Yüz il sonraya ehtiyac
yoxdur...
Bugünkü müsahibimiz ədəbiyyat
və kino sahəsində intellektual biliyə, dərin
mülahizələrə sahib olan istadedlı yazar Sevda
Sultanovadır.
- Sevda,
özünü oxuculara necə təqdim edərdin?
Yazıçı, jurnalist, yoxsa kino tənqdiçisi kimi...
-
Dünyada çox məşhur kino tənqidçisi var ki,
onlarla müqayisədə mənim biliklərim, analizlərim
kölgədə qalır. Bu mənada kino tənqidçisi
deyiləm. Sadəcə jurnalist, yazar.
- Adını xatırlamıram, məşhur
yazıçılardan birinin belə bir fikri vardı ki, "film
çəkilən zaman yazıçı filmdəki
çarxın bir dişindən ibarət olur". Bu fikrə
münasibətin necədir? Filmdə mətn, ssenari nə dərəcədə
rol oynayır?
- Bu fikir
çox güman ki, ssenarist barəsində deyilib. Baxmayaraq ki,
kino kollektiv bir işin məhsuludur. Ancaq belə
yayılmış fikir var: "Kinonun bir tanrısı var, o
da rejissordu". Filmin əsas ideyası, quruluşu, əhvalatın
necə nəql olunması rejissorun üzərinə
düşür. Rejissorun ssenarini istədiyi kimi
ekranlaşdırmaq hüququ var. Çünki, son nəticədə
ssenariyə həyat verən rejissordu, ssenarist deyil. Buna görə
də bəzən rejissorlarla ssenaristlər arasında konflikt
baş verir. Hətta fransız "Yeni dalğa" cərəyanının
nümayəndələrindən səhv etmirəmsə,
Qodarın sözüdür ki, "ssenarini kinoya olduğu kimi
köçürmək olmaz". Qodar film çəkərkən,
bəzən, əvvəlcədən hazırlanmış
ssenarisi olmurdu. Ssenarini elə çəkiliş
meydançasında düşünürdü. Söhbət
bir yazıçının əsərini
ekranlaşdırmaqdan gedirsə, bu halda ya rejissor romanın
strukturunu saxlayaraq onu səliqəli ekranlaşdırır, ya
da romanın hansısa motivindən istifadə edərək əhvalata
öz baxışını təklif edir. Məsələn,
"İngilis pasiyenti" filminin rejissoru Entoni Mingella kimi.
-
Müasir ədəbiyyatımızda belə bir fikir var ki,
2000-ci ildən üzü bəri gələn yeni ədəbi
nəsil ədəbiyyatı kolxozçu, geridə
qalmış mövzulardan xilas etdi. Yeniliklərə imza
atdı. Bəs səncə, Azərbaycan kinosu
kolxozçuluqdan, köhnəçilikdən xilas ola bildi?
- Qismətin
Nabokov haqda yazısının əvvəlində belə fikir
var: "Azərbaycanda hamı şeiri Səməd Vurğun,
romanı Tolstoy kimi yazmağa cəhd etdiyi vaxtlarda dünya ədəbiyyatında
Azərbaycana havası dəyməmiş modernizm cərəyanı
ömrünü başa vurmaqda və postmodernizm deyilən
yeni cərəyan formalaşmaqda idi". Bu fikir Azərbaycan ədəbiyyatına
kəsilmiş ölüm hökmüdü. Bunu kinoya da aid etmək
olar. Ancaq yenə də müasir ədəbiyyatımızda
yeni tendensiyalara cəhd, uğurlu əsərlər var. Lakin
kinomuzun bədbəxtçiliyi ondadı ki, həmin modernist
tendensiyalar kinoda ümumiyyətlə, yer almayıb. Bizim
rejissorlar çox ənənəçidilər. Çoxunun
Azərbaycan ədəbiyyatından ümumiyyətlə xəbəri
yoxdu. Dünya ədəbiyyatını çox zəif bilirlər.
