Köpək və Zəncirlənmiş adam

 

İstənilən sənət adamı, yaradıcı insanla söhbətləşməzdən əvvəl onun həyatı, yaradıcılığı ilə dərindən tanış olmağı, hətta bəzi məqamlarda həmin bilgilərin çoxluğu ilə həmin insanları yaxşı mənada məlumat çoxluğu ilə təccübbləndirdiyini hiss etmək gözəl bir duyğudu.

Bu günlərdə də çox istedadlı və sözün əsl mənasında özünü sənətə həsr etmiş bir insanla görüşməliyəm. Bunun üçün də axtarışlar edirəm... Qarşıma lap təsadüfən çox köhnə filmlərimizdən biri olan heç vaxt baxmadığım, adını belə eşitmədiyim film çıxır. Halbuki, tamam başqa bir filmə baxmağı planlaşdırırdım. Nə isə ya allah deyib filmi izləməyə başlayıram.

Filmin ilk kadrları Bakının geniş küçələrinin birində cərəyan edir. Kasıb geyimli, yoxsul kişilər onlara verəcək insaflı, insafsız sahibkarları gözləyirlər. Sonrakı kadrlarda divar dibində əyləşmiş şlyapalı ağzında dişlər olmayan qoca bir bir kişionun ətrafında yığılmış bir neçə nəfər diqqət çəkir. Tamaşaçı bir az bu yeksənəklikdən bezir. Musiqinin cansıxıcı ritmlərini də bura əlavə etsək, ümumiyyətlə bu köhnə, xışıltıyla dolu olan filmə heç kim baxmaq istəməz.

Daha sonra iri, sarı hərflərlə ekranda filmin adı görsənir. KÖPƏK...

Bu sözlərin vahiməsi adamı nisbətən ekrana bağlayır. Artıq bir neçə dəqiqədən sonra tamaşaçı filmə sona qədər baxmağa qərar verir.

"Köpək” filmi 1994-cü ildə ekranlaşdırılmış ən yaxşı filmlərimizdən biridi. Lakin, bir çox filmlərimiz kimi taleyinə arxivlərdə çürüyüb, məhv olmaq aqibəti qismət olub. Hətta etibarlı mənbələrdən aldığım məlumata əsasən bu filmin lent yazısı bizim kino məkanımızda uzun illər it-bata düşüb. Sonradan kinoya qiymət verən, savadlı insanlar həmin filmi Türkiyədən tapıb vətənimizə gətiriblər. Daha sonra film saytlarda yayımlanıb.

"Köpək” filmi Tofiq Tağızadənin rejissorluğu ilə çəkilən bir filmdi. Ssenarisi Tofiq Tağızadəyə və Loğman Kərimova məxsusdu.

Filmdəki qəziyə bundan ibarətdir ki, filmin ilk kadrlarındakı şlyapalı baba bir qrup insanı qul bazarından avtobuslara yığıb adına uzaq, tanınmaz, bilinməz yerlərə göndərir. Həmin yerə düşən insanlar çox sərt rejimləri ilə, bir qarın çörəyə möhtac katorqa, əsir həyatı yaşayırlar. İşlərin ağırlığına, aclığa, psixoloji baskılara davam gətirə bilməyənlər qaçmaq istəyir. Lakin, möcüzəyə belə güvənməklə də ordan qaçış, qurtulmaq yolu yoxdur. Əksinə qaçışın ardından iki yol var: ölüm, ya da elə yenə ölüm. Qüdrətli sahibkar zorla qul etdikləri adamlara meşələri qırdırır, çaylarda qızıl axtardırlar və.s. Kasıbların və məzlumların göz yaşlarına qazanılan böyük məbləğlər həmişəki kimi onların zövqlərini oxşayır. Qumara, saxladıqları qadınlara və köpəklərə xərclənir.

Bəli, burda insan yaxşı qidalanmaq istəyirsə, çevrilib köpək olmalı, yoldaşlarını satmalı, yeri gələndə rəhbərliyin qarşısında köpək kimi hərəkətlər etməlidi.

Filmin baş rollarını oynayan aktyorlar: Yaşar Nuri, Fuad Poladov və Məmməd Səfa rejissor tərəfindən seçilmiş çox uğurlu bir seçimdir. Aktyor Məmməd Səfa katorqaya gətirilən mərd, qorxmaz, əyilməz növbəti quldur. Qulun ağası isə onu it kimi hürdürməyə dostu ilə mərcləşmiş sahibkar Fuad Poladovdu. Sahibkarın vəfalı köməkçisi isə öz yoldaşlarını məharətlə satmağa təyin olunmuş Yaşar Nuridi.

