"Yox ayrı dər`manım, dözümdən özgə"

Xalq şairi Məmməd Arazı anarkən...

 

- Bunlar düzdür, ancaq mən bu işə girişsəm şairlər nə deyər?

- Bu onların öz işidir, - Elşad Quliyev səsinin ahəngini dəyişdi. - Əsas budur ki, yaxşı mahnı yaransın. İndiyəcən çox mahnıların sözünü düzəltmisən. Eləsi də var ki, onu təzədən yazmısan. İndi də istəyirik öz mahnın olsun. Bəstəkarlardan hazır musiqilə yanına gələn də olacaq, səni tutsa, qələm götür.

Söhbətdən təxminən bir saat keçmişdi ki, bəstəkar Eldar Mansurov qapıda göründü. O, diktofonda müsabiqəyə təqdim etmək istədiyi mahnının musiqisini səsləndirdi. Çarəm nə idi, qulaq asdım. Düzü, xoşum gəldi. Sonra bir də, bir də... Ürəyimdə misralar titrədi:

 

Günəşimiz saralıbdı,

Göylərimiz qaralıbdı,

Qarabağı sar alıbdı.

Dərd bürüyüb, solu, sağı...

Tanrı, qurtar bu sınağı!

Qalx, qalx, ulu torpaq.

Qalx, qalx ulu bayraq,

Qalx, qalx, sən ey mərd xalq,

Yer titrəsin məhvərindən!

 

Yazdıqlarımı bəstəkara oxudum. Eldar Mansurov vəcdlə:

- Qardaş, sən arxasıını yaz, - dedi. - Bir-iki saata gəlib mətni götürəcəyəm. Səsyazma evində yer götürmüşük. Mahnının qaralamasını sabah günorta yazacağıq.

Ertəsi gün başqa bir mətn də yazdım: "Qürbətlərdə qalan dağlar". Bunu da bəstəkar Cavanşir Quliyev götürdü. İki gün sonra seçim edəndə gördük ki, tutarlı mahnılar, şeirlər o qədər də çox deyil...

Xəlil Rza ilə şeirləri gözdən keçirəndə aydın oldu ki, müsabiqəyə şeir verən müəlliflərin çoxu hələ heç yerdə çap olunmayıb, tanınmır.

Az-çox tanınan şairlərdən biri yeni kitabının əlyazmasını Xəlil Rzaya verib xahiş etmişdi ki, ona kömək eləsin. Bunu Zəlil Rza özü ürəkaçıqlığı ilə mənə etiraf elədi. O, nüfuzundan isti-fadə edib, müəllifə birinci mükafat vermək istəyirdi. Mən deyəndə ki, ay şair, axı belə bir müsabiqədə ürəyiyumşaqlıq eləmək olmaz. O, sözümü göydə tutdu, üzrxahlıq eləyirmiş kimi:

- Bəy, mən də bilirəm ki, bu şeirlər sən deyən səviyyədə deyil. - Fikirli-fikirli - Bəs onda neyləyək? - deyə soruşdu.

- Bir az da fikirləşək.

- Axı, müsabiqənin vaxtı qurtarır. - Sınayıcı nəzərlərlə üzümə baxdı. - Mahmud müəllim də, Elşad müəllim də bizdən cavab gözləyirlər. Özün də görürsən ki, baxdıqlarımızın içində ürək tərpədəni yoxdur.

Ucadan dedim:

- Yoxdur, onda özün yaz.

- Bəy, özün də görürsən ki, ürəyimdə çox təbəddülatlar, sarsıntılar var. Kökdən düşmüşəm, əlimə qələm ala bilmirəm.

- Qardaş, mən indi elə bir şairin adını çəkəcəyəm ki, sənin ürəyindən xəbər verəcək, - deyə yavaşca çiyninə vurdum.

Onu maraq götürdü:

- De görüm o, kimdir?

- Böyük şairimiz Məmməd Araz!

- Axı o, müsabiqəyə şeir göndərməyib, - məyus-məyus üzümə baxdı.

- Onun şeirlərini müsabiqəyə radiolar, televiziyalar, uca-uca kürsülər təqdim edib, bütün xalq verib. Şair, "Ayağa dur, Azərbaycan!" şeirini yadına sal. Hamımızın ürəyinin səsidir.

