İlmə-ilmə sökülmüş
ömür, sözdəm hörülmüş əbədiyyət
Bu payız Məmməd Arazın 80 yaşı tamam oldu. O Məmməd Araz ki, həmkarlarının arasından bir ox kimi sıyrılaraq elə bir zirvənin yaxasında addımladı ki, biz orada onu yeganə gördük. İllərdir ki, Onun yoxluğuna alışa bilməsəm də, insanı düşündürən və son anda onu yaradanın niyyətindən, öyrətmək, alışdırmaq istədiyi bir acı həqiqətdən xəbər verən aşağıdakı məşhur misraları məni indi daha çox kövrəldir:
Bəlkə bu yerlərə bir də gəlmədim,
Duman,
salamat qal, dağ, salamat qal!
Qıy
vuran qartala, şehli çəmənə, soluxan nərgizə,
qaragöz pəriyə, dağa, dərəyə,
bütövlükdə, Azərbaycan torpağına bu ahəngdə
"əlvida" söyləməyi Məmməd Araz
bacarardı. Artıq 40 gündür ki, əbədiyyət
adlanan yolun yaxalığında nura qənşər
ömrün yiyəsinə çevrilib görkəmli
şairimiz.
Bəd
taleyin kəməndində qəfil, həm də çox erkən
sıxılan Məmməd Arazın söz buludlarından
ruhumuza yağan misraları indi tamam başqa ovqatda təsirlidir:
"Ölə-ölə yazmıram, yaza-yaza ölürəm".
Otuz ilə yaxın dərdin ən
ağırı ilə mücadilədə olan, əyilməyən,
sınmayan, ilhamının qüdrətinə söykənərək
öz mənəviyyatını, şəxsiyyətini qeyri-adi
ucalıqda tutmağı bacardı. Dünənini
döşdən asmayan, sabahına qəbir qazmayan, zəmanə
küləyinin əsirindən çox uzaq, daim
öz-özü ilə mənəvi hesabatda olan bir
ömür yaşadı Məmməd Araz. Gəlimli-gedimli
dünyanın son hökmünün ağrılarını
içindən keçirə-keçirə
duyğularımızı bir xəbərdarlıq
üstündə köklədi: "Dünya mənim,
dünya sənin, dünya heç kimin". Poetik
duyğularını misra-misra kağızlara
köçürən şairi insan kimi tanımaq
üçün şeirlərini dönə-dönə
oxumaq, poeziyasından çəkilən ləçəklərə
diqqətlə yanaşmaq gərəkdir. Özü
demişkən, anadan-bacıdan gizlətdiyini, kağızdan,
qələmdən pünhan saxlamayıb. "Gündoğandan
günbatana mənzilim" söyləyən ustadın bu bir
addımlıq ömür yolunun bütün məqamları,
həyəcanları, sarsıntıları, sevincləri
(görən, bu hisslərin ömrü nə qədər
olub?! - F.X.), ittiham və məsləhətləri, gileyləri,
çağırışları şeirlərində elə
qəribə misralanıb ki, bu ümmanda Məmməd
Arazın portreti tam aydınlığı ilə
görünməkdədir: "Öz ömrümü şum
elədi öz əlim". Bu poetik ittihamın
ahəngindəki peşmanlıqla məmnunluğun həddini
ayırd etmək çətindir. Çünki,
əslində, gözümüzün önündə nəhəng
bir dağ qətrə-qətrə sovruldu. Böyük bir şairin ömür çeşnisi
ilmə-ilmə söküldü. Bu əzaba-əziyyətə
Məmməd Araz şeirlərinin şəfəqi ilə elə
bir libas geyindirilmişdir ki, illər boyu üzləşdiyi
ağır xəstəlik sanki yaddan
çıxmışdı. Birnəfəsə bir
qoşunu düşmən üstünə yürüşə
aparmağa malik od püskürən
şeirlərin müəllifi sanki elə
gözümüzün önündəcə gündən-günə
avazıyan, soluğan, yanıb-yandıran bir ocaq ömrü
yaşamalıymış. Biz də bilə-bilə
bəlkə də elə qəsdən unutmalıydıq ki, bu
zərif və zəif varlığın kirpiklərindən
hansı daşlar asılıb? İtirdiklərindən
nə onu sevənlərin, nə də bu fani dünyanın xəbəri
vardı. Çünki bu qovhaqovda, bu
çarpışmada, həyatla ölüm arasındakı
çırpıntıda Azərbaycan ədəbiyyatı qazanırdı,
şeirimiz zənginləşirdi, poeziya sevənlər
qürur duyurdu, ədəbi tənqidin çiçəyi
çırtlayırdı. Biz canlı
klassiklə və bənzərsiz bir şairlə eyni qübbənin
altında, eyni məmləkətdə və nəhayət,
eyni şəhərdə yaşayırdıq. İndi anlayıram, nə xoşbəxt oxucularıq
ki, Azərbaycan poeziyasında Məmməd Araz zirvəsinin
şahidi olduq. Şeirimizdə Məmməd
Araz dilinin yaratdığı ucalığın ətəklərinə
çatmağa belə çoxu tamarzı qaldı.
