BİR YAZ HAVASI...

 

... Hər yurdun, hər obanını və hər elin öz gözəlliyi, qeyri-adi mənzərəsi var. Yaz gələndə bu mənzərə tamamilə dəyişir və yeni bir görkəm alır. Yazın gəlişi tək təbiətdə gözəllik və füsunkarlıq yaratmır. Yazın gəlişi həm də insanların qəlbinə, ruhuna və ürəyinə bir yaz havası gətirir. Çünki yazda insanlar daha nikbindaha ümidli olurlar. İnsanlar fikirləşirlər ki, bu yazda onların bütün arzuları çin olacaq və həyata keçəcək...

 

ÜRƏKDƏ ARZU OLSA...

 

Füzulidə həmişə yazın öz gözəlliyi və öz rəngi olub. Buranın güllərinin, çiçəklərinin ətri başqa yurdun gözəllklərindən tamamilə seçilir. Ən azından ona görə ki, bu torpaq bərəkətli və ruzili bir yerdir. Hələ biz onun havasını, suyunu və insanlarını demirik. Füzulidə demək olar ki, həmişə həyat öz rəngində və öz çalarında olub. Baxmayaraq ki, rayonun böyük bir hissəsi erməni işğalı altındadır. Amma rayon sakinləri tamamilə nikbin və xoş ovqat içindədirlər. Çünki onlar yaxşı bilirlər ki, o torpaqları ermənilər müvəqqəti işğal ediblər.

Rayonda təhsilin öz yeriöz aurası var. Bütün dövrlərdə Füzuli təhsilində islahatlar və yeniliklər həyata keçirilib. Təbii ki, bu da zaman-zaman öz təsirini verməyə başlayıb. Füzuli rayon təhsil şöbəsinin müdiri Almaz Həşimova bizimlə söhbətində bildirir ki, ürəkdə arzu olsa, insan nəyə istəsə nail ola bilər. Təki həmin adamın qəlbində, ürəyində qurub-yaratmaq görmək arzusu olsun. Bizim raynonda da qısa zaman kəsiyində təhsil sahəsində çox böyük uğurlara imza atılıb. Ən azından ona görə ki, ölkə prezidenti cənab İlham Əliyev Füzuli rayonunaonun sakinlərinə həmişə böyük qayğı göstərib. Digər sahələrdə olan böyük yeniliklərlə yanaşı, cənab prezidentin köməkliyi ilə rayonda yeni təhsil ocaqları, ən müasir standartlara cavab verən məktəblər tikilərək şagirdlərin və müəllimlərin istifadəsinə verilib.

 

MÜƏLLİMLƏRİN DƏ ÇƏTİNLİKLƏRİ ARXADA QALIR

 

Təhsil şöbəsnin müdiri Almaz Həşimova uzun müddətdir ki, pedaqoji sahədə çalışır. Uzun müddət məktəb direktoru işləyib. İki ilə yaxındır ki, rayon təhsil şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bayaq dediyimiz kimi, qısa zaman kəsiyində rayon təhsilində sözün həqiqi mənasında böyük irəliləyişlər və inkişaf hiss olunur. Belə ki, son vaxtlar Horadiz şəhərində, Gecəgözlü kəndində və digər yaşayış sahələrində yeni məktəb binaları tikilərək istifadəyə verilib. Həmin məktəb binaları ən müasir texnika və avadanlıqla təchiz edilib. Hətta Horadiz şəhərində Heydər Əliyev Fondunun köməyi ilə inşa edilmiş ikimərtəbəli məktəbin açılışında prezident İlham Əliyev özü iştirak edib. Təbii ki, dəfələrlə ölkə prezidenti Füzulidə olarkən yeni-yeni müəssisələrin, sosial obyektlərin, parkların açılışını edib. Bu da füzulilərdə ölkə prezidentinə qarşı böyük inam və məhəbbət yaradıb. Artıq rayonda müəllimlər də hər cür şəraiti olan təhsil ocaqlarında şagirdlərə ən müsir texnologiya vasitəsilə dərsləri tədris edə bilirlər. Bütün bunlar isə şagirdlərin daha savadlı və vətənpərvər ruhunda böyüməsində əsaslı təkan yaradır.

 

İSTEDADLI ŞAGİRDLƏR...

 

Rayonda həmişə istedadlı şagirdlərlə müəllimləri və valideynləri fəxr ediblər. Bu gün Füzuli məktəblərində 12094 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 2236 müəllim məşğul olur. İlk növbədə təhsil ocaqlarında qarşıya qoyulan məqsəd ondan ibarətdir ki, cəmiyyət üçün vətənpərvər insanlar yetişdirilsin. Əgər hər hansı məktəbdə vətənpərvər, xalqını sevən gənclər yetişdirilirsə, elə bu özü vətənin müdafiə olunması və qorunması üçün böyük zəmin yaradır.

Bir qayda olaraq, hər il orta məktəbi bitirən çoxlu sayda şagirdlər müxtəlif ali məktəblərə qəbul olunurlar. Əgər 2011-ci ildə ali məktəbə qəbul olan məzunların sayı 202 nəfərə çatıbsa, 2012-ci ildə onların sayı daha da çox olub. Ən fərəhləndirici fakt ondan ibarətdir ki, rayonun müxtəlif orta məktəblərini bitirən məzunların böyük əksəriyyəti ali məktəbə qəbul zamanı yüksək bal toplayıblar. Bütün bunlar isə həmin şagirdlərin gələcəkdə daha yaxşı mütəxəssis kimi yetişməsinə zəmin yaradır. Əgər orta məktəblərdə şagirdlər elmi biliklərə mükəmməl yiyələnirsə, onların ali təhsil ocaqlarında sonrakı təhsil alma prosesində bir o qədər də çətinlikləri olmur.

 

QİYMƏTLİ HƏDİYYƏLƏR VERİLİB

 

Əlbəttə, ali məktəbə yüksək balla qəbul olan məzunlara diqqət olanda, qayğı göstəriləndə bu nəvaziş uzun müddət gənclərin yadından çıxmır. Füzulidə də son vaxtlar gözəl bir ənənə yaranıb. Müxtəlif ali məktəblərə qəbul olan məzunlarla icra hakimiyyətində görüş keçirilir və onlara icra başçısı Alı Alıyev tərəfindən qiymətli hədiyyələr və mükafatlar verilir.

Rayon təhsil şöbəsinin müdiri Almaz Həşimova bildirir ki, ali məktəblərə qəbul olan məzunların belə təntənəli tədbirlərə dəvət edilməsi ən yaxşı ənənələrdən biridir. Çünki məzun görür ki, onun çəkdiyi əziyyət tək müəllimlər tərəfindən deyil, rayon İcra Hakimiyyətini başçısı tərəfindən yetərincə qiymətləndirilir. Biz rayon təhsil işçiləri adından bu ənənəni yaşadığına və davam etdirdiyinə görə, icra başçısı, hörmətli Alı müəllimə öz təşəkkürümüzü bildiririk. Onsuz da son zamanlar Alı müəllim bütün sahələrədə olduğu kimi, təhsilə də böyük diqqət, qayğı göstərir.

Belə isti münasibət biz təhsil işçilərində məsuliyyət hissini artırır və təhsil ocaqlarında təhsilin səviyyəsinin daha da yüksəldilməsinə zəmin yaradır. Bir sözlə, Füzuli təhsili keçmiş ənənələri davam etdirməklə, gələcəyə doğru çox böyük inamla addımlayır.

 

 

Faiq QİSMƏTOĞLU

 

Ədalət.-2013.-23 may.-S.7.