Hacıqabul səhiyyəsinin dünəni,
bu günü və
sabahı
(əvvəli ötən sayımızda)
Şəkərli diabet, irsi qan xəstəlikləri, xroniki böyrək çatışmamazlığı, vərəm, yoluxucu xəstəliklərin immunoprofilaktikası Rayon Mərkəzi Xəstəxanasında müvəffəqiyyətlə həyata keçirilmişdir. Ötən il daha 41 nəfər ilkin onkoloji xəstə qeydə alınmışdır. 2372 nəfərdən qan nümunəsi götürülərək GİÇS-ə görə müayinəyə göndərilmişdir. Rayonda son vaxtlar miqyası bir az da böyüyən vərəmlə mübarizəyə diqqət artırılmışdır. İndi Hacıqabulda onların sayı 316 nəfərə çatmışdır. 2012-ci ildə Hacıqabul rayonunda uşaq ölümü faktı cəmi bir dəfə qeydə alınmışdır.
Həkimlərlə söhbətimizdən məlum oldu ki, rayonda əhalinin sayının az olmasına baxmayaraq, xeyli böyük əraziyə malik Hacıqabulda mərkəzdən 30-40 kilometr uzaqlıqda yerləşən Udulu, Abdulabad, Atbulaq kimi kəndləri həkim nəzarətində saxlamaq elə də asan deyil. Buna görə mütəxəssislərdən ibarət həkim briqadaları hər ay kəndlərə gedir, sakinləri yerlərdə müayinə edirlər. Aşkar olunan xəstələri dispanser müşahidəsinə alır, müvafiq tədbirlər görürlər.
Rayonun Qubalıbaloğlan həkim məntəqəsində işlərini daha yaxşı qurmuşlar. Məntəqənin baş həkimi Gülbəniz Əzizova işini mövcud tələblərə uyğun qurmaqla nizam-intizamlı kollektiv yaratmağa nail olmuşdur.
Ağxalatlılar onu da bildirdilər ki, Mərkəzi
Xəstəxananın doğum, terapiya şöbələrində sakinlərin
sağlamlığının qorunması daha
yüksək səviyyədə həyata keçirilir.
Bu sahələrdə daha
savadlı, daha bacarıqlı tibb işçiləri çoxdur.
"Hacıqabul səhiyyəsi"
Lap
bu günlərdə mənim də iştirak etdiyim
"Hacıqabul səhiyyəsi" adlı kitabın təqdimat
mərasimində bir sıra media nümayəndələri də
iştirak edirdi. Alik Rzayevin min bir əziyyətlə araya-ərsəyə
gətirdiyi bu kitabda xeyli maraqlı məqamlar var. Hacıqabul
rayonunun tibb işçilərinə həsr edilmiş bu
"ilk qaranquş" rayon rəsmilərinin də iştirak
etdiyi mərasimdə ən layiqli insanlara verildi.
Hacıqabul rayon səhiyyəsinin tarixinə qısa ekskursiya edən müəllif bu rayonun tibb həyatında öz sözlərini demiş Bələd Nəsirovun, Əkbər İsrafilovun, Mürsəl Əlibəylinin, Əminə Lütfəliyevanın, Həmid Həmidovun adlarını ehtiramla qeyd etməklə bərabər, onların tibb sahəsində gördükləri işlərə də diqqət çəkmişdir. Kitabda maraqlı məqamlardan daha biri ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin Hacıqabul səhiyyəsi ilə bağlı bütün görüşlərinə burda geniş yer ayrılmışdır. Bu kitabda həmçinin Səhiyyə Naziri Oqtay Şirəliyevin Mərkəzi Rayon Xəstəxanasının yeni tikilmiş binasının açılışında iştirak və çıxış etdiyi göstərilmişdir.
Rayonun müasir
tibb həyatına da geniş yer verən Alik Rzayev Hacıqabul şəhərində,
eləcə də kəndlərdə fəaliyyət göstərən
həkim və tibb işçilərindən
daha qabaqcıllarını da unutmamışdır. Təqdimat mərasimində
çıxış edən qonaqlar və
ev sahibləri kitabın bu
sahədə gördüyü işi yüksək qiymətləndirməklə
bərabər gələcəkdə daha
sanballı nəşrin meydana
çıxmasını arzuladılar. Sonda
çıxış edən müəllif kitab
üzərində işləyərkən
qarşılaşdığı bir
sıra çətinliklərdən danışmaqla bərabər
ona göstərilən qayğılara
görə minnətdarlıq etməyi də unutmadı.
