Hacıqabul səhiyyəsinin dünəni,
bu günü və
sabahı
Hələ
neçə il əvvəl indiki Şirvan, əvvəlki Əli
Bayramlı şəhər Mərkəzi Xəstəxanasında
işləyəndən tanıyıram Beydulla həkimi. Hafizələrimizdə
formalaşmış təmkinli, səliqəli, ünsiyyətcil
həkim obrazı elə bil onun boyuna biçilib. Bir xeyli də
sakitliyi sevən bu həkimlə 5-10 dəqiqəlik söhbətdən
sonra xəstəsi də, həmsöhbəti də ondan ancaq
xoş əhval-ruhiyyə ilə ayrılır. Bir ağ
xalatlı kimi peşəsinə vurğunluq, ictimaiyyət və
kollektiv arasında qazandığı hörmət ona olan
hörməti bir qədər də artırdı. 2011-ci ilin
may ayından Beydulla Ərəstun oğlu Qarayev qonşu
Hacıqabul rayonunun Mərkəzi Xəstəxanasına
baş həkim vəzifəsinə təyin edildi.
Özü
deməsə də bilirəm ki, baş həkim kimi
Hacıqabul rayon səhiyyəsi üçün xeyli zəhməti
var. İndi rayon sakinləri həkimlərə daha çox
etibar edirlər. Onların aralarında yaranmış
münasibət daha şəffaf və səmimidir.
Mərkəzi Rayon Xəstəxanasının əsas korpusu, Uşaq Tibb Mərkəzi əsaslı surətdə təmir edilmişdir. Palatalarla birgə bir sıra xidməti otaqlar daha müasir görkəmə salınmışdır. Mərkəzi Xəstəxananı içməli və texniki su ilə təmin edən 500 metr uzunluğunda boru sistemi tamam dəyişdirilmişdir. Mərkəzi Xəstəxananın xeyli böyük olan həyətində tikinti-abadlıq işləri aparılmış, kifayət qədər əraziyə tamet döşənmişdir. Müxtəlif növ ağacların, gül kollarının əkilməsi, yaşıllıq sahəsinin genişləndirilməsi də yaddan çıxmamışdır. İndi burdakı ağacların sayı 2500, gül kollarının sayı isə 1500-dən çoxdur. Burda insanların dincəlməsi üçün üstü örtülü istirahət guşələri də quraşdırılmışdır. Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin təmiri də uğurla həyata keçirilmişdir. Belə təmir-abadlıq işləri kənd tibb müəssisələrində də aparılmışdır.
Onu da bilirəm ki, Beydulla Qarayev fəaliyyətə başladığı gündən kəndlərdə yerləşən həkim və tibb məntəqələrinə xüsusi fikir vermişdir. Məhz onun zəhməti nəticəsində evlərdə yerləşən 6 tibb məntəqəsindən üçü - Qubalı və Tava kəndlərindəki, Pirsaat qəsəbəsindəki məntəqələr - uyğunlaşdırılmış binaya köçürülmüş və lazımi tibbi avadanlıqlarla, zəruri dərman preparatları ilə təmin olunmuşlar.
Rayon Mərkəzi Xəstəxanası, Uşaq Tibb Mərkəzi başda olmaqla Hacıqabul rayonundakı bütün tibb müəssisələrinin mavi qazla təchiz edilməsindən ötrü xeyli iş görülmüşdür. Bu obyektlərin qazlaşdırılması üçün Qaz Layihə İnstitutunda layihə-smeta sənədləri hazırlanmışdır.
Kür çayının daşması nəticəsində Meyniman kəndindəki həkim məntəqəsi uçulduğu üçün orda məntəqə yenidən inşa edilmiş və 2011-ci ilin may ayından sakinlərin istifadəsinə verilmişdir. Müasir tələblərə cavab verməyən Abdulabad həkim məntəqəsinin yeniləşməsində də Beydulla həkimin əməyi az olmamışdır. Bu günlərdə istifadəyə verilən həmin məntəqəsinin maddi tərəfini ölkəmizdəki yapon səfirliyi öz üzərinə götürmüş, Qeyri Hökumət Təşkilatının inşaçıları isə tikintini həyata keçirmişlər.
Bütün bunlar ancaq mənim bildiklərim olsa da, etiraf edək ki, qısa müddət ərzində həyata keçirildiyindən az iş deyil.
Prezidentin Hacıqabul səhiyyəsinə qayğısı
Ölkənin paytaxt və şəhərləri daxil olmaqla ən ucqar kəndlərdə belə səhiyyənin ümumi səviyyəsini yüksəltmək üçün bir sıra layihələr həyata keçirilmişdir. İndi elə bölgəmiz yoxdur ki, səhiyyə müəssisəsi ilə bərabər daha geniş profilli diaqnostika mərkəzləri fəaliyyət göstərməsin.
"Yer kürəsində insanların hərəsi öz fəaliyyətini bir sahədə göstərir. Hər bir sahə lazımdır. Amma özünü həkim sənətinə, insanların sağlamlığına, səhhətinə həsr edənlər ən qiymətli insanlardır". Bu sözlərin müəllifi həkimlərə xüsusi münasibəti olan Ulu Öndər Heydər Əliyevdir.
Heydər Əliyev siyasi kursunu çox böyük uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nı imzalayarkən həm də ölkədə səhiyyənin daha müasir formada təşəkkül tapmasını nəzərə almışdır. Tibb ocaqlarının maddi-texniki bazasını zənginləşdirməklə bərabər onların daha ixtisaslı kadrlarla təmin olunması da gündəmə gətirilmişdir.
Hacıqabul rayon səhiyyəsinə diqqətin məntiqi nəticəsi kimi 23 avqust 2007-ci ildə bu rayonda olan İlham Əliyev Rayon Uşaq Tibb Mərkəzinin yeni binasının təməlqoyma mərasimində iştirak etmişdir. Səhiyyə işçiləri ilə görüşündə ölkə başçısı öz təəssüratlarını bölüşdürməklə bərabər onlara istək və arzularını da bildirmişdir.
03 sentyabr 2009-cu ildə Hacıqabul rayon Uşaq Tibb Mərkəzinin təntənəli açılışında da iştirak edən ölkə başçısı İlham Əliyev bir daha hacıqabullular və tibb işçiləri qarşısında çıxış etməkdən zövq aldığını, sevindiyini gizlətməmişdir. Prezident həm də ağxalatlıların üzərinə düşən çox böyük məsuliyyətdən danışmağı da unutmamışdır.
Rayonun tibb ocaqları
76 çarpayılıq Mərkəzi
Rayon, 15 çarpayılıq Udulu kənd xəstəxanalarından, 15
çarpayılıq Uşaq Tibb Mərkəzindən, 12 tibb
məntəqəsindən, 10 kənd həkim məntəqəsindən,
Gigiyena-Epidemiologiya Mərkəzindən
ibarət olan Hacıqabul rayon
səhiyyəsində insanların
sağlamlığı keşiyində 58 nəfər həkim,181
nəfər orta tibb işçisi, 160 nəfər kiçik
tibb işçisi və
digər texniki heyət durur.
(ardı
gələn sayımızda)
Səxavət Məmmədli
Azərbaycan Respublikasının Prezidenti
yanında kütləvi
informasiya vasitələrinin
inkişafına dövlət
dəstəyi fondunun maliyyə yardımı ilə
Ədalət.- 2013.- 28 may.-S. 7.