Dünya kinosunda hələ əllinci,
altmışıncı illərdə meydana gələn yeni
ifadə formalarından, estetikalardan istifadə olunmur. Bəzi əcnəbi
rejissorlar kimi, bizim də rejissorlarımızda "tarkovşina"
xəstəliyi baş alıb gedir. Onlar anlamaq istəmirlər
ki, uzun plan, dayanıqlı kamera, meditativ temporitm hələ sənət
demək deyil.
- Kimləri misal çəkə bilərsən?
-
Dünya kinosundan Brüno Dyumon, Karlos Reyqadas, Semih Kaplanoğlu
imitatordular. Bizim kinoda Şamil Əliyevin
"Çölçü", Yavər Rzayevin "İlahi
məxluq" filmlərini misal çəkə bilərəm.
Bu filmlər Antonioni və Tarkovski estetikasının
uğursuz yamsılanmasıdır. Bizim rejssorlar yeni ifadə
formalarından, eksperimentlərdən qorxurlar.
- Tarixi, eləcə də
Qarabağla bağlı filmlərin çəkilməsinə
səncə hal-hazırda nə dərəcədə ehtiyac
var?
- Belə
bir fikir var ki, müharibə haqqında filmlərin çəkilməsi
üçün müharibədən əlli, yüz il vaxt
ötməlidir. Amma bu, klişedir. Məsələn, Bosniya
müharibəsi yaxın bir tarixdi. Bosniyalı rejissor Yasmila
Jbaniçin bu müharibədə zorlanmış bir
qadının taleyini anladan "Grabvica" dramı 2006-ci ildə
Berlin Kino Festivalında baş mükafat alıb.
Müharibə
filmi təkcə döyüş səhnələrinin
olduğu film demək deyil. Müharibədən əziyyət
çəkən ayrı-ayrı insanların taleyinin ekrana gətirilməsi
tamaşaçıya daha çox təsir edir. Bu mənada bir
insanın taleyini çəkmək üçün yüz il
sonraya ehtiyac yoxdur.
Qaldı
ki, tarixi filmlərə, bu tip filmlərin indi çəkilməsi
yanlışdır. Birinci Azərbaycanda kiçik, normal
büdcəli, keyfiyyətli filmlərlə kino bazarı
formalaşmalı, təcrübə toplanmalı, kinomuz
dünyada öz imicini yaratmalıdı. Və bundan sonra
böyük büdcəli tarixi filmlərə yer vermək
olar. Başqa bir problem isə budur ki, indi çəkilən
tarixi filmlər sovet təfəkkürlü insanlara həvalə
edilir. O insanlar da köhnə ənənələrlə,
klassik düşüncə ilə tarixi film ssenarisini
yazırlar. Köhnə metodlarla çəkilmiş filmlər
müasir tamaşaçıda maraq yaratmır.
- Bir
çox insanlar art house filmlərini anlamaqda zorluq çəkirlər.
Kinoşünaslar isə bu filmlərin kütlə
üçün çəkilmədiyini qeyd edirlər.
- Bilirsənmi,
art house filmlər haqqında bizdə çox yanlış təsəvvürlər
var. Art house deyəndə nəsə süreallist,
anlaşılmaz, çox mürəkkəb bir şey
düşünürlər. Geniş auditoriyası olan art
house filmləri var. Məsələn, Tarantinonun "Kriminal
qiraət" filmi. Təbii ki, elə filmlər var ki, onun
publikası çox azdı. Bu, ədəbiyyatda, rəssamlıqda,
musiqidə də belədir. Yadıma düşmüşkən
qeyd edim, rejissor Cüzeppe Tornatoreinin "Yeni kinoteatr
Paradiso" filmində İtaliyanın bir əyalətində
insanların kinoya sevgisindən danışılır.
İnsanlar filmlərə baxır, sonra müzakirə edirlər.
Günlərin bir günü kinoteatrda Antonioninin filmi
nümayiş olunur. İnsanlar o filmə baxdıqdan sonra
çox qəribə bir vəziyyət yaranır.
Çünki, onlar filmdən heç nə anlamırlar...
