KAŞ AYRILIQ OLMAYAYDI

 

Könlüm istər gələ yarım,

Şirin-şirin gülə yarım.

Kaş dərdimi bilə yarım,

Kaş ayrılıq olmayaydı.

 

Dolu döydü bizim bağı,

Bu dərd olub cana yağı.

Gəldi ömrün qürub çağı,

Kaş ayrılıq olmayaydı.

 

Hey axtarır səni gözüm,

Ocağımda sönüb közüm.

Ayrılığa necə dözüm?

Kaş ayrılıq olmayaydı.

 

Neylim, fələk çox namərddi,

Vahid sənə kim həmdəddi?

Tənha qalmaq ağır dərddi,

Kaş ayrılıq olmayaydı.

 

 

OLDU

 

Göz yaşlarım səpələndi,

Dəniz oldu, ləpələndi.

Şaxta düşdü, qar ələndi,

Ömür bağım talan oldu.

 

Boyunbüküb tək qalmazdım,

Ürəyimə xal salmazdım.

Mən yarımdan ayrılmazdım,

Köç təbili çalan oldu.

 

Üstümüzə əsdi külək,

Çətin bir də deyib-gülək.

İnsafsızdır zalım fələk,

Yarı məndən alan oldu.

 

Ay sevgilim, uyu rahat,

Ruh əbədi, can amanat.

Eh, bu gündən sənsiz həyat,

Nağıl oldu, yalan oldu.

 

Gözlərimdən yuxu itmiş,

Vahid, daha ömür bitmiş.

Kimlər gəlmiş, kimlər getmiş,

Dünya kimə qalan oldu.

 

 

BU DÜNYA

 

Biz gedərik, yenə qalan dünyadı,

Gah boşalıb, gah da dolan dünyadı.

Yaranandan canlar alan dünyadı,

Vahid, göz yaşına dəyməz bu dünya.

 

Dəniz kimi çağlamağın bəsdi, bəs,

Ürəyini dağlamağın bəsdi, bəs.

Gecə-gündüz ağlamağın bəsdi, bəs,

Vahid, göz yaşına dəyməz bu dünya.

 

Bilirsən ki, bir hökmü var hər anın,

Kim dərdlidi? vecinə dünyanın.

Az ağlayın, az sızlayın, az yanın,

Vahid, göz yaşına dəyməz bu dünya.

 

Kimin nəyi varsa əlindən alar,

Ürəyə xal salar, cana od salar.

Biz köçüb gedərik yerində qalar,

Vahid, göz yaşına dəyməz bu dünya.

 

İnsanı yaşadan eşqdi, həvəsdi,

Bu soyuq küləklər hardan əsdi?

Bəsdi, boynubükük qaldığın, bəsdi

Vahid, göz yaşına dəyməz bu dünya.

 

YOXLUĞUNA İNANMIRAM

 

Dərya könlüm bulansa da,

Canım oda qalansa da,

Ömrüm-günüm talansa da,

Yoxluğuna inanmıram.

Sənsizliyə necə dözüm?

Alışarmı sönən közüm?

Dərd ağırdı canım-gözüm,

Yoxluğuna inanmıram.

 

Bax ürəyim para-para,

çəkilmişəm sanki dara,

Məni qoyub getdin hara,

Yoxluğuna inanmıram.

 

Ürəyimə dərd əksəm ,

Gözlərimdən yaş töksəm ,

Məzarına baş çəksəm ,

Yoxluğuna inanmıram.

 

Necə çəkim bu dağı mən?

Qucaqladım torpağı mən.

Tək qoysan da Vahidi sən,

Yoxluğuna inanmıram.

 

 

HAQQIN DƏRGAHINDA

 

Gün kimi çıxaraq Ay kimi batdın,

Yumdun gözlərini əbədi yatdın.

Sən haqqı sevirdin, sən haqqa çatdın,

Haqqın dərgahında yernə qurban.

 

Tanrı öz yanına apardı səni,

Mənim əllərimdən qopardı səni.

Daha gözü yaşlı qoymusan məni,

Haqqın dərgahında yerinə qurban.

 

Durub gedəmmirəm sənsiz bir yana,

Bir dərdli görmədim mənim tək yana.

Dörd övlad böyüdən ey gözəl anna,

Haqqın dərgahında yerinə qurban.

 

De, sənə çatarmı Vahidin səsi?

Sənsiz yaşamağa yoxdu həvəsim.

Ey böyük Allahın əziz bəndəsi,

Haqqın dərgahında yerinə qurban.

 

Vahid ƏLİOĞLU

Ədalət.-2013.-5 noyabr.-S.6.