Soyğun

(hekayə)

 

Mən Gülşəni çoxdan tanıyırdım. İlk dəfə onunla bir toyda tanış olmuşduq. Onda, o, ərə gedib, boşanmışdı. Bir suyu, hind aktrisası Zinet Amanın cavanlığına bənzəyirdi. Özüçox arıq idi. Hansısa salonda saç ustası işləyirdi. Yaxşı əl qabiliyyəti vardı. Çoxları onun adamayovuşmaz, qapalı qadın olduğunu söyləsələr də mən onda mehribanlıq hiss etmişdim. Onun üç yaşı olanda atası rəhmətə getmişdi. Özündən başqa iki bacısı da vardı.

Bir müddət sonra yaşadığım qəsəbədə hər kəs onun haqqında danışmağa başladı. Gülşən ikinci dəfə subay, özündən də bir neçə yaş balaca bir oğlanla ailə qurmuşdu. Deyilənlərə görə onların evlənmələrinə nə qızın, nə də oğlanın anası razı olmamışdı. Gülşən onunla iki il birlikdə yaşadı.

Bir oğlan uşaqları da oldu. Amma oğlunun bir yaşı olanda, əri avtomobil qəzasına düşüb dünyasını dəyişdi...

Gecə saat dörd idi. Gülşən divanda oturaraq dizlərini qucaqlayıb, gözlərini pəncərədən içəri dolan qaranlığa zilləmişdi. Səhərin açılmasını heç istəmirdi. Günlər ötür, səhərlər açılır heç biri ona xeyir gətirmirdi.

Çarpayıda yatmış iki yaşlı oğlu qurcalandı. Gülşənin ürəyi çırpındı. Dodaqları səyriyə-səyriyə oğluna yaxınlaşdı. Gözlərində yaş damlaları yuvarlandı. Öz-özünə pıçıldadı - oyanma, bu gecəni yat, sabah bir şey fikirləşəcəm. O, oğlunun oyanacağından ehtiyatlanaraq, nəfəs almaqdan belə qorxurdu. Lakin faydasız... Uşaq yuxudan ayılıb ağlamağa başladı. Gülşən butulkadakı şirin çayı oğluna içirdi. Uşaq acgözlüklə əmziyi sorub, içərisindəki şirəni içib bitirdi ağlamağa başladı.

O, yanağında duzlu göz yaşları mətbəxə qaçdı. Butulkaya çay süzüb, mürəbbə qabının dibində qalmış mürəbbənin axırıncı şirəsini qaşıqlayıb butulkaya töküb otağa qayıtdı. Körpə bu dəfə çayı son damlasına qədər içib, yenidən ağladı. O oğlunu qucağına alıb yırğalamağa başladı. Uşaq yatmaq istəyir, fəqət ac olduğu üçün yata bilmirdi. Bu onun içdiyi, üçüncü şirin çay idi. Nəhayət kəmşirin çay, körpənin mədəsinə yayıldı uşaq yuxulayıb yatdı.

Saat beş idi. O, uşağı çarpayıya qoyduqdan sonra yenidən qayıdıb divanın üstündə oturub göz yaşlarına güc verdi...

Adamın gözündə qədər yaş olar? Deyə öz-özünə düşündü. Bu gün ikinci gündü ki, özü ? uşağı da acdı. Dünən oğlu dəfələrlə mətbəxə gedib, yemək axtarmışdı. Evdə olan düyünü, Gülşən iki gün öncə qaynadıb oğluna yedirtmişdi.

Axırıncı yeri bağlanandan sonra o, hansı salona gedirdisə, yer yoxdu deyib onu geri qaytarırdılar. Bütün qəsəbədəki salonlar elə bil, bir-biriləri ilə sözləşmişdilər. Anası ilə bacıları isə yaxınlıqda onun qonşuluğunda yaşayırdılar. Amma anası, bacıları onunla danışmırdılar. Təqsiri o idi ki, anasının razılığı olmadan ikinci dəfə ərə getmişdi.

Bu gün qonşusu Dilbər xaladan, anasına, bacılarına sifariş yollamışdı ki, ona bir azca kömək etsinlər. Lakin onlar həmişəki kimi susurdular.

Gülşən qalxıb otaqda var-gəl etdi. etsin? Satılmalı heç nəyi qalmamışdı. Evdə gözə gəlimli, pula getməli nəyi varsa, hamısını satmışdı. Beynindən keçən fikir onu dəhşətə gətirdi. Aman allah, birdən oğlu yenə yuxudan oyansa edəcək? Axırıncı mürəbbə suyu da bitdi.

İlahi, insanın mürəbbə suyunu dərd etməsinin özü böyük dərd olarmış...

Oğlunu ana südündən ayırdığı üçün özünə acığı tutdu. Heyf deyil ana südü. Indi döşündə süd olsaydı, oğlu heç olmasa, gecələri ac qalmazdı. Ancaq indi bunun düşünməyin mənası yox idi. Çünki, özü ac idi.

