Rəsul Rza publisistikasından bir yarpaq

 

XIX əsrin sonu, XX əsrin əvvəli Azərbaycan ədəbiyyatının növbəti qızıl dövrü sayılır. Amma söz sənəti, sözün qüdrəti, sözün qeyrəti dövrə baxmır, deyənə baxır. Söz deyənlər, həm də qiymətli söz deyənlər Azərbaycan ədəbiyyatı tarixində növbəti dəfə XX əsrin əvvəlində meydana çıxdılar. Şübhəsiz, bunun bir ayrı səbəbi də var. XX əsrin əvvəlində böyük söz sahibi olan ədiblər söz meydanına gəldilər. Əslində, burda görünməyən bir mavi dalga var. Bu, Qori seminariyasıdır. Əlbəttə, Qori seminariyasından əvvəl də, sonra da böyük qələm sahibləri, müqtədir ədiblər yetişmişdi. Lakin bunların hamısını ya bu, ya o biri yazarlara, məktəbdarlara aid etmək olmazdı.

XX əsrin əvvəllərində ədəbiyyatımızın yeni qızıl dövrünü yaradan böyük qələm sahibləri böyük şəxsiyyətlər meydana çıxdılar. Şübhəsiz, bunlar ya Qori Müəllimlər Seminariyasının məzunları, ya da həmin məzunların yetirmələri idilər. Lakin Azərbaycan ədəbi mühiti bununla tamamlanmırdı. O mühitdə Hüseyn Cavid, Ə.Cavad, M.Müşfiq, R.Rza və bu kimi görkəmli söz sənəti sahibləri də vardı. Sənətə yenicə gəlsələr də, onlar sənətin əzəli və əbədi mənasını dəyərləndirirdilər. Bu nəslin içərisində bu gün bizim maraq və diqqətimizi cəlb edən Rəsul Rza həm də böyük "proletar" şairi idi (İndiki zamanda proletar sözünə bir az qəbih baxırlar. Bir yazı müəllifi kimi mən bu gün də, sabah da və həmişə deyirəm: dünya haqqının cavabı zəhmətkeşin əlindədir-həm əzəli və əbədi oraqçının, çinçinin əlində.) İctimai quruluşlar dəyişsə də, bayraqların rəngində yeniliklər olsa da, "Rəsul Rza" sözü rəngini, ahəngini dəyişməyib. Hətta onun sözləri böyük proletar rəhbəri Leninə ithaf olunanda da (düzünü deyək ki, Lenin erası bitdi, lakin əxlaqi baxımdan nəticəni dünya gözləyir) qiymətliydi. Bəşər cəmiyyəti yaranandan haqq nahaqla, ədalətli ədalətsizlə döyüşüb. Maraqlı odur ki, haqsızın bayrağı haqlının bayrağından üstün olur. Azərbaycan ədəbiyyatında Rəsul Rza fenomeni 30 il haqsız bayrağını haqlıdan yuxarı buraxmıyıb. Əlbəttə, bu qələbə ədəbi mühit üçün idi.

Kim istəyər ki, yaxşısına yaman desinlər? Rəsul Rza ömrü boyu yaxşısına yaman deməyin əleyhinə olub.

Biz bu gün böyük Azərbaycan şairi, XX əsrin II yarısında böyük söz sahibi Rəsul Rzanın ədəbi publisistikası haqqında kiçik bir fikir, kiçik bir söz demək istəyirik.

Rəsul Rzanın poeziyası bir dəryadır, bu dərya haqqında damla-damla olsa da, gələcəkdə nələrisə deyəcəyik. Lakin Rəsul Rza yaradıcılığında onun publisistikası, ədəbi etüdləri, ədəbi portretləri bir mərhələdir. Məqsədimiz məhz bu yazıda Rəsul Rzanın publisistikası haqqında nəsə deməkdir.