Xəlil Rza öz şeirini deyirmiş kimi qələm dostu Məmməd Arazın bu misralarını ilhamla ucadan söylədi:

 

Səninləyəm, haqq-ədalət, səninləyəm,

Milli qurur, milli qeyrət, səninləyəm!

Səpil quma, göyər yerdə, bit qayada,

Gizli nifrət, açıq nifrət, səninləyəm,

Oyat bizi, ey yaradan, səninləyəm!

Ya bilmərrə yatırt bizi,

Ya yenidən yarat bizi,

Ey yaradan, səninləyəm,

Səninləyəm, yatmış vulkan,

Səninləyəm!

Ayağa dur, Azərbaycan,

Səninləyəm!

 

Xəlil Rzanın gözləri birdən-birə parıl-parıl parıldadı:

- Qiyamətdir! - deyə şair coşğunluğu ilə əlini əlinə vurdu. - Eşq olsun Məmməd Araza! Bu şeirin bir ordu qədər gücü var.

- Qardaş, düz deyirsən. Mənim də ürəyimi oxudun. Bunu da bir şair kimi səndən soruşuram: İndiyəcən "Ayağa dur, Azərbaycan!" kimi silsilə yazan olub?

Gözünü gözümdən çəkmədən:

- Boynumuza alaq ki, yox. Bəy, ondan başqa kim yaza bilərdi bu silsiləni? Məmməd Araz bu şeirlərlə Azərbaycana məhəbbət abidəsi ucaltdı və tarixə düşdü. - Sonra da sevincək-sevincək, - Nahid, sənə də təşəkkür edirəm ki, Məmməd Arazın qarşısında mənim də günahımı yudun, - dedi. - Bu mükafat ona gözlənilməz bir fərəh bağışlayacaq.

Məmməd Araza birinci mükafat verilməsi hamının ürəyincə oldu. Əslində isə bu onun halal haqqı idi!

Bir neçə gün sonra "Moskva" mehmanxanasının həyətində, açıq havada mükafatların təqdimat mərasimi keçiriləndə Məmməd Arazı stol arxasında gördüm. O, ağrılarla əlbəyaxa olsa da, məni görəndə ayağa qalxmaq istədi, tezcə özümü ona yetirdim. Deyəsən, mükafata layiq görülməsi şairi bir az həyəcanlandırmış, həm də sevindirmişdi. Əl verib görüşəndə:

- Ay Nahid, eşitdim ki, mənim silsiləmi sən yada salmısan. Əzizim, çox sağ ol. Mükafata görə təşəkkürüm ilk növbədə sənə düşür, - dedi.

...Məmməd Araz təbiətən çox ürəyiyumşaq, qılıqlı, insanlara xoş münasibət bəsləyən söz adamı idi. Ona görə də xətrini çox istəyirdilər. Dostları arasında sadə fəhlə də var idi, kolxozçu da, sürücü də, müəllim də, şeiri, sənəti duyan, qiymətləndirən tanınmış ziyalılar da, müxtəlif pillələrdə vəzifə tutan dövlət adamları da.

Şairi bir dəfə görənlər xoş duyğularla həmişə anır, "kaş onu bir də görəydim" arzusunu dilə gətirirdilər.

Gənc qələm sahibləri isə ona "əmi" deyirdilər. Bu sözdə bir hörmət, ehtiram və ustad sözünə çox yaxın çalar var idi.

Hər dəfə eşidəndə xoşlanırdı. Kimsə ona "Ay Məmməd əmi" deyə müraciət eləyəndə sevinir, şahrızlanır, qürrələnirdi.

O, sözə taleyi kimi baxırdı. Bütün sevinclərini, istəklərini sözdən, şeirdən ayrı təsəvvür eləmirdi. Sözün bütün mənalarında şair idi. Dünyaya şair kimi gəlmişdi.

Ünsiyyəti sevən, qiymətləndirən insan idi. Çoxları şairin "dostluq xatirəsi"nin üfüqlərini göz önünə gətirəndə heyrətlənirdilər.

