O nisgil həmişə mənim ürəyimdədi
Bugünkü
qonağımız Respublikanın əməkdar artisti, Akademik
Milli Dram Teatrının aktrisası Sənubər İskəndərlidi.
- Sənubər xanım, uzun illərdi
aktrisa kimi fəaliyyət göstərirsiniz. Sənətinizi,
həm tamaşaçılar, həm də oxucular
üçün necə xarakterizə edərdiniz?
- Belə misal var "nə yatdım ki, nə yuxu görəm..." İllər bir-birini çox sürətlə əvəz edir. Sənətdə baş verən durğunluqlar ömrümüzdən çox şeylər aldı. Çox illəri itirdik. Xüsusi ilə də sənətə bir az gec gəlməyim, yaradıcılıq təkliflərini çək-çevir etməyim də sənətdə məni bir az geri atdı. Bu baxımdan bəzən fikirləşirəm ki, - mən hələ nə etmişəm ki? Amma bir yandan da dərk edirəm ki, nə on il əvvəl, nə də on il sonra edə biləcəklərimi indi edə bilmərəm. Bu baxımdan da düşünürəm ki, yaradıcılığımdakı natamamlıqlar hələ çoxdur.
- Belə
klişe bir söz var ki, "teatr bir məbəddir". Sizin üçün teatr nə deməkdir?
- Məbəd
sözünü ümumiyyətlə bir çox ülvi
anlayışlara aid etmək olar. Müqəddəsliyə
qalsa, obrazlı desək ailə də, valideyn də insanın
müqəddəsi hesab olunur. Bütün bunlardan da
yuxarıda təbii ki, allah dayanır. İbadət yerimiz,
sığınacağımız tək varlıq odur. Sənəti də görünür orda olan sehrin
çoxluğundan belə təqdim ediblər. Bir az səhnənin o biri tərəfi başqa aləmdi.
Yəni tamaşaçı ilə səhnəni
ayıran xətt iki dünyanı bir-birindən ayırır.
Çünki, hər bir tamaşada biz başqa
bir ab-havaya düşürük. Digər
tərəfdən də bu bizim işimiz olduğundan
günümüzün ən çox vaxtını biz teatrda
keçirdirik. Yəni ailəmizə,
evimizə məbəd kimi verdiyimiz dəyəri insanlar
görünür bu mənada məhz teatra da veriblər.
Mənim üçün isə teatr həyatımın
ayrılmaz bir hissəsidir.
- İstər teatr səhnəsində,
istərsə də kinoda səhnə təcrübəsinə,
fitri istedada güvənib diplomsuz, təhsilsiz keçinmək
olarmı?
- Teatrda
bu mümkün deyil. Çünki, teatr həqiqətən
də çox mürəkkəb bir sahədir və diplom
mütləqdir. Bu söhbət əsasən
reklamlar, seriallar yarandığı vaxtdan ortalığa
çıxdı. Bir dəfə rola
çəkilən artıq özünə aktyor deməyə
başladı. Sovet dövründə belə
söhbətlər yox idi. Diplom da vacib idi.
Lakin bir məsələ də var ki, istedadı
olmayan insana on diplom da heç bir kömək edə bilməz.
İstedad bir işıqdı, mayakdı. Diplom isə insanı həmin işığa aparan
yol, onu yaxşı görməyə, ondan istifadə etməyə
kömək edən vasitədir. Təhsil olmasa,
o mayaka dolayısı yollarla gedib çıxmaq da olar. Çünki, keçmişdə əksər
aktyorlarımızın diplomları olmayıb. Amma onda dövr də, tələblər də
başqaydı. İndi aktyordan tələb
həddindən artıq çoxdur.
- Mən bilirəm ki, siz həm də
mütaliə etməyi çox sevən aktrisasınız. Bir
az ədəbiyyata olan münasibətinizdən
danışardınız.
-
Çox gənc yaşlarından mütaliə edirəm. Anamın böyük kitabxanası vardı. Rus ədəbiyyatından Tolstoyu və Dostoyevskini
çox oxumuşam. Qabriel Qarsia Markesi, Stefan Sveyqi, Orxan
Pamuku çox sevirəm. Onların bir çox əsərlərini
oxuyub bitirəndən sonra bir xeyli vaxt təsirdən
çıxa bilməmişəm. Amma sizə
bir söz deyim ki, optimist insan olduğum üçün nə
həyatda, nə də ədəbiyyatda
ağırlığı sevmirəm. Məsələn,
Orxan Pamukun "Qar" və "Qara kitab" romanlarını
axıra qədər oxuya bilməmişdim. Amma "Məsumiyyət muzeyi"ni, "Mənim
adım qırmızı"dı romanlarını çox
asanlıqla oxumuşdum. Daha sonra Heminquey mənə
çox ağır yazıçı təsiri
bağışlamışdı. Frans
Kafka da yarımçıq qalanlar siyahısındadı.
