ÜZEYİR HACIBƏYLİ VƏ BU
GÜNÜMÜZ
Milli mədəniyyətimizin görkəmli nümayəndəsi, peşəkar musiqi sənətimizin banisi, dahi bəstəkar, tanınmış ziyalı Üzeyir Hacıbəylinin ədəbi-bədii irsi yeni nəslin təlim-tərbiyəsində indi də mühüm rol oynamaqdadır. Amalı, məqsədi öz xalqını qabaqcıl millətlər sırasında görmək olan Üzeyir bəy bütün şüurlu həyatını soydaşlarımızın təhsilinə, elmi biliklərə yiyələnməsinə, onların mədəni səviyyəcə yüksəlməsinə, insanların mənəvi-əxlaqi tərəqqsinə həsr etmişdir. Bir bəstəkar kimi ölməz əsərlər yaradan, xalqımıza "Leyli və Məcnun", "Əsli və Kərəm", "O olmasın, bu olsun", "Arşın mal alan", "Koroğlu" kimi sənət inciləri yadigar qoyub gedən Üzeyir Hacıbəyli həm də çox gözəl yazıçı, publisist kimi fəaliyyət göstərmişdir. Onun yazıb çap etdirdiyi məqalələrdə, felyetonlarda, resenziyalarda, satirik hekayələrdə xalqını, millətini dərin məhəbbətlə sevən bir insanın düşüncələri öz əksini tapmışdır.
Ən yaxşı, təqdir olunası cəhət Üzeyir bəyin fikrini ümumi sözlərlə söyləməkdən çox, məramını, məqsədini xarakterik detallarla, cizgilərlə, hadisə və rəvayətlərlə verməyə çalışmasındadır. Elə buna görə də onun publisistik əsərlərinin emosional təsir gücü çox böyükdür. Bu baxımdan onun 10 noyabr 1908-ci ildə "Tərəqqi" qəzetində çap olunan "Biz nə tövr iş görürük?" felyetonu çox xarakterikdir: "Qonşularımız siçan boyda iş görəndə biz yatmışdıq. Sonra onların işi böyüyüb keçi boyda olanda da biz yatmışdıq. Sonra onlar eşşək boyda iş görməyə üz qoydular, biz yenə yatmışdıq. Qonşularımızın eşşək boyda işi irəliləyib camış yekəlikdə oldu, amma biz yatmışdıq. Və camış dönüb dəvə olanda da biz yatmışdıq. Biz ancaq o vaxt oyandıq ki, qonşularımız fil boyda işlər görməyə başladılar.
Qərəz, gözümüzü ovxalayıb dedik ki, nə var, biz də o boyda işlər görə bilərik və başladıq fil boyda işlər görməyə. Axırı nə oldu? Axırı belə oldu: filin bir ayağını qayırmamış yoruluruq və durub qaçırıq. Sonra utanırıq, deyirik gəlin təzdən başlayaq. Ancaq burasını iqrar eləyirik ki, filə gücümüz çatmır. Deyirik ki, ondan balacasını qayıraq. Fildən balaca nədir? Əlbəttə, dəvə. Qərar qoyuruq ki, dəvə boyda qayıraq, başlayırıq. Amma yenə dəvənin ayağı tamam olmamış yorulub qaçırıq. Sonra yenə yığılırıq deyirik ki, dəvə iridir, ondan balacasını başlayaq. Ondan balaca nədir? Camışdır. Başlayırıq camış boyda işlər görməyə, lakin camışa da gücümüz çatmır. Aşağı enirik (halbuki qonşular fildən yuxarı çıxırlar). Deyirik ki, eşşək boyda işlər görək, amma eşşək də bizə güc eləyir. Tuturuq keçini. Görürük ki, keçiyə də tap gətirə bilmirik. Onda məsləhəti qoyuruq siçan üstünə. Amma onda da görürsən ki, içimizdən bir pişik çıxdı və siçanı yedi!g Biz belə iş görürük."
Bu felyotonda hər şey yerli-yerindədir, onun ideyası maraqlı, eləcə də düşündürücü bir tərzdə oxucuya çatdırılır. Əslində mahiyyəti rəvayətin alt qatına hopan bu yazının şərhinə o qədər də ehtiyac yoxdur. Ancaq təəssüf ki, indinin özündə belə bizim əksəriyyətimiz hələ də "xabi-qəflət" yuxusundan ayılmamışıq. Başımız növbənöv şoulara, çal-çağıra, meyxana, yeni ulduz yarışmalarına "sms" göndərməyə, səsindən, abır-həyasından başqa hər şeyi olan ucuz müğənnilərin ailə-məişət problemlərinə baxmağa elə qarışıb ki, kitab oxumağa, iş görmək cəhənnəm, heç olmasa papağımızı qabağımıza qoyub düşünməyə belə vaxtımız yoxdur. Bekarçılıqdan başı şoulara qarışan, ucuz ara mahnılarını, meyxanalarını dinləyən indiki bir para gənclərin "gündüzlər qoç döyüşdürüb, it boğuşdurub, gecələr fişəng atan" Üzeyir müasirlərindən fərqi nədir ki?!
