Salman Rüşdiyə peyğəmbəri
təhqir etməyi kim tapşırdı?
24 ildir ölümünü
gözləyən adam
Salman Rüşdinin "İblislər
kampaniyası"
"Yeni
hadisələrin ən böyüyü o oldu ki, "Tanrı
öldü", ancaq insanların təbiəti elədi ki,
ola bilsin mağaralarda min illər boyu onun kölgəsini
göstərəcəklər. Və biz hələ onun
kölgəsinə də qalib gəlməliyik".
Fridrix
Nisşe
"İnsan
həyatının ziddiyyəti odur ki, onun
yaradıcısı uydurmadır, amma buna baxmayaraq uydurma
yaradıcının yaratdığı zənn edilən həyat
tam təsdiqlənmiş faktdır".
Salman Rüşdi
1989-cu
il. İranın Ali dini lideri Ruhulla Müsəvi Xomeyni qəzəbini
bütün dünyaya bəyan edir. İranın dini liderini bu
qədər qəzəbləndirən şəxs isə
Hindistan əsilli İngiltərə vətəndaşı
bir müsəlman yazardı. Yazar müsəlmanların
peyğəmbərini təhqir etmək kimi bir cəsarətdə
bulunmuşdu. Onun yazdığı "Şeytan ayələri"
adlı kitab dünyanın hər yerində müsəlmanları
ayağa qaldırmışdı. İlk dəfəydi ki, bir
yazar bütün müsəlmanlara qarşı əlcəyini
tullamışdı və işin ziddiyyətli tərəfi həmin
yazarın özünün müsəlman olmasıydı.
Yazarın
müsəlmanlara atdığı əlcəyi ilk yerdən
qaldıran isə Ayətullah Xomeyni oldu. İmam verdiyi fətva
ilə yazarı və onun kitabını nəşr edən hər
kəsi ölümə məhkum etdi:
"Bağışlayan və mehriban Allahın adı
ilə. Hamımız tək Allahın dərgahına
qayıdacağıq. Mən dünyanın bütün
qorxusuz müsəlmanlarına bəyan edirəm ki,
"Şeytan ayələri" kitabı islam
dininə qarşı yazılıb və nəşr olunub. Həmin kitabı yazan və kitabın məzmunundan
məlumatları olduğu halda nəşr edənlər
ölümə məhkum olunur.
Mən
dünyadakı bütün sadiq müsəlmanlardan onları
tez bir zamanda edam etməyə
çağırıram ki, bir daha heç kim islam prinsiplərini
aşağılamağa cəsarət etməsin. Bu yolda
ölən hər bir kəs islam əzabkeşi
olaraq tanınacaq.
Bundan
başqa kitabın müəllifini tanıyanlar və onun yerini
bilənlər əgər onu edam eləmək
üçün özlərində güc tapmırlarsa, o bu
işi yerinə yetirə biləcək adamlara müəllifin
yeri haqqında məlumat verməlidir.
Allahın xeyir-duası həmişə sizinlə olacaq.
Ruhulla Musəvi
Xomeyni,
İranın ruhani lideri".
"Oğurlanmış islam" və
"iblislər kampaniyası"
2003-cü ildə "Miss World" müsabiqəsinin təşkilatçıları
gözəllik yarışmasının final mərhələsini
şəriət qanunları ilə idarə olunan müsəlman
ölkəsi Nigeriyada keçirməyə qərar verdilər. Buna səbəb
şəriət məhkəməsinin nigeriyalı bir
qadını zina etdiyinə görə daşqalaq edilməyə
məhkum etməsi olmuşdu.
Bundan sonra müsabiqənin bir neçə
iştirakçısı məhz Nigeriyada qadına
qarşı bu münasibətə qarşı
çıxış etdilər və şəriət məhkəməsi
öz qərarını dəyişməyəcəyi təqdirdə
müsabiqədə iştirak etməyəcəkləri ilə
bağlı bəyanatlar səsləndirməyə
başladılar. Müsabiqə
iştirakçılarının qaldırdıqları
hay-küydən cəsarətlənən xristian inanclı
İsiom Daniel adlı bir jurnalist qız öz qəzetində
"Məhəmməd peyğəmbər sağ olsaydı, yəqin
ki, yarıçılpaq müsabiqə gözəllərindən
birini özünə seçərdi", adlı yazı
yazır. Bu yazının üzərindən
Nigeriya müsəlmanları küçələrə
çıxaraq xristian məhəllələrini
dağıtdılar.
