HƏRBİ TƏHSİL DALINCA

(Əvvəli ötən saylarımızda)

"Niva" jurnalı təkcə biriilik nömrələrində Azərbaycan xalqının müharibəyə könüllü ianə toplaması haqqında və Qafqaz süvari briqadasının tərkibində vuruşan oğullarmızın qəhrəmanlığı barədə az da olsa məlumatlar verir. Onu da xatırladaq ki, Port - Arturda Ə. Şıxlinski və S. Mehmandarovdan başqa da yapon samuraylarına qarşı döyüşən həmyerlilərimiz olmuşdur. General-mayor Əsəd bəy Talışxanov, Hüseyn xan Naxçıvanski, İbrahim ağa Usubov, qvardiya polkovniki Kərim bəy Novruzov, polkovnik Davud bəy Yadigarov, Gəray bəy Vəkilov, poruçik Ağababa Sadıqov və hələ adını bilmədiyimiz onlarca başqaları.

Dövrdən, quruluşdan asılı olmayaraq həmişə oğullar Vətənin əsgərləridirlər. Vətən nə vaxt təhlükə qarşısında olarsa, igidlər bir səslə silaha sarılmağa hazırdırlar. İyirminci əsr tarixə "nəfəsindən" barıt püskürəndə eloğullarımız da bir səslə ayağa qalxıb Vətənin müdafiəsinə gediblər.

Otən XIX əsrin ortalarında Qarabağ igidlərinin, Şirvan alayının, Gəngərli döyüşçülərinin, Qazax süvari dəstələrinin yadellilərə qarşı qeyri-adi qəhrəmanlıqlarının şahidi olan xalqımızın böyük mütəfəkkir oğlu M. F. Axundov fəxrlə deyirdi: "doğmamış Qafqazda analar qorxaq".

Hələ bir xeyli əvvəl (1828-ci ildə) məhşur rus tarixçisi, general Platon Zubov "Gürcüstan və Qafqaz haqqında altı məktub" əsərində yazırdı:

"Müsəlman süvari alayları haqqında mühakimə yürütmək üçün onları döyüşdə görmək lazımdır: bunlar şimşəyi xatırladır, bunlar qəzəblənmiş Allahın birdən-birə düşmənlər içərisinə düşərək ölüm və dəət saçan oduna bənzəyirdi. Müsəlman alaylarının gözlərim önündə törətdikləri igidlik xariqələrini hələ də heyrətlə yad edirəmg Onlar silahdan çox böyük bir məharətlə istifadə edərək, qorxmaz və cəsur kimi döyüşürdülər".

Əgər oxucu Aleksandr Stepanovun "Port-Artur", ya da Trofim Borisovun "Portarturçular" romanlarını mütaliə edərsə, onda görər ki, 1904-cü il dekabrın on altısında komandan Stessel qalanı yaponlara danışıqsız təslim etmək istəyəndə polkovnik S. Mehmandarov və onun zabit heyəti qəti etiraz edərək necə əsəbləşmişdilər. Səməd bəy Mehmandarov və onun zabit heyəti inad edirdilər ki, qalanı son nəfəsə qədər müdafiə etmək lazımdır. Heç kəs biabırçı vəziyyətdə rusiyaya qayıtmaq istəmirdi.

"- Kapitan, Sizin kimi zabitlərə orduda quluq etmək yaramaz, - Mehmandarov onun üstünə qışqırdı. - Siz bizim adımızı korlayırsınız, - deyib yumuruğunu havada oynatdı.

- Əlahəzrət, xahiş edirəm, məni təhqirlərdən qoruyasınız, - kapitan Vamenzon hirsindən pörtmüş halda Stesselə müraciət etdi.

- Hər şeydən əvvəl sakit olmaq lazımdır, cənablar! Polkovnik Mehmandarov, Sizi qayda-qanuna riayət etməyə dəvət edirəm.

Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: bir neçəsi kapitan Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu müdafiə edirdilər" (A. Stepanov, "Port-Artur". səh. 777-778).

 

***

1904-cü il yanvarın 26-da Rus-yapon müharibəsi başlananda polkovnik Hüseyn xan Naxçıvanski əksəriyyəti qafqazlılardan təşkil olunmuş ikinçi Dağıstan süvari alayına komandanlıq edirdi. Hüseyn xanın alayı 1905-ci il yanvarın 14-də Lan-Lun-Qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək sürətli zərbə ilə yaponları kəntdən vurub çıxartmışlar. Bu güclü döyüş səhnəsi məşhur rəssam Maruzovskinin yağlı boya ilə işlədiyi rəsimlərdə əbədiləşmişdir. Əsərdə alay döyüşçülərin qızğın həmləsi və süvari polkovniki Hüseyn xan Naxçıvanskinin obrazı ustalıqla işlənmişdir.