Mənə elə gəlir ki, mən hələ
də onun əsərlərinin "açar"ını
tapa bilməmişəm. Bütün
bunlarla yanaşı Akutaqavanı, Markesi, Sveyqi çox
rahatlıqla oxuyuram.
- Hal-hazırda kimi mütaliə
edirsiniz?
- İndi Elif Şəfəqin "Eşq"
romanını oxuyuram. Çox təsirli bir romandı. Belə
deyək də o romanın təsiri ilə bir az
havalı kimiyəm. (gülür)
- Son tamaşanız olan
"Yaşlı xanımın gəlişi"
tamaşaçılar tərəfindən çox yüksək
qarşılandı. İllərlə teatrdan əlini
üzmüş tamaşaçılar belə həmin
tamaşaya gəlib baxdılar. Haqqında
mətbuatda bir çox yazılar yazıldı. Bir az bu tamaşa ilə bağlı fikirlərinizi
bölüşərdiniz...
- Mənim
sənət müəllimim Hüseynağa Atakişiyev olub. Fridrix Dürrenmatt da Hüseynağa müəllimin ən
çox sevdiyi yazıçı olduğundan, həmin sevgi mənə
ondan keçmişdi, ya nə idisə. Dürrenmattın
"Yaşlı xanımın gəlişi" əsərinin
səhnəyə qoyulacağını eşidənə
çox sevindim. Klara Veşer rolunda
çıxış edəcəyimi biləndə isə
ikiqat sevindim. Çünki, həqiqətən
də çox dərin və klassik əsərdi. Hüseynağa müəllim həmişə deyərdi
ki, "klassik əsərdə yaxşı və pis aktyoru
müəyyən etmək olur". Klassik əsərdə
həm aktyor yetişir, həm də aktyorun
tamaşaçıya deməyə sözü olur. Məişət əsərlərini oynamağa nə
var ki?! Sözlə, musiqiylə,
işıqla çatışmamazlıqları
ört-basdır etmək olar. Tamaşaçı
da istedadsızlığı başa düşməyə bilər.
Amma belə əsərlərdə mümkün
deyil. Aktorun gücü nədirsə, onu
ortalığa qoymağa məcburdu. Buna
görə də mən bu əsəri çox sevdim və
böyük məmnuniyyətlə oynadım.
- Ssenarini ilk dəfə oxuyanda
hansı hisslər keçirdiniz?
- İlk dəfə oxuyan kimi mən o, qadına haqq
qazandırdım. Ona görə yox ki, Klara Vişer intiqam
hissi ilə yaşadı, sonra da gəlib öz qisasını
alıb getdi. Ona görə haqq
qazandırdım ki, həyatda hər şey bumeranqdı.
Edilən bütün pisliklər bir gün
dönüb, dolaşıb insanın özünə
qayıdır. Klara Vişer
üçün Alfred İlli öldürütmək
heç nə idi. Qadın bütün şəhəri
satın almışdı... Sadəcə olaraq
yazıçıya lazım olan o idi ki, cəmiyyətin
içərisindəki eybəcərlikləri,
riyakarlıqları açıb insanlara göstərsin.
Dürremant da bunu çox gözəl
bacarmışdı. Əsərin sonunda
görürsünüzmü, hamı boz rəngli kostyum
geyinmişdi. Bu onların insan yox, mənən
siçovula çevrilmələrinə olan işarə idi.
Və yaxud da sona yaxın hər kəsin
ayağında sarı ayaqqabılar vardı ki, bu da həmin əsərdəki
obrazların ölülərə çevrilməsini simvolizə
edirdi. Çünki, insan ölərkən ilk olaraq
ayaqdan saralır...
- Sizcə Klara Vişer sonda
fərd olaraq qalib gəlir, ya məğlub olur?
- İnsan elə bir məxluqdu ki, bütün
arzularına çatandan sonra onun həyatında qəribə
bir boşluq yaranır. Klara Vişerin də həyatında
boşluq yaranır. Yaranan həmin
boşluğu mən sonda bacardığım qədər
tamaşaçıya çatdırmağa
çalışmışam. Heyf ki, bəzi
xırdalıqları teatrda çatdırmaq bir az çətin olur. Əgər
mən həmin əsərin filminə çəkilsəydim
orda məsələn, Klaranın İllin meyitinə
baxışını tamam başqa formada verərdim. Həmin
anda tamaşaçı Klaranın fərd olaraq daxilən
yaşadığı məğlubiyyəti daha dərindən
hiss edərdi.
