YOLLARIN KƏSİŞDİYİ YER
Oqtay Salamovsuz bir il
Hamı
yaşından asılı
olmayaraq, böyük də, kiçik də, özünü ağıllı sayan da, saymayan da
bir balaca üz-gözünə fikir
kölgəsi salıb
amiranə şəkildə
deyir:
- Dünya ölüm-itim dünyasıdı, bü
gün varsan, sabah yox...
Doğrudan da dünyada ən böyük həqiqətin biri də ölüm-itimin olmasıdı. Şükür ki, insanlar daha çox "ölüm" sözü
ilə uyğunlaşır,
bərabərləşir, yol-yoldaşlığı,
çiyindaşlığı edir. doğrudur,
onu bəzən ədəbi dildə ifadə etmək istəyənlər olur, hətta başsağlıqlarında
qara hərflərlə
yazırlar ki, "vəfatından kədərləndiyimizi...".
Amma mənə elə gəlir ki, ölümündən kədərləndiyimizi
etiraf etsək, ifadə etsək daha səmimi olar. Neyləmək, burda hər
kəs sərbəstdi,
ölən də başsağlığı verən
də. Ona görə də
irad tutmaq yerinə düşmür.
Lakin...
Ölüb ölümü ilə ölümü sevindirən,
ölümü şərəfləndirən
böyük insanlar, müdrik dahi şəxsiyyətlər bu
dünyada çox olub. Hətta qəhrəmanlıqlar
ilə də ölümü şərəfləndirənlər
çox olub və bu gün
də var. Böyük
Səməd Vurğunun
yazdığı kimi:
Ölüm sevinməsin qoy,
Ömürünü vermir bada.
.............................
Sevilərək yaşayıb,
Sevilərək ölənlər....
Hə, doğrudan
da dünyanın faniliyinə inana-inana dünyadan beşəlli tutmaq heç nəyi dəyişmirmiş. Çünki bütün yollar qəbiristanlıqda dəyişir.
Harda doğulub, harda yaşamağından asılı
olmayaraq maddi imkanlarının fantan vurmasından tutmuş, əzabının, əziyyətinin,
səfalətinin qan ağlamasına qədər
heç nə bu dünyada kiminsə yolunu qəbiristanlıqdan yayındıra
bilmir. Bu yol nişanı dünya yaranandan, Tanrı "Ol!" deyəndən elə belədi. Biz insan olub, adam
olub yer üzünü, göy üzünü tanıyandan
o yol nişanı dəyişmir. Amma nədənsə biz o nişanı unuduruq, onu yaddan çıxarırıq.
Yalnız hansısa bir mərasimə qatılanda,
qəbiristanlıq qapısından
içəri daxil olanda sanki ayılırıq. Hətta bəzən
gözaltı özümüzə
yer də seçirik. Çünki
orda dərk edirik ki, son buradı, burdan o tərəfi yoxdu, olmayıb və olmayacaq da!
Deyəsən, mən də müdriklik elədim, mən də pafoslu danışdım. Amma doğrudan-doğruya içimdən gəldi. Çünki bu yazını yazmağa məni məhkum, həm sövq, həm də dəvət edən bir gerçəklik var. Mən ondan qaça bilmərəm. O, öz xatirələri ilə, öz təbəssümü ilə, öz zarafatları ilə, öz jestləri ilə bu gün də gözlərimin qarşısındadı. İlk tanışlığımızdan tutmuş, "Ədalət" qəzetində bir otaqda üzbəüz əyləşdiyimizə qədər. Hətta Mərkəzi Klinik Xəstəxanada yaşadığı gərgin analara qədər, ondan sonrakı ömür payı qədər... Mən nağıl danışmıram, nağıl yazmıram. Amma istəyirəm ki, bu yazını bir az nağıllaşdıram. Elə istəyirəm yazam:
- Biri var, biri
yoxdu. Bu dünyada
bir Oqtay Salamov var idi.
Dağlar qoynunda doğulmuşdu.
Bildiyimə görə, Oğuzda
dünyaya gəlmişdi.
Sonra həyat elə gətirmişdi ki, ömrünü-günü böyük
sözə, böyük
sənətə və
bir də böyük bir sevgiyə həsr eləmişdi. O sevgi
ailəsinə, uşaqlarına
aid idi. Mən Oqtay müəllim
qədər oğlanlarına
qarşı həssas
olan, qızının
adını çəkəndə
dodaqları titrəyən
ikinci bir ata, ikinci bir
valideyn tanımadım.
Bu qədər səmimiyyətin içərisində
o, bir anda uşaqlarına qarşı,
xüsusilə oğlanlarına
qarşı əsəbiləşə
də bilirdi, səsinin tonunu qaldırırdı, üz-gözündə,
baxışında sevgi
qəzəbə dolaşırdı.
