ÜÇ XANIMA BİR MƏKTUB

YENİ NƏŞRLƏR

 

Onların hər biri öz sözlərindən görünürlər

 

Yazı masamın üstündə xeyli sayda kitab qalaqlanıb. Onların arasında diqqətimi çəkən və həqiqətən də oxuduğum imza sahibləri, söz adamları və kifayət qədər sözündə, imzasında özünü oxucuya tanıdan, göstərən, təqdim edən kitablar var. Zaman-zaman o kitablara üz tutur, onları gözdən keçirir və bəzən də o söz dünyasından ayrılmaq istəmirəm.

Yazdığım bu fikirlər təbii ki, öz içimdən gələn, öz səmimi duyğularımdı və kimlərsə bunu qəbul etməyə bilər. Ən azı ona görə ki, hər kəsin öz prizması, öz baxış bucağı var. Və hər kəs də dünyaya baxdığı kimi, sözə də öz ürəyindən baxır. Təbii ki, söhbət duyğulu adamlardan, sözlə yaşayan, sözlə nəfəs alan, sözün içində olan adamlardan gedir.

Bütün bunlardan sonra neçə gündür yazı masamın üstündə olan kitablardan ayrı lap gözümün önünə qoyduğum üç kitaba üz tutur, o üç kitabın müəllifləri olan xanım yazarlara oxucu fikirlərimi məktub formasında ünvanlayıram. Və yenə qeyd edirəm ki, mənim yazdıqlarım tənqidçi, ədəbiyyatşünas fikirləri deyil. Sadəcə bu, həmin kitabların bir oxucu kimi məndə yaratdığı duyğulardı. Mən də onları bilgisayara diktə edirəm.

Öncə Sona xanımdan, ölkəmizin birinci universitetinin sayılan, sevilən müəlliməsindən, daha doğrusu, xatirəsi tələbələri üçün əziz olan mərhum Çərkəz müəllimin ömrünün parası olan Sona Çərkəzin Türkiyədə işıq üzü görmüş kitabından başlayıram.

 

"Ben Dünyayı Tanıyorum"

 

Diqqət yetirsəniz, kitabın adı dərhal oxucunu çəkir. Çünki bu dünyanı tanımaq hər adama nəsib olmur. O qədər insanlar bu dünyaya laqeydcəsinə baxıb, köçüb gedib ki, heç izləri-tozları da qalmayıb. Amma Sona xanım bu dünyanı təkcə görə-görə, tanıya-tanıya yaşamır, həm də görə-görə, tanıya-tanıya hər kəsə göstərir, tanıdır. Onun qələmindən çıxan hər söz, hər cümlə, hər misra həm ürəyinin səsidi, həm duyğularının ifadəsidi, həm də o yazıların hamısının içərisində Sona xanımın Azərbaycan qadınına məxsus bütün zərifliyi, yanğısı özünü ifadə edir, göstərir.

Mən qardaş məmləkətdə işıq üzü görmüşbir neçə hissədən ibarət olan bu kitabı xeyli vaxtdı ki, vərəqləyir, oxuyur və bəzən də elə bu kitab əlimdə ola-ola xəyala dalıram. Çünki Türkiyə türkcəsinə məharətlə tərcümə olunmuş bu kitabda bir Sona xanım dünyası var. Orda həm Çərkəz müəllimə, həm itirdiyi digər doğmalarına, həm bütövlükdə insanlığa, torpağa, təbiətə çox ilıq və səmimi yanaşma özünü elə ifadə edir ki, düşünməmək, xəyala dalmamaq mümkünsüzdü. Çünki Sona xanım özünün də yazdığı kimi, həmin baharı da, həmin sızlayan ürəyi də, xəstəliyi də, qiyaməti də, dönəcəyinə ümid bağladığı itkilərinə də eyni can yanğısı ilə, eyni təlaşla, həm də eyni sevgi ilə üz tutur. Oxucu anlayır ki, Sona xanım hər misrasında, hər sözündə heç kimdən yox, yalnız özündən, öz dünyasından söz açır. Tanıdığı bu dünyanı bizlərə də tanıtmağa çalışır.

Sona xanımın kitabında maraqlı tərtibat da var. Bu tərtibat da onun Çərkəz müəllimlə birlikdə olan fotolarında, çap olunmuş kitabların üz qabıqlarında, çap edilmiş kitablarının görüntülərində, həmçinin Türkiyədən adına gəlmiş məktublarda və birdoğma Azərbaycanda Sona xanıma ünvanlanmış məqalə və şeirlərdə özünü göstərir.

Böyük məmnunluq hissi ilə xatırladım ki, həmin kitabda mənim də Sona xanıma ünvanlanmış yazım çap olunduğu üçün mən həm müəllifə, həm tərtibatçıya çox böyük təşəkkürümü ifadə etmək istəyirəm. Söhbət bu kitabda mənim də imzamın olmasından getmir. Söhbət ondan gedir ki, Sona xanım tanıdığı dünyaya ünvanladığı kitabında, sözlərində mənim də sözlərimin azacıq da olsa, yeri olduğunu mənə də xatırladır. Bunun özü onun ürəyinin böyüklüyündən, onun şəxsiyyətinin nə qədər mükəmməl olmasından xəbər verir.

Düşünürəm ki, Sona xanımın bu kitabı onun oxucuları üçün çox dəyərli bir hədiyyədir.