Bu hadisə
baş verdikdən bir neçə gün sonra 14 il müddətində Xomeyninin fətvasından
gizlənən Salman Rüşdi ortaya çıxdı. İslam peyğəmbərini ilk dəfə təhqir
etməsi ilə dünya şöhrəti qazanan Salman
Rüşdi Fransanın "Liberasyon" qəzetində
"Oğurlanmış islam" adlı bir məqalə ilə
çıxış etdi.
Nigeriyada
baş verənləri vandalizm nümunəsi olaraq təqdim edən
ünlü "Şeytan ayələri"nin
yazarı həmçinin İrandakı dini
dözümsüzlüyə görə edam olunanları da
gündəmə gətirmişdi. Salman
Rüşdinin ortaya qoyduğu nəticə isə ondan ibarətdi
ki, fanatik ruhanilər və onlara tapınan sıravi müsəlmanlar
əsil islamı oğurlayıblar və onun əvəzinə
insan hüquqlarını tanımayan, vəhşi və
qaniçən bir din gətiriblər. Bu bəyanatı
ilə Rüşdi əslində başqa bir
hindistanlının, ünlü islam
ideoloqu İqbalın fikirlərinə
tapınmışdı. İqbalın fikrincə islamdakı
qəbahətlər dinin gətirdiyi qaydalardan gəlmir,
müsəlmanların nə qədər müsəlman ola bilməsindən qaynaqlanır.
14 il əvvəl ilk dəfə islam peyğəmbərini
lağ hədəfi edən və bununla da islama qarşı
olmadığını, amma islamdakı qəbahətləri
islam dininin rəhbərlərinin ayağına bağlayan
Rüşdi bununla da özünü təmizə
çıxarmağa cəhd edirdi.
Özünün
də artıq tək olmadığını dilə gətirən
Ruşdi sevincini belə gizlətmirdi: "Çoxlu
"Ruşdi"dən biri olmaq heç də pis deyil. Mən sadəcə şad deyiləm, həm də fəxr
edirəm ki, bu "iblislər kampaniyasına" aidəm".
1989-cu ildə
dəfələrlə tövbə etdiyini dilə gətirən,
buna baxmayaraq bağışlanmayan və həyatının 9
ilini polis nəzarəti altında hər gün
öldürüləcəyi qorxusu ilə yaşayan
Rüşdi islam peyğəmbərinin təhqir edənlərinin
sırasının günü-gündən artmasını
xüsusi zövqlə seyr edir və bundan xoşhal olduğunu
gizlətmirdi: "Bu gün islam dünyası əsir edilib. Yox, Qərbin əsiri deyil, islamı qalan dünyadan
gizlədib onun qapısına qıfıl vuranların əsiridir.
Bu qıfılı sındırmaq istəyən
ancaq kiçik bir qrup var. Böyük çoxluq susmaqda davam
edir. Ancaq bizim mübarizəmiz nə qədər
ağır olsa da, biz inanırıq ki, bir gün zindanın
qapısı sınacaq".
O
özünü təmizə çıxarmaqla qalmır, həm
də hücuma keçir. Buna baxmayaraq Salman
Rüşdi hələ də içindəki qorxunu yenə
bilmir. Bir il əvvəl
"Şeytan ayələri"nin müəllifi Xomeyninin fətvasının
sosial şəbəkələrdə yayılmasından dəhşətə
gəldiyini bildirdi. 2012-ci ilin may ayında Berlində
keçirdiyi mətbuat konfransında Ruşdi bu qorxusunu dilə
gətirmişdi: "İndi imam Xomeyninin fətvası
internetdə, "Fasebook" və "Twitter" kimi sosial
şəbəkələrdə yayıldıqdan sonra mən əvvəlkindən
daha çox təhlükə hiss edirəm".
Həmçinin həmin mətbuat konfransında Salman
Rüşdi dinə qarşı tənqidin və zarafatın
söz azadlığı prinsiplərinə aid olduğuna diqqət
çəkmişdi.
Rüşdi niyə tabunu
qırmaq ehtiyacı duymuşdu?
