Bu yol gedən
yoldu, gələn yol deyil...
Samirə
Əşrəf
Bu günkü müsahibim "Yuğ”
teatrının sevilən aktrisası, respublikanın əməkdar
artisti Yaqut Paşazadədir.
Bu
yol gedən yoldu, gələn yol deyil...
- Yaqut xanım, mən bildiyimə görə valideynləriniz sizin aktrisa olmağınıza qəti şəkildə narazı olublar. Necə oldu ki, siz həmin narazılığa baxmayaraq aktrisa oldunuz?
- Haqlısınız, aktrisa olmağıma valideynlərim razı deyildilər. Ona görə də 1990-cı ildə sənədlərimi İncəsənət İnstitutunun (indiki ADMİU) mədəni-maarif fakültəsinə verdim və bu sahəyə heç bir həvəsim, metodikaya aid heç bir məlumatım olmadığı üçün kəsildim. İş burasındadı ki, kəsildiyim üçün sevinmişdim. O biri ili yenidən qəbula gəldim. Evdə də valideynlərim belə qərarlaşdırdılar ki, yenidən bəxtimi mədəni-maarif fakültəsini üzrə sınayım. Lakin, mən heç kimin gözləmədiyi halda sənədlərimi aktyorluğa verib müsabiqəyə girdim. Heç nə hazırlamamışdım. Məndən soruşdular ki, nə danışa bilərsən? Mən özümü toplayıb kənd həyatından bəhs edən bir hekayə uydurub danışmağa başladım. Sonra imtahana gəldim. İmtahan verəndə isə komissiyanın sədrinin Həsənağa Turabov kimi böyük sənətkar olduğunu görəndə özümü elə itirdim ki, biletdəki sualı "Həsənağa Turabovun həyat və yaradıcılığı” kimi oxudum və öz-özümə fikirləşdim ki, indi onun özünün qarşısında dayanıb, özü haqqında necə danışacam? Həsənağa müəllim gördü ki, özümü itirmişəm. Bileti məndən alıb sualı oxudu: "Hökümə Qurbanovanın həyat və yaradıcılığı”. Mən Hökümə xanıma aid nə bilirdimsə, danışdım. Həsənağa müəllim dedi ki, -Yaxşı danışmadın, üç alırsan. Amma sənə heyfim gəlir...
Qayıtdım rayona. Bir aydan sonra imtahanın nəticələrini öyrənmək üçün Bakıya gələndə adımı qəbul olunanların siyahısında gördüm. Sən demə, Həsənağa müəllim mənə üç yazacağını desə də, sonradan dörd yazmışdı. Beləliklə, mən aktyorluq sənəti fakültəsinin tələbəsi oldum. Kurs rəhbərimiz də Həsənağa müəllimin özü idi. Amma əsas müəllimimiz Vaqif İbrahimoğlu oldu.
- Müharibə dövrünün tələbəsi kimi o günləri necə
xatırlayırsınız?
- Şəhərə gələndə ilk vaxtlardan Vaqif müəllimlə rastlaşmağım, onun əhatəsində olmağım mənim üçün böyük üstünlük oldu. Yəni o bizə imkan vermirdi ki, biz dərsdən və ya teatrdan əlavə hansısa gənclik əyləncələri ilə məşğul olaq, gəzintilərə gedək və.s. Həm də vaxtımız olmurdu. Elə bil ki, mən şəhərə yox, şəhər mənə uyğunlaşdı.
Üstəlik də qeyd etdiyiniz kimi mənim tələbəlik illərim ölkənin çox ağır vaxtlarına təsadüf edirdi. O vaxtı atamgil Tərtərdə yaşayırdılar. Mən hər yay tətilə gedəndə tələbə yoldaşlarıma deyirdim: - gəlin halalaşıb ayrılaq, ola bilər ki, bir-birimizi görmərik... Çox dəhşətli müharibə gedirdi. Bəzən olurdu ki, evə gedib çatan kimi atışma başlayırdı, evimizdən qaçıb çıxırdıq. Ara sakitləşəndən sonra yenidən evimizə qayıdırdıq. İndi o günləri yada salanda fikirləşirəm ki, o vaxtın insanları çox ürəkli imişlər. Yəni düşmən gülləsinin altında adi halda yaşamaq çox qorxulu idi. Biz əsir düşə bilərdik,ölə də bilərdik...