 

"ÖMRÜMÜN BEŞİNCİ FƏSLİ"

 

Azərbaycan oxucusu Afaq Şıxlı imzasını çoxdan tanıyır. Məmləkətimizdən kənarda yaşasa da, dəyərli yazıları və şeirləri ilə ölkə mətbuatında tez-tez çıxış edən Afaq xanım redaksiyamızın qonağı olanda özünün son kitabını mənə bağışladı. "Şirvannəşr"də naşir Qəşəm İsabəylinin və dəyərli şairimizi Məmməd İsmayılın redaktorluğu ilə işıq üzü görən bu kitabda Afaq xanımın son illərdə yazdığı şeirləri toplanmışdır. Xatırladım ki, kitabın ön sözünün də müəllifi sevimli şairimiz Məmməd İsmayıldı. Məmməd müəllim özünün ön sözündə vurğulayır ki, "Yaşını-başını almış şairlər var ki, bəlkə misralarının içində ala-babat fikirvar, amma sözlər ölüdü, nəfəs almaqdan məhrumdu. Afaqın əsərlərindəki axıcılığı onun "Şıxlı" nəslindən olmasında da axtarmaq olar". Mən bu iqtibası ona görə diqqətə çəkirəm ki, Məmməd müəllim Afaq Şıxlının söz çələnginin aid olduğu nəslin etimadını doğruldacaq bir səviyyədə olduğunu dilə gətirir.

Məhz həmin ön sözdən sonra Afaq xanımın şeir çələngini fərqli bir maraqla oxumağa başladım.

 

Bu yolun sonunda nələr var, nələr,

Nəyin sorağıdı alışan ocaq?!

Açılıb getdikcə səhifələr,

İllərin yükünü unutduracaq.

yaxud da:

 

Məni gözləyərkən sənə yar olmuş,

Qış günü özlənən bir bahar olmuş.

İndi qəlbim kimi yanıb qor olmuş,

Bir çiçək saxladım səndən yadigar.

 

- fikirləri mənim üçün diqqətçən oldu. bir oxucu kimi hiss etdim ki, Afaq xanım səmimi şairədi. Onun misralarında hay-küy yox, təbii, səmimi duyğular özünü ifadə edir, özünü göstərir.

Ümumiyyətlə, bu xanımın poeziyasında çox normal, hər şeyin yerində olan səmimiyyət hakimdi.

Düşünürəm ki, oxucuların da tanıdığı Afaq Şıxlının "Ömrün beşinci fəsli" kitabı bizim poeziyamızın oxucuya yol tapmasında müəyyən bir missiyanı yerinə yetirmək gücündədir. Yəni şairlə oxucu arasında bu misralar da öz rolunu oynamaq iqtidarındadı. Bir oxucu kimi mən də ona "uğurlar olsun!" deyirəm.

 

"RAFİQ YUSİFOĞLU POEZİYASINDA SƏNƏTKARLIQ AXTARIŞLARI"

 

Gənc alim Günel Almazın mənə təqdim etdiyi və nəfis şəkildə işıq üzü görmüş kitabının redaktoru filologiya üzrə elmlər doktoru, professor Zahid Xəlil, rəyçiləri isə filologiya üzrə elmlər doktoru, professor Ramazan Qafarlı və filologiya üzrə elmlər doktoru, dosent Füzuli Əsgərlidi.

AMEA-nın Folklor İnstitutunun doktorantı olan Günel Almaz özünün bu kitabını Rafiq Yusifoğlunun yaradıcılığına həsr edib.

Elmi monoqrafiya olan bu kitab Rafiq Yusifoğlu poeziyasının bütün çalarlarını açmaqda, onun yaradıcılığının bütün mərhələlərini zamanına və üslubuna görə, həmçinin ifadə tərzinə, mövzu çevrəsinə görə geniş təhlil olunmuş bitkin bir elmi əsərdi.

Əgər hər hansı bir söz adamını yaxından tanımaq, onun yaradıcılığına köklü şəkildə bələd olmaq istəyi ortaya qoyulursa, təbii ki, bu da böyük axtarışlar, böyük zəhmət tələb edir. Maraqlıdır ki, gənc alim qarşısına belə bir məqsəd qoymuş və Azərbaycanın dəyərli şairlərindən biri olan Rafiq Yusifoğlunun yaradıcılığını bütün aspektlərdə araşdırmağa çalışmışdı.

İstər sovet dövrünün, istər müstəqillik illərimizin ədəbi proseslərində, xüsusilə poeziya karvanımızda özünü təsdiqləmiş, sözünün möhürünü vurmuş Rafiq Yusifoğlu haqqında belə bir samballı, elmi əsəri yazmaqla Günel Almaz həm də bugünkü həmkarlarına bir növ mesaj vermişdi. Yəni gənc alim üstüörtülüolsa çağdaş ədəbiyyatımızın yaradıcılarına diqqət yetirməyi, şair sözü ilə desək, onlara sağlığında qiymət və dəyər verməyi diqqətə çatdırmışdı. Çoxlu sayda ədəbiyyatlardan istifadə edib, giriş, 4 fəsil və nəticədən ibarət olan bu monoqrafiya ədəbiyyatımızı araşdıranlar üçün, ədəbiyyatımızı izləyənlər üçün və nəhayət, ədəbiyyatımızı görmək, öyrənmək istəyənlər üçün maraqlı bir tədqiqat işidi. Düşünürəm ki, Günel Almaz qarşısına qoyduğu istəyə nail olmuşdur.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2013.-6 noyabr.-S.6.