SÖZÜN İŞIĞINDA

ƏDƏBİ HƏYAT

 

Yurdumuzun Cənub bölgəsində ədəbi həyat əvvəlkitək qaynayır. Cəlilabad, Masallı, Lənkəran, Yardımlı, Lerik, Astara rayonlarında yaşayıb-yaradan çoxlu nasirləri, şairləri, publisistləri tanıyırıq. Vaxtilə mərkəzi mətbuatda çox çətinliklə çap olunan, kitabları nəşriyyatlarda yatıb qalan şairlər indi rahat nəfəs alır, heç bir maneə ilə üzləşmədən ən nüfuzlu qəzet və jurnallarda çap olunur, kitabları da işıq üzü görür. Təbii ki, bu, müstəqilliyin, demokratik azadlığın Söz üçün yaratdığı əvəzolunmaz şəraitdir. Cənub bölgəsində də Sözün azadlığı özünü nəşr olunan kitablarda, müxtəlif adda jurnallarda, şeirə, sənətə, söz adamlarına ayrı-ayrı rayonlarda icra hakimiyyəti miqyasında qayğının güclənməsində nəzərə çarpır.

Cənub bölgəsi Azərbaycan ədəbiyyatına qüdrətli söz ustaları bəxş etmişdir. Xalq şairi Sabir Rüstəmxanlı, istedadlı şairlər və nasirlər: Şəkər Aslan, Vaqif Hüseynov, Məmmədhüseyn Əliyev, Azad Talışoğlu, Ayaz Vəfalı, Zülfüqar Qodmanlı, Məmməd Kazım, İltifat Saleh, Abbasağa Azərtürk, Ağəddin Mansurzadə, Zeydulla Ağayev, Rafiq Tağı, Tahir Qurban, Fəxrəddin Ziya, Nurəddin Ədiloğlu, Salam Sarvan məhz Cənub bölgəsində dünyaya göz açmışlar. İndi Cənub bölgəsində yaşayıb-yaradan istedadlı qələm sahibləri də bu ənənəni davam etdirir, regionun ədəbi həyatının daim canlanmasında səy göstərirlər. Lənkəranda Anar Həbiboğlu, Ağamir Cavad, Tərlan Əbilov, Elşad Səfərli, Samir Sədaqətoğlu, İslam Rzayev, Astarada Mehman Qaraxanoğlu, Yardımlıda Aslan Quliyev, Sakit İlkin, Masallıda Arif Fərzəli, Rafiq Məmməd, Xanəli Tolış, Nurməmməd Ağa, Qəni Bəxtəvər, Süleyman Əlisa, Cəlilabadda Böyükxan Bağırlı, Mirkamil Mirxəliloğlu, Ədalət Salman, Əlizadə Nuri, Əlizadə Həsrət, Meyxoş Abdullah, Lerikdə Qədiməli Əhmədgöz yaradıcılıqları ilə sübut edirlər ki, əyalətdə yaşamaqla da böyük ədəbiyyatın gözəl nümunələrini yarada bilərlər.

Haqqında söz açmaq istədiyim Ağamir Cavad da belə istedadlardan biridiro, təkcə yaşadığı Lənkəranda və ümumən Cənub bölgəsində deyil, Azərbaycan ədəbi prosesində də tanınır. O, bölgənin ədəbi həyatında fəal iştirak edir: respublikada kifayət qədər tanınan "Söz" ədəbi-bədii jurnalının redaktor müavinidir, AYB Lənkəran bölməsinin ədəbi məsləhətçisidir, bir sıra mühüm tədbirlərin təşəbbüsçüsü və icraçısıdır. Ancaq hər şeydən əvvəl ŞAİRDİR. Özünəməxsus poetik üslubu, deyim tərzi ilə seçilən bir şair.

Onun "Eşq işığı" (2007) və "Yanmış budaq üstə oxuyan bülbül" (2013) şeirlər kitabları qarşımdadır və bu kitablardakı şeirlər Ağamir Cavadın poetik dünyası haqda müəyyən təsəvvür yaradır. Hər iki kitabda Ağamir Cavad ön söz olaraq poeziya ilə bağlı duyğu və düşüncələrini izhar edir. Yazır ki: "Poeziya gözəllikdir. Həyatda hər şeyi gözəl görmək istəyindən yaranır şeir. Mayası gözəlliklə yoğrulmuş bütün yaranmışların bətnində işıq var. İşıqlı söz həyatın gözəlliklərini özündə ehtiva edir. Şeir də işıqdır.