İndiyə qədərki qənaətimə görə, şairlərin nəsr və publisistikası yazıçıların nəsr və publisistikasından daha oxunaqlı və rəvan olur. Rəsul Rza publisistikası da bu qəbildəndir. Onun duyğularının izi ilə getdikcə bir daha bunun şahidi oluruq. Rəsul Rza yaradıcılığının elə məqamları var ki, onun şeir dili, publisistikası ilə elə çulğalaşır ki, onları bir-birindən ayırmaq olmur. O yazırdı: "Deyilənə görə mən 1910-cu il mayın 19-da anadan olmuşam. Deyilənə görə deyirəm, çünki bu tarix düzgün olmaya bilər. Anadan olduğum ili və günü babam əl yazması ilə Quranın səhifələrindən birində qeyd edibmiş (Həmin dövrdə Quran səhifələrindən birində nəsə yazmağın özü çox mətləbdən xəbər verir.) Quran rəngli naxışla bəzədilmiş nadir bir nüsxə imiş. Babamı dəfn edən zaman (Mənim onda 3-4 yaşım olardı) Quran yoxa çıxıb. Ana babam qatı bir dindar idi. O savadlı imiş. O nəzmi, xüsusən dini mövzularda yazılmış nəzmi çox sevərmiş. Firdovsini, Sədini, Camini sevərmiş, Ömər Xəyyamı Allahsız hesab edərmiş".

Rəsul Rzanın əlimizdə olan "Duyğuların izi ilə" kitabında çox maraqlı bir dillə qarşılaşırıq. "Poeziya zəhmət və ilhamdır" adlı qeydlərində onun uşaqlıq illərindən xatirələr diqqətimizi çəkir. Qeydlərdə şair yazırdı:

Gənclik özü gedir,

Qocalıq özü gəlir

Nə onu saxlaya bildim,

Nə ondan qaça bildim.

Bu şeir onun müdrik çağlarında yazılsa da, gənclik, qocalıq, xəyanət və sadaqətlə bağlı ilkin təsəvvürlərini əks etdirir. Şübhəsiz, şairin özünün dediyi kimi ifadə etsək: "Biz dünənin hadisələrini bu günün ağlı və təfəkkürü ilə dəyərləndiririk. Hadisələrin dəyəri olduğu gündə dövrü əhəmiyyət daşıyır. Lakin zaman keçəndən sonra həqiqi qiymətini alır ki, bu da tarixi əhəmiyyət daşıyır". Həmin qeydlərdə Rəsul Rza öz ailəsi və doğmaları haqqında o qədər səmimi söhbət açır ki, onun yad və ya doğma haqqında danışığını ayırd etmək olmur. Başqa publisistik qeydlərini də oxuyandan sonra belə qənaətə gəldik ki, onun həm doğmaları, həm də ümumiyyətlə, Vətən övladları arasında "məsafə" o qədər də uzaq deyil. O, qüsurlu və qüsursuz, günahlı və günahsız, yaxşı və pis, etiraf və inkar, mərdlik və namərdlik və bir də sözün geniş mənasında doğmalıq və ögeylik kimi cəhətləri tanıyır və qiymətləndirir.

Bu gün o qədər qələm sahibləri var ki, doğulub böyüdüyü kənd-kəsəyi elə təqdim edir ki, guya onun kəndi Afinanın, Romanın, Misirin, Mesopotamiyanın yaşıdıdır. Əslində isə obasının, elinin yüz il əvvəlki tarixini bilmir. Belələrinə Rəsul Rza qeydləri bir ibrət güzgüsüdür.

Rəsul Rza yazırdı: "Mənim anadan olduğum Göyçay şəhəri Azərbaycanın ən cavan şəhərlərindən birisidir, onun cəmisi 100-120 yaşı olar. "Məsələ Göyçayın cavan və ya qoca olmağında deyil. Məsələ bu xatirələri yazan 60-70 yaşlı sadəlöhv, sadəlöhv olduğu qədər də hiylə və məkrdən uzaq, uşaq və körpə təbiətli böyük Rəsul Rzanın faktlara qərəzsiz yanaşmasındadır. O heç vaxt mövqeyindən sui-istfadə etməmişdir.

