Səlim Babullaoğlu: "Dünya ədəbiyyatından
bu 5 yazarı oxumağı məsləhət görərdim"
"Sərəncam
işə düşsə, tərcümə işinə
xeyli təkan verəcək"
AYB-nin
"Dünya ədəbiyyatı " jurnalının baş
redaktoru, şair-tərcüməçi Səlim
Babullaoğlunun Modern.az-a müsahibəsi
- "Dünya ədəbiyyatı"
jurnalı niyə çıxmır?
- Jurnalın nəşr olunmaması məndən asılı məsələ deyil. Masamın üzərində və şkafımda bundan sonra çıxa biləcək ən azı 4-5 sayın materialları var. Mən tərəfdən heç bir problem yoxdur. Məlumat üçün deyirəm ki, bu il jurnal inşallah ki çıxacaq. AYB rəhbərliyi tərəfindən qərar qəbul olunub və payızda çıxmalıdır.
- Jurnalın son
sayı nə vaxt nəşr olunub?
- "Dünya ədəbiyyatı"nın son sayı 2007-ci ildə çıxıb. Amma bu o demək deyil ki, biz işləməmişik. Bu müddət ərzində həm xaricdə, həm də ölkə daxilində 70-dən çox kitab buraxmışıq. Bura dünya ədəbiyyatından Azərbaycan dilində tərcümə olunmuş əsərlər, "525 kitab" seriyası, həmçinin dünya ədəbiyyatının bəzi nümunələr tərcümə olunub, üstəlik, Azərbaycan ədəbiyyatı nümunələrini xarici dillərdə xüsusi buraxılışlar şəklində nəşr etmişik. İngiliscə "Azərbaycan hekayələr antologiyaları" hazırladıq. Ukraynada, Polşada, Özbəkistanda, Rusiyada, Gürcüstanda, Türkiyədə istər kitab, istərsə də qəzet və jurnal çərçivəsində Azərbaycan yazıçılarının əsərləri çap olunub.
- Jurnalın
elektron formatını düşünürsünüzmü?
- "Dünya ədəbiyyatı"nın müstəqil saytı olmayıb. AYB-in öz saytında dünya ədəbiyyatı bölümü də var. Bizim də müəyyən materiallarımız orda işıqlanırdı. Əsas hədəfimiz jurnalı çap formatında buraxmaqdır. Payızda sayt da fəaliyyət göstərəcək. Amma buraxılışın çap formatı ilə elektron formatı arasında fasilə olacaq. Çünki eyni vaxtda ikisinin fəaliyyətə başlaması bir-birinin oxunma sayına mənfi təsir edə bilər.
- Jurnala AYB maliyyə ayırmır, yoxsa onun fəaliyyəti qurumun da imkan xaricindədir?
- AYB-in "Dünya ədəbiyyatı" jurnalını çap etmək fikri təbii ki var. Anar müəllim və rəhbərlik qərara gəldi ki, jurnal bu ilin payızından mütəmadi olaraq nəşr olunsun.
- Jurnalda daha çox kimlərə yer ayrılacaq: modern, yoxsa klassik yazarlara?
- Daha çox diqqəti XX əsrin ikinci yarısında olan yazarlara ayıracağıq. Bu, konsepsiyamız idi. Jurnalın nəşr olunan saylarında da bu prinsipə əməl etməyə çalışdıq. Bundan sonra da belə olacaq. Klassik dövr pis-yaxşı tərcümə olunub. Biz daha çox yeni ədəbiyyata üstünlük veririk. Misal üçün Çeslav Miloş, İosif Brodski, Zbiqnev Herbert , Məsiağa Məhəmmədinin tərcümə etdiyi Söhrab Sipehri. Bu qəbildən olan bir çox dünya ədəbiyyatı xadimlərini biz tərcümə etdik. Bunlar Azərbaycan oxucusuna tanış deyildi.
- Tərcümə
Mərkəzi və "Xəzər" jurnalını
özünüzə rəqib görürsünüz?
- Onlar öz kiçik maliyyə mənbələrinə rəğməm son 15 ildə xeyli iş görüb. Mən son 7 ildə tərcümə işi ilə bağlı məruzə hazırladım. Ordakı tərcümələrin xeyli hissəsi "Xəzər" jurnalının payına düşür. Son vaxtlar bildiyimə görə, onlar da kağız nəşrini buraxıb, ancaq sayt formatında fəaliyyət göstərirlər. 2012-ci ilə qədər onlar yaxşı fəaliyyət göstərirdilər. Yenə hər şeyin başında maliyyə problemi dayanır.
Mən tərcümə mütəxəssisiyəm, tərcümə təşkilatçısı yox. Məncə, Mərkəzin rəhbərliyi ilə AYB rəhbərliyi oturub bu məsələni müzakirə etməlidirlər. Konsepsiya qəbul edilməli və konsepsiya əsasında ardıcıl iş aparılmalıdır. Bunu niyə etmirlər, yaxud edə bilmirlər, bu artıq rəhbərlər arasında olan məsələdir. Cənab prezidentin bir sərəncamı oldu. "Qloballaşma şəraitində Azərbaycan dilinin istifadəsi ilə bağlı". Maddələrdən biri də tərcümə işi ilə bağlıdır. Sərəncam və xüsusən də o maddə işə düşsə, tərcümə işinə xeyli təkan verəcək.
- Həm nəşriyyatlar,
həm də oxucular yerli yazarların əsərlərindən
çox tərcümə ədəbiyyatına
üstünlük verir. Bunun səbəbi nədir?