Məşhur rus jurnalisti A. Kvitka Port-Arturda müharibə başlananda könüllü cəbhəyə getmiş və döyüşlərdə jurnalist-zabit kimi iştirak etmişdir. Müharibə gedə-gedə "Zabaykalye kazak zabitinin gündəliyi" adlı maraqlı bir əsər yazmışdır. 1908-ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz polkovnik Hüseyn xan Naxçıvanski haqqında da maraqlı səhifələr var.

Səhifə 181-də: "Axşam üstü Bensixuda süvari - qvardiyası Hüseyn xan Naxçıvanskinin təşkil etdiyi ikinci Dağıstan alayı gözlənilir. Alay qafqazlılardan və süvari qvardiyasında xidmət edən seçmə zabitlərdən təşkil olunmuşdu.

...Avanqard tağımının ardınca yüzlərlə adam polk komandiri, onların da ardınca uca bir ağacın zirvəsində polkovnik Xan Naxçıvanskiyə məxsus qızılı aypara nişanları dalğalanan dəstə göründü.

Alay cərgələnmiş tağımlarla kolon boyu uzanırdı. Biz isə Xanın zabitlərindəki atlara həsədlə baxırdıq. Mən axşam saat onda Hüseyn xanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım.

Səifə 245-də: "Dağıstanlıların komandiri Hüseyn xan Naxçıvanski, podpolkovnik Byuntiq və knyaz Tumakov heyətimə daxil olanda səhər saat on bir olardı. Onlar mənimlə nahar etməyə qaldılar... Hüseyn xanın əsgər və komandirləri döyüşlərdə hamıdan seçilirdi. Onları bir şeyə qınamaq olardı, o da həddindən artıq cəsur olmalarında..."

Səhifə 361-də: "Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak briqadasının cəsurları üç yapon nəqliyyatını məhv etmişlər..."

İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı apardığı döyüş məharətinə görə "Müqəddəs Georgi" və dördünçü dərəcəli, bantlı, üstü yazılı qızıl silahla "Müqəddəs Vladimir" və "İgidliyə görə" ordenləri ilə təltif olunmuşdur.

Rus-Yapon müharibəsindəki sərkərdəlik fəaliyyətinə görə Hüseyn-xan Kərbalı xan oğlu Naxçıvanskiyə 1907-ci il martın 31-də general-mayor rütbəsi verilmişdir.

 

GENERAL SƏMƏD BƏY

MEHMANDAROV PORT-ARTUR DÖYÜŞLƏRİNDƏ

 

Port-Arturun müdafiəsi zamanı göstərdiyi döyüş xidmətlərinə görə Səməd bəy Mehmandarov bir neçə döyüş ordeni və qızıl silahla təltif edildi, general-mayor rütbəsi aldı. General Səməd bəy Mehmandarovla bir yerdə xidmət edən və onu şəxsən tanıyan zabitlərin onun sarsılmaz soyuqqanlılığı və misilsiz rəşadəti haqqında böyük rəğbətlə danışırdılar.

1904-cü il dekabrın 16-da Port-Artur qalasının hərbi şurası danışıqsız təslim olmağa səs verdikdə, general Səməd bəy Mehmandarov və onun igid zabit heyəti buna qarşı qəti olaraq etiraz etdilər.

"1904-1905-ci illərdə Rus-Yapon müharibəsinin salnaməsi"ndən

1904-cü ildə rus-yapon müharibəsi başlananda Səməd bəy Mehmandarovun qırx səkkiz yaşı vardı. Jitomirli Yelizaveta Nikolayevna ilə evlənmələrinin bir ili tamam olmamışdı. Yelizaveta Kiyev qadın-gimnaziyasını bitirmişdi. Port-Artur hərbi nəslindən idi. İyirmi bir yaşlı Yelizaveta (1883-1942), elə bil anadan olandan səbr dərsi keçmişdir. O, nə ağır hərb işinə, nə də yaralı əsgərlərə qarşı laqeyd deyildi. Zədəganlara müalicə ebid, savadsız olanların ailəsinə məktub yazır, müharibə çətinliyinə səbrlə, dəyanətlə dözürdü.