Məmməd Araz haqqında yazanlar onun fəth etdiyi zirvənin
kökünü həmişə ilham və istedadla bağlayırlar. Bu, təbii
ki, belədir. Amma bir məsələ də
var. Adətən bu sözləri bütün şairlər
haqqında demək mümkündür. Çünki
şairliyin mayası, əslində, elə ilhamdan, istedaddan
tutulur. Şairlik Allah vergisidir. Məmməd Araz hər kəsdən seçilirdi.
Dəfələrlə bu fikri təkrarlamaqdan bəlkə
də mənəvi rahatlıq tapıram ki, böyük
şairimiz bütün bu qatmaqarışıq səslərlə
dolu aləmdən, elə öz həmkarları arasından
bir ox kimi sıyrılaraq elə ucalığın yaxası
ilə addımlayırdı ki, o zirvədə biz ancaq onu
görürdük. Məmməd Arazı
çoxundan fərqləndirən təkcə xasiyyəti, həssaslığı,
kövrəkliyi deyildi. O, seçilən bir tale
karvanının sarbanı idi. "Ölümlərə
baş əymədən yaşayacağam". 31 il öncə söylədiyi bu misralar şair
qələminin qüdrətinə güzgü tutur. Məmməd Araz həm son dərəcə təvazökar,
səmimi, kövrək, həm də zahirən çox
fağır, solğun təsir
bağışladığından, bəlkə də
çoxumuz dərk edə bilmirdik ki, ətrafımızı
bürümüş adiliyin içində necə
böyük bir dahiliklə üz-üzəyik. Çəkdiyi ağrılara da, cəfaya da, səfaya
da özü daha yaxşı bələd idi. Bəzən
də bir təsəlli kimi kədərin özünü
azdırırdı: "İnsanın ömrü öz əlində
deyil". Bəzən də qələmini daha dərindən
fırladırdı: "Taleyin hökmü də
vaxtını bilir". Bu minvalla da
ölümün qara üzünə şeirləri ilə
meydan oxuyurdu. Öz inkarında özünü təsdiqləyirdi:
Qələm
var əlimdə,
Gör
neçə ildir,
Bir nəğməm dillərə nə vaxt düşəcək?
Mənim
gəlişimlə nə dəyişildi,
Mənim gedişimlə nə dəyişəcək?
"Sənət yarışında, söz
yarışında yüzümüz bir Sabir deyilik hələ..."
söyləyən Məmməd Araz ömrü boyu iddialardan,
umacaqlardan və bir də riyalardan, yalanlardan uzaqda
yaşadı.
Neçə ad itirən söz meydanında həmişə
öz-özü ilə hesabatla yazıb-yaratdı. Şeirinin imtahandan qalib çıxması
üçün birinci növbədə özünü
ittihama çəkdi. Yüz səmtə
fırlanan kürsülərdən çox uzaq olan şairin ən
böyük qazancı sənətdəki ucalığı və
bənzərsizliyidir. Məmməd Araz həm də yeganə
şairdir ki, sağlığında adına
mükafatlar təsis edildi, yaradıcılıq müsabiqələri
keçirildi.
Böyük
şairin poeziyası ilə bağlı xalq
yazıçısı Anarın çox dəqiq ədəbi
ölçüləri var: "Məmməd Araz şeirində
sanki fikirlər sözlərin boyuna biçilib. Nə vəznin
boş xanələrini doldurmaq üçün
artırılan lüzumsuz kəlmələr var burda, nə də
darısqal dil köynəyində çırpınan
düşüncələr... Məmməd Araz
poeziyasının mehvəri Vətən eşqi, vətəndaşlıq
amalı, dünya haqqında, kürreyi-ərzimiz haqqında həm
nikbin, həm də nigaran qənaətlərdir".
Bu gün
gərək hər anımız Vətən desin!
Təxminimiz,
gümanımız Vətən desin!
Qılıncımız,
qalxanımız Vətən desin!
Qəlbimizin
hər duyğusu Vətən desin!
Əgər
varsa zərrə qədər gümanımız,
İmanımız
Vətən desin!
Dünyanın təzadlarına həmişə qəribə
poetik baxışı var idi. Bu mövzuda
yazdığı şeirlərin sayı olduqca çoxdur.
