ÜZEYİR
HACIBƏYLİ VƏ BU GÜNÜMÜZ
(əvvəli
ötən sayımızda)
Üzeyir Hacıbəyli xalqımızı müdrik xalq hesab edir, zəngin folklor nümunələrimizi toplayıb öyrənməyə, ondan nəticə çıxarmağa, bəhrələnməyə xüsusi önəm verirdi. Onun məqalələrində "Bülbülümüzdə həvəs yox, qarğamızda səs", "Zər qədrini zərgər bilər", "Hürkütməsən saymaq olmaz", "Əli aşından da, Vəli aşından da olmaq", "At getdi, örkən apardı", "Uşağın üzünü it yalasa doyar", "İş ustadından qorxar, nəinki ustad işdən", "Yorğana görə ayağını uzat", "Dəli dostdan ağıllı düşmən yaxşıdır", "Soğan yeməmisən, için niyə göynəyir" və sair bu kimi ifadələrdən istifadə etməsi onun xalq dilini nə qədər mükəmməl bilməsindən xəbər verir.
Ü.Hacıbəyli "El musiqisi haqqında" ("Kommunist" qəzeti, 20 noyabr 1924) məqaləsində Anton Mailyan adlı bir bir cılız "bəstəkar"ın "Şah İsmayıl" operasından "Haydı, qızlar!", bundan əlavə "Ay yoldaşlar" nəğməsini nota alaraq öz adına çıxmasını təəssüflə qeyd eləyir. Üzeyir bəy musiqi əsərlərimizin özgələr tərəfindən mənimsənilməsinin səbəbini el nəğmələrimizin vaxtında toplanılıb nota salınmamasında, məcmuələr şəklində çap olunmamasında görürdü. Məhz bunun nəticəsidir ki, indi bədxah qonşularımız mahnılarımızın çoxunu, "Sarı gəlin"i, hətta bəstəkar mahnılarımızı belə öz adlarına çıxmaqdan utanmırlar.
Dilimizin saflığı, onun qorunub saxlanılması, bu dildə gözəl sənət əsərlərinin yaradılması, qəzet, kitab nəşri Üzeyir bəyi daim düşündürən problemlərdən biri idi. O, ədəbi dilimizin zəngin xalq dili qaynaqlarından bəhrələnməklə inkişaf etdirilməsinin tərəfdarlarından idi. Öz dilini bilməyən ziyalılar onun felyotonlarının əsas tənqid hədəflərindən idi. "Dilimizi korlayanlar" felyetonundan götürdüyümüz bu cümlə çox tutarlı və ibrətamizdir: "Artist axundun düşmənidir, axund artistin. Bundan belə bu iki düşmən bir şeydə böyük ittifaq bağlayıblar. O şey türk dilini korlamaqdır". Ərəbcə, farsca oxuyan, və ya heç oxumayan axundlar da öz dilimizdə danışmaq və yazmaq istəyəndə onu korlayır, rusca təhsil alıb türkcə tamaşa verən artistlər də bu və ya digər şəkildə həmin işi görürlər. İntelligentlərə "salam verəndə izdrasti almağı" da, "Əcəba, biz müəllimlər öz ana dilimizi mükəmməl bilirikmi?" sualı da dilimizin saflığı uğrunda mübarizə aparan tərəqqipərvər ziyalımızın ürəyini göynədən məsələlərdən idi.
Bu maarifpərvər ziyalı bütün bəlaların kökünü nadanlıqda görürdü. Onun fikrincə, qəzet, kitab oxumağı, məktəbdə təhsil almağı, elmi, mədəniyyəti, incəsənəti haram hesab elmək millətin tərəqqisi yolunda başlıca əngəllərdən biridir. O, "Lüğət" felyetonunda yana-yana "ətalət" sözünü müsəlmançılığın sinonimi hesab eləyirdi. "Müsəlmançılıq haqqında dram" felyetonunda ürək ağrısıyla yazırdı ki, müsəlman teatrında iki cürə tamaşa olur: bir teatrçıların öz tamaşası və o biri də teatra yığılmış müsəlmanların hərəkətidir ki, çox vədə teatrdan da interesni olur.
