Birinci Bakı Beynəlxalq Memarlıq
mükafatı müsabiqəsi başa
çatdı
Xəbər verdiyimiz
kimi, Azərbaycan Respublikası Mədəniyyət
və Turizm Nazirliyinin,
Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı,
Beynəlxalq Memarlar İttifaqının dəstəyi
ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan
olmasının 90 illik yubileyinə həsr
edilmiş Birinci
Bakı Beynəlxalq Memarlıq mükafatı müsabiqəsi
keçirilmişdir.
Noyabrın
3-də "Four Seasons" hotelində müsabiqənin qaliblərinin
mükafatlandırılması mərasimi təşkil
edilmişdir.
AzərTAc
xəbər verir ki, mərasimdə mədəniyyət və
turizm naziri Əbülfəs Qarayev beynəlxalq müsabiqənin
əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, müstəqil
Azərbaycanda şəhərsalmanın əsasını qoymuş ümummilli lider Heydər Əliyevin müdrik
siyasəti nəticəsində ölkəmizdə memarlıq
və şəhərsalma sahəsində böyük
nailiyyətlər əldə olunmuşdur.
Bu gün də
memarlığın inkişaf etdirilməsi
Azərbaycan Prezidenti İlham
Əliyevin önəm verdiyi məsələlərdən
biridir.
Nazir
demişdir ki, Mədəniyyət və Turizm Nazirliyi və
Memarlar İttifaqı memarlıq sahəsində
qazanılmış uğurları əsas tutaraq Beynəlxalq
Memarlar İttifaqının dəstəyi ilə Birinci
Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin keçirilməsi
təşəbbüsü ilə çıxış
etmişdir. Uğurla təşkil edilmiş müsabiqənin iki
ildən bir keçirilməsi qərara
alınmışdır.
Əbülfəs
Qarayev bildirmişdir ki, Birinci Bakı Beynəlxalq Memarlıq
Müsabiqəsinin məqsədi memarlığın
inkişafı üçün yeni ideyaların aşkara
çıxarılması, bina və tikililərin layihələndirilməsində
daha mənalı şəhərsalma, kompozisiya, həcm-məkan
həllinin axtarışı, Beynəlxalq Memarlar
İttifaqının və Azərbaycan Memarlar
İttifaqının yardımı ilə onların gələcəkdə
həyata keçirilməsi üçün ideya və layihələrin
maksimal müxtəlifliyinə nail olunmasıdır.
Müsabiqənin
münsiflər heyətinin sədri, Beynəlxalq Memarlar
İttifaqının baş katibi Mişel Barmaki
çıxışında Azərbaycanın sürətlə
inkişaf etdiyini, Bakıda nadir və gözəl memarlıq
nümunələrinin olduğunu diqqətə
çatdırmışdır. Bildirmişdir
ki, beynəlxalq müsabiqə
qarşısına qoyduğu məqsədə
nail olmuşdur. Bu nailiyyət Azərbaycanın Mədəniyyət
və Turizm Nazirliyi, Memarlar İttifaqı və Beynəlxalq Memarlar İttifaqı arasındakı sıx əməkdaşlıq
nəticəsində baş tutmuşdur.
Azərbaycan
Memarlar İttifaqı İdarə Heyətinin sədri,
münsiflər heyətinin üzvü Elbəy Qasımzadə rəhbərlik
etdiyi qurum adından mədəniyyət və turizm naziri
Əbülfəs Qarayevə və Beynəlxalq Memarlar
İttifaqının baş katibi Mişel Barmakiyə
mükafat təqdim etmişdir.
Birinci
Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi "İctimai
binaların memarlığı sahəsində həyata
keçirilmiş ən yaxşı layihə",
"Yaşayış binalarının memarlığı sahəsində
həyata keçirilmiş ən yaxşı layihə",
"Həyata keçirilmiş ən yaxşı
interyer", "Həyata keçirilməmiş ən
yaxşı layihə", "Landşaft memarlığı
sahəsində həyata keçirilmiş ən yaxşı
layihə", "Binaların bərpası və yenidən
qurulması sahəsində həyata keçirilmiş ən
yaxşı layihə", "Memarlıq sahəsində ən
yaxşı nəşr" nominasiyaları üzrə
keçirilmişdir.
Müsabiqənin mükafat fondu 52 min 500 manatdır. Birinci yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom və 4000 manat dəyərində pul mükafatı, ikinci yerin sahibinə müvafiq nominasiyaya uyğun diplom və 2500 manat dəyərində pul mükafatı, üçüncü
yerin qalibinə müvafiq nominasiyaya uyğun diplom və 1000 manat dəyərində pul mükafatı təqdim edilmişdir. Qaliblərə, həmçinin müsabiqənin rəmzi heykəlciyi və müsabiqəyə uyğun
diplom təqdim olunmuşdur.
Tədbir Azərbaycan incəsənət
ustalarının ifasında konsert
proqramı ilə davam etmişdir.
Ədalət.-2013.-5 noyabr.-S.8.