Yəni
dünyanın hər yerində belə problem var. Amma keyfiyyətli
filmin auditoriyası həmişə olacaq.
- Bir
çox filmlər var ki, çox qəddarcasına çəkilib.
Səncə, hazırlıqsız tamaşaçı həmin
filmlərə baxıb tələyə düşməmək
üçün nə etməlidi?
-
Çoxlu film izləməlidir. Mən özüm indi o
cür filmlərə rasional baxıram. Yəni baxa-baxa həmin
filmi təhlil edirəm. Bu barədə məni sarsıtmaq bir
az çətinir. Ancaq yenə də elə filmlər var ki, nə
qədər rasional olsam da, sarsılıram. Sonuncu dəfə
belə bir film Tom Tıkverin "Üç" filmi olub.
İndi çox vaxt iyirminci, otuzuncu illərin filmlərinə
baxıram. O filmlərə ki, baxmağa vaxtım olmayıb.
- Sənin özünün kino
zövqünün formalaşmasında rol oynayan, eləcə
də sevdiyin rejissorlar kimlərdi?
- Əslində
hər bir yaxşı film mənim üçün təcrübədi.
Amma altı-yeddi rejissor var ki, onların
yaradıcılıqlarını daim izləyirəm. Pedro
Almadovarın ekssentrizmini, rəng eklektikasını,
obrazlarının son dərəcə
ekstavaqantlığını, Trierin fəlsəfəsini, həyata
baxışını, cəsarətli eksperimentlərini, Jan
Lyuk Qodarin filmlərinin strukturunu, ifadə formalarını
sevirəm. Andrey Zvyagintsev, Cim Carmuş, Allen, Pol Anderson və
Tom Tıkver də sevdiklərim sırasında olan
rejissorlardandır.
- Bir dəfə
səninlə söhbət edəndə demişdin ki, Azərbaycanda
film sahəsinin dirçəlməsi üçün
pis-yaxşı ssenarilər yazılmalı, filmlər çəkilməlidi.
Son vaxtlar çəkilən filmlərdəki çox
saylı qüsurları gördükdən sonra yenə də
həmin fikrində qalırsan?
- Təəssüf
ki, həmin söhbətdən üzü bəri heç bir
yaxşı dəyişiklik baş verməyib. Amma yenə də
o fikrimdə qalıram. "Fokus" jurnalında böyük
rejissorların master klassları yayımlanır.
Hansını oxusanız, bu fikirlərlə
rastlaşacaqsınız: Ən əsası cəsarətli
olmaqdır. Xüsusi ilə ifadə formalarında. Rejissorun
deməyə sözü yoxdursa, o üslub, forma
axtarışlarında tənbəldirsə, kinomuz dirçəlməyəcək.
- Bu yaxınlarda yolum Cəfər
Cabbarlı adına kinostudiyadan düşdü. Həmin bina dəhşətli
dərəcədə uçuq-sökük, baxımsız
bir vəziyyətdəydi. Kinomuzun bugünkü maddiyyat
böhranını həmin kinostudiyalarda, şadlıq evlərinə,
mebel salonlara çevrilmiş kinoteatrlarında axtarmaq
lazımdırmı?
-
Kinoteatrların başqa təyinatlı salona çevrilməməsi
üçün tamaşaçı kinoteatra getməli və
bunun üçün kütləvi filmlər istehsal
olunmalıdı. Yəni tamaşaçıları kinoteatra cəlb
etməkdən ötrü. Necə ki, Türkiyədə məsələn,
kutləyə hesablanmış melodramlar çəkilir. Onlar
sırf yerli bazara hesablanır. Həmin filmlərdən gəlir
əldə edilir. Və sonra prodakşnlar qazanılmış
pullara keyfiyyətli art house filmlər çəkib xarici bazara
çıxırlar.
Bizdə
tarixi filmlərə ayrılan külli miqdarda pul obyektiv şəkildə
yaradıcı, istedadlı, yenilikçi rejissorlara verilməlidir,
gənclərə öz potensialını göstərmək
üçün maksimum şərait yaradılmalıdır.