O, ümidsiz halda oğlunun yanına uzandı. Bəlkə gedib bank yarsın, mağazanın şüşələrini sındırıb, ərzaq oğurlasın?.. Təki oğlu üçün yeməli bir şeylər tapıb gətirsin...

Ağlına gələn sonuncu fikirdən əvvəlcə heyrətə gəlib, sonra toxtadı. Bütün qəlbi ilə özünə haqq qazandırdı. Çünki, başqa çıxış yolu yox idi!

Zahid kişinin sınıq-salxaq ərzaq mağazası, lap yaxınlıqdaydı. Oğlunu aclıqdan qurtarmaq üçün ona yarım saat vaxt lazım idi.

Gülşən, Zahid kişinin kasıb, balaca mağazasının qarşısında ayaq saxladı. Fənəri qalxızıb içərini işıqlandırdı. Vitrində süd, un, pesok aclıqdan xilas olmaq üçün xeyli ərzaq vardı. O, fənərin işığını söndürüb, ətrafa göz gəzdirdi. Küçə bom-boşdu. Uzaqdan anasının eyvanı görünürdü. Gülşən istehza ilə gülümsədi.

Mağaza çox balaca, qapısı adi lambir qapıdı. İçərisində gündəlik istifadə olunan ərzaqlar satılır. O, saçına vurduğu dəmir sancağı açıb, qapının açar yerinə sancdı. Bir neçə dəfə sancağı burdu və qapı açıldı. Bu bacarığı ona dörd il əvvəl türmədə rəhmətə getmiş dayısı uşaqlıqda öyrətmişdi...

Tez sellofanlardan birini götürüb ərzaqlardan yığmağa başladı. Pesok, süd, makaron, yağ... Bir sellofan doldu. O, ikinci sellofanı götürüb onu da doldurub, sevincək mağazadan çıxdı.

Qapını örtüb, iri addımlarla ordan uzaqlaşdı. Gülşən, çoxdandı belə ağır yük daşımırdı. O qədər ləzzətli idi ki, bu yük. Amma yenə yorulub, əlindəkiləri yerə qoyub, dincəlmək istədi.

Yadına mağazasını soyduğu Zahid kişinin qızı Zəhra düşdü. Zəhra, üçüncü sinfə gedir. Yay-qış sinəsi, qolları bağlı paltarlar geyinirdi. O, beş yaşı olanda, anasının bişirdiyi qaynar mürəbbə dolu ləyənin içərisinə düşmüşdü. Qızın qurşaqdan yuxarısı tamam yanmışdı. Axırıncı dəfə o Zəhranı, on gün əvvəl Zahid kişidən alver edərkən görmüşdü. Qız dərsdən çıxıb atasından evlərinin açarını almaq üçün mağazaya gəlmişdi. O getdikdən sonra, Zahid kişi, təəssüf qarışıq kədərlə demişdi.

- Bu tifilin müalicə pulunu tamamlaya bilsəydim, aparıb əməliyyat elətdirərdim. Bağlı paltarlardan canı qurtarardı.

Zahid dayı qaçqın idi. Arvadı, özü qızı ilə yaxınlıqdakı yataqxanaların bir otağında qalırdılar. Arvadı Gülyaz, aptekdə xadimə işləyirdi.

Bircə övladlarının belə vəziyyətdə olması ata ilə ananı həmişə məyus edib, görkəmlərinə qəribə bir kədər bəxş etmişdi.

Lənətə gələsən, Gülşən öz-özünə pıçıldadı... Elə bil Zəhranı xatırlamağa vaxt qəhət idi. Bu qızcığaz onun yadına hardan düşdü? O, qeyri-ixtiyari mağazadan oğurladığı ərzaqları hesabladı. Bütün ərzaqlar əlli manata yaxın pul tuturdu.

Əlli manat... Bu pul, Zahid kişininin iki günlük bəlkə üç günlük qazancı idi. Zəhranı qollu, yaxalı köynəklərdən, çıxmasını yaxınlaşdıran bir neçə gün deməkdi.

Gülşən, geri qayıdıb, qapını yenidən açıb mağazaya daxil oldu. Əlindəki ərzaq dolu sellofanı piştaxtanın üstünə qoyub evinin yolunu tutdu. Evə getmək istəsə , bacarmırdı. O, bir daşın üstünə çöküb hönkürtü ilə ağlamağa başladı. Bir az toxtadıqdan sonra ayağa qalxıb addımladı.

Hava yavaş-yavaş işıqlanır, o, istəsə , istəməsə aclıq çarəsizlik dolu bir gün başlamaq istəyirdi...

Evinə çatıb qapıya söykəndi. İçəridən oğlunun gülüş səslərini eşitdi. O, qapını açıb otağa daxil olduqda, divanda oturan anasının qucağında şən qəhqəhələrlə gülən oğlunu gördü.

 

Samirə Əşrəf

Ədalət.-2013.-25 may.-S.11.