`

Cənub bölgəsinin təqdimatı

 

XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan pedaqoji fikir tarixində silinməz iz qoymuş onlarca parlaq simalar fəaliyyət göstərmişlər.

Bütün həyat və fəaliyyətini həmvətənlərinin təhsilə, elmə, maarifə və mədəniyyətə yiyələnmələrinə həsr etmiş görkəmli ziyalılarımızdan biri də müəllim, Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının məzunu, görkəmli maarifçi, ilk alim-folklorşünas, tarixçi Teymur bəy Məmməd bəy oğlu Bayraməlibəyov 1862-ci il avqust ayının 22-də keçmiş Lənkəran qəzasının (indiki Masallı rayonu) Yeddioymaq kəndində dünyaya gəlmişdir.

Bayraməlibəyovlar nəslinin kökü I Şah Abbasın hakimiyyəti illərinə gedib çıxır.

Onlar məşhur Şahsevənlar nəslinə mənsub olmuş və XVI əsrin sonlarında Muğana köçmüşlər.

"Teymur bəy Bayraməlibəyov. Seçilmiş əsərləri" (rus dilində.Teymur bek Bayramalibekov. "İzbrannıe proizvedeniə" ) adlı yeni kitabda yazılır ki, o, İlk təhsilini kənd mollaxanasında almış, Quranı oxumağı öyrənmiş, Mollaxana təhsili nəticasində ərəb və fars dillərinə yiyələnən Teymur bəyin xüsusi istedadı, geniş mütaliəsi ailəsinin yaxın adamlarının diqqətindən yayınmır.

Qardaşının təklifi ilə Teymur Lənkəranda ikisinifli rus məktəbinə gedir. Yerli ziyalılar belə bir istedadlı gəncin yetişməsinə kömək etməyə başlayırlar.

O, Tiflisdə yenicə açılmış feldşerlik məktəbinə təhsil almağa göndərilir. O, burada öz şəxsi hesabına deyil, Bakı torpaq Şöbəsinin xərci ilə oxuyurdu. Burada olduğu illərdə Qori Müəllimlər Seminariyasında Azərbaycan Şöbəsi fəaliyyətə başlayır.

Teymur bəy böyük məhəbbətlə öz sənədlərini buraya verir və 1879-cu ildə seminariyanın Azərbaycan şöbəsinə daxil olur. O bu seminariyaya daxil olan ilk 3 azərbaycanlıdan biri idi.

Tibb təhsili almış Teymur bəy Bayraməlibəyovun etnoqrafik irsində xalq təbabəti ilə bağlı bir neçə əlyazması da vardır.

Onunla yanaşı Şuşadan S.Vəlibəyov, Naxçıvandan isə M.Xəlilov ilk üçlüydə yer alırdılar. 1881-ci ildə seminariyanı bitirən Teymur bəy Lənkərandakı 2 sinifli rus məktəbində rus diliriyaziyyat müəllimi kimi əmək fəaliyyətinə başlayıb. Müəllim işlədiyi məktəbdə cəmi 4 azərbaycanlı şagirdin oxumasından narahat olan Teymur bəy kəndbəkənd gəzərək valideynlərlə görüşüb, təhsilin, elmin əhəmiyyətini insanlara başa salmaq və inandırmaq yolu ilə məqsədinə nail ola bilmişdi.

Bu böyük zəhmətin nəticəsi idi ki, dərs dediyi birinci ildə məktəbdə təhsil alan azərbaycanlı şagirdlərin sayı 4 nəfərdən 16 nəfərə, daha sonra 36-ya çatdırılmış, sonrakı illərdə isə bu artım təhsil alanların 90 faizini təşkil etmişdir.

Teymur bəy qadınların təhsil almasına böyük önəm verirdi. 1907-ci ildə onun ciddi səyi nəticasində Lənkəranda Ünas (Qızlar) məktəbi açılmışdır.

