Rəsulzadənin sevimli
şairi, Azərbaycanın ilk “qorqudşünası” – ARAŞDIRMA
İstiqlal, o yaşayan millətin
qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf,
şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə
belə
Azərbaycan
Demokratik Cümhuriyyətindən (1918-20) bəhs edən
yazılarda, kitablarda Gültəkin imzalı şairin bu bir bəndlik
şeiri hər zaman diqqətimi çəkib. Hələ
15-20 il əvvəl, orta məktəbdə oxuyarkən bu
misraların təsiri ilə Gültəkinin kitabını
axtarmağa başladım. Təxminən 3-4 il ardıcıl
araşdırdım, müəllimlərimə, atamın
dostlarına soraq saldım. Kimdən soruşdumsa, belə bir şair
tanımadıqlarını dedilər. Gültəkini-Əmin
Abidi isə çox sonra, folklorşünas Sədnik
Pirsultanlı ilə birlikdə çalışarkən
tanıdım. Artıq universitet tələbəsi idim və
özüm bu barədə araşdırma aparmaq qərarına
gəldim. Yaxşı ki, zəhmətim hədər getmədi.
Daha bir istiqlal şairini, folklorşünası, repressiya
qurbanını tanıdım. Uşaq ikən yaddaşımda
ilişib qalan misraların təsiri ilə bu şeirin müəllifi
haqqında kiçik bir tanıtım yazısı yazmağa
qərar verdim.
Mühacirlərin
sevimlisi – Gültəkin
Sonuncu
Bakı xanı Hüseynqulu xanın nəslindən olan Əmin
Abid Gültəkin (Zeynalabdin Mütəllib oğlu Əhmədov)
1898-ci ildə Bakıda anadan olub. İlk təhsilini Bakıda,
anası Reyhan xanımın evdə açdığı məktəbdə,
daha sonra III Aleksandr gimnaziyasında alıb.
1912-ci
ildə qəzet və jurnallarda "Abid”, "Abid Mütəllibzadə”,
"Abid Alp Mütəlliboğlu”, "Qozqurab bəy” və
başqa imzalarla məqalələr, hekayələr, şeirlər
və tərcümələr çap etdirib.
Gimnaziyanı
bitirib Türkiyəyə oxumağa getmək istəsə də
Birinci Dünya Müharibəsi ona bu arzusunu gerçəkləşdirməyə
imkan verməyib. Şair bir müddət qardaşı,
tanınmış millətçi şair Əliabbas
Müznibin naşiri və redaktoru olduğu "Dirilik",
"Babayi-Əmir" jurnallarında
çalışıb. 1918-ci ildə Osmanlı
ordularının yardımı ilə Bakı azad olunur və
Azərbaycan Demokratik Cümhuriyyətinin paytaxtına
çevrilir. Cümhuriyyət rəsmilərinin dəstəyi
ilə Əmin Abid İstanbula təhsil
almağa göndərilir. Öncə "Darülmüəllimeyi-Aliye”ni,
sonra da İstanbul Darülfünunun ədəbiyyat fakültəsini
bitirib. 1927-ci ildə Bakıya dönüb, pedaqoji texnikumda,
universitetdə, ümumtəhsil məktəblərində dərs
dəyib. 1938-ci ilin iyulun 14-də casusluqda
suçlandırılaraq həbs edilib. Üç ay sonra
oktyabrın 21-də saat 21.30 da güllələnib.
Şair
Azərbaycan Milli Demokratik Cümhuriyyətinin bolşevik ordusu
tərəfindən işğalına, repressiyalara, təqib və
həbslərə qarşı etirazını
yazdığı şeirlərdə qabarıq şəkildə
bildirib. Onun yaradıcılığını mühacirətdə
olan insanlar böyük coşquyla izləyirdi. Türkiyədə
və digər ölkələrdə sığınacaq
tapmış ADR-in fədailəri Gültəkinin şeirləri
ilə nəfəs alırdı. Rəsulzadə Gültəkinin
milli azadlıq ruhu aşılayan şeirlərinə hər
zaman yüksək qiymət verib. Gültəkinin
"Bayrağım və istiqlalım", "Buzlu cəhənnəm"
şeirlərini öz əsərinə daxil edib.
Azərbaycan
elminin ilk "Qorqudşünas”ı
Əmin
Abid vətənpərvərlik ruhlu şeirlərlə
yanaşı, həm də folklor araşdırmaları ilə
məşğul olub. Folklorla bağlı ilk
araşdırmaları 1923-cü ildə "Kommunist" qəzetində
işıq üzü görüb.
Əmin
Abidin elmi araşdırmaları da çoxşaxəlidir. Əmin
Abid hələ İstanbul Universitetinin ədəbiyyat
fakültəsində oxuyarkən (1921-26) yazdığı
altı cildlik "Azərbaycan türklərinin ədəbiyyatı
tarixi"nin ilk cildində "Kitabi-Dədə Qorqud"
dastanına yer ayırır. Bakıya döndükdən sonra
araşdırmalarını davam etdirən alim, çap etdirdiyi müxtəlif məqalələrdə
"Kitab-Dədə Qorqud" mövzusunu dərindən
araşdırıb və təhlil edib. Əmin Abidin
yaradıcılığını dərindən
araşdırmış alim Əli Şamil hesab edir ki, Əmin
Abid Azərbaycanda Qorqudşünaslığın əsasını
qoyub. Bu fikirlə razılaşmaq mümkündür. Əmin
Abidə qədər demək olar ki, heç bir alim, bu
mövzunu bu qədər əhatəli araşdırmayıb.
