GÜNAH

Hekayə

 

Hamı günahkardı dünyada, amma

Dünyada heç kəsin günahı yoxdu.

R.Rövşən

Küçə qapısının səsi gəldi. Sonra qapıdan uzaqlaşan maşının uğultusu sübhün sükutunda eşidilməz oldu. Üstündən dağ götürülmüş kimi özünü yüngül hiss edən qadın sinə dolusu nəfəs alıb dərindən köks ötürdü: "İndi get, Gülay xanım dursun qulluğunda... İlahi, əl boyda yad qızı dağ kimi kişini necə ovsunlayıb".

Rayonda irili-xırdalı vəzifəsi olanların Gülya kimi tanıdıqları Gülay xanım Ağababayevin köməkçisi, kişinin təbirincə sağ əli, dəstəyi idi. Balacaboy, zərif biçimli, qar kimi bəyaz üzü boya içində itib-batan, dil boğaza qoymayan, civə kimi mütəhərrik bu cavan qadın Ağababayevi sanki sehirləmişdi. Arvadı demişkən, o boyda kişi bu zəif, zərif məxluqun qabağında xırdalanıb mütiləşir, bir sözünü iki eləmirdi. Vəzifə sahibləri olan bazburudlu kişilər də bu incə mətləbi öz qulluq işlərində mütləq nəzərə alır, vaxt-bivaxt ona layiq hədiyyələrlə, özlərinin dedikləri kimi, "dişi iblis"i razı salırdılar. Başqa çarə yox idi. Heç kim istəmirdi ki, ağrımayan başına dəsmal bağlasın. Əbəs yerə onu iblisə bənzətmirdilər. Vay o gündən ki, saymayasan, görüm-baxım eləməyəsən. O da ilansayağı quyruğu üstə dik qalxıb nazik, zəhərli haça dilini kişinin palaz qulağına yaxınlaşdıra...

Ağababayev maşından düşüb ikinci mərtəbəyə qalxdı. Qapını açıb işığı yandırdı. Gen kabinet Gülaysız ona dar gəldi. Tez kabinetin arxa tərəfindəki kiçik istirahət otağına keçdi. Bədənnüma güzgüdə özünün görkəmindən xoşu gəlmədi. Tələm-tələsik seyrək saçına daraq çəkib, tük basmış üzünü qırxmaq istədi. Heç həvəsi yox idi. Özünü üstünə narıncı məxmər çəkilmiş kiçik, yaraşıqlı divana yıxdı.

Gözlərini açanda böyrünə qısılan, onu oyatmasın deyə nəfəsini içinə çəkib gülümsünən Gülayı gördü. Qeyri-iradi qalxmaq istəyəndə qadın bir əlini onun çiyninə qoyub, o birini əlini saçlarına çəkdi. Boyalı üzünü kişinin tük basmış iri, ətli sifətinə yapışdırıb pıçıldadı: "Səhərdir, şef". Bu onun sevimli lətifəsini xatırladan söz idi.

İşə təzəcə başladığı günlərdə Ağababayev köməkçisini yanına çağırıb "yaxşı" bir makinaçı-katibə tapmağı tapşıranda Gülay göydə axtardığı məqamın yerdə əlinə düşdüyünə sevindi, fürsəti əldən verməyib soruşdu: "Cavan olsun, yoxsa?.." O, təzə rayon rəhbərinin "yumşaq damar"ını yoxlamaq məqsədilə bic-bic gözlərinin içinə baxdı və müsahibini çox da niğaran qoymayaraq üzündə təbəssüm əlavə etdi: "Axı, yaşlı katibə ilə cavan katibə arasında fərq var. Bəs bu barədə lətifə eşitməmisiz?"