- Tamaşanın sonuna yaxın Klara
illər əvvəl sevdiyi, geri döndükdən sonra isə
qurban kimi seçdiyi İllə yaxınlaşıb
soruşur: "İll de görüm mən 17 yaşımda
necə qız idim". Klara sanki ona kiçicik də olsa, bir
şans vermək istəyir. Sizin fikrinizcə xəyanətkarı
bağışlamaq, ona şans vermək olar?
- Kobud da
səslənsə bir misal var "qozbeli qəbir düzəldər".
Amma mən deyərdim ki, qozbel heç qəbir
də düzəltməz. Xəyanətkar
həmişə xəyənətkar olaraq qalır.
Heç vaxt da dəyişmir...
- "Yaşlı
xanımın gəlişi" istədiyi mesajı cəmiyyətə
ötürə bildimi?
- Təbii
ki, ötürə bildi. Yəni
düşünən, əqli olan insan o mesajları aldı.
Əgər kimsə indiyə qədər başa düşməyibsə,
kim həyatda bəsit
düşünürsə ona belə tamaşa yox, on qat bundan
artıq tamaşa da təqdim elə yenə də heç nə
anlamayacaq. Düşünən həmişə
düşünür...
- On üç yaşınız
olanda ananızı itirmisiniz. O yaşda tək qalıb, həyatdakı
çətinliklərin öhdəsindən necə gəldiniz?
- On
üç yaşında bu cəmiyyətdə anasız
qalmaq qız uşağı üçün çox çətindi.
Anasız qızı ləkələməyə,
ona şər atmağa, təhqir etməyə nə var ki?!
Həmin o insanlar bunu anası sağ olan qıza qarşı
etsinlər, görüm bacaracaqlarmı...
Anam rəhmətə gedəndən sonra anamdan belə
deyək də yanıqlı olan, onu gözü götürməyənlər
anamın acığını məndən
çıxmağa başladlar. Təbii ki,
bütün bunlar məni həyata incitməklə
yanaşı, həm də bərkitdi. Mən
dərdlərimi özümdə saxlayıb böyümyəyi,
güclənməyi öyrəndim.
- Sizə elə gəlmir ki, müəyyən
bir dövr keçdikdən sonra kino tənqidçilərimiz,
rejissorlarımız kinoda Sənubər İskəndərli
boşluğunun olmasına təəssüflənəcəklər?
- Məndən
sonra nə deyəcəkləri artıq məni
maraqlandırmır. Qəribə stereotiplər
var. Elmdən tutmuş, səhiyyədə, incəsənətdə
neyçünsə insan öləndən sonra onun tərifini
göylərə qaldırırıq. Amma həmin adam sağ olanda, onun hər elədiyinə
mütləq ağız büzürdük...
O ki
qaldı mənim kino fəaliyyətimə. Bayaq
dediyim kimi durğunluqlar da çox oldu. 1987-ci
ildə ilk dəfə "Kişi sözü" filminə
çəkildim. Ondan sonrakı illərdə
də mənə həddindən artıq kino təklifləri
gəldi. Lakin o vaxtı da mənim indi də
özümə bağışlaya bilmədiyim ərköyünlüklərim
yarandı. Övladımın
azyaşlı olması, "hələ cavanam sonra çəkilərəm"
kimi fikirlər məni kinodan ayrı saldı. Sonuncu çəkildiyim film "Hökmdarın
taleyi" filmi olub. Ondan sonra heç bir
filmə çəkilməmişəm. Nə
də bu günə qədər heç bir rejissorun
qapısını döyüb rol istəməmişəm.
Həyatım boyu da bunu etmərəm. Əgər hansısa rejissor məni öz filmində
görmürsə, bu onun öz işidi.
- Bu sual bir az ənənəvi
xarakter daşıyır. Bütün
yaradıcı insanlara ünvanlanır. Sizcə teatrda,
kinoda tamaşaçı qıtlığının səbəbi
nədədir?
- Bu barədə
kanalların da səhvi çoxdu. Amma kanalları da adam qınaya bilmir. Çünki,
reytinq kimi qəliz bir məsələni səbəb olaraq qarşımıza
qoyurlar.