"Şeytan ayələri"nə qədər Salman
Ruşdi 1981-ci ildə "Gecəyarısı
uşaqları" romanına görə Buker ədəbiyyat
mükafatına layiq görülmüşdü. O daha çox mistik yazar kimi
tanınırdı və "Şeytan ayələrini"dərc
etdirənə qədər orta səviyyəli
çoxsaylı ingilis dilli yazarlardan biri idi. Onu
bütün dünyada ünlü edən isə məhz
Xomeyninin yazar haqqında verdiyi və hələ də icra
olunmayan fətvası oldu.
Rüşdiyə
qədər heç bir yazar və yaradıcı adam islam peyğəmbəri Məhəmmədi
lağ obyekti etməyə cəsarət etməmişdi. Nə qədər qəribə də olsa, bunu
qatı islamçı babasının yanında böyüyən
və hələ də ona olan ehtiramını hər fürsətdə
dilə gətirən bir müsəlman etdi. Bunun səbəbini
Rüşdi söz azadlığı ilə əlaqələndir
və hansısa tabuların yıxılması naminə islam peyğəmbərini lağ obyektinə
çevirdiyini bildirir.
Onun 1988-ci ildə dərc etdirdiyi roman beynəlxalq
böhran yaradan bir hadisə olur. Romanın qəhrəmanı
pleyboy Cibril Farişta hind allahlarını canlandıran məşhur
Bollivud aktyorudur və o, intihar edən sevgilisinin xəyaləti
tərəfindən təqib olunur. Xəyalətdən
qaçmaq üçün Londona gələn Cibril
yuxularında mələk Cəbrayıla çevrilir.
Mələk olaraq zaman və məkan arasında gəzən
Cibril Məkkəyə (romanda bu şəhər Cahiliyyə
adlanır) gəlir və Məhəmməd peyğəmbərlə
(romanda rəsul və Mahanud) görüşüb ona
islamı təlqin edir. Epizodlardan birində Mahanud Cahillyənin
liderlərinin təzyiqinə dözə bilmir və
onların bir neçə tanrısını Allaha yaxın
elan edir və onları Tanrılığını qəbul
edir. Romanın ən qəzəb
doğuran fəsli isə rəsulun dostu Baalın gizləndiyi
bir bordeldə fahişələrin peyğəmbərin
arvadlarının adı ilə adlandırılmasıydı.
Roman nəşr olunduqdan sonra bir çox müsəlman
ölkələrində müsəlmanların etirazına səbəb
olur və İranın dini lideri Ayətullah Xomeyni
Rüşdi haqqında məlum fətvanı verir. Bu fətva
üzündən Böyük Britaniya ilə İran
arasında diplomatik gərginlik yaşanır. Rüşdi üzr istəyib tövbə etməyə
hazır olduğunu bildirsə də, Xomeyni geri addım
atmır.
Buna görə Böyük Britaniya ilə İran
arasında diplomatik əlaqələr kəsilir və
Rüşdi gizlənməyə məcbur olur. O hələ də bu
günə qədər polis nəzarəti altında
"şahidlərin qorunması proqramı" ilə qorunur.
Amma son illər özünü daha rahat hiss edir.
Salman Rüşdinin əkdiyi toxumlar
öz bəhrəsini verməyə başlayır
Rüşdinin
bu addımından sonra 90-cı illərin sonlarından
başlayaraq Avropada islam peyğəmbərinə
qarşı hücumlar yenidən vüsət alır. Peyğəmbərin karikaturalarının
yayımlanması ikinci beynəlxalq qalmaqala çevrilir.
Bir neçə ildən sonra bir daha karikaturalar
nəşr olunur və yenə də etirazlara səbəb
olur. 2012-ci ildə isə Məhəmməd peyğəmbəri
açıq şəkildə təhqir edən "Müsəlmanların
məsumluğu" filminin reklam roliklərinin
yayımlanmasından sonra Misirdə, Yəməndə, Sudanda,
Banqladeşdə və Pakistanda böyük ölçüdə
müsəlmanların etirazları keçirilir. Liviyaının paytaxtı Benqazidə isə etirazçılar
ABŞ səfirliynə hücum edib səfiri və daha
üç nəfəri öldürürlər.