Köməkçisinin ərkyana, açıq danışığı Ağababayevin "yumşaq damarını" daha da yumşaltsa da, özünü birtəhər ələ alıb üzünün ifadəsini ciddiləşdirdi. Bir müddət müəllim işləyib uşaqların, təcrübəli qadın kimi kişilərin psixologiyasını pis bilməyən Gülay özünü o yerə qoymadı, "həmləsini" davam etdirdi: "Elə isə izn verin sizə həmin lətifəni danışım. Cəsarətimə görə üzr istəyirəm. Bilirsinizmi, sizin kimi həmişə gərgin işləyən rəhbər üçün ən yaxşı istirahət yumordur, gülüşdür. Psixoloqlar deyirlər ki, üçcə dəqiqə güləndə adamın həm yorğunluğu çıxır, həm də ömrü düz üç ay uzanır. Ona görə də yerində məzəli lətifə söyləməyin, ürəkdən gülməyin xeyri çoxdur. Demək, həmin lətifə belədir: yaşlı katibə səhər işə gəlib öz rəisini görən kimi deyir: "Sabahınız xeyir, şef". Cavan katibə isə yuxudan tez durub rəisini oyadır: "Artıq səhərdir, şef".

Ağababayevin daxili zahirinə qalib gəldi. Ciddi görkəm aldığını unudaraq ürəyindən xəbər verən bu lətifəyə elə şaqqanaqla güldü ki, üzü üzlər görən qadın səksənən kimi oldu. Sonra indicə danışdığı lətifədən çox kişinin xırıltılı, qəribə gülüşünə gülməyi tutdu. Yumşaq səslə uğundu, iri çiyinləri atılıb-düşən Ağababayevə gözaltı baxıb ürəyində yəqin etdi ki, ilk baxışda heybətli gorünən bu "ovu" öz gözəgörünməz sehrli toruna salmaqda heç də çətinlik çəkməyəcəkdir.guya təsadüfən , pərqu kimi yumşaq əlini onun qara tüklü cod əlinə toxundurdu. Kişinin canına elə bir xoş gizilti yayıldı ki, az qala bihuş oldu. Odur ki, Gülay stulunu bir az da yaxın çəkərək mətləbi dəyişdi, qayğılı bir görkəm alıb məhrəməliklə dedi:

- Camaat sizdən razılıq eləyir. Amma deyirlər ki, hələ adamlara yaxşı bələd deyil, xüsusən vəzifəlilərə. Mənə yalvar-yaxar eləyiblər ki, yeri düşəndə həqiqəti söyləyim sizə. Yoxsa, bu rayonda qurd çoxdur... Xahiş edirəm, pirojnadan dadasınız, özüm bişirmişəm... Bu birinci müavin var ha, onun elə mədəni, bəlağətli danışmağına, astagəl davranmağına baxmayın. Bildiyini atasına verən deyil. Köhnə başçının kölgəsini qılınclayırdı ki, yerinə keçsin. Ancaq arzusu ürəyində qaldı. Şükürlər olsun ki, siz gəldiniz. Qanı yaman qaralsa da, özünü o yerə qoymur. Yalandan üzünüzə qımışır. Bicin, tülkünün biridir, həmişə fürsət gözləyir ki, əqrəb kimi qəfil sancsın. Amma o biri müavin barədə bunu demək olmaz. Balaş Balayev elə bil sizin kimi böyüyə itaət eləməkçün dünyaya gəlib. Necə desəniz, elə də eləyəcək, barmağınızı hara uzatsanız, düz ora baxacaq. Həmişə əli dəsmallı qulluğunuzda hazır olacaq.

Söz Ağababayevin xoşuna gəldi:

- Bu başqa məsələ, belə də olmalıdır.

- O ki qaldı nəzarətin sədri Quliyevə, yeri gəlsə sizə lap qul olar.

- Əsl mənim adamımdır, - deyə razılığını bildirən Ağababayev durub kabinetdə gəzişdi, sonra xoş ətir qoxusu gələn qadına zənlə nəzər saldı:

- Gülay xanım, deyəsən, sən bu rayonun itinə-pişiyinə də bələdsən.