Bir
neçə il əvvəl Ans kanalında
"Zərif çərşənbə" adlı
veriliş gedirdi. Həmin verilişin
aparıcılarından biri də mən idim. Biz o verilişə o qədər intellektual,
savadlı insanları dəvət edirdik ki, özümüz
onların söhbətlərindən doymurduq. Amma veriliş yayımlanandan sonra reytinqin nəticələrinə
baxanda dəhşətə gəlirdik. Çünki,
reytinq çox aşağı olurdu... Bu kimi səbəblər
kanalları daha bayağı verilişlərə, şoulara
gedib çıxmağa məcbur elədi. Həmin
bayağı verilişlərdə yer alan
istedadsız insanlarda hansı ki, iki kəlmə sözü
bir-birinin ardınca düzüb danışa bilmirlər. Onları gətirib oturdurlar cəmiyyətdə və
özlərini çox fitri insanlar hesab etdirlər.
Deqradasiya da elə burdan başladı...
Digər tərəfdən də ortalığa belə
bir sual çıxır ki, bəs camaat niyə həmin
bayağı verlişləri sevir? Burda artıq problemlər
zəncirvari gəlir. Sovet sistemində ən
çox güc verilən sahə məktəb idi. Bizim məktəbdə oxuduğumuz dövrlərdə
hər bir evdə kitabxana, pianino vardı. Artıq
biz məktəb illərindən kitab oxumağa, musiqi ilə məşğul
olmağa alışırdıq. Efirdə
də mütəmadi olaraq elə verilişlər olurdu. Çünki, o vaxtı reytinq söhbəti yox idi.
Ailədən, məktəbdən, televiziyadan
aldığımız tərbiyə bizi məhz elmə, biliyə,
intellektual olmağa məcbur edirdi. İndi
isə bütün bunlar çox dar ortamlarda baş verir.
- Bir aktrisa kimi peşəkarlıq
baxımından öz üzərinizdə necə işləyirsiniz?
- Son
zamanlar belədi də, aktyor ssenarini götürür,
özünə aid olan rolu əzbərləyir, rejissor deyir
burdan sağa, ordan sola bax. Vəssalam. Amma aktyorun borcudu ki, həmin rolun səs tembrini,
plastikasını axtarıb tapsın.
"Yaşlı xanımın gəlişi"
tamaşasının məşqlərində mən Klara
Vişer obrazında səhnəyə axsayaraq
çıxıdım. Rejissor isə bunu istəmirdi. Deyirdi, onsuz da qəhrəman səhnəyə əla
keyfiyyətli protezli ayaqla çıxır. Amma mən
dedim ki, yox, - qəhrəman özünü nə qədər
əməliyyat etdirsə də axsağlıq olmasa, real
alınmayacaq. Axsamaq artıq plastikanı dəyişmək
demək idi. Çünki, mən axsayan kimi dönüb
oluram Klara... Rola olan münasibətim, baxışım dəyişir...
Bir də bizim sənətin bir sirri də var ki, aktyor heç vaxt daşlaşmamalıdı. O daşlaşmaqdan məni allah qorusun... Görünüş cəhətdən də həmişə özümü formada saxlamağa çalışıram. Çünki, yaş istər-istəməz öz sözünü deyib ruhu qandallaya bilməsə də, fiziki cəhətdən insanı qandallayır. O qandalları boş saxlamağa səy göstərirəm.
- Bəzi
müsahibələrinizdə qızınızn doğum
günlərinin həmişə tamaşalarınızla bir
günə təsadüf etdiyindən onun yanında ola bilməmənin
nisgilini yaşadığınızı
vurğulamısınız. İndi artıq nənəsiniz və
qızınıza, nəvələrinizə arzuladığınız vaxtı yəqin
ki, ayıra bilirsiniz. Keçmişdəki nisgil ürəyinizdən
silinib, yoxsa hələ də qalır?
- Mənə elə gəlir ki, hər bir məsuliyyətli, vicdanlı ananın övladını bağçadan bir saat gec götürməsi belə ona ömrü boyu vicdan əzabı yaşadır. Aktrisalıq da mənim işim, qazanc yerim idi. Qastrol səfərlərinə getdiyim şəhərlərdən qızıma nə qədər hədiyyələr, bahalı paltarlar alıb həmin vaxt azlığı ilə kompensasiya etmək istəsəm də, o illərin vicdan əzabından hələ də qurtula bilməmişəm. O nisgil həmişə mənim ürəyimdədi.
Samirə Əşrəf
Ədalət.- 2013.- 30 may.- S. 6.