Bir də ki, mən tələbəlik illərimdə çox kompleksli insan idim. Teatrda müəyyən dərəcədə o komlekslərdən azad olurdum. Amma teatrdan kənarda mümkün olmurdu. Küçəyə çıxanda üz-gözümdən zəhrimar yağırdı. Bunu da çox vaxtı özümü qorumaq üçün edirdim ki, heç kim mənə yaxınlaşmasın. Lakin, ailə qurandan sonra qızım doğuldu. Və mən demək olar ki, bütün komplekslərimdən azad oldum. İnsan üçün azadlıq gözəldi. Yaradıcı isan üçün isə iki qat gözəldi.
- Aktrisa,
azadlıq və ailə... Bu baxımdan sizi şanslı aktrisa hesab etmək olar?
- Olar. Amma bilirsinizmi, çox adam elə fikirləşir ki, o, taleyini məhz özü seçir. Lakin, mənə belə gəlir ki, bütün bunlar hamısı allahın işidir. Yəni allahın əlindən heç hara qaçmaq olmur. Əgər nəsə olmalıdırsa, dünya dağılsa da həmin iş baş verir. O vaxtı da Tərlan müəllimlə (Yuğ teatrının direktoru Tərlan Rəsulov S.Ə.) ailə qurmağım, ümumiyyətlə bu təklifin mənə oluması mənim üçün çox gözlənilməz olmuşdu. Onun mənim aktrisalığıma və gələcəkdə teatrdakı fəaliyyətimə qarşı çıxmayacağına əmin olduqdan sonra mən Tərlan müəllimlə ailə qurdum. Qaynatam da aktyor olduğu üçün bu barədə mənim heç bir narahatçılığım olmadı. Bəlkə də başqa sıradan bir insanla ailə qursaydım, indi bu qədər rahat danışa bilməzdim. Çünki, sənət adamının evinin içi də, problemləri də, onları həll etmək yolları da tamam başqa cür olur. Üzü gələcəyə təbii ki, özümüzdən də çox şey asılıdır. Artıq qızımın on üç yaşı var. Yaxşı olar inşallah.
- "Yuğ” teatrının yaradıcısı Vaqif İbrahimoğlu sizin üçün kim idi?
- Vaqif müəllim rəhmətə gedəndə mən demişdim ki,- insanın bir genetik, bir də mənəvi valideynləri olur. Mən Vaqif müəllimi özümə mənəvi ata hesab edirdim. Bu sözü atam eşitsə, yəqin ki, məndən inciməzdi. Çünki, özünə də demişdim. Yəni mən Vaqif müəllimlə bütün dərdimi, sirrimi bölüşürdüm. Bir fikrim olan kimi gözlərimin içinə baxıb deyirdi ki,- sənin gözlərin ölüb, nəsə bir narahatçılığın var. Belə-belə gün ərzində həmin dərdi məndən söküb alırdı, ata kimi, böyük kimi öz məsləhətini verib məni yüngülləşdirirdi. Həm də bu tək mənə qarşı olmurdu. Teatrımızın içərisində olan bütün insanlar üçün keçərli idi.
Bu sənətdə, elə həyatda da nə öyrəndimsə, ondan öyrəndim. Allah eləməmiş, nə vaxtsa bu teatrdan ayrılsam da, mən heç vaxt gedib başqa teatrda işləmərəm. Ona görə yox ki, bacarmaram. Sadəcə olaraq onun məktəbinə, onun yaratdıqlarına xəyanət edə bilmərəm.
- Sizin
çalışdığınız teatr
başqa teatrlardan həm
tamaşalarının quruluşu, həm aktyor oyunu baxımından
çox fərqlənir.
Hazırlıqsız tamaşaçı sizin
tamaşalrımğnıza baxanda yəqin
ki, heç nə anlamaz... Bunu nə ilə izah edərdiniz?