Bəs
Rüşdinin islam peyğəmbərinin
toxunulmazlıq çəmbərinin qırmağa nə vadar
etmişdi? Bunun cavabını bir başa vermək
mümkün deyil. Amma 2007-ci ildə
Böyük Britaniyanın kraliçası onu ədəbiyyata
göstərdiyi xidmətlərə görə "cəngavər"
elan etdikdən sonra daşlar yerinə oturmağa
başladı. Kraliçadan sonra Fransa
Rüşdini ordenlə təltif etdi. Bundan
əvvəl isə 2004-2006-cı illərdə Rüşdi
beynəlxalq PEN klubun ABŞ Mərkəzinin rəhbəri
seçilir. Rüşdi davamlı olaraq Qərb
dövlətləri tərəfindən mükafatlara və
ordenlərə layiq görülməkdə davam edir.
Rüşdi doğurdanmı
idealları dağıtmağa çalışır?
Rüşdi
peyğəmbəri lağ hədəfinə çevirməklə
idealların müflis olduğunu göstərməyə
çalışdı. "Şeytan ayələri"ni yazarkən yeni bir ideya ortaya qoymadı. Sadəcə zamana təslim olaraq tarixin
dönüş anının gəlib
çatdığını özünəməxsus şəkildə
ortaya qoydu. Ona qədər bir çox
mütəffəkkirlər - Hegel, Marks, Nisşe, Freyd və
bir çox başqaları tarixin dönüş anını
elan etmişdilər və Rüşdi həmin mütəffəkirlərlə
eyni səviyyədə deyil. Rüşdi bəşəri
bir ideya ortaya qoymadı, sadəcə bəşəri bir
tabunu aşağılamaqla özünü məşhurlaşdırdı.
Bu anlamda Rüşdi heçdə adi bir şou-biznes mənsubundan
fərqlənmir...
Rüşdinin
radikallığı öz dövrünün "qurbanlıq
quzusu" olmaqdan o yana gedə bilmədi. Və apostol Pyotr "xoruz üç dəfə
banlayana qədər" İsa Məsihə üç dəfə
xəyanət etdiyi kimi, Rüşdi də Xomeyninin fətvasından
sonra üç dəfə tövbə etməyə hazır
olduğunu bildirdi. O hətta İsa Məsihi 30
gümüşə satdıqdan sonra özünü asan
İuda belə ola bilmədi. Yəni
"Şeytan ayələri"nin müəllifi
vicdan əzabı belə çəkmir və yaşamaq istəyini
hər imkanda ortaya qoyur. O "qurbanlıq quzu" olaraq
özünü qoruyur və amma hələ də yaşayan
"qurbanlıq quzu" olduğunun fərqindədir. O hər
kəsdən yaxşı bilir ki, tarixin dönüş
anının "qurbanlıq quzu"sudur.
Xomeyninin fətvası niyə
icra olunmadı?
Xomeyninin fətvasına rəğmən Rüştinin
hələ də yaşaması və artıq nisbətən
normal həyat şəraitinə dönməsi İranın və
müsəlmanların acizliyinin nümunəsi oldu. Söhbət
heç də Rüşdinin qanının
axıdılmasından getmir. Hər şeydən əvvəl
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın
keçmiş müşaviri Li Hamiltonunun soyuq savaş bitdiyi
zaman irəli sürdüyü məşhur kəlamı
xatırlatmaq yerinə düşür: "Artıq
düşmənimiz yoxdursa, onu yaratmağımız gərəkdir".
ABŞ-ın
yeni strategiyasının müəlliflərindən biri olan
Hamiltonun irəli sürdüyü bu konsepsiyadan sonra əksəriyyət
müsəlman dövlətləri Vaşinqtonun müttəfiqləri
olmasına baxmayaraq, islam dini ABŞ-ın
bir nömrəli düşməni halına gətirildi.
Rüşdinin
"Şeytan ayələri"nin 1988-ci ildə nəşr
olunduğunu nəzərə alarsaq, 1989-cu ildən
başlayaraq İraq başda olmaqla ABŞ-ın müsəlman
ölkələrinə qarşı hərbi əməliyyatlar
keçirməsini də diqqətə alarsaq və elə həmin
dönəmdə Reyqanın "şər imperiyası"
adlandırdığı SSRİ-nin sürətlə iflas etməsini
də buraya əlavə edərsək, o zaman Rüşdinin
islam peyğəmbərini lağ obyektinə çevirməsinin
və aşağılamasının siyasi yönləri ortaya
çıxır. Yəni Rüşdi heç
də idealları dağıtmaq və söz
azadlığı mücadiləsini verən bir "kor təsadüf"
deyildi. Rüşdi Qərbin "yeni
düşmən" planını uyğulayan vintlərdən
biri idi.
