XAÇMAZDA
ƏDƏBİ HƏYAT
("Bölgələrdə
ədəbiyyat" silsiləsindən)
ƏDƏBİ
HƏYAT
Yurdumuzun gözəl guşələrindən biri də Xaçmazdır. Samur-Dəvəçi ovalığında yerləşən, Xəzər dəniziylə əhatə olunan, Dağıstanla sərhəddə yerləşən, gözəl təbiəti və elə bu təbiət qədər gözəl insanları ilə tanınan Xaçmazda son illər ədəbi həyat da gurlaşmağa başlayıb. Bunun əyani sübutu: keçən il rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevin dəstəyilə Xaçmaz ədəbi mühitiini əks etdirən "Duyğu yarpaqları" kitabı nəşr olunub.
Mənim Xaçmazdan olan dostlarımın sayı çox deyil. Əslən xaçmazlı olan Firuzə Məmmədlini bir şair kimi həmişə izləmiş, şeirləri barədə biri neçə məqalə yazmışam. "Azərbaycan poeziyasının Firuzəsi" adlandırdığım bu gözəl şairənin iki il öncə Xaçmazda yubileyi də keçirildi və mərasimdə mən də iştirak edirdim. Hiss elədim ki, xaçmazlılar müasir poeziyamızın istedadlı bir nümayəndəsi olan Firuzə xanımla fəxr edirlər. Bənzərsiz şairdir Firuzə xanım.
Qubada gözəl şair, dostum Ramiz Qumarçaylının təşkil etdiyi "Ay işığı" ədəbi məclisinin tədbirlərində də vaxtaşırı iştirak etmişəm və Xaçmazdan olan şairlərin şeirlərini dinləmişəm.
Mən keçən əsrin 60-80-ci illərində Xaçmazda ədəbi mühitin yaranmasında, formalaşmasında xüsusi rolu olan, əyalətdə yaşasa da respublikada tanınan bir şairi-Murad Qudyalçaylını da (1939-1995) burada yad etmək istəyirəm. Şəxsən onunla heç bir tanışlığım olmayıb, amma bilirəm ki, M.Qudyalçaylının altı şeir kitabı işıq üzü görüb.
Xaçmazda, rayon qəzeti redaksiyasında "Ulduzlar" ədəbi məclisi fəaliyyət göstərir. Onun təşəbbüsçüsü Murad Qudyalçaylı olub. Onun vəfatından sonra bir müddət susqunluq oldu, amma ədəbi məclis "Xaçmaz" qəzetinin redaktoru İlham Cəfərovun sədrliyi ilə yoluna davam etdi. İndi isə məclisə şair Fərzalı Ziyanur (Həsənov) rəhbərlik edir. Ayda bir dəfəsi, iki dəfəmi Xaçmaz yazarları yığışırlar redaksiyaya, bədii yazılarını oxuyur, bir-birilərinin yazılarına münasibət bildirirlər. Yaxşı ki, məclisin fəaliyyəti səmərəsiz qalmır. "Duyğu yarpaqları" ədəbi almanaxının birincisi artıq nəşr olunub. İndi ikincisi çapa hazırlanır.
"Duyğu yarpaqları" almanaxından öncə Xaçmaz yazarlarının şeirləri ilə "Ay işığı-15 il" toplusunda tanış olmuşdum. Burada Məmməd Qədirin, Pənah Elqəmin, Telman Təravətin, Sabir Nemətovun və Səyyad Sərrafın şeirləri öz poetik təravəti ilə seçilirdi. Bu şairlərin hər biri özünəməxsus olmağa, seçilməyə, fərqlənməyə can atır və şeiriyyət aləmində məqsəd də elə bu olmalıdır. Əgər sən özünəməxsussansa, deməli, şairsən...
Söhbətə Məmməd Qədirin şeirlərindən başlamaq istəyirəm. Onun qoşma və gəraylıları öz mükəmməlliyi ilə diqqəti cəlb edir. Bu şairin poetik düşüncə tərzi, hər hansı hadisəyə münasibəti başqalarından seçilir. Hiss olunur ki, o, sözləri, ifadələri poeziya səmtinə, axarına yönəldə bilir. İstənilən mövzuda təzə söz demək, həm də bu sözü şair kimi demək... Məmməd Qədirin hünəri bundadır. Ürəyə aid yüzlərlə şeir yazılıb, amma Məmməd Qədirin "Ürəyim" şeiri təzədir. Şeirdə eşq ucundan əzablara məhkum olan, dağılan, qırılan, sındırılan bir ürəkdən söhbət gedir:
Sən eşitmək istəmədin,
Bircə anlıq ürəyimi.
