SON OVQATDAN
İçərişəhərdə
içinə qaxılıb seyfə dönmüşəm, -
divara sıxılıb barlyefə dönmüşəm, -
Bir şəhidlikdə, dirilərə ağlaya-ağlaya
az qala öldürmüşəm özümü.
Bir şahidlikdə, gerçəklərə bağlaya, bağlaya
Yuxulara açıq qoymuşam gözümü,
Arxada körpüləri
çaxmağa, qova çəkmişəm.
Nəsib koxanın Əskiparadakı
arxası dağdağanlı,
Sarı Hüseynin Qazaxdakı
qənşəri yaylıq armudlu
o çağını qırova çəkmişəm...
Yaxşı ki, azmazca səpiliblər,
Sözümün duzu kimi.
Mənimlə gəlib düşməyiblər
daş xalxala quzu kimi...
Bir dairədə bir nəhəng
bir cırtdan qəhər, -
İkimizində laxlayır üst qatı,
alt tağı.
Birimiz alınmış bir şəhər,
o birimiz salınmış ev dustağı...
Hardasınız ay həzarat.
Atları
dəhmərləyin yeyin-yeyin,
Bir şəhər saxta bərbəzəyi yıxanda,
Vaqif Nəsib qala qapısından çıxanda
-
həmişə azadlıqda,
həmişə azadlıqda
deyin.
ZÜMZÜMƏ
Tapılmayır diriliyin zəmzəmi,
Üstü ömür,
Altı
kömür zirzəmi,
Bəndəsini yetişdirən bir
zəmi,
İş-gücü ömürdən
ərz bağlama, -
Özü əkər
Özü biçər neyləyək...
Bu torpaqlar əjdahaların qorudu,
İnsanınkı ayaqda, baş qorudu,
O topağı, torpaq onu qorudu, -
Ölümünə heç sinəni dağlama, -
Özü ölçər,
Özü biçər neyləyək...
Bənövşələr bəndə düşər yazında,
Çay-şüşələr bəndə
düşər azında,
Bəndələri bəndə düşər,
azanda,
Ömürlər də bir qıfılbənd, bağlama,
-
Özü bağlar,
Özü açar neyləyək...
Qırov
düşdü, tədarük
et odunu,
Ötən günlər ömür
külü, od
unu,
İlk məhəbbət bir yol salar odunu
Göz yaşınla söndürərsən
ağlama, -
Özü yanar,,
Özü keçər, neyləyək...
Bəla
çıxmaz kimsələrin
yaşına,
Bala bilməz ondan neçə yaşına,
Quruları ada ömrü yaşına, -
Bizimkilər qaralama, ağlama,
-
Özü gələr,
Özü keçər, neyləyək...
MÖVLANƏ RƏQQASLARINA
Nə qədər ki, atımızı çapmırıq
Qarşıdakı Bisutunu çapmırıq,
Nə vaxtadək özümüzü
tapmırıq, -
O vaxtadək
nə sən sənsən,
nə mən mən...
Ömürlənən bəbələr
göz, qorunda
Kömürlənən babalar öz gorunda
Hə ikisi bir dünyanın
torunda, -
O aləmdə
həm sən sənsən,
həm mən mən...
çöllər düzlər
qurdun, quşun dənliyi,
Tutqun üzlər
Ömrün huşun çənliyi,
Nə zamankı qorumuruq mənliyi,
Bir ələmdə
nə mən mənəm,
nə sən, sən...
Fırlanırıq
Fırlanırıq
fırlanır,
Dərdimizdən başda şişilər
fırlanır,
Onsuzluqda
Nə sənsən, nə mən, mən,
Sonsuzluqda
həm mən mənəm, həm sən, sən...
NƏĞMƏNİN QARA NOTU
(Göz dəyişməz ləl qalır), -
boyası hürkü
sürü,
Yıxıb da hürkü,
sürü,
Görəndə hürkü sürü
Mərganlaşıb lal qalır.
Qarşımda şatır keçim,
-
mələrim qalır,
mələrim...
(Daşlar çaydan nal qalır), -
Quruyan arx yasında,
Balıq
tək arx asında
Xatirələr bal qalır.
Bu çayı necə keçim, -
nələrim qalır,
nələrim...
(Dağlar başı çal qalır), -
Onlar yerin başdaşı,
Zirvə
kimi baş daşı
Bisutun tək baş daşı
Çapılmayır, sal qalır.
Yoxdu Fərhad tək seçim, -
dələrim qalır,
dələrim...
(Daşlardan qaval qalır), -
Yallıları əl əkmiş
Neçə inci, ləl əkmiş
Bu dünya bir ələkmiş
Nə dəymiş, nə kal qalır
Son mənzilinə köçüm,-
Əllərim qalır,
Əllərim...
SAHİLDƏ
KÖVRƏLƏNLƏRƏ
Payız
toylarıyla gəlinlər
köçər,
Ağ gün haraylayar qara zurnalar.
Bir gün vaylarıyla
gələnlər köçər,
-
Köçər son yazına qara
durnalar, -
Məzarlar üstünlə yaşlar
ağlayar,
Sahildə ilboyu daşlar ağlayar...