Üzeyir bəy insanların mənəvi tərəqqisində, xalqı xabi-qəflətdən ayıltmaqda məktəblə bərabər mətbuatın, ədəbiyyatın, musiqinin, teatrın əvəzsiz rol oynadığını söyləyir, bu sahələrin inkişafına xüsusi diqqət yetirməyi zəruri sayırdı. "Səhnənin tərbiyəvi əhəmiyyəti haqqında", "Opera və dramın tərbiyəvi əhəmiyyəti haqqında", "Vəzifeyi-musiqimizə aid məsələlər", "Azərbaycanda musiqi təhsili", "Türk operaları haqqında", "El musiqisi haqqında", "Azərbaycan musiqi həyatına bir nəzər", "Azərbaycanda musiqi tərəqqisi", "Aşıq sənəti", "Musiqidə xəlqilik" və s. bu kimi məqalələrində Üzeyir Hacıbəyli görkəmli bir sənətşünas alim, musiqi, teatr nəzəriyyəçisi kimi bu sahədə olan aktual problemlərin ətraflı elmi şərhini verir, vəziyyətdən çıxış yollarını göstərirdi. O, belə hesab eləyirdi ki, ədəbiyyatı, incəsənəti başa düşmək üçün xalqım maariflənməsinə böyük ehtiyac vardır. Təhsilsiz, savadsız insanların peşəkarlıqla yazılmış əsərləri anlaması çox çətindir. Üzeyir bəy obrazlı şəkildə dramı gimnaziyaya, operanı universitetə, xalqımızı isə ibtidai məktəb şagirdlərinə bənzədirdi.
"Təmizlik" felyetonundakı bu cümlələri oxuyanda da adamın üzünə acı bir təbəssüm qonur: "Təəccüblü burasıdır ki, müsəlman gərək hamıdan təmiz olsun, amma hamıdan natəmizdir. Adamı yandıran burasıdır". Üzeyir bəy istəyirdi ki, dünyanın digər dindarlarından heç bir cəhətcə geridə qalmayan müsəlmanın imanı kamil, zehni, ağlı iti, özü ayıq, tükü-tükdən seçən, dünya hadisələrindən baş çıxaran, xeyirini, şərini yaxşı bilən, ictimai hadisələrdən baş çıxaran olsun. Biri qatığa qara deyəndə müsəlmanın ədəb-ərkan xatirinə onun fikrini təsdiqləməsi ("Cığal qumarbaz"), "sözümüzlə əməlimiz arasında zəmin asiman təvafütün olması" ("Rəfiqimdən məktub"), bəzi avam ataların oğlanlarını məktəbdən çıxarıb qumarbazlığa qoyması ("Alçı və toxan"), ölkədə arı yeyib namusu belinə bağlayan lotuların meydan sulaması ("Sədni tənqid, Hafizi tərif"), hökumətin camaatla şirin qumar oynaması ("Cığal qumarbaz"), müsəlmanların yüzdə doxsanının elm və mərifətin mənfəətini qanmaması ("Xəbərdarlıq") Ü.Hacıbəyovun ürəyini göynədən məsələlərdən idi.
Üzeyir bəy millətin gələcəyinə inanır, onu yer üzünün ən gözəl, ən istedadlı xalqlarından biri hesab edirdi. Düşünürdü ki, görkəmli adamların, dahilərin üzə çıxması üçün elmi, ədəbi mühit formalaşdırmaq, istedadlı adamların, ziyalıların qədrini bilmək lazımdır. "Biz ilə Avropalıların təfavütü" adlı felyotondakı bü cümlələr çox düşündürücü və ibrətamizdir: "Hər halda, bir məsəl ki - ağac bar gətirdikcə başını aşağı tutar - hamının xoşuna gəlir. Amma burasını unutmaq olmaz ki, barı çox olan ağacın başını o qədər aşağı tutması ağacın özü üçün zərərdir, çünki sınar. O səbəbdəndir ki, ağacın qədr və qiymətini bilən bağbanlar o cürə ağaclara bir dayaq qayırırlar ki, bu başıaşağılıqdan ona bir zərər və sədəmə yetişməsin. Halbuki bizdə tək-tək tapılan barlı ağaclar bar verib başıaşağı olduqları halda, onun barından mənfəət aparanlar daha da başından basırlar ki, binəva puç olsun!"