Bir dəfə Səməd bəy ona deyir: - Komandanlıqdan sənin Peterburqa qayıtmağına icazə almışam. Hazırlıq gör, sabah, ya da birisi gün səni yola salacam.

Ərinin üzünə şax baxan Yelizaveta:

- Səməd bəy, - demişdi, - ölkədə müharibə gedirsə, səncə əsgərin yeri harada olmalıdır?

- Əlbəttə cəbhədə!

- Bax mən də cəbhədəyəm, yoxsa məni qadın görüb əsgər olmağıma şübhə edirsən?

- Axı, sən ana olmağa...

- Birdə bu söhbətə qayıtmayaq. Söz verirsən... Bu mövzudan vaz keç əzizim! Sənsiz mənə Peterburq yox, heç Paris də lazım deyil.

Bu, ərinə, Vətəninə sadiq bir qadının açıq ürək söhbəti idi.

Yanvarın iyirmi altısında gecə yaponlar rusların Port-Artur limanında dayanan eskadrasına hücum edib "Retvizan", "Sesareviç" zirehli gəmilərini və "Pallada" kreyserini yandırdılar. Müharibə başlandı. Səhərisi Səməd bəy Mehmandarovu yeddinci Şərqi-Sibir atıcı topçu divizionunun komandiri təyin edirlər. Bu, quru qoşunlarının komandanı, general-mayor Roman Kondratenkonun əmri idi. Roman İsidoroviç Mehmandarovun döyüşdə dəyanətinə, komandirlik bacarığına yaxşı bələd idi. Məhz ona görə də Səməd bəyi Şərq cəbhəsinin rəisi təyin etdi. Bura Port-Artur müdafiəsində ən mühüm cəbhə hesab olunurdu. Yaponlar kəsilmədən bombalar yağdırırdılar. Polkovnik Səməd bəy Mehmndarov komandan Kondratenkonun ən yaxın köməkçilərindən biri idi. Topçuların əməliyyatına bacarıqla rəhbərlik edən Mehmandarov qala mühasirədə olanda həmişə ön mövqələrdə və çox təhlükəli yerlərdə sərrast atəşlə samurayların hücumunu dəf edirdi.

 

***

Port-Artur müharibəsinin başlanmasından yüz bir il keçir. Bu müddətdə rus dilində minlərlə ədəbi-bədii, elmi və publisistik əsərlər nəşr olunub. Xüsusilə, 1905-1910-cü illərdə bu mövzuda çoxlu gündəliklər və xatirələr yazılmışdır. 1906-cı ildə nəşr olunmuş P. Larenkonun "Port-Arturun əzablı günləri" kitabı da bu qabildəndir. Burda sərkərdə eloğlumuz Səməd bəy Mehmandarovun təkcə döyüş qabiliyyəti deyil, həm də şəxsiyyət kimi dönməzliyi, böyüklüyü şahidlərin dili ilə verilib. İlk dəfə Azərbaycan oxucularına təqdim etdiyimiz gündəlikdən parçaları oxuyanda istər-istəməz həmyerlimizə görə iftixar hissi keçirirsən.

Həmin kitabın "Noyabr hücumları" fəslində, səhifə 494-də:

"Hələ avqust bombardmanı zamanı yaponlar hiss edirlər ki, hardansa, arxadakıfortlar xəttindən onları dəqiq atəşə tutblar. Polkovnik Mehmandarovun komandası altında olan yeddinci Şərqi-Sibir artilleriya divizionu (yəni səhra artilleriyası) həmləyə məruz qalmış istehkam xəttinin sağ cinahının arxasında örtülü mövqeləri tutaraq müdafiəyə böyük kömək göstərirdi. Çünki qala artilleriyası hələ bombardmanın ilk günlərində çox zərər çəkmişdi. Polkovnik Səməd bəy Mehmandarovun səhra artilleriyası ən fədakar həmlələri belə dəf edərək yaxınlıqda olan yapon batareyaları ilə son dərəcə müvəffəqiyyətlə vuruşurdu".

Səhifə 597-də:

"S. daxil oldu. O, söhbət edirdi ki, ön həmlənin topçularından polkovnik Mehmandarov (çağ cinahın bütün ərtilleriya yzrə komandiri) və podpolkovnik Stolnikov öz şəxsi təhlükələrinə qəribə nifrətlə yanaşırlar; bombardman vaxtı batareyalarda elə gəzirdilər ki, elə bil partlayan mərmiləri görmürlər. Belə ki, onlar bu hərəkətləri ilə yerdə qalanları da ruhlandırırdılar. Onların birincisi qafqazlılara məxsus cəngavər kimi (Səməd bəy Mehmandarov - ŞN.), ikincisi isə taleyinə sədatqətlə itaet edən dindar adamlar kimi davranırdılar.