Poeziya saflıqdır. Saf ürəklilərin bütün qəlbləri pak görmək istəyindən doğulur şeir.

Poeziya məhəbbətdir. Ülfət, ünsiyyət, dostluq yaradır şeir. İnsanları birləşdirir, əsrləri birləşdirir, həyatın, zamanın yolunu yaradır. Bu yol ən uzun bir yolur. Bu yol Adəmdən başlayıb. İlk şeiri Adəm peyğəmbər yazıb".

Beləliklə, Ağamir Cavadın poeziya ilə bağlı düşüncələri ilə tanış olduq və bizə aydın oldu ki, Ağamir poeziyaya təsadüfi gəlməyib, bu həqiqətləri dərk edərək gəlmişdir. "Söz ömrü" şeirində oxuyuruq:

Ürəyim bir dünya oddur, ocaqdır,

Köz ömrü qədərdir dünyanın ömrü.

Tanrının sözüylə yaranıb yanar,

Söz ömrü qədərdir dünyanın ömrü.

Odur ki, gah sevinc, gah da dərd umar,

Sıxar ürəyimi kirkirə sözlər.

Sinəm dərd zəmisi yığıb ovcuma,

Səpirəm varağa bakirə sözlər.

Bu gün asın məni, daşqalaq edin,

Hər daşdan bir çınqı köz göyərəcək.

Ruhuma ölçülmüş dar ağacından,

Bir misra, bir ayə söz göyərəcək.

Ürəkdən tanrıya sevgi yolunda,

Bir ürək köz ömrü yaşayacağam.

Tutub bir misranın ətəklərindən,

Bir dünya söz ömrü yaşayacağam.

Bu şeir Ağamirin bir az öncə sitat gətirdiyimiz fikirlərinin poetik təcəssümüdür.

Ağamirin şeirləri müxtəlif mövzuda qələmə alınıb bu baxımdan rəngarəngliyi ilə diqqəti cəlb edir. Əsas odur ki, Ağamir ənənəvi mövzulara, özündən əvvəl yazılanlara təzə nəsə əlavə etməyə can atır, buna çox zaman nail ola bilir. O, "Üz tutub gedirəm" şeirində dağla insan arasındakı oxşarlıqdan söz açır. Yüzlərlə şeirdə insan dağa oxşadılıb. Vüqarı dağ zirvəsinə qiyas tutulub. Dözümlülükdə dağ misal gətirilib. Bəs Ağamir necə düşünür? "Açsın haqq sinəsin qoy xalı dağlar, Qıymasın, qəlbimdə xal xali dağlar. Haqqa arxa olar arxalı dağlar, Üz tutub gedirəm dağlara sarı". Buludlar haqqında poeziyamızın ortaya qoyulası çoxlu nümunələri var. Ağamir Cavadın "Buludlar" şeirən diqqət yetirək: " sirdir görünmür heç izin, Qoynunu günəşə , isin. Çəkərək torpağın acısın, Ağaran, qaralan buludlar. Gözəlsiz-köynəyi sökülən, Utanıb yığılan, bükülən. Ah olub dağlara çəkilən, Düzlərdə şeh olan buludlar". Bu şeirdəki metaforalar orijinaldır. O, yanmış budaq üstə oxuyan bülbülə üz tutub deyir ki: "Dünyanın bir sönmüş ocaq dərdini Atəşi müqəddəs sananlar bilər. Ağacın bir yanmış budaq dərdini Bizim tək eşqində yananlar bilər". Şair Lənkəranda bitən nadir dəmirağacı haqqında poetik düşüncələrini belə şərh edir. Təzə, təravətli misralarla: "Qızıla bürünmüş dəmirağacı Yaşayır ömrünün qızıl payızın. Düşüb tilsiminə bu yerin, göyün, Payız küləyiylə darayır saçın. Çəkib başı üstə qızıl örpəyin, Xatirə danışır dəmirağacı". Ağamir Cavad xalq şeiri formaları olan qoşmaya, gəraylıya daha çox müraciət edir hiss olunur ki, o, qoşmaya, gəraylıya doğma şairdir. Qoşma üçün maraqlı görsənən qafiyə rədif seçmək məsələsində Ağamir artıq ustalığa yiyələnib. "Saman çöpü" bu baxımdan Ağamirin ən uğurlu şeirlərindəndir:

Göylər qaraldıb buludun,

Yerlərin gözy suludu.