O zaman Üzeyir Hacıbəylini narahat eləyən "millətin övladlarının kitab, qəzet oxumaması, teatr tamaşalarına getməməsi", "qəzetlərin oxucularının sayının az, özlərinin sayının çoxluğu", "dükançıların köhnə qəzetlərin içinə darçın, istiot, mixək büküb satmaları", "müsəlman məclislərində qeybətin ön planda olması, millətin taleyüklü əsas məsələlərinin həllinin isə həmişə sonraya saxlanılması", "ay batandan sonraya qalması", "camaatın bədbəxtliyinin pulpərəstlik, şöhrət qazanmaq, riyakarlıq"da olması kimi problemlər indi də öz aktuallığını saxlamaqdadır. Üzeyir bəyin tənqid hədəfləri təkcə avam, geridə qalmış, hər cür tərəqqiyə mane olmağa çalışan dindarlar deyil, həm də elm və biliyindən xalqa bir fayda yetməyən "intelligentlər"dir: "Müsəlman intelligentini tapdım. Bir az ordan-burdan danışdım və sonra dedim ki, sən allah, görürsənmi, axund buyurur ki, qəzet oxumaq haramdır. İntelligent güldü, dedi: Əlbəttə, axund elə deyər, amma mən qəzet oxumamış çay içə bilmərəm və vodkasız da abed eləyə bilmərəm. gMənə müsəlman qəzeti yaraşmır. gRuslar və rus arvadları əlimdə müsəlman qəzeti görsələr, çox ayıb olar" ("Qərəz, getdim")g
Üzeyir Hacıbəyli millətin savadlanması üçün məktəblərin açılmasına, qəzetlərin, kitabların nəşrinə xüsusi önəm verirdi. Ancaq savadsız müəllimlər, nə yazdıqlarından heç özlərinin də başı çıxmayan qələm adamları onun gözünün düşməni idi: "Yazıq qələm, yazıq oxucular, yazıq ədəbiyyat ki, tərbiyəsizlər əlinə düşübdür! Nifrət, nifrət olsun müqəddəs qələmi qərəzi-şəxsi edənlərə, nifrət!" ("Zənbur" jurnalı). Maarifpərvər ziyalımızı uşaqlarımızın məktəbdən yayınıb aşıq-aşıq oynamaları, müəllimlərin dərs zamanı boş-boş şeylərdən danışmaları, valideynlərin uşaqların tərbiyəsinə barmaqarası baxmaları, bir para adamların isə xalqı cəhalət içində saxlamağa qeyrət etmələri çox narahat edirdi. O xüsusi vurğulayırdı ki, müəllimlik çox çətin və məsuliyyətli bir vəzifədir, hər adam onun öhdəsindən gələ bilməz və hər adama müəllim deyib uşaqları ona tapşırmaq böyük xətadır. Tərbiyə işində cüzi səhlənkarlıq uşağın gələcəyini pozub evini yıxar ("Xəbərdarlıq"). Üzeyir bəy kitab nəşrinə böyük önəm versə də, kitabsızlığı böyük dərd hesab eləsə də qeyd etməyi unutmurdu ki, hər kitabı uşağın əlinə vermək olmaz.
Təəssüf ki, indi kim gəldi öz kitabını çap elətdirib yaymaq imkanına malikdir. Adi cümlə qurmağı belə bacarmayan səriştəsiz "qələm adamları"nın kitablarını uşaqlara oxutdurmaq, onların zövqünü korlamaq cinayətdir.
Başqa millətlərin tərəqqisi, bizimkilərin isə hələ də xabi-qəflətdə uyuması bütün maaarifpərvər ziyalılarımız kimi Üzeyir Hacıbəylini də daim düşünüb-daşınmağa, vəziyyətdən çıxış yolu axtarmağa sövq etmiş, onu qayğılandırmışdır. Onun fikrincə, əsl ziyalı millətin xeyrxahı olmalı, onun tərəqqisi üçün əlindən gələni əsirgəməməlidir. Millətin başına gələn bütün müsibət və bəlaların kökündə elmsizlik, savadsızlıq dayanır. Nəinki uşaqların, hətta böyüklərin də mənəvi kamilləşməsi üçün yorulmadan mübarizə aparmaq lazımdır. Müəllim əməyinə böyük qiymət verən Üzeyir bəy qeyd eləyirdi ki, yaxşı müəllimlərə mütləq yüksək məvacib vermək lazımdır ki, o necə dolanmaq haqqında yox, necə dərs keçmək, milləti savadsızlıqdan necə qurtarmaq haqqında düşünsün: "Dolanacaq üç qat baha olub, məvacib çatışmır, müəllim nə etsin: dərs versin, yoxsa dərd çəksin?" - Ürək ağrısı ilə də olsa qeyd etməliyik ki, Üzeyir bəyi narahat eləyən həmin problemlər bu gün də öz aktuallığını saxlamaqdadır.
(ardı var)
Ədalət.-2013.-5 noyabr.-S.6.