"Görüləsi işlərimiz çoxdur"
Danışmağa
elə də meylli olmayan Hacıqabul Rayon Mərkəzi Xəstəxanasının
baş həkimi Beydulla Ərəstun oğlu Qarayev əslində
çox maraqlı həmsöhbətdir. Özü və
gördüyü işlərdən bəhs etməyi sevməyən
Beydulla həkim həlli vacib məsələlərdən
söhbət açmağı daha üstün tutur:
-
Çinlilərdə bir söz var: "Bir il sonrasını
fikirləşirsənsə düyü ək, 10 il
sonrasını düşünürsənsə ağac ək,
50 il sonrasını fikirləşirsənsə sağlam nəsil
yetişdir". Mən bu sözlərlə tamam razıyam.
Ölkənin, millətin gələcəyi olan bugünkü
körpələri biz qorumalıyıq, biz yetişdirməliyik.
Rayonumuzda narkomaniya, QİÇS xəstəliyinə
tutulmuş insanların çoxluğu məni doğrudan
narahat edir. Son vaxtlar vərəmə yoluxmuş sakinlərimiz
də artıb. Bax bunlarla hamılıqla çox ciddi
mübarizə aparmalıyıq ki, sağlam gələcəyimizə
münbit şərait olsun. Paytaxtdan o qədər uzaqda
yaşamasaq da, rayonumuza daha 26 nəfər həkim
lazımdır. Bunlardan 14 nəfərinə rayon mərkəzində
iş verməyə hazırıq. Bu vakant yerlər
üçün Səhiyyə nazirliyinə daim məlumat vermişik,
"Tibb" qəzetində elanla məlumat vermişik.
Travmatoloq, onkoloq, narkoloq həkimlərə ehtiyacımız
daha çoxdur. Psixiatr həkim bizə hava, su kimi
lazımdır.
Kifayət
qədər böyük ərazimiz var, həm də
Bakı-Qazax avtomobil yolunun böyük hissəsi rayonumuzun ərazisindən
keçir. Bu yollarda da tez-tez avtomobil qəzaları baş
verir. Cəmi 4 ədəd təcili yardım maşını
ilə bu işlərin öhdəsindən gəlmək
mümkün deyil.
Əlavə xəstəxana korpusunun inşasına böyük ehtiyacımız var. Çünki xəstəxananın terapiya, təcili yardım, kadrlar şöbələri, mühasibatlıq, bir sıra kabinetlər, gigiyena-epidemiologiya mərkəzi və digərləri bir mərtəbəli, köhnə, heç bir şəraiti olmayan korpusda yerləşir.
Hacıqabul rayonunda flüqorafiya aparatına da çox böyük ehtiyac var. Bu aparat olmadığı üçün biz əhalinin kütləvi müayinəsində, xüsusən də məktəblilərin və hərbi xidmətə çağırışçıların vərəmə görə müayinəsində çətinliklə üzləşirik.
Hələ də şəxsi evlərdə yerləşən tibb məntəqələrimiz var. Udulu kəndindəki xəstəxana əsaslı təmir olunmalıdır. Bütün bunlarla bərabər Səhiyyə Naziri Oqtay Şirəliyevin də, Hacıqabul rayon İcra Hakimiyyətinin başçısı Əhməd Muxtarovun da rayonumuzun səhiyyəsinə maksimum diqqət ayırmalarını mütləq qeyd etməliyəm. Müəyyən problemlər və qayğılar həmişə olacaq. Çünki həyat bunlarsız marağını itirərdi. Yəqin ki, yaxın vaxtlarda biz daha az problem və qayğılardan danışacağıq.
Bu şübhəsiz belədir, Beydulla həkim. Çünki ölkəmizin iqtisadi inkişafı, regionlara ayrılan xüsusi diqqət bunu deməyə əsas verir.
Səxavət Məmmədli
Azərbaycan Respublikasının
Prezidenti yanında kütləvi informasiya vasitələrinin
inkişafına dövlət dəstəyi fondunun maliyyə
yardımı ilə
Ədalət.- 2013.- 30 may.-S. 7.