Amma tez də ötürdü.
Çünki onun içindəki
işıq, onun qəlbindəki zarafatlar, lətifələr, yumorlar
ona çox qəzəbli qalmağa imkan vermirdi. İnanın
ki, bəzən öz-özümə düşünürdüm
ki, Oqtay müəllim yəqin gecə səhərə kimi yuxusunda da kimlərəsə lətifə danışır,
kimlərləsə zarafat
edir. Özü də onun zarafatlarında kiminsə inciməsinə iynə ucu boyda yer
qalmırdı, yer olmurdu. Hətta bir dəfə dostlardan biri ilə dağ çayında ayaqlarını
suya sallayanda bir canıyananlıq edib və vəzifə
sahibi olan başqa bir dostuna:
- Rəis, sizə soyuq olar, o daşın
üstündə əyləşməyin
- deyib və sonra özü əyləşdiyi yerdən
bir az
yuxarıdakı daşı
göstərərək - bax,
keçin o daşın
üstündə oturun,
- söyləyib.
Əslində daşların hər ikisi çayın içində idi və hər ikisinin də hansı hərarətdə
olduğunu Oqtay müəllim çox gözəl bilirdi. Amma onlarla
birlikdə olan qələm dostumuz Hidayət Elvüsala göz vuraraq, "gördün, rəhbərə
necə yaltaqlandım"
- deyib, hamını güldürmüşdü.
Oqtay Salamov Azərbaycan jurnalistikasında
duzlu sözləriylə,
duzlu qələmiylə
öz cığırını
açdı, öz imzasını çalışdığı
qəzetlərin, xüsusilə
"Ədalət"in tarixinə
yazdı. Jurnalist dostları, qələm
yoldaşları, eləcə
də bu camiyədən kənarda olan istəkliləri Oqtaya qarşı son dərəcə diqqətli
idilər. Hətta rəhmətlik
Yusif Misiroğlu dünyasını dəyişəndə
Oqtayın necə kövrəldiyini mən bu günə kimi yaddaşımdan silə bilmirəm. Dost üçün onun necə sızıldadığını, necə göynədiyini mən onunla birlikdə həm müşahidə etdim, həm yaşadım.
Və anladım ki, insan yalnız ən doğmasını,
ən əzizini itirəndə belə kövrələ bilər.
Oqtay Salamovun
bir xobbisi də var idi. Nərd azakeşi
idi. Onunla oynamaq, ona qalib gəlmək hünər istəyirdi.
İş gününün
axırında mütləq
nərd oyunları keçirilən çayxanaların
birində oturardı dostlarıyla,
iş yoldaşlarıyla.
Özü dediyi sayda qələbəni təmin
etməyincə əlindəki
zərləri yerə
qoymazdı. Amma onun
bir xüsusiyyəti də var idi
ki, məğlub olanı pərt etməmək üçün
heç vaxt gülməzdi, öyünməzdi.
Sadəcə, onu səhərki
günə, hamının
bir yerə cəm olduğu vaxta saxlayardı. Oyunun qeydlərini apardığı
vərəqi qoyardı
stolun üstünə.
Deyərdi, buyurun, baxın.
Düz bir il bundan öncə, yəni 2012-ci ilin noyabr ayının 6-da bu ölümlü-itimli dünyaya "əlvida!"
- dedi Oqtay. Təkcə oğlu Fəridin toyunda oynamaq nəsib oldu ona. Özü də qoltuq
ağaclarını bir
kənara atıb elə oynadı ki, onu ancaq
görənlər, onu
seyr edənlər dərk edə bilərdi. Anlaya bilərdi ki, ata oğul toyunda
necə oynayır, qoltuq ağaclarını bir kənara atmaqla...
Həyat davam edir. Mənə
elə gəlir ki, Oqtay Salamov
da düz bir ildi ölümü
şərəfləndirir... Düz bir ildi ölüm
yer üzünün ən yaxşı bəndələrindən birinə
hakim olduğu üçün
öyünür. Qoy
olsun! Onsuz da əvvəldə dediyim kimi, bütün
yollar qəbiristanlıqda
birləşir, bir az tez, bir az gec.
Sadəcə, bu dünyada xatırlanmaq, yada düşmək, anılmaq məsələsi
var... unudulmamaq,
yaddaşlarda yaşamaq
məsələsi var...
Bax, Oqtay Salamov həmin o unudulmayanlardan biridi. O, dostlarının, doğmalarının, oxucularının qəlbində bir işıq kimi közərir, yaşayır. Ruhu şad olsun!
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-2013.-7 noyabr.-S.6.