Ağlarıq dünyaya bəndə
düşəndə,
Çağlarıq, bənövşə, - bəndə
düşəndə.
Axır
ki, əcəllə bəndə düşəndə
Dünya
dünyadaşı daşlar,
ağlayar,
Sahildə ilboyu daşlar ağlayar.
Ömürlər əzaba bəndə
sürgünü,
Od üstə, su üstə sən də sür künü,
Cəhənnəm alovlu məşum
sur günü,
Qurunun oduna yaşlar ağlayar,
Sahildə ilboyu daşlar ağlayar.
Laylalar bir ömrə çat, anlar üçün,
Oxşamalar qəlbə çat,
anlar üçün,
Gəmisi
sahilə çatanlar
üçün
Sahillərdə gözlər, qaşlar
ağlayar,
Qumsallar,
qayalar,
daşlar ağlayar...
MÜHARİBƏ SONRASINDAKI
QAZAĞA
Ordadır doğmam da, yadım da,
Bir çayxanası yadımda
Abuzərinin sazıyla, -
Bir başqa aşıq görmədi...
Bazarına necə yetim,
Ələkbər tək necə yetim,
Dolandı çoxu, azıyla,
-
El onu uşaq görmədi...
Kəmər altda dərsliyimiz
Kəmər oxu tərsliyimiz
Altda çox saldı bizləri, -
Kimin yanı dağ görmədi...
Ehtiyacı qırdı, çatdı,
Neçə torpaq çapıq,
çatdı,
Şəhid dostlara qazıyla,
-
Kim sönmüş çıraq
görmədi...
Gözəlim məktəb qızları,
İlk eşqə saldı bizləri
Heç
kəs bənövşə
yazıyla
Qoşa
çilçıraq görmədi...
***
Adam adam ola
bilir
Yalquzaqlığından qurtulub
ulaşmaları uyuda biləndə...
Çünki olub dəyirmançı
quraqlı, buludlu günlərində
dünyasını özündən,
gözündən
üyüdə biləndə,
-
adam adam ola bilir...
Adam adam ola
bilir
daşlaşmış ürəyini
Damcılıya döndərə biləndə.
Olub bir dərədə dərmançı.
Ətəyindəki daşları
yarımçıq bir tikintiyə
göndərə biləndə,
-
adam, adam ola bilir.
Adam, adam ola
bilir
Günahlarını qara pişik tək
azdıra biləndə,
Adını məzar daşından
öncə,
dünya yaddaşına
yazdıra biləndə
Olub Şahdağ, Qaşıqar,
Qazançı
quruda onu tazı buyruğuna,
sularda çömçəquyruğuna
döndərən dünyaya
barmaq silkələyəndə,
-
adam, adam ola bilir...
UŞAQLIQ VƏ
YENİYETMƏLİK DOSTU GÖYÜŞƏ
Olumlu, ölümlü
dünya bir ara,
Adamlar içində
hey adam ara,
Kimki biganədi
namusa, ara. -
Ömrü dünyasına
söyüşdü, söyüş...
Pirə,
ağbirçəyə
O çağa dönür,
Yaranan sonluğu
o çağa dönür
Dünyamız hər yanar
ocağa dönür,-
Nə olsun dörd yanı
höyüşdü, höyüş...
Uşaqlıq ilk gənclik
Ömrə, yaşa dan,
Yaşıl xatirənə
yaşıl yaş adan,
o solmaz baharı
bizə yaşadan
Qazaxda, üz ağda, -
Göyüşdü, Göyüş...
QARAGİLƏ
ÇAĞIRDIĞIMIZ ARİFİN XATİRƏSİNƏ
Məzar
bitir
bitkimizdən,
Şər dönmür
it kimi, izdən,
Seyrəlirik itkimizdən
yara, ata ocağına...
Gözdə qara, qəlbdə
yara,
Dərd
çiləyib dosta, yara
Boyunca yer yara-yara
Yığışmışıq məzarında
uyudaq səni, -
Qaragilə, uyudaq səni...
Ömrü udub
gilə-gilə,
Yumub bir cüt
qara gilə,
Anam, gəlib
Qaragilə, -
qara ata ocağına...
Burda neçə ömür yarı,
o dünyandan yarı, yarı,
Yığıb dostu, yığıb
yarı, -
Gəlmişik məzarından
Oyadaq səni
Qaragilə, oyadaq səni...
HAQSIZLIQLA DONANLARA
Lap az qalıb, köçəcək şər,
Dünyanın kosmos qatından
Bircə gündə bütün bəşər
Keçəcək məhəng daşından.
Nə qəlbdə kin,
Nə gözdə kin
Nə üzdə ələk olacaq,
Dünyamızda cümlə sakin,
Lələksiz mələk olacaq.
Ağaclar da kökdən çıxıb
Köhlən kimi qaçacaqdı.
Çiçəklər də qanad taxıb
Kəpənək tək uçacaqdı.
Yoldan, izdən,
dağdan düzdən
badam iysi gələcəkdi.
Axırki bu yer üzündən
Adam iysi gələcəkdi.
Vaqif Nəsib
Sarıhüseynoğlu
Ədalət.-2013.-1 noyabr.-S.6