Qarabağın vuran ürəyi Ağdam

 

Düz bir qərinə əvvəl bu yollarla quşqonmaz qayaları, dərin dərələri, qalın meşələri olan Laçına gedərdim. Həm də bir xeyli tələsərdim ki, mənzilin yarı olduğu yerə - Bərdəyə tez çatım. İndi həm şirin, həm acı xatirəli qaranlıq gecələr nə qədər gözəl idi, İlahi. Heç vaxt yaşanmayacaq, heç vaxt öləziməyəcək o duyğular nə şirindir, nə təmizdir, İlahi.

Şuşadan Laçına olan düz 41 kilometr məsafə sonsuz bir zaman kimi sanki uzandıqca uzanardı. Maşın neçə yerdə dayanar, sərnişinlər yol kənarında, bulaq başında əmin-arxayın, tələsmədən dincələrdilər. Bir az yaşlılar vaxtdan istifadə edib bir çimir də edərdilər. Aranlı-dağlı bu torpaq, bu yurd başdan-başa bu sərnişinlərin, bu dağlarda yaşayan insanların, şəhərdə istidən nəfəsi kəsilən hər bir kəsin idi. Nə xoşbəxt vaxtlar idi, İlahi.

Mənim dünyamın əbədi göynərtisinə çevrilən xatirələrin bir təsəllisi də var: Nə vaxtsa biz bu yollarla yenə Laçına gedə biləcəyik. Yenə Bərdənin, Ağdamın istisini Şuşada canımızdan çıxaracağıq. Yenə Şuşadan Laçına gedən yollarda zaman uzandıqca uzanacaq. Bax onda bütün ağrılar, bütün iztirablar, bütün kədərlər qar kimi əriyib gedəcək. Çünki yurd, el-oba, torpaq sevgisi daha ülvi, daha müqəddəsdir zatən.

 

Quzanlıya sığınmış Ağdam

 

Bərdədən Quzanlıya uzanan yol düz 31 kilometrdir. Kiçik minik maşınları sərnişinləri 1 manata aparırlar axarlı-baxarlı, yerə-göyə sığmayan Ağdam şəhərinin indiki mərkəzi Quzanlı qəsəbəsinə. Rayonun girişindən, xeyli yüksəklikdən Azərbaycanın Üçrəngli Bayrağı əzəmətlə dalğalanır. Ondan bir qədər aşağıda iri daşlarla torpağa işlənmiş yurdun xəritəsi də bayrağımız kimi üçrənglidir. İşğal olunmuş ərazilərimiz xəritədə sanki od içində yanırmış kimi işlənib. Gecələr bu "mənzərə" daha aydın görünür.

Elə də böyük olmayan Quzanlıda yaraşıqlı tikililər çoxdur. İstər inzibati binalar, istər fərdi evlər son vaxtların məhsulu olduğundan daha müasirdirlər. Geniş və səliqəli küçələr asfalt olduğundan xeyli rahatdır. Yol kənarındakı yaşıllıqların, səkilərin, gül kollarının xüsusi qayğı ilə əhatə olunduğu həmin andaca hiss edilir.

Qəsəbənin mərkəzindəki Heydər Əliyev parkı daha gözəldir. Parkda insanların istirahəti üçün hər cür şərait yaradılmışdır. Yaşıl ağaclar, oturacaqlar, gül kolları, işıq dirəkləri parka xüsusi bir gözəllik verir. Ulu Öndərin əzəmətli heykəli, onun adını daşıyan mərkəz bu gözəlliyi daha da zənginləşdirir.

İki mərtəbədən ibarət Heydər Əliyev Mərkəzində xeyli maraqlı, tarixi eksponatlar var. Heydər Əliyevin uşaqlıq şəkillərindən tutmuş onun məruzələri çap olunmuş kitablara qədər hər şey xüsusi qayğı ilə qorunur.

Ağdam Dövlət Dram Teatrı da bu parkda yerləşir. Həm rayon mədəniyyət şöbəsinin yerləşdiyi bu binada günorta olduğundan xeyli sakitlikdir. Teatrın aktyoru Elxan Həsənli ilə söhbətimiz qısa olsa da, maraqlı alındı:

- Saat 4-də onunla görüşümüz var, ona görə hazırlaşmalıyıq. Bircə şey deyim, Nizami Sadıqov olmasaydı tar-kaman, muğam beşiyi olan Ağdamda indi bunların çox cüzi bir hissəsi qalmış olardı. Televiziya kanalları xəsisliklə olsa arada göstərir Ağdamın musiqi aləmindən. Biz bu sahədə qısa vaxtda çox şeyə nail olmuşuq. Təkcə Arif Babayevin 75 illik yubileyi dediklərimə sübutdur. İndi yenə çağırıb, sabah da çağıracaq bütün incəsənət adamlarını. Bağışla, vaxt azdır, hazırlaşmaq lazımdır. Çünki onunla elə-belə danışmaq olmaz.

Azərbaycan mədəniyyətinə həm çox böyük musiqiçilər vermiş Ağdamın adi həyatı məhz belə olmalıdır.

 

Gözəllik sərhəd tanımır

 

Bəşər övladının lap qədimdən başlayan və heç vaxt sona çatmayacaq firavan, abad yaşamaq istəyi çox təbiidir. İnsan ona verilən ömür payında yeniliyə, quruculuğa, gözəlliyə daim can atır.

Əvvəlki illərdə olduğu kimi Ağdam rayonu 2013-cü ilin 1-ci rübündə də rayonda aparılmış abadlıq, quruculuq, tikinti işlərinin sürətini azaltmamışdır. Artıq Telekommunikasiya qovşağının inzibati binasında son tamamlama işləri aparılır. Xındırıstan uşaq musiqi məktəbinin, Quzanlı qəsəbəsindəki Qarabağ Müharibəsi Əlilləri və Şəhid ailələri üçün 54 mənzilli yaşayış binasının da inşası davam etdirilir. Bənövşələr qəsəbəsindəki yeni parkın tikintisində işlərin qızğın çağıdır. Rayonun Əfətli kəndində 360 şagird üçün məktəb tikintisi, Əhmədağalı kənd məktəbində bərpa gücləndirmə işlərinin aparılması üçün hazırlanmış sənədlər vəsaitin ayrılmasından ötrü Nazirlər Kabinetinə təhvil verilmişdir.

Xaçın çayı üzərindəki körpü əsaslı təmir olunmuşdur. Kəndarası yollar da yaddan çıxmamışdır. Zəngişalı, Mirəşelli, Xındırıstan, İmamqulubəyli, Üçoğlan kəndlərinin yolları cari təmirdən sonra xeyli abadlaşmışdır.

Hazırda Ağdam rayonunda bir sıra sosial obyektlərin tikintisində işlər davam etdirilir. Tikintinin, abadlığın, yaşıllığın miqyası genişləndirilir.

 

(ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

 

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

 

Ədalət.-2013.-24 may.-S.6.