Burda - səhra artilleriyasının öhdəsinə başlıca olaraq həmləni və şrapnellə, karteclə düşmən kolonlarını məhv etmək məsələsi düşür. Qala topları çox ziyan çəkdiklərindən, səhra artilleriyası isə tez-tez yerini dəyişdiyindən onlarla mübarizə aparmaq yaponlar üçün çətin idi. O isə zərbələri elə hey endirirdi".

Səhifə 606-da (11-24 dekabr):

"Yaralı zabitlərlə apardığım söhbətlərdən polkovnik Mehmandarov haqqında bəzi şeyləri öyrəndim. O, cəsur, özünü çox sevən, tabeliyində olanlara tam ciddiyəti ilə yanaşan bir adam idi. Onları məcbur edirdi ki, şəxsi mərdlikləri ilə hamıya nümunə olmağı bacarsınlar. Təbiətən coşğun, hərarətli olan bu adam sözünü çox kəskin deyirdi. Polkovnik Mehmandarov deyirdi ki, yalnız şücaət göstərməyi bacaran, ağıllı, özünü sevən adamları qiymətləndirir; karyeraçı zabitlərinsə ən böyük arzusu - həyatlarını qoruyub saxlamaq və heç bir xidmət göstərmədən ordenlər almaqdır".

Səhifə 630-da (17-30 dekabr):

"Üçüncü fortun məğlubiyyəti bizim artilleriyanın vəziyyətinə pis təsir göstərdimi? - sualına polkovnik Mehmandarovbelə cavab verdi ki, o, vəziyyətdə bir ağırlaşma görmür. Artilleriya şəraitinin pisləşməsinə üçüncü fortun heç bir mənfi təsiri yoxdur.

Yalnız general A.V. Fok özünü birbaşa cavabdan qaçıraraq, ümumi nəticəsi olmayan bir yığın söz dedi".

Səhifə 643-də (18-31 dekabr):

"Kimsə döyüş meydanından belə bir xəbər gətirdi ki, bü gün general Fokla polkovnik Mehmandarov arasında ciddi mübahisə olub. Fok sübut etməyə çalışırdı ki, qala artıq dözməyəcək; Mehmandarov isə sübut edirdi ki, ayrı-ayrı istehkamların məhvi hələ qalanın sonu çatdığına sübut deyil, çünki müdafiənin ikinci xəttindən də müqavimət göstərmək olar.

Döyüş meydanında isə tək-tək atırdılar. Qaranlıqdır. Üçüncü fort istiqamətində, bəzən də qayalıqdanqırmızı fənərlər görünürdü. Deyirlər ki, bu fənərlər bizim sanitarlara sarğı məntəqəsini nişan verir.

Bərk yorğunluq hiss edirəm, ona görə də indi uzanıb yatacağam".

Səhifə 690-da (23 dekabr-5 yanvar):

"S. mənə xəbər verdi ki, dünən yapon artilleriyasının rəisi qərargahı ilə birgə qalaya gəlmişdi və qalanın sağ cinahının artilleriya rəisini, polkovnik Mehmandarovu (mühasirə zamanı general-mayor olmuşdu) axtarırdı. Səməd bəy Mehmandarov faktiki olaraq avqust ayının ortalarında bütün artilleriyaya rəhbərlik edirdi.

Görüş zamanı o belə bir söz işlətdi: "Hörmətli qonaqlar yəgin səhv salıblar. Onlar çox güman ki, qala artilleriyasının rəisi, general Belını görmək istəyirdilər. Lakin qonaqlar cavab verdilər ki, məhz mübarizə aparmaqda böyük əziyyət çəkdikləri, özlərinə möhtərəm rəqib saydıqları adamla - Mehmandarovla tanış olman onlar üçün çox maraqlıdır. Onlar general Mehmandarovun şəninə çoxlu tərifli sözlər, komplimentlər dedilər; etiraf etdilər ki, Port-Artur yaxınlığında yapon artilleriyasının verdiyi itki olduqca çoxdur. İyirmi beş minə kimi adam tələf olub, çoxlu yapon silahı məhv edilib, həmçinin Port-Arturda mərmilərin çatışmamazlığı onların məsələsini yüngülləşdirib.

 

(ardı var)

Şəmistan Nəzirli,

İstefada olan olan polkovnik-leytenant

Ədalət.-2013.-1 noyabr.-S.7.