- Bunun yalnız bir səbəbi var. Biz həmişə özümüzə yox , kənara maraq göstəririk. Mən bunu təbii qarşılayıram. Xaricdə kitab dükanlarında olsanız görərsiniz ki, orda da öz müəllifləri ilə bərabər kənar müəlliflərə də maraq olur. Daha sonra oxucular yerli müəllifləri yalnız kitab vasitəsilə yox, elektron və çap mediada da mütəmadi olaraq izləyirlər. Xarici müəllifi oxumaq üçün isə mütləq tərcümə olunmalıdır. Bizdə də çoxu dil bilmir. Amma yenə də hər halda əsas diqqət milli ədəbiyyata verilməlidir.
- Dünya ədəbiyyatından
kölgədə qalsalar da, tərcümə olunmaları
vacib olan yazarlar hansılardır?
- XX əsr dünya ədəbiyyatından Prust Azərbaycan dilində yoxdur. Ceyms Coysun "Uliss" romanı bizim dilə tərcümə olunmayıb. Bunlar çox vacib və mürəkkəb ədəbiyyat hadisələridir. Məsələn, Prustun özünə rus tərcüməçisi Fyodorov 25 ilini sərf edib. Bu müəlliflər Azərbaycan dilinə tərcümə olunmalıdır. Coysun məhz "Uliss" əsərindən söhbət gedir. Çünki onun başqa əsərlərini Vilayət Quliyev tərcümə edib. Poeziyada isə boşluqlar çoxdur. 50-ci illərdən bu tərəfə xeyli yeni şairlər ədəbiyyata gəlib ki, onları tərcümə etməmişik. XX əsrin polyak poeziyası çox maraqlıdır. Amma onlardan xəbərimiz yoxdur.
- Yerli yazarlardan
kimləri tərcümə edib xaricdə tanıtdırmaq zəruridir
?
- Müstəqillik dövründə mən
10-15 yazar tanıyıram ki, onların tərcümə olunub
ölkədən kənara çıxarılması vacibdir.
Bəzilərini mən özüm vaxtaşırı tərcümə
edib göndərmişəm. Həmçinin onların əsərləri
ilə bağlı müsbət fikirli məktublar
almışam. Kimsə düşünür ki, bizim tərcümə
olunub xaricə çıxarılası şair, ya nasirlərimiz
yoxdur, o, səhv edir. Elçin Hüseynbəylinin hekayələrini
mən vaxtilə yollamışdım və çox yaxı rəylər
də almışdım. Həmid Herisçi, Salam Sarvan olsun, Elxan Zal,
saylarını təbii artırmaq olar. 15-20 müəllif tapa
bilərəm ki, bunların xaricə
çıxarılması vacibdir. Burda söhbət təbii
ki, müstəqillik illərindən gedir. Amma bizim
bütün onilliklərdə dəyərli
yazıçı, şairlərimiz olub. 1920-ci ildən bu yana
təxminən 60 şair və nasiri seçmək olar ki, bu
gün onların tərcümə edilib dünya miqyasında
tərcümə olunması vacibdir. Siyahı müəyyənləşdirib
ardıcıl tərcümə olunsa müsbət nəticə
verə bilər.
- Hansı gənc tərcüməçilərin
işi sizi qane etmir?
- Mən
məni qane etməyən tərcümələri oxumuram.
Bunun iki səbəbi var: birincisi, ona vaxt ayırmaq istəmirəm;
ikincisi, əgər onu rus dilində oxuya bilirəmsə, elə
o dildə də oxuyaram. Təftiş nöqteyi-nəzərindən
mən tərcümə oxumuram. Seyfəddin Hüseynli bu
istiqamətdə əla yazı yazıb uğursuz tərcümələrə
toxunmuşdu. Sizin sualınızın cavabı orda var. Qismətin,
Fərid Hüseynin son dönəm etdiyi tərcümələri,
Rəbiqə Nazimqızının prozaik tərcümələrini,
Günel Mövludun tərcümələrini bəyənirəm.
Orta nəsil tərcümə nümayəndələrindən
Vilayət Hacıyev, Vilayət Quliyev, Nəriman Əbdürrəhmanlı,
İlqar Əlfioğlu, Yaşar, Azad Yaşar, Fəxri
Uğurlu, Cavanşir Yusifli, Seyfəddin Hüseynlinin
çevirmələrini oxuyuram.
- Bəs özünüz hazırda
hansı tərcümə üzərində işləyirsiz?
- Mədəniyyət
və Turizm Nazirliyinin xətti ilə bir kitab hazırlanır.
Deməli əsərlərində musiqi alətlərinin
adı keçən əsərlərin tərcümələri.
Orda Mirzə Cəlilin "Kamança" əsəri də
var. İki dildə bir antologiyadır. Həm ingilis, həm də
Azərbaycan. Bir də onu da deyim ki, mən heç vaxt
sifarişlə tərcümə etməmişəm. Mən hər
hansı bir müəllifi oxuyuram, xoşuma gəlir və
fikirləşirəm ki, bu bizim dildə də olsa
yaxşı olar. Mən məhsuldar tərcümə işi
ilə məşğul olmuram. Daha çox redaktə ilə məşğulam.
- Gənclərə
dünya ədəbiyyatından hansı 5 yazarın
oxunmasını daha çox məsləhət görərdiz?
- Avqust
Strinberqin "Tənha" romanı, Herman Hesse
"Uşağın qəlbi", Çeslov Miloş, Zbiqnev
Herbert, İosif Brodskinin şeirlərini arzu edərdim ki,
oxusunlar. Bunlar insan daxilində katarsisin baş verməsinə,
təmizlənməsinə, böyüməsinə gətirib
çıxarır.
Ədalət.-2013.-24 may.-S.8.