İnsana insan tərəfindən tətbiq olunan ən ağır işgəncələrə məruz qalsa da qəhrəman ipə sapa yatmır. Ona olnunan bütün təziqlərə baxmayaraq o, hər addımda insan olduğunu unutmur, ağlını itirməməməyə ciddi cəhd göstərir. Bir neçə dəfə qaçmaq istəsə də baş tutmur. Lakin, sonunda möcüzə baş verir o, qaçır. Film isə bitmir, çünki, ardı var... Ardının necə olduğunu öyrənməyi isə artıq tamaşaçının zəhmətinə həvalə edirəm.

Filmdə aktyor Məmməd Səfanın ovurdları çıxmış üzünə, heyrətli gözlərinə baxanda, mənim yadıma bir qədər keçmiş zamanlar düşür...

... Bir vaxtlar efirdən aparıcı Sevda Ağazadənin şirin, ürəyə rahatlıq gətirən səsi qulaqlarımda cingildəyir. Mərhum aktyorlardan biri haqqında olan verlişin təqdimatıdı səhv etmirəmsə... Daha sonra ağ-qara film kadrlarından Ağadadaş Qurbanovun yaratdığı qrimli, saqqalı, boğazında it xaltası olan sima canlanır. "Köpək” filmi mənə məhz bu kadrları xatırladır.

Dərhal möcüzələri ilə bəşəriyyətin dizini yerə vuran internet məkanında qısa bir axtarış verirəm. Ağadadaş Qurbanovun filmoqrafiyası bir anda peyda olur. Bir neçə filmin adlarına baxıram. Bəzi adlar mənə hələ heçdemir. Birdən "Zəncirlənmiş adam” adlı filmini tapıram.

Adamın zəncirlənməsi ilə, köpəyin zəncirlənməsi uzlaşmasa da, dərhal həmin filmin üzərində tıklayıram. Köpək filmindən sonra otuz yeddi dəqiqəlik "Zəncirlənmiş adamfilmini də izləyirəm..

Bəli, xırda-xuruş məsələləri saya almasam, keçmiş dönəmlər adına heç vaxt xəyanət etməyən yaddaşım məni aldatmır.

"Zəncirlənmiş adamfilmi argentinalı yazıçı Osvaldo Draqunun "İtə çevrilən adam” hekayəsi əsasında çəkilmişdir. Rejissor isə Kamil Rüstəmbəyovdur. "Köpək” filmi ilə məna və mahiyyət baxımı ilə bir-birlərinə çox oxşardı. Hər iki filmdə varlı, sahibkar harınlığı, özbaşnalığı, əsəb pozuntusu ilə rastlaşırıq. İnsanı itə çevirməkdən həzz alıb onu aclıqdan xilas etdiyini düşünən psixi halları yerində olmayan sahibkar. Film 1964-cü ildə çəkilib. Hadisələr və aktyorlar Argentina ab-havasında təqdim olunurlar.

"Köpək” filminin yaradıcıları isə ssenarini bizim dilə çevirməyi, daha geniş işləməyi bacarıb. Bir neçə texniki qüsurları çıxsaq, Tofiq Tağızadənin çətin dövrlərdə çəkmiş olduğu "Köpək” filmi olduqca qiymətli və məhz iyirmi əsrin son illərində ölkəmizdə yaşayan insanların acınacaqlı həyatını çox gözəl təsvir edir. Belə bir filmdən böyük bir çoxluğun bixəbər qalması çoxa ağrılı məqamdır. Ümumiyyətlə saysız filmlərimizin efirlərə buraxılmaması kimlərə sərf edir, mən hələ bunu da anlaya bilmirəm.

Dəfələrlə yazsam da, bir daha vurğulamağı özümə borc bilirəm ki, indiyə qədər baxdığımız, az qala hər sözlərini əzbərlədiyimiz filmlərin yarısı qədər bəlkə də daha çoxu tamaşaçıya təqdim olunmamışdır. Məsələn, tamaşaçı ”Gənc qadının kişisi”, "Tələ”, "Ölüm hökmükimi filmlərdən yerli dibli xəbərsizdi. Həmin filmlər qeyri məlum səbəblərdən arxivlərdə ölüm hökmü kəsilmiş talelərini yaşayırlar.

İstər indiki dövr, istərsə də əvvəlki zamanlarda çəkilən filmlərin arasında zəif filmlər ola bilər. Amma bu tamaşaçının həmin filmlərə baxmaq haqqına mane ola bilməz. Əgər film çəkilibsə, həmin filmin yaradıcı heyəti tamaşaçı auditoriyası əldə etmək haqqına da malikdi. Bu haqqı heçə saymaq isə vicdanı heçə saymağa bərabərdi.

 

Samirə Əşrəf

 

Ədalət.- 2013.-23 may.- S.6.