...Bir axşam işdən təzə qayıtmışdım. Telefonumuz zəng çaldı. Danışan Bərdə rayonundakı məşhur "Moskva" kolxozunun sədri Hüseyn Ağayev idi. Onu "Azərbaycan" kolxozunun sədri olduğu vaxtlardan tanıyırdım. Mən radionun "Kənd həyatı" şöbəsinin müdiri işləyəndə "Azərbaycan" kolxozu Şağayım düzündə yerləşirdi. Bu, "Şaqayem" rus sözünün təhrif olunmuş, azərbaycanlılaşdırılmış variantı idi. Hüseyn Ağayevin atası bu kolxozun təməlini qoymuşdu. Sonralar "Azərbaycan" kolxozu varlı bir təsərrüfata çevirmiş, yaxınlarda, uzaqlarda geniş şöhrət qazanmışdı.

Hal-əhvaldan sonra Hüseyn Ağayev gözləmədiyim halda soruşdu:

- Əmi ilə aranız necədir?

- Lap əla! - deyə güldüm. Tezcə də əlavə etdim. - Qağa, bizdə iki əmi var, biri Söhrab Tahirdir, biri də Məmməd İbrahim. İkisi də dostumdur. İndi siz hansını soruşursunuz?

- Əslində Məmməd İbrahimi, - dedi. - Söhrab Tahir də olsaydı, qiyamət bir gecə keçirərdik. Mən respublika müşavirəsinə gəlmişəm, özüm də "Bakı" mehmanxanasında qalıram. İndi aşağı düşürəm, Məmməd İbrahimi qarşılamağa. Beş-on dəqiqəyə taksiylə gələcək. Xahiş edirəm, siz də bir taksiyə oturun, mehmanxananın qabağında sizi gözləyəcəyik.

- Bəlkə məni ixtisara salasınız.

- Qadası, mümkün deyil. Məmməd müəllimlə sözümüz belə olub ki, siz də gələsiniz. Bayaqdan evinizə neçə dəfə zəng vurmuşam. Hər dəfə də "Hələ gəlməyib" deyiblər. İndi isə əlimizə güclə düşmüsünüz, buraxan deyilik. Söhrab Tahirə də mütləq zəng eləyin. Deyin ki, üçümüz də onu gözləyirik...

Mən taksidən düşəndə gördüm ki, onlar mehmanxananın qabağında gəzişirlər. Məmməd İbrahim məni görən kimi tezcə soruşdu:

- Nahid, əmini tapa bildinmi?

- Yox, xanımı dedi ki, toya gedib.

Astaca başını buladı:

- Onda üçümüz olacağıq ki...

Liftə minib restorana qalxdıq. Hüseyn Ağayev sifariş verib getmişdi. Biz içəri girən kimi ofisiant başımızın üstünü aldı. Yemək gəlincə oradan-buradan söhbət başladı.

- Nahid müəllim, heç soruşmursunuz ki, şairlə dostluğunuz necə başlayıb? - deyə Hüseyn Ağayev mənə sarı döndü.

- Necə başlayıbsa o yerə də, o günə də eşq olsun!

Məmməd İbrahim ürəkdən gələn səslə dedi:

- Bizi Kəlbəcər, "İstisu" sanatoriyası tanış edib, doğmalaşdırıb. Yaxşı qonşularımız var idi. Yadıma gəlir, Barat Şəkinskaya hər dəfə məni görəndə "Ay ərəb qardaş, necəsən?" deyirdi.

- Doğma ailə kimi olmuşduq, - Hüseyn Ağayev gülümsədi. - Bir-birimizi görməyəndə darıxırdıq. Şairlə də bizim söhbətimiz yaxşı tuturdu. Bir də görürdün ki, Məmməd müəllimin danışdığı əhvalatlara başımız o qədər qarışıb ki, sanatoriyadan xeyli aralanmışıq. Doymurdum bu söhbətlərdən...

- Çox gözəl günlər idi, - Məmməd Arazın gözləri yol çəkdi. - Bir də ələ düşməz o günlər.

- Çox sağ olsun ki, Məmməd İbrahim bizi unutmadı, - Hüseyn Ağayev söhbətə yenidən körpü saldı. - Bir gün bizim "Azərbaycan" kolxozunun da qonağı oldu. Obaları, tarlaları gəzdik. Gəzdikcə gəzmək istəyirdi. Görürdüm ki, cib dəftərçəsinə nəsə qeydlər edir. Sən demə, ürəyindən "Azərbaycan" kolxozu haqqında yazmaq keçirmiş.

