Gözəl və sevimli məkan - Lənkəran

 

Lənkəranlılar 2013-cü ilin ilk 3 ayında da əllərini işdən soyutmayıblar

 

(əvvəli ötən sayımızda)

 

Heyvandarlıq məhsullarının istehsalında irəliləyişlər əldə edilmişdir. Diri çəkidə 1392 ton ət, 7060 ton süd, 3,6 milyon ədəd yumurta istehsal olunmuşdur.

2003-cü ilin 01 aprel tarixinə kimi rayonda 52,2 min baş iribuynuzlu, 21,4 min baş xırdabuynuzlu mal-qara qeydə alınmışdır. Sahibkarlığın inkişafı nəticəsində aqrar bölmədə 99 faiz göstərici özəl bölmənin payına düşmüşdür. Ötən 3 ayda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlar, adamlarına 61 min manat kredit verilmişdir.

Beynəlxalq standartlara cavab verən "Nur -süd" MMC-də "Pal süd" markası ilə 1 milyon 512 min litr südsüd məhsulları istehsal edilmişdir. Bu gün bu müəssisədə 11 çeşiddə məhsul istehsal edilir.

Torpağa bağlılıq, təsərrüfat işlərinin düzgün qurulması son anda öz nəticəsini vermişdir. Ona görə də 2013-cü ilin 1-ci rübündə Lənkəran rayonunun sosial-iqtisadi inkişafında bir sıra uğurlar qazanılmışdır. Ümumi məhsul buraxılışı 29,6 faiz artaraq 53,7 milyon manata çatmışdır.

Şəhərin dəmiryolu vağzalında Novruz bayramı münasibətilə təşkil edilmiş ərzaq məhsullarının satışı yarmarkasında Lənkəranda, əyalətdə və Bakıda fəaliyyət göstərən 32 firmanın məhsulu sakinlərə təklif edilmişdir. Yarmarkada 390 tona kimi müxtəlif ərzaq məhsulları bazar məzənnəsi ilə müqayisədə 25-30 faiz aşağı qiymətə satılmışdır.

Bütün bu kənd təsərrüfatı məhsulları, ərzaqlar isə lənkəranlıların alın təri hesabına ərsəyə gəlmişdir.

 

Yaxşı şərait yaxşı ömür deməkdir

 

Bu gözəl məkanın sakinləri öz rayonlarının iqtisadi-siyasi həyatında fəal iştirak etməklə bərabər, həm də onunla öyünürlər. Rayon Mərkəzi Xəstəxanasının müdiri Ağabala Kəlbiyev də onlardan biridir. Onun dediklərindən:

- Rayon səhiyyə müəssisələrində tibbi xidmətin səviyyəsini yüksəltmək üçün bütün imkanlardan istifadə edirik. Ölkə Prezidenti İlham Əliyevin Sərəncamı əsasında Mərkəzi Rayon Xəstəxanasında əsaslı təmir işlərini davam etdiririk. Lənkəran şəhərində 18 çarpayılıq Rayonlararası Narkoloji Xəstəxana inşa edilir. Sakinlərimizin sağlamlığı ilə bərabər onların sosial şəraitlərini də yaxşılaşdırmağa çalışırıq. Yaxşı şəraiti olan insanların ömürləri də xeyli uzun olur. Əhalini elektrik enerjisi ilə daimi təmin etmək üçün Lənkəran Elektrik Şəbəkəsi tərəfindən 10 kilovoltluq hava xətlərinin 1,5 kilometri yenidən qurulmuşdur. 7,9 kilometr SİP kabeli çəkilmiş, 268 ədəd "SMART" kart tipli sayğac quraşdırılmışdır. Ümumilikdə 22190 metr SİP kabeli çəkilmiş, 10 kilovoltluq 2600 metr naqil yenilənmiş, 9 ədəd yararsız transformator təzələri ilə əvəzlənmişdir. Rayon Qaz İstismarı Sahəsi Lənkəran şəhərində 7,1 kilometr polietilen boru, 16,7 kilometr dəmir boru, kəndlərdə 23,1 kilometr polietilen boru, 63 kilometr dəmir boru qaz xətti çəkmişdir. Bu işlər 68 briqadadan ibarət 4 tikinti təşkilatı tərəfindən görülür. Yaxın vaxtlarda daha 18 kəndimizdə mavi qaz alovlanacaq. Şəhərin içməli su təchizatını və kanalizasiya sistemini təkmilləşdirmək məqsədi ilə də kifayət qədər görmüşük. Lənkəran şəhərinin sukanalizasiya sisteminin yenidən qurulması "Azərbaycan Respublikası Regionlarının 2009-2013-cü illər üçün sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na salınmışdır. Dəyəri 210 milyon manat olan bu layihə həyata keçirilməkdədir. Hələlik isə 57243 metr su xətti, 16865 metr kanalizasiya xətti çəkilmişdir. Bu işlər başa çatdıqdan sonra lənkəranlılar tərtəmiz içməli su ilə təmin ediləcəkdir.

Baş həkimin rayonun xidməti təsərrüfatlarından belə həvəslə danışması onu göstərir ki, hər bir lənkəranlı öz rayonunun sosial inkişafında daha çox maraqlıdır.

 

Yollar həm münasibət deməkdir

 

Özünəməxsus gözəlliyi, qonaqpərvərliyi, yaşam tərzi olan Lənkəran həm cənubun tarixi mədəni mərkəzidir desək yanılmarıq. Bir çox millətlərin yaşadığı Lənkəran şəhərində görüşdüyüm insanların biri rus icmasının fəallarından olan Lidiya Koryagina oldu. Öz şəhəri ilə fəxr edən bu qadın rayon haqqında da kifayət qədər məlumata malikdir. Ancaq o daha çox yollardan danışdı:

- Bilirsiz niyə? Yollar təkcə şəhərləri, kəndləri birləşdirmir, həm insanlar arasında münasibəti tənzimləyir. Pis narahat yolla kim harasa getməyə həvəs göstərər? Rayonumuzun yol işçiləri Ələt-Astara, Lənkəran-Lerik, Vilvan-Zövlə-Boladi-Liman avtomobil yollarında əsaslı təmir işlərinə başlamışdır. Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə Liman-Nərimanabad avtomobil yolunun təmirinə hazırlıq gedir. Prezidentimiz İlham Əliyevin Sərəncamı əsasında Lənkəran-Vilvan-Osaküçə-Türkəncil yolunun 2-ci hissəsinin əsaslı təmirinə başlanmışdır. Lənkəran çayı üzərindəki körpünün təmiri, kəndlərin, yeni yaşayış məntəqələrinin daxili yolları yaxın vaxtlarda daha müasir görkəmə salınacaq. Camaatımız da bu rahat yollarla bir-birinə daha tez-tez qonaq gedəcək, münasibətlər daha möhkəm olacaq.

Lidiya Koryaginanın sözlərində böyük həqiqət var. İnsanlar canlı ünsiyyətdə olanda həyat daha gözəl, daha maraqlı olur. Lap Lənkəran şəhərinin özü kimi.

 

 

Səxavət Məmmədli

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2013.-22 may.-S.7.