Gözəl və sevimli məkan - Lənkəran

 

Lənkəranlılar 2013-cü ilin ilk 3 ayında da əllərini işdən soyutmayıblar

 

Son on illikdə öz simasını tamam dəyişən Azərbaycanın füsunkar guşələri çoxdur. "Cənubun mirvarisi" adlandırılan Lənkəranın isə bir başqa hüsnü var. Talış dağlarının ətəklərində, mavi Xəzərin sahilində nazlanan bu rayonun gözəlliklərinin əsiri olanlar da az olmayıb. Keçmiş Sovetlər Birliyinin böyük rütbəli məmurları, rəsmiləri zaman-zaman Lənkəranın qonağı olmuşlar. İndi bu yurdun qonaqları daha çoxdur. Çünki bir-birindən gözəl və rahat istirahət mərkəzləri, otellər, restoranlar hər an müsafirlərinə ən yüksək xidmət göstərməyə hazırdırlar.

Lənkəran şəhəri isə sanki bir nağıldır. Son vaxtlar bu şəhəri görənlər yəqin bunların mübaliğə olmadığını təsdiq edərlər. Yaşıllıqlar, gül-çiçəklər əhatəsində olan şəhərə günəşin altında alışıb-yanan Xəzər - bu mavi gözlü gözəl bir ayrı gözəllik verir. Müasir üslubda inşa edilmiş hündür və yaraşıqlı binalar bu gözəlliyə min bir rəng qatır. Təmiz və səliqəli küçələri, bağ-bağçaları, könül açan Lənkəran şəhərinin gecələri də özünəməxsusdur, əsrarəngizdir.

Xiyaban deyilən məkanda isə gecədən xeyli keçənə kimi insanların istirahət etmələri təbiidir.

Çox qəribədir və yaxşıdır ki, burdakı insanlar daha nəzakətli olmalarını sübut etmək üçün sanki bir-biri ilə yarışa giriblər. Sadə və mehribandırlar.

Lənkəran şəhərinin girişindən mərkəzinədək yolun necə sona yetdiyini hiss etmək mümkün deyil. Səhərlər daha sakit olan Xəzərin xırda ləpələri sahildəki yaşıllıqlara, bir-birindən gözəl istirahət mərkəzlərinə, kərpicdən tikilmiş qırmızı kirəmidli evlərə nəğmə deyir. Şəhər bu nəğmənin pıçıltısına qulaq kəsilib sanki.

 

"Mənim tanrım gözəllikdir, sevgidir..."

 

"Ölməz Cavidin bu ölməz misralarının hansı hissin təsiri altında yazıldığını və həqiqəti nə dərəcədə ehtiva etdiyini deyə bilmərəm. Ancaq onu deyə bilərəm ki, gözəllik də, sevgi də insanın içində heç nəyə bənzəməyən, tamam başqa məqamı, yeri olan duyğular, hisslər yaradır". Bu sözlərin müəllifi Liman şəhər Ağsaqqallar Şurasının sədri Səyavuş Süleymanovdur. Rayonu ilə haqlı olaraq fəxr edən Səyavuş kişi ilə Liman şəhərindən rayon mərkəzi Lənkərana qayıdırıq. Yol boyu yeni inşa edilmiş hasarlar, yaraşıqlı bordürlər, ağac və gül kolları uzandıqca uzanır.

- Bax, bu gözəlliklər hava limanı yolunda da, qəsəbə və kəndlərimizdə də hər gün inkişaf etdirilir. Rayonda aparılan abadlıq-quruculuq işləri həyatımızın xüsusi bir hissəsidir. Küçələrimizdəki, həm də yol kənarındakı istinad divarlarımızın hamısı suvanmış və rənglənmişdir. Prezidentimiz İlham Əliyevin 01 avqust 2012-ci il tarixli Sərəncamı ilə Lənkəran şəhər İcra Hakimiyyətinə ayrılmış 5 milyon vəsait hesabına Heydər Əliyev Xatirə Parkında üzlük plitələr dəyişdirilmişdir. İşıqlandırma və su sistemi yeniləşdirilmişdir. Burda yeni salınmış gül kolları, dekorativ ağaclar daha gözəldir. Heydər Əliyevin abidəsinin ətrafı qranit daşlarla üzlənmişdir. Bu parkda "Botanika bağı" da yaratmışıq. Parklar və bağlar şəhəri Lənkəranda bu park ən gözəli, ən nümunəvisi olacaq.

Şəhərimizdəki Şəhidlər Xiyabanı küçəsini yenidən qurmuşuq. Burdakı körpü genişləndirilmiş, küçədə daha müasir işıq dirəkləri quraşdırılmışdır. Göyşaban dairəsindən Ləvəngi dairəsinə və Heydər Əliyev prospektinədək olan yolda, Heydər Əliyev prospektinin özündə küçə hasarlarının üzlənməsi, tamet daşlarla döşənməsi, müasir küçə işıqlandırma sistemi quraşdırılması işlərini artıq yekunlaşdırmışıq. Olimpiya İdman Kompleksinə gedən yolda yeni səkilər salınmış, avtovağzal ərazisində yeni yol dairəsi də yaradılmışdır. Rayonun giriş qapısı Qumbaşı kəndində yol guşəsi və yaşıllıq zolağı salmışıq. Həzi Aslanov parkında yenidənqurma işləri nəticəsində ərazi görkəmini tamam dəyişmişdir. Rayonumuzda tikinti-quraşdırma işlərinə bu ilin 3 ayı ərzində 19,3 milyon manat xərclənmişdir. Sakinlərimizin özlərinin inşa etdikləri evlərin ümumi sahəsi 6091 kvadrat metrdir. Ölkə Prezidentinin göstərişi ilə inşa edilən 24 mənzilli yaşayış binası tezliklə hazır olacaq. Bizim Lənkəran doğrudan gözəldir, onu sevməmək mümkün deyil. Onu da əlavə edim ki, rayonumuzun iqtisadi-sosial inkişafında, yeni görkəm almasında Rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşovun əməyi, zəhməti müstəsnadır. Bu doğrudan belədir.

Səyavuş kişinin Lənkəran haqqında danışdıqlarının hamısını yazıya gətirmək mümkünsüzdür. Ən yaxşısı isə bu rayonu, gözəl Lənkəran şəhərini gəzib görməkdir.

 

Əllərdir torpağı zinətə çevirən

 

Lənkəran rayonunun aqrar sahədəki uğurlarının təməlində torpağa bağlılıq dayanır. Əvvəllərdə olduğu kimi bu ilin 1-ci rübündə də lənkəranlılar bir sıra uğurlara imza atmışlar. Bu müddət ərzində rayonda 7,9 milyon manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilmişdir. Bu əvvəlki dövrlə müqayisədə 2 faiz çoxdur. Sahələrdə 1613 hektar yazlıq bitkilər əkilmişdir. 7 min hektar ərazidə şum işləri aparılmışdır.

 

(ardı gələn sayımızda)

 

 

Səxavət Məmmədli

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2013.-21 may.-S.7.