Kəsdim ayağın altında,
Bu qurbanlıq ürəyimi.
Şəhid oldum gözlərinlə,
Könül çox da sızlar, inlər.
Soyutdun buz əllərinlə,
İsti, ilıq ürəyimi.
Sənin könlün kiçik çilə,
Bir könül sərt olmaz belə,
Tutub könlündən sahilə,
Atdın balıq ürəyimi.
Məmməd Qədirin şeirlərində fikir yükü var. Amma şeirin ifadəsi, şairin öz fikrini necə ifadə etməsi də vacib şərtdir və deyərdim ki, onun ən yaxşı şeiri fikirlə hissin, forma ilə məzmunun vəhdətindən yaranır. Məsələn, onun "Ağacları", "Gilas ağacı", "Ağ-qara məni", "Gözlərin nağılı", "Və ilaxır" şeirləri beləcə yaranıb. M.Qədirin obraz yaratmaq, simvolikaya, rəmzə meyli təqdirəlayiqdir, "Gözlərin nağılı"nda GÖZ OBRAZI bir poetik tapıntı kimi diqqəti cəlb edir: İki şəhid oğlunu bir gündə dəfn edib, bir gilə göz yaşı tökməyən ata təsəvvür edirsinizmi? İnanmaq çətindir. Amma Məmməd Qədir əsrin bu faciəsinə bizi inandıra bilir:
Hər gözü bir oğluna,
Qurban vermişdi
ata.
Gözlər də şəhid
kimi,
Qoyulmuşdu tabuta.
Gözlərin haqqı yoxdu,
Bu dünyada qalmağa.
Gedirdi oğulların,
Üstündə göz olmağa.
Tabutlara
söykənib,
Yeriyirdi o qoca.
Dərdbədərd, tabut-tabut,
Yeyilirdi o qoca.
Bu dərd pilləkənini,
Addım-addım qalxırdı.
Hər gözünün yerindən,
Bir damla yaş baxırdı.
Bax, əsl
şeir buna deyərlər və Məmməd Qədirin ixtiyarı yoxdu bu gözəl şeiri olan yerdə ondan zəifini yazsın, gərək əlinə hər dəfə qələm götürəndə
bu şeirə baxsın.
"Ay işığı" ədəbi
məclisinin bir yığıncağında Xaçmazdan
olan Telman Gülər Təravət
mənə "Şair
doğulmuşam" adlı
şeirlər kitabını
hədiyyə verdi və Qubadan Bakıya qayıdanda, yolboyu o kitabdakı şeirləri
oxudum. İçində ortababları, hətta
yaxşıları ilə
müqayisədə bir
qədər zəifləri
də gözə dəyən, amma ümumilikdə Telman Təravətin təbii bir şair olduğuna
qətiyyən şübhə
yaratmayan bu şeirlər müxtəlif
əhval-ruhiyyənin, ovqatın
məhsuludur. "Mən səni sevmirəm, sevmirəm daha" - gözəl etiraf şeiridir. Amma "Sənə qurban" şeirini bəyənmədim,
köhnəlmiş təsvir
vasitələri ilə
təzə sevgi şeiri yazmaq olmaz. Şeirlə publisistikanı qarışdırmaq
olmaz - Telmanın
"Yoxdu sakitliyim, yoxdu dincliyim, xalqın dincliyiçün
keşikdəyəm mən.
Vətən torpağında, xalqın içində həmişə qanuni keşikdəyəm mən"
-bu şeir deyil, elə bil məqalədən götürülən bir
parçadır. Amma
Telmanın "Vətən...
Vətən" şeiri ənənəvi
mövzuda yazılsa da, şablondan uzaqdır.
Mən sənə nə verdim, Vətən,
Nə verdin, sən verdin, Vətən.
Lalə
sevgisi ilə -
Ürəyimdə güllənib bitən,
Vətən, Vətən, ay Vətən.
Ramiz Qusarçaylı
Telmanın kitabına
yazdığı ön
sözdə onun şeirlərinin özünəməxsusluğundan
söz açır, xeyli misallar da gətirir. Bu misallardan
biri ilə tam şərikəm:
Mən beləyəm bu dünyada,
Sevinc əkib
qəm dərirəm.
Özüm gözə görünmürəm,
Ürəyimi göndərirəm.
