BÖYÜK DOĞUDAN BAŞLANAN YOL

 

HƏSƏN BƏY ZƏRDABİNİN VƏ ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOVUN NƏVƏSİ: ZƏRİFƏ XANIM KÜRDƏMİR (SULTANOVA) - 2

ALTMIŞINCILARA QISA BİR ARA

Prezident İlham Əliyevin sərəncamı ilə bu il may ayında çağdaş tariximizə Azərbaycan Cümhuriyyətinin qurucularından biri kimi daxil olan görkəmli siyasi xadim və dövlət adamı, diplomat, publisist Əlimərdan bəy Topçubaşovun 150 illik yubileyi qeyd ediləcək.

Şübhəsiz, həmişə olduğu kimi bu dəfə də dövlət başçısının sərəncamı tarixi şəxsiyyətlərimizi və irsimizi daha dərindən öyrənmək, daha geniş təbliğ etmək üçün istiqamətləndirici rol oynayır. İnanmaq istərdim ki, bu sərəncam tarixçi və politoloqlarımıza bütün həyatını doğma xalqına həsr etmiş, bu yolda sonsuz məhrumiyyətlərə qatlaşmış Əlimərdan bəy haqqında yeni, tutarlı və əhatəli tədqiqatlar aparmaq baxımından stimul verəcək, onun həyatı, şəxsiyyəti, mübarizəsi haqqında naməlum həqiqətlərin üzə çıxarılmasına yardım edəcək. Fikrimcə, bu yubiley işığında görüləcək ən mühüm işlərdən biri Ə. Topçubaşovun zəngin siyasi-publisistik və epistolyar irsinin toplanması və nəşri olardı. Çünki bu həm də milli dövlətçiliyimizin və XX yüzillikdə pərvəriş tapan Azərbaycan diplomatiyasının tarixi olacaq...

Əlimərdan bəy Topçubaşov milli müstəqillik və dövlətçiliyimiz üçün borclu olduğumuz tarixi şəxsiyyətlərdəndir. Azərbaycan cəmiyyətinə "Yox millətimin xətti bu imzalar içində!" əhval-ruhiyyəsinin hakim kəsildiyi bir dövrdə o, təkcə doğma xalqının deyil, Rusiya imperiyasında yaşayan bütün türk-müsəlman əhalinin liderlərindən biri kimi siyasət və ictimai fəaliyyət meydanına atılmışdı. Rusiya müsəlmanlarının ilk siyasi təşkilatının - "İttifaqi-müslim" partiyasının qurulmasında, bir-birinin ardınca üç türk qurultayının keçirilməsində, Dövlət dumalarında Müsəlman fraksiyasının yaradılmasında və fəaliyyətinə rəhbərlikdə onun müstəsna xidmətləri olmuşdu. Tutduğu yol, öncüllərindən biri olduğu siyasi mübarizə Ə.Topçubaşovu məntiqi şəkildə müstəqil milli dövlətin - Azərbaycan Cümhuriyyətinin qurucuları sırasına gətirmişdi. O, ən çətin sahəyə - xarici siyasətə rəhbərlik etmişdi. Nüfuz, bilik və təcrübəsinə ehtiram duyan mübarizə yoldaşları onu qiyabi surətdə ali qanunverici orqanın - ölkə Parlamentinin sədri seçmişdilər. Əlimərdan bəy Paris Sülh konfransında gənc Azərbaycan Cümhuriyyətinin dünya gücləri tərəfindən de-fakto tanınması kimi böyük qələbəyə imza atmışdı. 1919-cu ildə Versal Sülh konfransında bu beynəlxalq siyasi etiraf baş verməsəydi, bolşevik işğalından sonra Azərbaycanın müttəfiq respublika statusu alması çox böyük sual altında qalacaqdı.

Vilayət Quliyev. 15.04.2013 ("525-ci qəzet")

Mən tez soruşuram: bu Əliəşrəf bəy, Əlimərdan Topçubaşovun nəyi olur?

"Əliəşrəf Əlimərdan Topçubaşovun damadı (kürəkəni) idi deyir", -Zərifə xanım.Topçubaşovun qızını almışdı. Mənim anamı...