- Bizim teatr psixosof poetikası üzrə işləyir. Bu poetikanın məğzi ruhun hikmətidi. Vaqif İbrahimoğlunun yaratmış olduğu poetikadı. Azərbaycanda bununla məşğul olan, işləyən insanlar yoxdu. Bu nə rol oynamaq, nə tamaşaçını maarifləndirmək, nə də əyləndirmək deyil. Birbaşa tamaşaçının ruhu ilə kontakt yaratmaqdır. Məqsəd məişət məsələlərinə, üst qata yox, daha dərin qatlara daxil olmaqdı... Tamaşaçıya hansısa bir problematikanı, mövzunu açmaqdır. Bu poetikanın özünün çox dəqiq şərtləri və elmi əsasları var ki, Vaqif müəllim bunu yazıb gedib. Sadəcə kitab formasında çap olunmağı qalır ki, onu da inşallah edəcəyik.
O qədər dahi aktyorlar olub ki, özləri özlərini içki, narkotika və başqa vasitələrlə məhv ediblər. Elə aktyorlar olub ki, səhnədə o qədər eyforik, emossianal hal yaşayıb, səhnənin arxasına keçəndən sonra təcili yardım gəlib onu iki saata güclə ayıldıb. Bu artıq özünü idarəni itirməkdir və sənət deyil. Vaqif müəllimin yaratdığı bu poetika bizi həmin məhv olmadan hər zaman qoruyub və yeniləyib.
Bir zamanlar bizi Rəhman Bədəlov, Niyazi Mehdi kimi yaşlı nəsil izləməyə gələrdi. Zaman keçdikcə tamaşaçılarımızda cavanlaşdı. Bu əslində çox sevindirici haldı. Çünki, filosof onsuzda mən oynadığım tamaşanı bilir. Bilir və bildiyi şeyə də baxır. Gənc isə bilmir, amma duyur. Bu daha gözəldi ki, o, duyduğunu sonradan inkişaf elətdirə bilər. Düzdü bilən adamla kontakta getmək rahatdı. Lakin, bilmiyən, hisslərini idarə edən adamla işbirliyi isə daha da maraqlıdı.
- Kənar
teatrların aktyorlarının sizin teatra, teatrın aktyorlarına münasibət sizi qane edir?
- Bu sözüm bəlkə də bir az özündən razılıq kimi çıxacaq. Amma indi ümumiyyətlə kimlərinsə fikri şəxsən mənim üçün maraqlı deyil. Çünki, biz artıq öz imicimizi yaratmışıq. Biz müəllimimizlə, məktəbimizlə seçilib, fərqlənirik. Artıq "Yuğ”un öz siması yaranıb. Əvvəllər bizə bir cür baxan insanlar artıq bizi qəbul edirlər, hətta böyük səslənməsin bizdən bir az da çəkinirlər. Çünki, biz artıq başqa cür var ola bilmirik. Necə ki, ailəm, yaxınlarım haqqında kənardan heç kim, heç nə deyə bilməz. Eləcə də Yuğ ailəsində bu qayalar bizim üçün keçərlidi. Çünki, bura bizim evimizdi, burdakı aktyorlar isə ailəmiz. Amma bizə o yuxarıdan aşağı baxan aktyorların çalışdıqları teatrlarda təəssüf ki, bunu görə bilmirəm.
- Tamaşaçı sizi nə filmlərdə, nə seriallarda görməyib. Amma bu yaxınlarda "Çaqqal nəfəsi” adlı yeni seriala çəkildiniz. Bir az bu barədə danışardınız.
Filmlərə sözün açığı o qədər də çox çəkilməmişəm. Çünki, zəhmətimin əvəzində verilən məbləğ məni qane etməyib. Məsələn, "Mahmud və Məryəm” filmində mənə təklif onunan roldan sırf məbləğdən razı qalmadığım üçün imtina etdim. Necə ola bilir ki, kənardan gələn aktrisaya bizdən qat-qat yüksək məbləğ verilir, amma bizə yox. Axı həmin işi bizdə görürük və zəhmət çəkirik. Haqqımız da var ki, zəhmətimizin əvəzini heç olmasa, kənardan gələn aktyorlara verilənin yarısı qədər tələb edək.
Seriallara da çox vaxtı
dəvət alanda bu prinsipi əsas
tuturam.
Bunlar yavaş-yava
həllini tapacaq məsələlərdi. Gözəl filmlərimiz
də, seriallarımız
da çəkiləcək.
Sadəcə olaraq, biz də
artıq özümüzə
və sənətimizə
dəyər verməliyik.