Aqşin Dadaşoğlunun şeirləri
barədə də xoş sözlər söyləmək olar. O da şeirdə fikri obrazlı ifadə etməyə, həm də sözü bir neçə leksik mənada işlətməklə ("söz
oyunu" deyirlər buna) yeni bir
poetik hava yaradır. Bu tipli
şeirlər bizim istedadlı şairimiz
Salam Sarvanın söz
oyunu üzərində
qurulan şeirlərini
xatırlatdı. Buyurun,
bir nümunə:
Şeytanla oyun oynadım,
Mən Adəm
çəkəni çəkdim.
Qırx
yaşına çatanadək,
Yüz yaşın
yükünü çəkdim.
Bir sevinc var hər
sonucda,
Öləcəkmiş tox da, ac da.
Fikrim hərləndi mervcda,
Tanrının şəklini çəkdim.
O yar nahaq atdı
məni,
Arzular aldatdı
məni.
Dərdlər kefə saldı
məni,
Mən dərdin
kefini çəkdim.
"Duyğu yarpaqları"
və "Ay işığı-15 il" almanaxlarında əslən Dərələyəzli
olan, amma bir şair kimi
Xaçmaz ədəbi
mühitində yetişən
Səyyad sərrafın
da şeirləri maraq doğurur. Səyyadın şeirlərində aşıq
poeziyasının təsiri
çox aydın duyulur. Xalqdan gələn zərif
yumor hissi, deyim tərzi onun şeirlərinə yaxşı mənada bir rəng qatır.
Gördüm çətin zamandı,
Çəkdim dərdi uzandı.
Ölən rəhmət qazandı,
Diri qalana hayıf.
Çiynimdə ən ağır yük,
Endim eniş, qalxdım dik.
Sərraf kimi bir sümük,
...dəri qalana hayıf.
"Duyğu yarpaqları" almanaxında müxtəlif nəsillər əhatə olunub. Fərzalı Ziyanur ("Ulduzlar" ədəbi məclisinin sədri) mənsur şeirləri ilə diqqəti cəlb edirsə, Mehrəli Quliyevin kiçik təmsilləri və lirik şeirləri, Sabir Nemətovun və Böyükağa Ağayevin yumorlu-satiralı şeirləri, Mövlan Şahidin və Rəfael Agahın qəzəlləri, Nəcimə Xıdırovanın lirik mənzumələri,...bunların hər biri haqqında söz demək olar. Cavanlar da bu mikro ədəbi mühitdə seçilməyə can atırlar: Rəcəb Axundov, Ülkər Həsənova hələ ilk addımlarını atırlar. Onlara uğurlar diləyək. Hərəsindən bir nümunə verilən Qərib Aşkarini, aybəniz Ələsgərlini, Aygün Məsimovanı, Surxay Şahini, Musa Vahidi, İradə Xəyalı, Çimnaz Fərmanqızını, Şahnəzər Ələsgərovu və b. gələcək toplularda dolğun görmək istərdik.
Xaçmaz Azərbaycanın təbii gözəllikləri ilə seçilən bir məkanıdır. Xaçmaz yazarlarının şeirlərində XAÇMAZ OBRAZINI görmək istərdik. Mədh və tərənnüm şeirləri yox, onun təbiətini poeziya dililə təsvir edən şeirlər istərdik.
Bu günün, real həyatın, gerçəkliyin mənəvi-psixoloji mənzərəsini də Xaçmaz yazarları öz əsərlərində yüksək sənət dililə əks etdirməlidirlər.
Mümkün qədər şablon, standart ifadə üsulundan, deyilmişlərdən, yazılmışlardan, çeynənmişlərdən qaçmalıdırlar. Poeziya təzəliyi sevir.
Növbəti almanaxlarda zahiri genişliyi yox, yığcamlığı meyar götürün. Çoxlu müəllifin əvəzinə
uzaqbaşı on müəllif olsun, həm də yaxşıları olsun. Hər müəllifin də bir-iki yox, on-on beş
şeirini vermək olar.
"Ulduzlar" ədəbi məclisinin sədri almanaxa yazdığı Ön sözün sonunda deyir: "İnanıram ki, vaxt gələcək Xaçmazdakı "Ulduzlar"
ədəbi məclisinin
üzvləri sırasından
Azərbaycan ədəbiyyatında
öz dəst-xətti
olan istedadlı şair və yazıçılar yetişəcəkdir".
Biz də inanırıq. Təki
belə olsun"
"Ulduzlar"dan ulduzlar
parlasın!
Vaqif YUSİFLİ
Ədalət.-2013.-2 noyabr.-S.12.