Əziyyətdi-haqq yoludu

Mənim yolum, saman çöpü.

Bu dünya şər qavalıdı,

Səsli, küylü, nəvalıdı.

Hələ şeytan havalıdı

Sağım, solum, saman çöpü.

Hər gələnin öz adı var,

Köləsi var, azadı var.

Həyatın bir təzadı var-

Ölüm-olum, saman çöpü.

Silahım haqq, yox bir hiyləm,

Vuruşuram yerlə, göylə,

Boğuluram, kömək eylə,

Ağrın alım, saman çöpü.

Ağamir Cavadın şeirlərinin ümumi ruhunu müasir insanın həyat, dünya, gözəllik, tarix, cəmiyyət, təbiət haqqında düşüncələri təşkil edir.

Onun lirik qəhrəmanı həyatda baş verən olaylara qarşı həssasdır, ədalətsizliyə, biganəliyə, insana qarşı haqsızlığa dözəmmir. "Kiçildin" şeirində ("Bir nəfərə..." silsiləsindən) "haqq-haqq" söyləyən, amma bütün həyatı boyu haqsızlıq edən, könülləri qəmə sürükləyən bir insan tənqid atəşinə tutulur. Bu tipli şeirlər az deyil hiss olunur ki, Ağamir həyatda baş verən mənfi, naqolay hadisələrdən, ürək bulandıran olaylardan yazmağa özündə mənəvi bir tələbat görür. O, daha geniş, daha qlobal mənada üzünü Dünyaya tutur, həyatdakı, cəmiyyətdəki xaos, hərc-mərclik, mənəvi aşınmalarla bağlı onu sorğu-suala çəkir:

Namərd qoltuğunda yatıb dincələr,

Başın qorumaqçün sözündən keçər.

zaman düzələr, nə vaxt incələr,

zaman iynənin gözündən keçər?

Qarışıb xeyiri, qarışıb şəri,

Astarın dəyişib nimdaş üzüylə.

Öz azğın yoluna çəkib bəşəri,

Hələ ki yol gedir şeytan iziylə.

Özün haqlı sayır, yolun düz bilir,

Bulaşıb halala haram. Düzdü ki?

Dəvənin boynuna bənzər bu dünya,

Soruşsan, deyəcək haram düzdü ki?

Ağamir gözəl sevgi şeirlərinin müəllifidir. Onun sevgi şeirlərində yaşanılan hisslər, duyğular qələmə alınır. O, eşqə iki insanın münasibətləri kimi dar bir sferadan baxmır, eşq onun üçün işıqdır, həyatdır. Onun təsvir etdiyi Aşiq bu əbədi işığı ürəyində daşıyır. "Eşqdir şairlərin tapındığı din, Bu dindən, imandan doymaq olarmı? Məhəbbət əbədi, ömürlər qısa, Əcəl eşq kitabın qatlaya bilmir. Şairdə ilahi sevgi yoxdusa, Səsi əsrləri adlaya bilmir". Onun "Məhəbbət" şeiri mən deyərdim bugünkü sevgi poeziyasının gözəl nümunələrindən biridir. Bu şeiri mahnı kimi oxumaq olar.

Ömür karvanının köçündən keçir,

Min ildir əkindən, biçindən keçir.

Zülmət gecələrin içindən keçir

İşıqlı gündüzə, günə məhəbbət,

Məhəbbət, məhəbbət, yenə məhəbbət.

Keçilməz sədləri, yolları biçir,

Əbədi bir vəhdət şərabı içir.

Uca zirvələrin eşqindən keçir

Dumana məhəbbət, çənə məhəbbət,

Məhəbbət, məhəbbət, yenə məhəbbət.

Bu il Ağamir Cavadın əlli yaşı tamam oldu. Yaşadığı Lənkəran şəhərində onun yubileyi keçirildi. "Söz" jurnalında (onun ilk baş redaktoru mərhum şair Şəkər Aslan idi, indi istedadlı publisist Sevda Əlibəyli jurnalı yaşadır) onun bu yubileyi barədə geniş material dərc olunub.

Təbrik edirik, Ağamir!

Vaqif YUSİFLİ

ədalət.-2013.-25 may.-S.13.