Daha sonralar atası Teymurun davamçısı olan Məryəm xanım həmin məktəbin müdiri və davamçısı olmuşdur.

Teymur bəyin həyat fəaliyyəti çoxşaxəlidir. Onun həyatını təkcə müəllimliklə məhdudlaşdırmaq düzgün olmazdı.

O, elmijurnalistik fəaliyyəti ilə də məşğul olmuşdur. "Eyyubun səbri" nağıl-rəvayəti, "Talış diyarının etnoqrafıyası", "Lənkəranın yaranması haqqında əfsanə", "Talış ölkəsi keçmişdə və indi", "Talışların xəstələri müalicə üsulları və dəfnetmə mərasimləri", "Lənkərandan Ərdəbilə uzanan yollar" və s. məqalələri ilə Teym bəy diyarımızın etnoqrafiyasına aid qiymətli sənədlər toplamış və tədqiq etmişdir.

Onu folklorşünaslığımızın ilk nümayəndəsi hesab edə bilərik. Çünki o, 1883-1935-ci illər ərzində 100-ə qədər əfsanə və nağıl toplamışdır. Qiymətli şifahi xalq yaradıcılığı nümunələrini toplayarkən dəfələrlə Yeddioymaq, Şıxlar, Boradigah kəndlərində olmuşdur.

Teymur bəy türk, talış, gürcü, İran nağıl və əfsanələrini də toplamışdır. Onun "Lənkəran qəzasında yaşayan talışların kosmoqonik inancları", "Talış mətnləri", "Talış əfsanələri və inancları" toplamalarının Azərbaycan folklorşünaslığına qiymətli töhfə hesab etmək olar.

Teymur bəy Bayraməlibəyov "Kaspi" qəzetinin Lənkəran müxbiri kimi 1883-cü ildən 1917-ci ilədək fəaliyyət göstərmişdir. Adı H.Zərdabi, N.B.Vəzirov, E.Sultanov, Ə.Ağaoğlu (Ağayev), M.Mahmudbəyov və başqa ziyalıların cərgəsində çəkilməyə layiq olan Teymur bəy Bayraməlibəyov bizə layiqli bir irs qoymuşdur.

Teymur bəyin 1 sentyabr 1885-ci ildə tarixi mövzuda qələmə aldığı "Talış xanlığının tarixi", "Lənkəran keçmişdə", "Talışın meşə-çöl sahəsi", "Talışın quşlar aləmi", "Lənkəran qəzası talışlarının kosmoqonik rəvayət və inamları" 1881-ci ildən Tiflisdə nəşr olunmuş lSMOMPK" məcmuəsinin 3-cü sayında, "Novruz bayramı" silsilə məqalələri isə "Kaspi" qəzetinin 1913-cü il 55, 56, 57-ci saylarında çap olunmuşdur.

T. Bayraməlibəyov diyarımızın təbiətinin qorunmasına, ekologiyasının qayğısına qalan ilk ziyalılarımızdandır. O, məqalə və çıxışlarında Lənkəran qəzasında quşların vəhşicəsinə ovlanmasına, meşələrin qırılmasına kəskin etirazını bildirirdi. Vaxt tapan kimi kəndə gedib xəstələri müalicə edirdi.

Teymur bəy Bayraməlibəyovun irsi tədqiqatçı alimlər tərəfindən qəzet və jurnal səhifələrində, eləcə də iki monoqrafiya da işıqlandırılmışdır. O, əsrin 80-ci illərinin sonlarından başlayaraq 1916-cı ilədək müntəzəm olaraq o zaman Bakıda rus dilində çıxan "Kaspi" qəzetində Lənkəran qəzetinin bölgə müxbiri kimi çıxış etmişdir.

Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, H.Zərdabi və digərləri ilə yanaşı o da tez-tez bu qəzetdə çıxış edirdi.