Böyük şair uşaqlıq illərindən də bir uşaq sadəlövlüyü ilə danışır. Öz nəsil və şəcərələri ilə bağlı xatirələri çox maraqlıdır. Babası, atası və anası haqqında özünün gənclik illəri, erkən ailə həyatı, övladları ilə bağlı xatirə-ricətləri nə qədər şirin və oxunaqlıdır. "Bizim ulu babamız Məmmədxan bu kənddə xırda feodallardan biri olub. Rəvayətlərə görə, o hökmranlıq sevən, öz doğma ailəsinə qarşı belə amansız imiş (yaradıclığının ilk illərində "Dilarə" adlı bir hekayə yazaraq, orada bu zalım ulu babasının obrazını verməyə çalışmışdır).

Daha sonra o yazır: "Atam Mirzə İbrahim kənd mirzəsi idi. Mirzə ləqəbi də elə buradan gəlir. Atam vaxtı ilə məşhur olmuş Məmmədxanovlar nəslindən idi. Onun uşaqlıq illəri çox ağır şəraitdə keçib. Hələ çox gənc yaşlarında ikən anasız qalmış, ögey ananın bəd xasiyyəti ucundan atam iki qardaşı ilə birlikdə öz doğma evlərindən çıxıb getməyə məcbur olmuş, müstəqil zəhmət həyatına başlamışdır. Gənc İbrahim gündüzlər oxuyarmış, axşamlar su daşıyar, yük daşıyar, daha sonralar, savad kəsb etdikdə, özü və kiçik qardaşı üçün gündəlik çörək pulunu həmyerliləri üçün məktub və ərizə yazmaqla qazanarmış.

Atam beş illik təhsil aldıqdan sonra Göyçay şəhərində qəza naçalnikinin dəftərxanasında tərcüməçi və dilmanc sifəti ilə işləmişdir. O öz zəmanəsinin mütərəqqi görüşlü bir adamı olub. Azərbaycanda öz qızını dünyəvi məktəbə qoymuş ilk adamlardan biri olmuşdur. Mənim bacılarım çadrasız gəzirdilər. Bu "qəbahət" üçün Göyçayın mürtəce adamları bizim ailəmizə dinindən dönmüş, bəhayi ləqəbi vermişdilər. Evimizə qəzet və jurnallar gəlirdi. "Molla Nəsrəddin" və rus dilində nəşr olunan "Neva" və "Probujdeniye"ni alırdıq.

Atam 1915-ci ildə vəfat edib. Onun surəti xatirimdə gah dumanlı, gah yaxın, doğma, gah da uzaq və yad bir sima kimi qalmışdır. Deyirlər ki, onun da gözləri mənimki kimi açıq ala imiş".

Atasının sağ vaxtlarını ağır niskillə xatırlayan Rəsul Rza anasını daha artıq bir həsrətlə xatırlayır və özünün poeziya ilə bağlılığına görə ona borclu olduğunu yazır. "Atam sağ olanda ailəmiz firəvan dolanırdı. Məsələ yalnız maddi cəhətdən təmin olunmaqda deyil (şair bu itkini bütün ömrü boyu unutmur)". O zaman üçün çox nadir olan bir cəhət bu idi ki, atamız bizim bədii tərbiyəmizin qeydinə qalırdı. Evimizdə çox zaman söhbət ədəbiyyatdan gedirdi, xüsusilə poeziyadan. Anam Məryəmin şairlik təbi var idi. Onun bu vaxta qədər qalmış üç şerindən bunu görmək mümkündür. Anam oxumaq bilmirdi. O şeirlərini atama deyər, atam yazardı. Anamın şeirləri qadınları maarifə, mədəniyyətə çağırardı. Anam Füzulini, Natəvanı və Sabiri çox oxuyardı. Yadımdadır, axşam çağları anam bizə, mənə və dörd bacıma qəmli şeirlər oxuyardı.