Sözləri birər-birər deyir bu xanım. Sanki bir sədəf düzür inanın bir ipə. Mən düşünürəm: bu da bir mədəniyyətdir və bu da bir tərbiyədən gəlir heç şübhəsiz

Deməli Əlimərdan Topçubaşovun qız nəvəsidir Zərifə xanım Kürdəmir.

Vallah, o qədər şirin danışır ki, jurnalistika üçün sözçülük də olsa hər sözünü yazmaq və oxucuya çatdırmaq ləzzət verir mənə.

"Əlimərdan Topçubaşov anamın babasının babası olur"? - deyir Zərifə xanım. Yəni Zərifə xanımın dədəsi olur Əlimərdan Topçubaşov bizimcə.

Sonra mən Həsən Bəy Zərdabi ilə Əlimərdan Topçubaşın (Əlimərdan bəyin familyasının bu cür deyilişi Zərifə xanıma aiddir) qohumluğu barədə soruşuram.

"Mən Həsən Bəyi heç görmədim"? - deyir Zərifə xanım. Onlar Bakıda qalmışdılar. Həsən bəy mənim anamın anasının babası (atası) idi".

"Mən indi burda bir ailə sahibiyəm", - deyə davam edir Zərifə xanım. İki qızım var. 4 nəvəm var. Qızlarımdan biri İstanbulda yaşayır. O birisi İzmirdə. Hər ikisinin də vəziyyətindən çox razıyam".

"İstanbula necə gəldik"

"Biz İstanbula necə gəldik? Atam mənim Əliəşrəf çox ciddi bir adam idi. Mənim bir bacım da vardı. Elə indi də var. Yaşayır. Atam bizim gələcəyimiz üçün çox narahat idi. İstəmirdi ki, biz başqa millətə qismət olaq. Yəni başqa bir millətə ərə gedək. Ona görə də Fransadan köçmək məcburiyyətində qaldıq. Biz buraya, İstanbula gələndə mənim artıq 24 yaşım vardı".

Çox çeynənmiş bir sual olsa da soruşmağa məcburam və soruşuram:

- Zərifə xanım, Siz atanızı necə xatırlayırsınız?

"Atam iyirmi ildir ki, vəfat eliyib. ( bu arada hiss eləyirəm ki, yaş öz işini görür, bu xanım-xatın qadın mənim indicə verdiyim sualı unudub başqa bir şey haqqında danışmaq istəyir. Heç şübhəsiz onun danışacağı bütün şeylər maraqlıdır, şayət bu bütün şeylər mənim istədiyimlə bağlı olsa, ancaq bəzən belə olmur, tamam başqa şeylər danışırıq. Belə olduğu anda, yəni bu bir neçə dəfə təkrar olunur, mən sualı yenidən verməyə məcbur oluram və Zərifə xanım da bunu hiss edir gülür və cavab verir:

"Atam Tiflisdə doğulmuşmuş. Ailəsi çox zəngin olub. Mənim anam tərəf də çox mədəni və intellektual bir insanlar olublar. Əlimərdan Topçubaşın 5 uşağı olub: birisi mənim anam, birisi Ələkbər Topçubaşov, o Parisdə yaşayırdı. Orada da vəfat etdi. Çox insan bir adam idi. Çox dil bilirdi. Türkoloqdu. Sonra birisi də Ənvər Topçubaşovdu. O indi də Parisdə yaşayır. Birisinin də adı Sihhət idi. Birisi də iyirmi dörd yaşında vəfat etmişdi. Birisi də Rəşidə idi. Bu adamların hamısı vəfat edib. Bir oğlu Parisdə yaşayır. Mən 13 yaşındaydım, Əlimərdan Topçubaşov vəfat edəndə. Biz bir binada yaşayırdıq. Atam da anasını gətirmişdi Qafqazdan. Bacısını da gətirmişdi. Biz böyüdük və ayrıldıq. Mən öz ərimlə burada İstanbulda tanış oldum. O İstanbulda doğulmuşdu".