O, topladığı şifahi ədəbiyyat nümünələrini Tiflisdə nəşr olunan "Sbornik Materialov dlya opisaniya mestnostey i plemen kavkaza" (SMOMPK məcmusuna da göndərirdi.

Sonra 1918-ci ildən Teymur bəy ailəsi ilə birlikdə Bakıya köçür və 1929-cu ilədək pedaqoji fəaliyyətini burada davam etdirir. Mübarizələrlə dolu mənalı bir həyat yaşamış yorulmaz pedaqoq, publisistictimai-siyasi xadimin yaradıcılığını, əsasən, 2 dövrə ayırmaq olar.

Birinci dövr onun Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra - 1881-ci ildən 1918-ci ilədək Lənkərandakı fəaliyyətini, ikinci dövr isə Bakıya köçdükdən sonrakı 1918-1937-ci illəri əhatə edir.

O, Bakıya köçürburada 67 saylı məktəbdə müəllim işləyir. Onun yaradıcılığında çoxsaylı əfsanə və rəvayətlərin toplanması mühüm rol oynamışdır. O Azərbaycanın ilk folklorşünas alimi olmuşdur.

Azərbaycanın görkəmli ziyalısı Bayraməlibəyov 1937-ci il sentyabrın 2-də Bakıda vəfat etmişdir.

Teymur bəy Bayraməlibəyovun adını onun boy atdığı Masallı rayonunun Yeddioymaq kəndindəki orta məktəb şərəflə daşıyır ...

Oxucular üçün maraqlı olsun deyə bildirim ki, "Teymur bəy Bayraməlibəyov. Seçilmiş əsərləri" (rus dilində.Teymur bek Bayramalibekov. "İzbrannıe proizvedeniə" ) adlı yeni kitab 356 səhifədən ibarətdir.

Hörmətli oxucular!

Mənim üçün fəxrdir ki, həmyerlim, həmkəndlim Teymur bəy Bayraməlibəyov haqqında belə təqdirəlayiq, monumental bir əsər tərtib edilib, çap olunmuşdur.

Fürsətdən istifadə edib adları yuxarıda çəkilən gözəl Azərbaycan alimlərimizə, "Elm və təhsil" nəşriyyatının direktoru, hörmətli professor, dostum Nadir Məmmədliyə və onların şəxsiyyətinə minnətdarlığımı, onları tanıyan Teymur bəyin həmkəndliləri - Masallı rayonunun Yeddioymaq kəndinin, bu ərazinin bütün insanları adından səmimi qəlbdən arzularımızı bildiririk və alimlərimizə cansağlığı arzu edirik...

Nəşrdə ilk dəfə olaraq görkəmli maarifçi Teymur bəy Bayraməlibəyovun publisistika, folklorşünaslıq və etnoqrafiya sahəsindəki əsərləri bir kitab halında çap edilib. Buradakı materiallar Teymur bəy Bayraməlibəyovun Əlyazmalar İnstitutunda saxlanılan şəxsi arxivindən götürülüb.

Kitaba T.Bayraməlibəyovun nağıllar, əfsanələr, ibrətli hekayələrilə birgə publisistika, folklorşünaslıq və etnoqrafiya sahəsindəki əsərləri daxil edilib.

Kitabın redaktoru - Əlyazmalar İnstitutunun direktoru əvəzi, filologiya elmləri doktoru Paşa Əli Kərim oğlu Kərimovdur.

"Teymur bəy Bayraməlibəyov. Seçilmiş əsərləri" (rus dilində.Teymur bek Bayramalibekov. "İzbrannıe proizvedeniə" ) adlı yeni kitabın tərtibçisi və ön söz müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Esmira xanım Cavadova, rəyçisi isə Azərbaycan Milli Elmlər Akademiyasının akademik Teymur Bünyadovdur.

 

ƏLİHÜSEYN ŞÜKÜROV.

MURMANSK

Ədalət.-2013.- 1 noyabr.-S.8.