Bunu sezmək o qədər çətin deyildir ki, burada ağacdan yox, istedadlı adamdan, paxıllıqdan onu qabağa getməyə qoymayan nadanlar mühitindən söhbət gedir. Ancaq Üzeyir Hacıbəyli inanırdı ki, qalibiyyət elm tərəfdədir. Elm və mədəniyyət inkişaf etsə, onun qarşısını heç nə ilə almaq mümkün deyildir: "Elm və bilik dağlarında donmuş qalan tərəqqi qarı yavaş-yavaş əriyir; bu gün sabah sel gəlib, qabağına çıxan hər bir kol-kosu kökündən qoparıb aparacaqdır. Onda görüm hansı möhkəm etiqad bu selin qabağında dura biləcək" ("Deviz").
Üzeyir bəy hesab eləyirdi ki, bizim xalq çox istedadlı xalqdır, ancaq təəssüf ki, öz qədrimizi özümüz bilmirik, cəhalətimizlə dahilərin zühuruna mane oluruq. Ancaq elə bir gün gələcək ki, mədəniyyət şəfəqləri bizim də yurdumuzu işıqlandıracaq, çox-çox görkəmli adamların üzə çıxmasına zəmin yaradıcaqdır. "Qədrşünaslıq" adlı məqaləsini Üzeyir bəyin bu cümlələrlə bitirməsi təsadüfi deyildi, onun uzaqgörənliyindən, xalqının parlaq gələcəyinə inamından xəbər verirdi: "Lakin ümidsiz olmaq yaxşı deyildir, XX əsrdə bütün aləmə cari olmağa başlamış mədəniyyət selinin qabağını heç bir mümaniət ilə durdurmaq mümkün olmayacaqdır. gbizim yerlərdə də güllər və çiçəklər bitib, buraları çəmənzara döndərər! Heç naümid olmamalı!"
O zaman heç Üzeyir Hacıbəylinin ağlına da gəlməzdi ki, Azərbaycan müstəqil, suveren dövlətə çevriləcək, imzalar içində imzamız görünəcək, bayraqlar içində bayrağımız dalğalanacaq, qədrşünas xalqımız insanlarımızın maariflənməsi, xalqımızın mədəni həyatının çiçəklənməsi üçün əlindən gələni əsirgəməyən Üzeyir bəy kimi insanların xatirəsini həmişə əziz tutacaq, onların arzularını reallaşdırmaq yolunda öz səy və bacarığını əsirgəməyəcəkdir.
Üzeyir Hacıbəyli geniş diapazonlu bir ziyalı idi. Onun istər siyasət, istər mədəniyyət, musiqi sənəti, istər ədəbiyyat, dil, bədii tərcümə, istər mətbuat, istərsə də məktəb və dərslik haqqında mülahizələri indi də öz elmi-bədii dəyərini itirməmişdir. Müasir gənclik Üzeyir bəyin musiqi irsini, məqalə və felyotonlarını öyrənsə çox şey qazanar. Onun bütün yazılarında bu günümüzlə səsləşən, rəhbər tutulacaq, istifadə olunacaq məqamlar, qiymətli fikir və mülahizələr tapmaq o qədər də çətin deyildir.
Rafiq YUSİFOĞLU,
filologiya elmləri doktoru,
professor.
Ədalət.-2013.-6 noyabr.-S.6.