- Gördüklərim, eşitdiklərim məni bərk tutmuşdu, - dedi Məmməd Araz. - Bu nəslin zəhmətkeşliyi, halallığı, el-obada qazandığı hörmət ürəyimi yerindən oynatmışdı. Çox təsirlənmiş-dim. Hüseyn Ağayevin atası da məşhur təsərrüfatçı olub, ad-san qazanıb. Bizim bu Hüseyn də, qardaşı da atalarının yolunu tutub. İndi Hüseyn Ağayev "Moskva" kolxozunun, qardaşı isə "Azərbaycan" kolxozunun sədridir. Bərdənin pambıq planının əsas yükü bu iki milyoner kolxozun boynunadır. Qardaşların ikisi də əmək qəhrəmanıdır. Bunlar hamısı qəlbimi tərpətdi. Mən də günlərin birində qələm götürdüm.

Hüseyn Ağayev tələsik onun sözünə söz yetirdi:

- Yaxın bir adam "Ulduz" jurnalının təzə nömrəsini rayon mərkəzindəki köşkdən alıb, sevinə-sevinə üstümə qaçmışdı ki, Ay Hüseyn qağa, ala bax, gör, şair burada sizdən nələr yazıb. Atanı, səni, qardaşını dağlar başına qaldırıb.

Açığı "Yer üzünün Qarabağ düzü" adlı oçerki görəndə gözlərimə inanmadım. Böyük şairi Allah saxlasın, göz yetirəndə gördüm ki, sözləri seçə-seçə elə yazıb ki, ürəyimin dərinliyində bəlkə də min dəfə "sağ ol" dedim ona.

- Doğrusu mövzu məni silkələmişdi, - şair məmnunluqla başını tərpətdi. - Mən başqa cür də yaza bilməzdim.

- Məmməd müəllim, bir vaxtlar bizi yalnız Bərdə rayonunda tanıyırdılar. Sizin sayənizdə məşhuri-cahan olmuşuq, - deyə Hüseyn Ağayev barmaqlarını bir-birinə daraqladı. - Desəm ki, bu yazı bizim nəsil üçün söz abidəsidir, yanılmaram, - stəkanlara "Badamlı" süzdü. - Hə, söhbət öz yerində, yemək də lazımdır. Nə qədər yaxşı söz desəm də ürəyimdən tikan çıxmaz.

- Əsas budur ki, yazı xoşa gəlib. Oxucular da, qələm yoldaşlarım da "Yer üzünün Qarabağ düzü"nü bəyəniblər. Müəllif kimi mənim də ürəyimcədir. İstəyirəm kitablarıma da düşsün. Ola bilsin ki, lap "Seçilmiş əsərlər"imdə də öz yerini alsın.

- Ay əfəndilər, mən də heyranlığımı bildirirəm, - dedim. - Müəllifi də, qəhrəmanını da bir daha təbrik edirəm. "Yer üzünün Qarabağ düzü" sənədli nəsrimizdə əsil ədəbi hadisədir.

Bu görüşdən sonra hər dəfə Məmməd Arazı görəndə dostumuz Hüseyn Ağayevi, Hüseyn Ağayevi də görəndə Məmməd Arazı soruşurdu. Şair öz qəhrəmanı ilə, qəhrəmanı da onunla fəxr edirdi. Bu, çox ülvi, insani bir duyğudan güc alırdı. Bu dostluq, qardaşlıq çox illər yaşadı...

 

***

Bu yaxınlarda Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-publisist İradə Tuncayın "Sarı Odalar" kitabının təqdimat mərasimi keçirilirdi. Müəllif üçün də, qonaqlar üçün də sevincli, həyəcanlı bir gün idi. Mənim də könlümdən söz demək keçirdi. Fikirlər, duyğular qanadında idim. Düşüncələrim bir-birinə qarışmışdı: "Haradan başlayım, harada qurtarım?"