- Bunlar kimin şeirləridir? - deyə soruşardım.

- Nənənizin uzaq qohumu və həmyerlisi Xan qızı Natəvanın", - deyərdi.

Rəsul Rza poeziyasında da, publisistika və məruzələrində, müsahibə və münasibətlərində də xəlqidir. Heç vaxt xalq təəssübkeşliyindən ayrılmayıb. Hər bir sətrindən xalq havasi, xalq müdrikliyinin ətri gəlir. İstər həmdövrlərindən, istərsə də klassiklərdən yazsın, yazdıqlarının hər sətri bir örnək, bir ibrət dərsidir. Biz Rəsul Rza publisistikasında həmsöhbətlərinin ədəbi portretlərinin bir rəssam dəqiqliyi ilə təsvirini görürük. Rəsul Rza publisistikasına dərindən bələd olan hər kəs onun klassiklərə, xüsusən İ.Nəsimiyə, M.F.Axundova, M.Ə.Sabirə (Burada bir məqamı oxucuların diqqətinə çatdırmağı lazım bilirik ki, həm Nəsimi, həm Axundov, həm də Sabir heyrətamiz dərəcədə dilinə, xalqına və dövrün idarəetmə üsuluna qarşı həssas idi) qarşı böyük sevgisinin, diqqətinin, həm də onlarla qürurunun və onlara vurğunluğunun şahidi olarlar (Bu barədə sonralar daha ətraflı danışacağıq).

Böyük şair məşəqqətli gənclik illərindən, maddi çətinliklərindən, ilk qələm dostlarından, həm də bu dostları nakam Abdulla Faruğun vasitəsilə qazandığını necə həssaslıqla yaddaşından qoparıb kağıza köçürməsindən riqqətlə danışır ki, həmin yazılar bu gün Azərbaycan ədəbi publisistikasının ən qiymətli nümunələri sırasındadır.

Mən bu qənaəti çox əminliklə qeyd edirəm. Belə ki, Rəsul Rza publisistikası bu gün dil-ağızda dolaşan Rəsul Rza və Səməd Vurğun, Rəsul Rza və Cəfər Cabbarlı, Rəsul Rza və Süleyman Rüstəm, Rəsul Rza və Mikayıl Müşfiq kimi həmdövrlərinin:-zamanında ünsiyyət və münasibətlərinə işıq salır, bir çox oxucu qaranlıqlarına aydınlıq gətirir. Hətta şairə Nigar Rəfibəyli ilə erkən tanışlıqları ilə bağlı inanılmaz həqiqətləri də biz böyük şairin "Poeziya zəhmət və ilhamdır" adlı publisistik qeydlərindən oxuyuruq: "1931-ci ildə şairə Nigar Rəfibəyli ilə tanış oldum. O zamanlar səhvən özgənin şeirini onun adına çıxıb, tənqidçilər ona şiddətli atəş açmışdılar. Həm də tənqidi ədəbiyyata dəxli olmayan ayrı-ayrı rütbə sahibləri xeyli qızışdırırdılar. Həqiqət sonra aşkara çıxdı. Gənc şairə özünü ləyaqətlə aparırdı. Bu tənqidi məqalələrin birisinin altında başqa yoldaşlarla bərabər mənim də imzam var idi. Ona görə də bu barədə yazmağı lazım bildim. Qəribə görünsə də bu hadisə bizi yaxınlaşdırdı. Məlum oldu ki, Nigarla mənim həyata və ədəbiyyata olan münasibətlərimizdə ümumi nöqtələr çoxdur. Bilmirəm mən ona necə təsir bağışladım, ancaq o mənim çox xoşuma gəldi".

