BÖYÜK ŞƏHƏRDƏ BÖYÜK İŞLƏR GÖRÜLÜR

(Əvvəli ötən saylarımızda)

 

Təhsil...

 

Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. 2012-2013-cü dərs ilinin buraxılış imtahanlarının yekunlarına görə 36 məktəbin nəticələri 70 faizdən, 23 məktəbin nəticələri 80 faizdən yuxarıdır.

Məzunlardan 133 nəfərin attestat qiymətlərinin hamısı 5 olmuşdur. Sevindirici haldır ki, Şəki təhsilinin tarixində ilk dəfə olaraq 11 nəfər qızıl medalla təltif olunmuşdur. Bu şagirdlərin sayı keçən il 2, ondan qabaqkı il isə 1 nəfər olmuşdur. 2013-cü ildə Şəkinin orta umumtəhsil məktəblərini bitirmiş 1917 məzundan 1197 nəfəri ali məktəbə daxil olmaq üçün sənəd vermiş, onlardan 680 nəfəri tələbə adını qazanmışdır. Bu məzunlardan 145 nəfəri 500-dən, 55 nəfəri 600 baldan yuxarı nəticə göstərmişdir. Məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması istiqamətində geniş aparılır. Əgər 2003-2010-cu ildə Şəkidə cəmi 20 məktəb tikilib istifadəyə verilmişdisə, 2011-2013-cü ildə, yəni, iki il yarım ərzində 20 məktəb tikilib yaxud əsaslı təmir olunur.

Səhiyyə...

Şəki Mərkəzi Rayon Xəstəxanası onun tabeliyində fəaliyyət göstərən tibb müəssisələri tərəfindən 2013-cü ilin I yarısında əhaliyə göstərilən tibbi xidmətin səviyyəsi yüksəlmiş, tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, sahəsində müəyyən işlər görülmüşdür. Müddət ərzində rayonun Aşağı Göynük kəndində sahə xəstəxanası, Baş Göynük kəndində isə həkim məntəqəsi istifadəyə verilmişdir.

... turizm

Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir.

Turizm sahəsində əməkdaşlığın genişləndirilməsi, Azərbaycanın turizm potensialının daha geniş təbliğ edilməsi məqsədilə Almaniyanın qabaqcıl turizm şirkətləri ilə danışıqlar aparılmış, turizm sahəsində beynəlxalq təcrübəyə malik olan ekspertlər Şəkiyə dəvət edilmişdir.

Cinayətkarlığa qarşı mübarizə gücləndirilir

2013-cü ilin 9 ayında Şəkidə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq hüquq qaydalarının möhkəmləndirilməsi sahəsində bir çox işlər görülmüşdür. Müddət ərzində 115 cinayət hadisəsi qeydə alınmışdır. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cinayətlərin sayı 17 fakt azalmışdır.

Qeydə alınan cinayətlərdən 86,6 faizin açılması təmin edilmişdir. Müddət ərzində Şəki Şəhər Rayon polis Şöbəsi tərəfindən keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində narkomaniya ilə bağlı 11 fakt aşkar edilmişdir.

Respublikamızda ordu quruculuğunun möhkəmləndirilməsi, gənclərin hərbi xidmətə çağırışının həyata keçirilməsi, hərbi vətənpərvərlik tərbiyəsi ölkə rəhbərliyinin daim diqqət və nəzarətindədir. Şəki Şəhər İcra Hakimiyyəti rayon ərazisində yerləşən hərbi hissələrlə daim əlaqə saxlamış, hərbi hissələrin yerli əhəmiyyətli problemlərini öyrənmiş, onların həlli istiqamətində bir çox tədbirlər həyata keçirmişdir.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına uyğun olaraq 2013-cü ilin 9 ayında 854 nəfər həqiqi hərbi xidmətə göndərilmişdir.

 

Vətəndaş müraciətlərinə həssaslıq

 

2013-cü ilin 9 ayında 513 nəfər vətəndaş Şəki Şəhər İcra Hakimiyyəti başçısı tərəfindən qəbul edilmişdir. Müddət ərzində şəhər İcra Hakimiyyəti başçısı tərəfindən 36 səyyar qəbul keçirilmiş, 249 nəfər vətəndaş dinlənilmiş, 301 müraciət səsləndirilmişdir. Müddət ərzində Şəki Şəhər İcra Hakimiyyətinə 3070 müraciət daxil olmuşdur ki, onlardan da 1065-i respublikanın yuxarı orqanlarından, 2005-ı isə birbaşa vətəndaşlar tərəfindən daxil olan müraciətlərdir. Daxil olan müraciətlərin 411 ədədi müsbət, 70-i qismən həll olunmuş, 1512-sı ilə bağlı müvafiq izahat verilmiş, 66-sı əsassız sayılmış, 359-u baxılmaq üçün tabeli qurumlara, 618-ı isə aidiyyəti orqanlara göndərilmiş, 34 -ü isə icradadır. Müraciətlərin əksər hissəsini fərdi yaşayış evlərinin təmiri, təbii fəlakət nəticəsində dəymiş ziyanın ödənilməsi, maddi yardım göstərilməsi, mənzillə təmin olunma, kənd təsərrüfatı məhsullarının əkini ilə bağlı torpaq sahəsinin ayrılması, işlə təmin olunma, fərdi yaşayış evlərinin tikintisi, yolların təmiri və sair ilə bağlıdır. Sonda etiraf etmək lazımdır ki, Şəki təkcə bugünkü quruculuğu, sosial-iqtisadi inkişafı, təbiət füsunkarlığı ilə möhtəşəm deyildir. Böyük Şəhər həm də insanların gələcəyə inamlı təbəssüm dolu baxışlarıyla da gözəldir...

 

Məzahir ƏHMƏDOĞLU

Ədalət.-2013.-1 noyabr.-S.7.