- Bəs necə, - qadın qürrələndi, - zarafat deyil, neçə il rayonun kəndlərində can qoyub dərs demişəm. Kənddə ərdə olmuşam. Ancaq kişiləri kobuddur, qadınla davranmağı heç qanmırlar. İnsafən, indiki ərim mədənidi, müasirdi, üzüyoladı. Mənə deməz ki, hara getdim, harda qaldım, nə elədim. Yox-yox, dinib-danışan deyil. O gün prokuror da təriflədi onu...

Ağababayev təəccübləndi:

- Prokuror?!

- Hə də, axı ərim onun kuryeridi.

- Hə, aydın oldu, bəs kuryer xozeyinindən nə deyir?

Tükü tükdən seçən xanım onun atmacasını anlayıb əlüstü cavab verdi:

- Yaman tərifləyir, deyir prokurorumuz rayon rəhbərinin xətrini çox istəyir, göstərişini can-başla yerinə yetirir.

- Belə də olmalıdır, - deyə Ağababayev özündən razı halda vurğuladı.

Gülay xanım ani olaraq fikrə getdi. Sonra özlüyündə nəyisə götür-qoy edib bir qədər ehtiyatla:

- Ancaq... ona bel bağlamaq olmaz, - dedi. Kişinin ona təəccüblə baxdığını görub sözünə davam etdi. - Camaat arasında onun ayaması "hiylə"dir. Deyirlər tülkü kimi hiyləgərdir.

Ağababayev tərəddüd içində başını buladı:

- Mən bunu heç hiss etməmişəm.

- İndi hiss eləmək çətindir, ona görə ki, hələ təzəsiniz. Bilir ki, yuxarıda dayağınız var. Sizdən qabaq köhnə başçıynan da əvvəllər canbir qəlbdəydi. Elə ki, köhnəldi, mərkəzlə əlaqəsi zəiflədi, prokurorun buynuzu göründü.

Ağababayev fikirli halda köksünü ötürdü:

- Belə de!.. Yaxşı ki, bu başdan məni ayıq saldın. Eybi yox, onu qabaqlayıb tədbirini görərəm. Onsuz da srokuna az qalıb.

Gülay xanım özünəməxsus əda ilə qaş-gözünü süzdü:

- Amma milisin rəisi bambaşqadır: yumşaq, həlimxasiyyət, bir qədər qorxaq, çəkinən. Dolu bədəninə, boy-buxununa baxmayın, zahirdə pələngə oxşasa da, əslində pişik kimidir. buyursanız, "bəli, baş üstə" eşidəcəksiniz. O ki qaldı məhkəmənin sədrinə, aman Allah, tərsin biridir. Bir tanışımın işi düşmüşdü ona. qədər elədi, yaxın qoymadı. Axırda yuxarıdan zəng elətdirdi. Dedi qanunu poza bilmərəm. Həmişə prokurorla sözləri çəp gəlir. Ancaq rayonda camaat arasında hörməti var.

Ağababayev başını razı halda tərpədə-tərpədə təşəkküredici nəzərlərlə Gülayı süzdü:

- Çox sağ ol ki, vaxtında məlumat verdin. Həmişə gözdə-qulaqda ol, gör camaat danışır, kimdən danışır. Bilirsən, bu camaat qoyun sürüsü kimi şeydir. Çaşıb uyarlar birinci müavinim kimilərə. Əlbət ki, onun cəzasını verəcəyəm, ipini elə çəkəcəyəm ki, cəhənnəmlik olsun. Qoy hamı bilsin ki, rayonun bir böyüyü, rəhbəri var, vəssalam!

Gülay xanım öz "rolunu" yaxşı oynadığından daxilində bir yüngüllük hiss etdi, istədiyinə nail olduğu üçün ürəyində sevindi.

Elə həmin gündən onların arasında rəsmiyyət pərdəsi yavaş-yavaş nazilərək yox oldu.