Zərifə xanım Kürdəmir Parisdə konservatoriyanı bitirmiş, sonra iki il də universitetdə oxumuş, İstanbula gəlmişlər, sonra ailə qurmuşdur. Bir müddət sora boşanmış və boşandıqdan sonra iki əli olmuş Zərifə xanımın bir başı. Əri heç bir yardım etməmiş və ailə dağılanda da uşaqlardan birinin üç, o birinin altı yaşı varmış.

"Atam köməklik eləyirdi bir az, onun köməkliyi ilə ayaq üstə durmağı bacardıq", - deyir Zərifə xanım." Sonra özüm müəllim işlədim. Fransızca dərs dedim".

- Siz heç Azərbaycana getmədinizmi?

Çox yorğun cavab verir:

"Heç getmədim. Amma vətənimdi. Babamın vətənidi. Dedimin vətənidi. Gedəcəyəm inşallah..."

Hər halda 73 yaşlı bu qadının bu istəyi hörmətə layiqdir.

Amma yenə də təkrar edir: gedəcəyəm, inşallah.

Mənim: atanız Azərbaycandan ən çox nədən danışardı" sualıma Zərifə xanım belə cavab verir:

"Anam da, atam da Azərbaycandan o qədər danışarlardı ki... onların iki sözlərindən biri Azərbaycan idi. Xatırlayıram ki, anam da, atam da son günlərinə kimi həmişə çox şirin Azərbaycan şivəsində danışırdılar. Təsəvvür edin, Fransa ola, Paris ola, orada topa-topa od qalardıq, tonqal düzəldərdik, ocaq çatardıq və üstündən atlanardıq.

Xüsusilə anam bu Novruz bayramında dadlı-ləzzətli şeylər bişirərdi. Təsəvvür eləməzsiniz. Parisdə teatra gedərdik, deyərdilər ki, Azərbaycanda daha yaxşı idi. Bütünlüklə hər şeyi müqayisə eləyəndə, həmişə Azərbaycanda hər şeyin daha gözəl olduğunu, daha yaxşı olduğunu söylərdilər.

Bu bahar bayramlarının hamısında Azərbaycandan gələn ailələr bir yerə yığışırdıq. Hətta gürcülər də bizə gələrdilər. Qarışardıq bir-birimizə".

Zərifə xanım danışdıqca məni bir maraq götürür və bu marağın təsiriylə bəlkə də soruşuram.

- Zərifə xanım, Siz o zaman söhbətlərdə heç eşitmədiniz ki, valideynləriniz Bakının hansı səmtində yaşamışlar?

"Mənim anamın evində indiki İran səfirliyi yerləşir. Mən belə eşitmişəm. Doğrumu, yalanmı bilmirəm, mənə belə dedilər. Bunu mənə bir Azərbaycanlı xanım var buralarda, Şahban xanım, o dedi. Şahban xanımlar da gözəl insanlardırlar və həmişə bizə gəlib gedərdilər, anamı çox sevərdilər onlar. İndi İstanbulun Anadolu hissəsində Caddəbostan deyilən bir yer var, orada yaşayırlar".

Mən soruşuram ki, sizə o zaman gələn azərbaycanlılardan kimləri xatırlayırsınız?

Öncə Hacıbəyovların adını çəkir. Timurçin vardı deyir. Keçən sənə, keçən il vəfat etdi. Çox böyük qohumluğumuz, akrabalığımız vardı.

"Gürcülər, çərkəzlər, ermənilər, bir də bizlər toplantılar keçirərdik. Ayrı-ayrılıqda biz də bu millətlərin bayramlarını eləyirdik. Mən belə bir havada böyüdüm. Mənim dədəm Əlimərdan bəy mükəmməl bir insandı. Onun evinə Fransanın tanınmış adamları çox gələrdi. Sonra Zərifə xanım həyatının başqa tərəflərini anlatmağa, danışmağa başlayır. İki uşağının çox tez yetim qalması barədə, dədəsi Əliəşrəfin həddindən ziyadə sərt bir insan olması barədə və buna görə də başqa bir ev kirayələyib (kirayə haqqını atası verirmiş) yaşamağı barədə xeyli söhbət eləyir. Müəllimlik elədiyindən, xüsusi evlərdə dərs dediyindən söz açır. "Çalışdım. Uşağlarımı böyütdüm. Evləndilər, məsuddurlar. Çox

- məsuddurlar" - deyir. Sonra mən, İstanbula gəldikdən sonra buradakı Azərbaycanlılar görüşləri barədə soruşuram. Könülsüz cavab verir.