Yorulmaz
tədqiqatçı, sərbəst şeirin "düşməni”
Türkiyədə
təhsilini tamamlayıb, 1927-ci ilin əvvəllərində
Bakıya dönən Əmin Abid başqa mühitlə
qarşılaşdı. 1918-ci ildə qurulan ADR devrilmiş,
ölkədəki şərait tamamən dəyişmişdi.
İstanbula oxumağa yola düşəndə milli
şüurun yüksəlməsini görən şair geri
döndükdə bunun əksilə qarşılaşdı.
Bu şəraitdə iki yol vardı: ya mühacirətə
getmək, ya da qalıb mübarizə aparmaq. Çətin
şəraitdə açıq mübarizənin
mümkünsüzlüyünü dərk edən Əmin
Abid elmi mübarizəni seçdi. Min bir əziyyət
hesabına qədim və orta əsrləri
araşdırıb sistemləşdirməyə
çalışdı. Bir vaxtlar Gültəkin imzasıyla sərbəst
şeirlər yazan Əmin Abid şeirdəki sovetsayağı
"yenilik meyllərinə” bacardıqca qarşı
çıxırdı. Əmin Abid yazırdı:
"Şeirdə dil, vəzn, nəzm şəkilli, qafiyə
bir vasitədir. Bu vasitələrlə meydana çıxan
mövhum bədii gözəllikdir". Məncə
İstanbul Universitetində təhsil almış Əmin Abid sərbəst
şeirdən də, dövrünün müasir şeirlərindən
də xəbərdar idi. Onun sərbəst şeirə mənfi
münasibəti sovet ədəbiyyatşünasılığına
meydan oxumaq idi. O, bu yolla etiraz etsə də, məqaləsinin
sonunda sərbəst şeirə müsbət yanaşmasını
da gizlətmir.
Əmin
Abidin yaradıcılığında maraqlı detallardan biri də
budur ki, o "Kitab-Dədə Qorqud" dastanını
müstəqil dastan kimi yox, "Oğuznamə"nin bir
parçası kimi təhlil edir. Xətai, Qaracaoğlan, Kuhi,
Dərdli, Qul oğlu, Aşıq Əmrah kimi şairlərin
həyatını araşdıran alim, eyni zamanda Azərbaycanda
saray şeiri və saray şairləri haqqında da məqalələr
yazıb.
Əmin
Abid "Gültəkin”dirmi?
Əmin
Abid casusluqda ittiham edilib güllələndikdən sonra onun
yaradıcılığı uzun müddət diqqətdən
kənarda qalıb və araşdırılmayıb. Stalinizmin
ifşasından sonra 37-ci il qurbanlarının böyük əksəriyyəti
bəraət alsa da, Əmin Abidə yalnız 1962-ci ildə bəraət
verilib. Əmin Abidin Gültəkin imzası ilə
yazdığı şeirlər onun ölümündən
sonra, "Buzlu cəhənnəm" adı ilə
İstanbulun "Kayabal-güresin" mətbəəsində
1948-ci ildə işıq üzü görüb.
Müəllifi
olaraq kitabın üz qapağında Gültəkin
yazılıb. Kitabı çapa tanınmış siyasi
xadim, Müsavat Partiyasının katibi Mirzə Bala
hazırlayıb və kitaba "Gültəkin"
başlıqlı geniş bir ön söz də yazıb.
Ön
sözdə deyilir: "Azərbaycan türkünün milliyyət,
hürriyyət və istiqlalı uğrunda sovet imperializminə
qarşı qanlı savaşını şeir vadisində təmsil
edən mücahidlərdən mühacirətdə yetişənlərin
başında Gültəkin gəlir.”
Burda
bir məqam mübahisə yaradır : Mirzə Bala Məmmədzadənin
"mühacirətdə yetişənlərin” ifadəsi
Gültəkinin kimliyi ilə bağlı sual yaradır. Çünki,
Əmin Abid 1927-ci ildən sonra
təhsilini tamamlayıb, Sovet Azərbaycanına dönüb.
Eyni zamanda Əmin Abid işə girərkən anketində
Gültəkin imzası ilə şeirlər
yazdığından bəhs etməyib. Amma onun
yaradıcılığını araşdıran Əli
Şamil hesab edir ki, "Gültəkin” imzası Əmin Abidə
məxsusdur. Çünki "Gültəkin” imzası ilə
yazılan son şeir 1926-cı ildə İstanbulda
yayımlanıb. Eyni zamanda Əmin Abidin digər şeirləri
üslub baxımından "Gültəkin” imzalı
şeirlərə çox yaxındır.
Əli
Şamilin son qənaəti
çox məntiqli və inandırıcıdır :
"M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə, Ə.Cəfəroğlu
Əmin Abidi sovet irticasından qorunmaq üçün
Gültəkinin şəxsiyyətini müəyyənləşdirə
biləcək bir işarəyə belə yer qoymayıblar. Buna
görə də Azərbaycanda Əmin Abidin Gültəkin
olduğunu bilməyiblər. Ə.Abid irticadan qorunmaq
üçün işə girərkən doldurduğu anket və
yazdığı tərcümeyi-halda Gültəkin imzası
ilə şeirlər yazdığını və "Yeni
Kafkasiya" ilə əməkdaşlıq etdiyini, Qəzvində,
Ərzurumda olduğunu gizlədib".
Şəxsən
bu məntiqi izahla razılaşmamaq olmur. Amma mühacirətdəki
aydınlarımız Əmin Abidi nə qədər
qorumağa çalışsalar da, o irticanın cəza
maşınından qurtula bilmədi...
İmza: Cəlil Cavanşir Dosta:
Göndər
Ədalət.- 2013.- 28 may.-S. 8.