Mənə belə gəlir
ki, biz bu istəyimizə də nail
oluruq.
"Çaqqal nəfəsi” filminin ssenarisi İlqar Fəhminindir. Rejissor Babək Şirinsifət bizim teatra yaxın bir insan idi. O bizi tanıyırdı və kimlərlə işləyəcəyini, nə istədiyini gözəl bilirdi. Çox peşəkar bir bir rejissordu. Bunun üçün də mənə müraciət edəndə mən də artıq bilirdim ki, kimlə və necə işləyəcəm. Və məmnuniyyətlə razılaşdım.
Serial detektiv xarakter daşıyır. Mənim ordakı rolum Vəli adlı kişi rolu idi. Rejissor məni görəndən sonra belə qərara gəldi ki, kişi obrazını qadınla əvəz etsin. İlqar müəllimlə danışıb qətiləşdirdi. Obrazın adını Fəridə adlandırdı. Bu da səhv etmirəmsə, rejissorun anasının adı idi. Amma indinin özündə də mən həmin roluma Vəli bacı deyirəm. (gülür). Serialdakı rolum baş qəhrəmanlardan birinin rəfiqəsidi. Onun problemlərinin həllində ona kömək edəcək biridi. Belə deyək də ssenaridə az görünsə də əsas iş görənlərdən biridi. İşləmək çox maraqlı idi.Yəni işimdən də, rolumdan da zövq aldım. Bildim ki, canımı, sağlamlığımı qoysam da yaxşı işə görə qoymuşam.
- Yaqut
xanım, mən bilirəm ki, siz mütaliə edən
aktrisalarımızdansınız. Kimləri mütaliə edirsiniz?
Bakıya gələnə qədər öz ədəbiyyatımızdan
yararlanmışam. Amma universitet
illərindən artıq xarici ədəbiyyatı
mütaliə etməyə başladım. Ən çox da Vaqif
müəllimin məsləhəti ilə mütaliə edirdim. O, mütaliə aclığımın
hansı tərəfdən olduğunu
yaxşı bilirdi. Daha
sonra yenidən öz
müasirlərimizi oxumağa
başladım. Afaq Məsudun kitabları daim mənim əlimin altında olurdu. Hətta o qədər
oxumuşdun ki,
artıq həmin kitabların vərəqləri
cırılmışdı. Kamal
Abdullanı, Ramiz Rövşəni həmişə
mütaliə eləmişəm. Kamal Abdullanın bir sözü vardı. "Yolnan
gedən olmasa, bilinməz ki, o yol gedir, ya
gəlir.” Vaqif müəllim rəhmətə
gedəndən sonra mən Kamal müəllimə dedim ki, - "Kamal müəllim sən demə bu yol
gedən yoldu, gələn yol deyil”....
Mifoloji ədəbiyyatı
da çox yaxşı mütaliə
etmişəm. Mifoloji əsərləri oxuyanda, adamın sanki bəsirət gözü açılır.
İndi isə sırf elmi-fəlsəfi əsərlər
oxuyuram. Hərdən şərq ədəbiyyatına
da üz tuturam. Yəni müəyyən bir yaş dövrü
var ki, ondan
sonra insan məhz fəlsəfi əsərlərə daha
çox meyl edir. Mənə yaxın olan
yazıçılar isə
Mark Tven, Çexov və Kafkadı.
- "Yuğ”un
gələcəyini necə
görürsünüz?
- Sənətlə, teatrla
bağlı proqnoz verməyi sevmirəm. Çünki, proqnoz vermək
karmanı qapatmaq deməkdir.
Teatrımızın yaşaması bizlərən
asılıdı. Bizdə bacardıqlarımızı nəsil
ardıcıllığı ilə ötürüb
yaşatmağa borcluyuq.
Necəliyini artıq zaman və allah həll edəcək. Forma
dəyişikliyi teatrımızda var.
1989-cu ildən bu günə qədər xeyli dəyişiklik var.
Deməli 2023-cü ilə qədər yenə dəyişəcək.
Ancaq mahiyyət olaraq
"Yuğ” olduğu
kimi qalacaq. Mən də
illər sonra məhz mahiyyəti dəyişməyən,
amma daim inkişafda olan "Yuğ”u görməyi çox istərdim.
Ədalət.-2013.-6 noyabr.-S.5.