(Diqqət! Diqqət! Diqqət və yüz kərə Diqqət! Mən qürbətdə çox yaşamadım, amma, qəriblikdə belə bir-birinə xor baxmaq, hardasa düşmənçilik etmək, allahım, görəsən bu millətin bir alın yazısımı? Anladılası bir şey deyil. Heç anladılası bir şey deyil.)

"Soyuqdular, çox soyuqdular. Parisdəki azərbaycanlılar çox yaxşıydılar. Tamam başqaydılar. Bir Zöhrə xanım var o yaxşı insandır. Onunla aradabir görüşürəm. Xan Xoyskinin ailəsi var burda, Sima xanımgil, onlarla da görüşürəm. Nişantaşında olurlar. Maçkada. (hər iki yer İstanbuldadır). Sonra Gülnar xanım Səfikürdski var. Onunla da görüşürük".

"Həyatda xoş günlərim çox olmasa da, indi rahatam", - deyir Zərifə xanım Kürdəmir.

Uzun... çoooox uzun bir susqunluqdan sonra (bilmirəm ki, vallah nələr düşünür) gülümsünərək: "Bankada bir az pulum var, övladlarım gözəl yaşayırlar... Uşaqlarım məni çox sevirlər heç ayrı buraxmırlar. Sıx-sıx gəlib gedirlər".

Zərifə xanım bir qəribə şey də açıqlayır. Və bunu açıqlamadan qabaq əlavə eləyir ki, Rəsulzadə bizim ilə çox yaxın idi. Bunu deyir və məni heyrətə gətirən bir şey də əlavə ələyir. Mən bu faktı onun dilindən necə eşitmişəmsə eləcə də təqdim etmək istəyirəm. Sözbəsöz: "Fakat Rəsulzadə Cümhurbaşqanı deyil, komitə başqanıdır. Nədənsə onu həmişə Cümhurbaşqanı kimi göstəriyorlar. Mən özüm onu dəfələrlə gördüm. Parisdə də, burada da həmişə bizə gəlirdi. Böyük babam həmişə onunla görüşürdü və çox sempatik bir adam idi".

Təbii bu faktın nə dərəcədə doğru olduğunu mən bilmirəm və ola bilsin ki, o zaman komitə başqanı olaraq deyilən elə bu Cümhurbaşqanı demək imiş.

Sonra mən Zərifə xanımdan bir Azərbaycan mahnısını deyək, Azərbaycan şeirimi deyək buna bənzər bir şeyləri xatırlayıb- xatırlamadığını da soruşuram və o "çox təəssüf, vallah heç xatırlamıram" - deyir. Və elavə eləyir:

"Bilirsiniz, bizim valideynlərimiz o qədər də bizimlə yaxınlıq eləmirdilər, bir az soyuq təhər idilər və indi düşünürəm ki, bizə daha çox şeylər anlada bilərdilər".

Zərifə xanım Azərbaycanın İctimai Xadimi Kasparlının Əlimərdanova yazdığı məktublardan söz açır və bu məktubların mən onunla söhbət elədiyim zaman İzmirdə yaşayan qızında olduğunu söyləyir və mən ondan bu məktubların bir neçəsini gətirməyini xahiş eləyirəm. Aradan bir müddət keçir və bu müsəlmançılıq xəstəliyi hər şeyi unutdurur və necə olursa da bu məktubları eldə də bilmirəm. Amma çox böyük bir təəssüflə deyə bilərəm ki, bu məktubların əldə edilməməsi yalnız və yalnız mənim günahımdır. O gözəl və o mədəni qadının günahı deyil.

Zərifə xanım böyük təəssüflə qeyd eləyir ki, o məktubların bir hissəsi də itə-bata düşdü...

abdin41@mail.ru

www.tofigabdin.com

Tofiq Abdin

Ədalət.-2013.-25 may.-S.15.