, gözəlim!
Ə.Cavadin "Sən ağlama, mən ağlayım,
gözəlim" şeiri simvolik bir vətənpərvərlik
numunəsi, sevgili vətənin yasına yazılan bir
ağı idi.
Şairin
özunun də qeyd etdiyi kimi, vətənini, xalqını bəxtəvər
görmək arzusu il çırpınan
bir könulun nalə və fəğan notları bu dövrdə
qələmə alınmış bir sıra başqa əsərlərdə
də, xüsusən lirik-romantik parçalarda özunu
sıx-sıx göstərir.
"Bu
yilki mayısda"şerində
O günlər
ovunmadan,gülmədən
Ağladım ağlayan Türkün dərdinə.
Bu yilki
yazda bir nəşə bilmədən
Yanardım yaxılan yurdun oduna.
Yelimin
baharı, həyatı sönmuş,
Qönçəsi, nəğməsi yasa burunmuş.
Bu
dövrü M.Ə.Rəsulzadə çox dəqiq və
poetik bir dillə ifadə etmişdir:
"Azərbaycanın həmlələr və həyəcanlar
tərənnüm edən coşğun rübabına ən
ağır bir zərbə endirildi. Hürriyyətin
feyizli havasından doymadan, milli istiqlalın verdiyi bütün
nemətlərdən hələ yetərincə faydalanmadan, Azərbaycan
ədəbiyyatı yenidən tarixin ona ayırdığı
faciəli və həzin qismətinə qatlanmaq zərurətinə
düşdü.
Sovet istilası ədəbiyyatın maneəsiz irəliləməsi
üçün əngəllər törətdi. Milli ruha
yabançı olan kommunist hökuməti formaca milli olan ədəbiyyata
əvvəlcə səbirlə yanaşdısa da, məlum olduğu
kimi, ona beynəlmiləl proletar məzmunu verməyə
çalışdı".
Sovet
imperiyası məqsədinə bəzi hallarda nail olsa da,
şair və yazıçıların azad ilham pərisini
tamamilə buxovlaya bilmədi. Məhz bu cur qeyri-insani təzyiqlər
nəticəsi idi ki, Səməd Vurğun kimi böyük
şair "vətən, millət" sözlərini
"bayquş səsinə" bənzətməyə məcbur
olmuş, lirik şeirlər ustası olmaq üçün
yaranmış Süleyman Rüstəm Azərbaycanın
istiqlalı uğrunda böyuk qəhrəmanlıqlar göstərmiş
şanlı oğullarımızı - Azərbaycandan
mühacirət etməyə məcbur olmuş
müsavatçıları kobud sözlərlə təhqir
etməkdən, onları xüsusi bir canfəşanlıqla
söyüb alçaltmaqdan çəkinmirdi.
Represiya
qurbanlarının taleyi ilə bağlı o dövrün mətbuatını
və şair və yazıçıların muhakimə
materiallarını Milli Təhlükəsizlik Nazirliyinin arxivlərində
diqqətlə araşdıran akademik B.Nəbiyev mülahizələrinə
obrazlı şəkildə yekun vuraraq yazır:
"Cəlladlar öz qara əməllərini bir qayda
olaraq gizlincə icra edir, xalq arasında böyük nüfuza
malik olan görkəmli elm, ədəbiyyat və incəsənət
xadimlərini xəlvətcə ilim-ilim itirirdilər".
O
dövrün repressiyaya uğramış görkəmli Azərbaycan
ziyalılarından biri olan Əmin Abidin həyat yolunu tədqiq
etmiş filologiya elmləri doktoru Bədirxan Əhmədov
"təmizləmə" əməliyyatının daha bir
tərəfini araşdıraraq yazır:
"Təmizləmə" əməliyyatı, əsasən
türk ədəbiyyatı, coğrafiya və ictimaiyyət
müəllimlərinə qarşı yönəldilirdi. Şübhəsiz,
Ə.Abid bu əməliyyatdan kənarda qala bilməzdi. Bundan sonra ona Bakıda işləmək yasaq olunur.
Məcburiyyət qarşısında qalan Əmin
Abid 1929-1934-cu illər arasında Ağdaş, Quba, Ağdam
rayonlarında müəllim işləyir. Elə bu illərdə
məhsuldar alimin məqalələri respublika mətbuatında
çox az dərc olunur..."
Vətənın, xalqın istiqlaliyyəti uğrunda
canlarından keçən ziyalılarımızın
acınacaqlı taleylərindən uzun illər boyu xalqın xəbəri
olmamış, yəni onların ömür sapının
harada, hansı şəraitdə, nə vaxt və kimin əlilə
qırıldığı haqqında ictimaiyyət
üçün bir sətir də olsa məlumat dərc edilməmişdi.