Kinonun
daha bir problemi vergidi. Axı, indi kino nə gəlir
götürür ki, vergi də ödəsin. Dövlət tərəfindən
böyük güzəştlər edilməlidi.
- Kino çəkmək
üçün mütləq böyük məbləğ
lazımdır?
-
Kiçik büdcələrlə də çox yaxşı
filmlər çəkmək mümkündür.
Kristofer
Nolan altı min dollara film çəkmişdi və Kannda
mükafat almışdı. Yaxud da Devid Linç 10 min, Robert
Rodriges 7 min dollara filmlər çəkiblər. Amma çox
rejissorlar iyirmi min, otuz min dollara qısa metrajlı film çəkirlər,
ortalıqda isə heç nə yoxdur. İdeyasını
keyfiyyətli gerçəkləşdimək
üçün rejissor yaradıcı baxımdan alternativlər
axtarmalı, bayaq dediyim kimi yenilikçi olmalıdır.
- Biz həmişə
problemlərdən danışırıq. Amma nəticələr
elə olduğu kimi qalır. Səncə, nə etmək
lazımdır ki, oxucu kitab oxusun, tamaşaçı filmlərə,
tamaşalara getsin?
- Yeri gəlmişkən
bir məsələyə də toxunmaq istəyirəm. Kimsə
yüngül əsər yazırsa və yaxud da "Məhəllə"
kimi filmlər çəkirsə buna istehza edirlər.
Hamıdan Trierə baxmağı və yaxud da Orxan Pamuku
oxumağı tələb etmək olmaz.
Demək
istədiyim odur ki, kütləvi oxunan Varis kimi yazıçıların
olmağı, və ya kütləvi baxılan "Məhəllə"
filmlərinin çəkilməsi normaldır, bu cür əsərlər
kitab, kino bazarını hərəkətə gətirir.
İnsanları oxumağa vadar etmək üçün
bazarı hərəkətə gətirən əsərlər
yazılmalı və çəkilməldir.
- Kimləri oxuyursan müasir ədəbiyyatımızdan?
- İndi
daha çox analitik mətnlər oxumağa üstünlük
verirəm. Gözlərimlə bağlı problemlərim
olduğu üçün çox kitab oxuya bilmirəm. Ən
çox oxunan romanların ekran variantlarına baxıram. Bu
yaxınlarda Murakaminin "Norveç meşəsi" filminə
baxdım. Film çox zəif çəkilib. Amma əminəm
ki, əsər filmdən qat-qat güclüdü.
İndi
Cavid Zeynallının "Günəşi gözləyənlər"
romanını oxuyuram. Kənan Hacının da sonuncu
kitabını bitirdim. Məncə, "Yağ kimi"
romanı daha yaxşı idi. Seymur Baycanın "Quqark"
romanını çox sevirəm. Şərif Ağayarın
"Harami" romanı da ciddi əsərdir. Svetlana
Turanın "Tamaşa" adlı hekayəsindən zövq
almışdım.
-
Özün necə, nə vaxtsa roman yazarsan?
- Yox, mənim
roman yazmaq istedadım yoxdu. Bir neçəsi istisna olmaqla, digər
hekayələrim zəifdir. Hətta ötən il
"Azadlıq" radiosunda üçüncü yer
almış "Tarkovski" hekayəm də indi çox zəif
hesab edirəm. (gülür) Hekayəmin
üçüncü yer tutmasına təəccüblənirəm.
- Bir az da
kinoyla bağlı olan gələcək arzularından
danış...
- Son bir
ildə məni ekzistensial fikirlər çox yorur. Eləcə
də bir çox işlərdən soyudur. Bu fikirdən
xilasın ən doğru yolu işləməkdir. Yəni
yaradıcılıq bir növ mənim üçün
stimuldu. Həyat mənbəyini daha çox onda görürəm.
Kino məni yormur. Film çəkməklə bağlı
konkret planlarım var.
Samirə Əşrəf
Ədalət.-2013.-22 may.-S.6.