Köməkçisi indi onun ən yaxın adamı idi, hər səhər öz sevimli lətifəsini nazlana-nazlana, məzə ilə təkrar edir, kişini xoşhallandırırdı. Bu səhər lap yerinə düşmüşdü. Ağababayevin bütün yorğunluğu canından çıxmışdı.

Birdən Gülay "uf" eləyib ayağa durdu, əlini boyalı yanağına qoyub ərklə, nazla kişiyə baxdı. O da başa düşdü ki, tüklü sifəti qadının zərif üzünü gicitkan kimi dalayıb. Tez ayağa qalxdı. Üzünü qırxdı, yuyundu.

Güzgüyə baxanda tər-təmiz qırxılmış üzü, səliqə ilə arxaya daranmış seyrək saçları xoşuna gəldi. Yeni dəblə tikilmiş dümağ paqonlu təzə köynəyi və xoş rəngli uzun qalstuku nahamar görkəmini tamam dəyişir, ona yaraşırdı. Kişi şövqlə Gülayı özünə sıxdı. Qoltuğunda qalan balaca qadın utanırmış kimi sıxıla-sıxıla:

- Zor yaraşır sizə, - dedi, sonra ehmalca onun qoltuğundan çıxıb çayını təzələdi.

Kişi pirojnadan götürüb ləzzətlə yeyə-yeyə təzədəm çayı içdi. Sonra köməkçisinə zənlə baxıb dedi:

- Hə, indi danış görüm rayonda, qara camaat arasında nə söz-söhbət gəzir.

Xasiyyətcə hövsələsiz olan Ağababayev köməkçisinə arxayın-arxayın qulaq asır, sanki onun hərəkətlərinə, üzünün ifadəsinə, alışıb-yanan gözlərinə baxmaqdan doymur, ipək kimi yumşaq səsindən, söhbətindən olmazın ləzzət alırdı. Bunu hiss edən qadın aramla, məzə ilə danışır, maraqlı bənzətmələrlə onu güldürməyə, kefini açıb əyləndirməyə çalışırdı. Mütaliədən zəhləsi gedən, gündəlik mətbuata gözünün ucuyla baxmayan, həmişə vaxtının azlığından şikayətlənən Ağababayev əlini çənəsinə qoyub saatlarla Gülayı dinləməyə, hər şeyi - qəzet-jurnal məlumatlarını, rayonda baş vermiş hadisələrin təfərrüatını, kimin özünü harada, necə aparmasını köməkçisi vasitəsilə bilməyə, onun çənə söhbətinə qulaq asmağa özündə ehtiyac hiss edirdi. Gülay xanım da ondan məlahətini və qayğısını əsirgəmir, çənəsi yorulmaq bilmirdi.

- Sənsiz mənə çətin olar, Gülya!

Kişinin kövrək səslə dediyi sözlər Gülaya barmaqlarında qulaqlarında bərq vuran daş-qaşlardan qiymətli gəldi. Həyəcan dolu sevincdən səsi titrədi:

- Heç məni demirsiz. İraq olsun, sizsiz həyatı təsəvvür edə bilmirəm.

Doluxsunmuş halda yerindən qalxıb kabinetdə var-gəl edən Ağababayevin qarşısında dayandı. Qadının nəmli gözləri onu mütəəssir etdi. Əyilib üzündən öpdü. Gülay buna bəndmiş kimi qollarını onun boynuna doladı. Nazlana-nazlana pıçıldadı:

- Mən bilirəm, hər şey yaxşı olacaq. Axı, siz güclü rəhbərsiniz. Rayonu qaldıracaqsınız, sinənizi ordenlər bəzəyəcək, şöhrətiniz hər yana yayılacaq. Mənə bundan artıq heç bir şey gərək deyil, papam canı...

(ardı var)

Əlövsət BƏŞİRLİ

Ədalət.-2013.-25 may.-S.12.