Iki böyük qəlb, iki böyük istedad, bütün maneələri aşaraq psixoloji baxımdan dəyərləndirsək, birləşdi, vahidləşdi. Bu mövzunu davam etdirən Rəsul Rza yazır: "... Çox zaman mübahisələrimiz amansız olur, çox vaxt küsüşür, ayrılırdıq, axırda isə əlbəttə, barışırdıq. Deyirlər ki, insan münasibətləri sapa bənzəyir, bu sap qırıldıqca təzədən düyünlənir və insanlar bir-birinə daha yaxın olurlar. Bizim münasibətimiz get-gedə yaxınlaşır, lakin düyünsüz olurdu.

1937-ci ildə fevralın 11-də evləndik. Biz indi də mübahisələr edir, yazdığımız şeirləri, oxuduğumuz kitabları təhlil və müzakirə edirik. Ağıllı, qayğıkeş, mərd bir qadın olan şairə ilə evləndiyim üçün xoşbəxtəm. İndi mənim ən səmimi və ən amansız tənqidçim öz evimdədi".

Hələ bundan əvvəl uşaqlıq, gənclik illərində başına gələn min bəlanı xatırlatmıram. Bunu gələcək şeirlərində deyəcək şair Rəsul Rza qəlbindən gələnləri şübhəsiz özü ilə məzara aparmadı. Dedi. Amma dedi ha...

Qəribədir, bir çox hissləri insanlar eyni cür yaşayır. Mən də ilk əsərim çap olunanda anlaşılmaz hisslər yaşamışam. Baxın, Rəsula Rza həmin anı necə təsvir edir: "İlk şeir kitabımın verdiyi sevinci ifadə etmək çətindir. Belə sevinci mən ikinci dəfə ilk uşağım, oğlum Anar dünyaya gələndə duydum. Dünən mən sadəcə insan idim. Bu gün isə ata olmuşdum. Küçələri gəzirdim. Mənə elə gəlidi ki, bu gün 1938-ci il mart ayının 14-də mənim ata olduğumu hamı bilir.

Mətbəədən "Yenisey" kitabımın ilk nüsxəsini götürdüyüm zaman belə bir hiss yaşayırdım. Doğrusun deyim ki, bir dəfə mən bu hissi yaşamışdım. 1927-ci ildə Tiflisdə "Qığılcım "adlı ədəbi almanaxda ilk şeirimi gördüyüm zamanda da belə həyəcan keçirmişəm".

Böyük şair övlad sevinci ilə ilk şeir çapının sevincini eyniləşdirir. Qəribədir. Dünya binnət olandan övlad sevinci bütün sevincləri üstələyib. Lakin ilk çap sevinci yaradıcı adam üçün övlad sevinci ilə eyniləşdirilir. Günlər, aylar, hətta illər keçir, həmin çapın arxasında (öz "Sizsiz"i ilə) ilk övlad dayanır. Görünür, bu da bir insanlıq nümunəsidir.

Mən oxuculara bir məsələni xatırlatmaq istəyirəm ki, yazıçı Anar maksimum dərəcədə öz valideynlərinə "himayədarlıq etmədiyini nümayiş" etdirir.

Oxucuların diqqətinə onu da çatdırım ki, Rəsul Rza yaradıcılığından bir qırmızı xətlə keçən İ.Nəsimi, M.F.Axundov, M.Ə.Sabir yaradıcılığı ilə bağlı yuxarıda qeyd etdiyimiz kimi ayrıca bəhs edəcəyik. Lakin burada yeri gəlmişkən Rəsul Rzanın bir fikrini vermək yerinə düşər: "1941-ci ilin iyun ayı. Azərbaycanın qədim şəhəri Şamaxı. Nəsil-nəsil gözəl şairlər, alimlər, memarlar, musiqiçilər, sərkərdələr yetişdirmiş torpaq. Biz bir qrup şair buraya, Lermontovun ölümünün 100 illiyinə həsr edilmiş təntənəli ədəbi gecə keçirməyə gəlmişdik..."

Zənnimizcə bu həm də böyük bir ədəbi müsamirə imiş.

Bu da Rəsul Rza publisistikasından bir yarpaq...

 

Ardı var...

Fariz Çobanoğlu

Ədalət.-2013.-1 noyabr.-S.5.