Rüşdini
ona görə qorudular və ona görə qoruyurlar ki,
ABŞ-ın "yeni düşmən" olaraq seçdiyi islam tabularını dağıtmaq
üçün hazırladığı proqrama aid idi. Onun
ölümü Qərbin islam dünyası
qarşısında yenilik düşməsi anlamını
verirdi və islam tabularının
toxunulmazlığını bir daha isbat edirdi. Fətvanın
icra olunması İranın və Xomeyninin ABŞ üzərində
mənəvi qalibiyyətinin göstəricisi olacaqdı və
bu üzdən də Rüşdinin yaşayan "qurbanlıq
quzu" olması şərt oldu.
Rüşdinin müdrik hacı
babası
Birdə hər kəsin marağını cəlb edən
bir sual daha var. Rüşdi ateistdirmi? Onun verdiyi
açıqlamalara görə deyil. Adam hələ
də fanatik müsəlman babasını dünyanın ən
müdrik adamı hesab edir.
Dalay-lama
ilə belə görüşdüyünü dilə gətirən
Rüşdi babasının müdrikliyini və mədəniyyətin
daha yetkin hesab edir və son kitabını məhz babasına
ithaf etdiyini bildirir: "Mənə Dalay-Lama ilə də
görüşmək nəsib olub. Ancaq mənim taleyin mənə
rast gətirdiyi tək müdrik adam mənim
babamdır. Mən - hindli, ixtisasça həkim
və mənə qətiyyən bənzəməyən ana
babamdan bəhs edirəm.
O Məkkəyə
ziyarətə getmişdi və hər gün beş
dəfə dua edirdi. Nəvələri onu
lağa qoyurdular ki, nə qədər dua eləmək olar?
Ancaq onun dinə bağlılığı
heç də dünyanın ən səbirli və
dözümlü adamı olmağına mane olmurdu. Hətta ona demək olardı ki, mən Allaha
inanmıram. O sənin qolundan tutacaq və yanında
otuzduracaqdı: "Belə. Sən hər
şeyi bir-bir anlat görümg". Və
səninlə tamilə ciddi şəkildə qəzəblənmədən
söhbət edəcəkdi. Mən ona son
romanımı ithaf etmişəm. Onu da
deyim ki, biz nənəmizdən qorxardıq. O çox
zabitəli qadındı".
Son
müsahibələrində Rüşdi artıq ona dinə
aid suallar verilməsindən bezdiyini bildirir: "Mən islam
araşdırmaçısı deyiləm. Dindən
də yazmıram. Bu suallar artıq məni
cana gətirib". Rüşdi daxildə
Allaha inanır, amma tam olaraq bunu etiraf edə bilmir. Elə "Oğurlanmış islam"
yazısının adını seçərkən və
ünlü ilahiyyatçı İqbaldan yol alıb məsələyə
yanaşarkən o, ateist olmadığını və dinə
fərqli baxışının olduğunu ortaya qoyur.
"Şeytan ayələri"
müəllifinin həyat salnaməsi
Əhməd Salman Rüşdi 1947-ci ildə müsəlman
ailəsində Bombeydə anadan olub. Rüşdinin ata babası urdu dilində yazan tanımış şair,
atası isə biznesmen olub. Hindistan müstəqillik
qazandıqdan sonra dini qarşıdurma səbəbi ilə ailə
Pakistana köçür. 14 yaşında
Salman təhsil almaq üçün Londona gəlir.
Kolleci bitirdikdən sonra Kembricdə tarix və inngilis ədəbiyyatını
öyrənir.
Təhsilini bitirdikdən Pakistana dönən
Rüşdi televiziyada çalışmağa
başlayır. Qısa müddətdən
sonra Londona geri dönür və 1964-cü ildə Britaniya vətəndaşlığını
alır. Elə o vaxtdan da Londonda
yaşayır.
Həyatı boyu 4 dəfə evli olub. Sonuncu
xanımı ondan 2007-ci ildə ayrılıb. 1989-cu ildən sonra polis nəzarəti altında
yaşayır və tam 24 ildir ki, Xomeyninin fətvasının
nə zaman icra olunacağını gözləyir.
Azər QARAMANLI
Ədalət.-2013.-24 may.-S.6.