Xüsusi halda, ziyalının ən böyük
"günahı" kimi onların türk ədəbiyyatı
ilə maraqlanması, Türkiyədən gətirilmiş
kitabları oxuması, Türkiyədə əsər çap
etdirməsi qabardılırdı. Kommunist rejiminin
Türkiyədən oddan qorxan kimi qorxması, Türkiyə ilə,
türkün ədəbiyyatı və mədəniyyəti
ilə azacıq əlaqəsi olan görkəmli
ziyalıları hər vasitə ilə təqib və məhv
etməsi bolşevik psixologiyasının, eləcə də o
dövrdə Azərbaycanda at oynadan erməni millətçilərinin
əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilməlidir.
Türkə qarşı yönəlmiş bu
misli görünməmiş iyrənc hərəkatın
ideoloji əsası da işlənib
hazırlanmışdı. Uydurma
pantürkizm nəzəriyyəsi məhz bu məkrli siyasətin
həyata keçirilməsi üçün nəzəri-ideoloji
zəmin rolunu oynayırdı. Xalqın ən
görkəmli ziyalıları məhz pantürkizm
damğası ilə ölümə məhkum edilir, Sibirin
buzlu cəhənnəmində görunməmiş əzablar
içində məhv edilirdilər. Dahi Azərbaycan
şairlərindən biri haqqında ümumilli liderimiz Heydər
Əliyevin dediyi sözləri eynilə Azərbaycanın
istiqlalı uğrunda canlarından keçən ədiblərimizin
həyat və yaradıcılığına da aid etmək
mümkündür:
"Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının,
mədəniyyətinin inkişaf etməsində misilsiz xidmətlər
göstərmişdir. Hüseyn Cavid Azərbaycan xalqını,
onun mədəniyyətini, ədəbiyyatını, elmini
yüksəklərə qaldıran böyük şəxsiyyətlərdən
biridir. Hüseyn Cavidin yaratdığı əsərlər
Azərbaycan xalqının milli sərvətidir. Onlar bu gün üçün, gələcək nəsillər
üçün dərslik kitabıdır.
Hüseyn Cavidin bütün
yaradıcılığı, bütün fəaliyyəti Azərbaycan
xalqının mədəniyyətini yüksəklərə
qaldırmaqdan, xalqımızı azad, müstəqil xalq etməkdən
ibarət olubdur. Onun bütün
yaradıcılığı Azərbaycan xalqını milli
azadlığa, müstəqilliyə
çağırıbdır. O, həmişə öz
iradəsi ilə yaşamış, öz iradəsinə, millətinə
sadiq olmuşdur, millətini, xalqını həddindən
artıq sevmiş və millətinə həddindən
artıq xidmət edən bir insan olmuşdur".
Yaradıcılıqlarının və ədəbi-ictimai
fəaliyyətlərinin çiçəkləndiyi, kamillik
və müdriklik zirvəsinə qədəm qoyduğu bir
vaxtda - ömür kitabları bağlanır. Ancaq bu ədiblərin
ömrlərini şam kimi yandıraraq onun
işığında ərsəyə gətirdikləri sənət
kitabları həmişə xalqın üzünə
açıqdır və bu gün müstəqil dövlətçiliyimizin
möhkəmlənməsi, millətimizin dünya birliyində
layiqli yerini tutması prosesində bizim
çağdaşımız kimi yaxındın iştirak
edirlər.
Böyük
istiqlal şairimiz Əhməd Cavad da bu amalın
qurbanlarındandır:
Keçərkən
göylərdən bir qatar durna,
Ağlar buraxdğı gözləri sorma.
Qalx! doğru çıxmaqda gördüyün
röya,
Bəslədiyin amal bu gün gülümsər.
Bu gün ikinci dəfə üçrəngli
bayrağımız ölkəmizin üzərində
dalğalandıqca millətim firavan yaşayacaq və möhkəmlənəcək. Bu amalı xalqına, ikinci
dəfə bəxş edən ulu öndərimiz Heydər Əliyev
həm də eyni zamanda 37-ci ılın günahsız
qurbanlarına bəraət qazandırdı.1920-ci ıldə
istiqlalımız - 23 ayın həsrətinə 73 ıl sonra
ulu öndər Heydər Əliyevin siyasət və
bacarığı sayəsində təkrar qovuşduq. Lakin
itirdiyimiz dahiləri, istedadlı şair və
yazıçıları geri gətirmək mümkün
olmasa da onların və ulu öndərimizin miras qoyub getdiyi bu
firavan "azad" və "müstəqil" dövlətimiz,
onun istiqlalı bizə daimə əmanət qalacaqdır. Onların ölməz ruhları indi dinclik və
rahatlıq tapmışdır. Bir zamanlar onları "vətən
xaini"nə çevirən şeirlərindəki "vətən",
"millət", "türkçülük",
"birlik", "azadlıq", "istiqlal" sözləri
bu gün çəkinmədən, tərəddüd edilmədən
dilimizdə ucadan səslənir.
Göyərçin MUSTAFAYEVA
Ədalət.-2013.-21 may.-S.6.