Mən İradə Tuncayı yaxşı tanıyırdım. Neçə illər Azərbaycan Televiziyasında bir yerdə işləmişdik. Qələminə də, zövqünə də yaxından bələd idim. O, böyük şairimiz Məmməd Arazın ürəyinin səsi, nəğməsi, bu ocağın həm qızı, həm də oğlu idi. İki universitet bitirmişdi - Azərbaycan Dövlət və Məmməd Araz universitetlərini.

"Sarı Odalar"da İradə Tuncayın indiyəcən yazdıqlarının seçmələri cəmlənmişdi, başqa sözlə desək, qələminin şah nəğmələri. Kitab haqqında danışdıqca danışmaq olardı. Arada mən də danışdım, ürəyimdən keçənlərin bir əlçimini dilə gətirdim. Ancaq çox söz qaldı urəyimdə. Sonra qəzetdə də yazdım. Bu da düşündüklərimin hamısı deyildi...

Müəllifdən azca aralıda anası Gülxanım Fətəli qızı oturmuşdu. Mənimlə üzbəüz idi. Bəlkə də o, İradənin özündən də çox sevinirdi. Təbii ki, bu onun ana haqqı, ana iftixarı idi. Ancaq bu da apaydın sezilirdi ki, bir gözü ağlayır, bir gözü gülür....

Mən xəyalən Məmməd Arazı Gülxanım bacının yanındakı boş yerdə təsəvvür elədim. Özüm də bilmədən içimdən bir səs qopdu: "Kaş belə olaydı!" Ancaq min heyf, min təəssüf...

Mən "Azərbaycan" jurnalının səhifələrində Gülxanım Fətəli qızının Məmməd Araz haqqında şirin, emosional xatirələrini həyəcanla, özü də yana-yana oxumuşdum. Düzü, axıra çıxıncaya qədər də beynimdə hey bu sözlər, bu müdrik fikir dolaşmışdı: "Hər bir sənətkarın yanında onu canı qədər, bəlkə də özündən daha çox istəyən fədakar bir qadın olmalıdır. O, həyatın bütün döngələrində, dönəmlərində onun ağrı-acılarına, istəklərinə, şıltaqlıqlarına dözməlidir".

Bu yaxınlarda Gülxanım Fətəli qızının yenə "Azərbaycan" jurnalında Məmməd Araz haqqında dərc edilmiş gündəliklərini oxuyanda şairin ömür-gün yoldaşına ürəyimdə dönə-dönə minnətdarlıq elədim. Düşündüm ki, bu xanım neçə illər boyu Məmməd Arazın həyatında işıq olub, günəş olub, böyük sənətkarı yaşatmaq üçün bəlkə də təsəvvür edə bilməyəcəyimiz məşəqqətlərdən keçib, öz ömrünü Məmməd Araz ömrünə qatıb, gecə-gündüz şairin ağrılarına, acılarına məlhəm olub. O, şairin şeirlərini söz-söz, misra-misra yığıb, sənətkarın unutduğu, yaddan çıxardığı hissləri, həyəcanları ona bir də yaşadıb. Bəzən bir-iki yarımçıq misra zaman keçəndən sonra qanad açıb qəzet və jurnal səhifələrindən oxucularına üz tutub, əbədi yaşamaq haqqı qazanıb.

Məmməd Araz bizim böyük, uca şairimizdir. O öz həyatı, taleyi ilə qəhrəmanlar qəhrəmanı, dözüm, dəyanət mücəssəməsi, mərdlik heykəlidir. Qulağımızda qəmli misraları səslənir:

 

Pəncərəmi külək döyüb ağlasa,

Eyvanıma quşlar qonub ağlasa,

Ürəyini nalən yonub ağlasa,

İçində yan, ağı deyib, ağlama.

Ağlamağın yeri deyil, ağlama.

 

Məmməd Araz - o böyük söz ustası, sağlığında da, indi də hər sözü, misrası, şeiri ilə qəlbimizi sökür, duyğularımızı titrədir, təzələyir, ovxarlayır.

Sənətkardan söz açdım, ürəyimdə bahar yelləri əsdi. Qəlbim də sevindi, qələmim də. Gələcək illərin üfüqlərində ölməz şair boy verib boylandı və məğrur-məğrur bizi salamladı...

 

Nahid HACIZADƏ

Ədalət.-2013.-7 noyabr.-S.4.