Onu ən çox narahat edən ağılın qəfil bir
döngədə məğlubiyyətə üz tutması
idi:
Ağıllı
azdıqca ağılsız artır,
Qoruyun dünyanı "ağıllı"lardan.
Digər
tərəfdən də yerdən-göydən əlini
üzmüş kimi özünü qınağa çəkərdi:
"İti bazarında atından baha, mən belə
dünyanın nəyindən küsüm?!" Sanki bu
sualın oxucuya üzüntü gətirə biləcəyini
duyurmuş kimi qəfil bir sıçrayışla, qüdrətlə
başqa bir poetik çağırışa imza
atırdı:
...Hanı
sənin tufan yıxan
gurşad
boğan
Yurda oğul oğulların?!
Qara
Çoban, Dəli Domrul oğulların!
Çək
sinənə - qayaları yamaq elə,
Haqq yolunu
ayağına dolaq elə,
Bayrağını
Xəzər boyda bayraq elə,
Ayağa
dur, Azərbaycan!
Zamanın, bəxtin hökmü qarşısında
insan heç nəyi dəyişməyə qadir deyildi. Ömrün
toranlığında geriyə boylanmaq həvəsi də bəzən
mənasızdır. İnsanın yeganə
tapınacağı bircə şey var: haqq! Məmməd
Araz bütün ömrü boyu haqqa sarılmaq istəyi ilə
yazıb-yaradırdı. Sözünü də elə məqamda,
elə tərzdə təsirli söyləyirdi ki, insan onun
şeirlərinə qoşulub vətən torpağına
damcı-damcı hopmaq istəyirdi:
Bu dəyirman:
nahaqqı dən, haqqı dən,
Bölən böldü nahaqqı tən, haqqı tən.
Nahaqqa tən
olan yerdə haqqı itən...
Tanrım, məni məndən qoru bu yaşda.
İlhamının və istedadının gücünə
öz ömrünün əbədiliyinə imza atan əsərlər
yazıb-yaratdı. Min illər indən belə də insanların dilindən
qopmayacaq şah misralara qanad taxdı:
Demək,
günəş Yer üzünə qarğıyıb,
Demək sən, Vətən eşqim qar yağıb.
Demək,
kardı Azərbaycan torpağı,
Sizə
yetim deyən olsa, qızlarım!
Olmuş və olacaqların qəfil
ağrılarından sarsılanda qələmə
aldığı bu misralarda da Məmməd Araz sanki
yeri-göyü təsəlliyə
çağırırdı. Çünki o, həmişə
günəşlə birgə yurduna boylanmaq həvəsi ilə
öz ömrünü söz uğrunda girov qoymuşdu.
Ən ağır, ən üzüntülü anlarda belə
dünyanın faniliyini hamıdan çox duyduğuna
baxmayaraq, ölümün qara kabusunu, caynaqlarını
özünə yaxın qoymurdu. Hər dəfə üzləşdiyi
qəfil itkilərdən sarsıldıqca heyrətə gəlirdi:
İnana
bilmirəm: ölüm haqq ola,
Torpaq rəssam
uda, bəstəkar uda! -
Ana dəfn
oluna, gözəl qocala...
Bəlkə
bir səhnədir, əsərdir bu da...
Bir insan beş addımlıq ömür yolunda ilahi, nə qədər dərdlə, kədərlə, bəd xəbərlə üzləşərmiş? Amma nə gileyə dəyər, nə də şikayətlənməyə. Çünki verən də Allahdır, alan da. Pozulmaz yazıları məhz ulu Tanrı yazıb. Bizə qalan təsəllidə bir ümidə söykənirik ki: bu əzab məngənəsinin içindən sıyrılan Məmməd Araz heç vaxt naşükür olmayıb. Dilindən həmişə xoş sözlər eşidilib, baxışlarından mehribanlıq duyulub. Gileydən, şikayətdən çox uzaq idi. Min illər də indən belə səslənəcək şeirləri bizə ərmağan qaldı:
Ta heç nə demirəm, heç nə demirəm,
Alışır sinəmdə söz aram-aram.
Mən sənə
bir kövrək yaddaşı möhkəm,
Vəfalı xatirə bağışlayıram.
Bu "xatirə"lər isə Məmməd Arazın
bizə həmişə uzaq və şirin nağıl
danışacaq şeirləridir. Leylilər göyərəcək,
Məcnunlar doğulacaq, igidlər vətən naminə
ayağa qalxacaq, sıraya düzüləcək və sonra
daha nələr, nələr olacaq. Min
qanun yazılacaq, min fərman veriləcək, min söz deyiləcək.
Adlar, imzalar, mədhiyyələr
ünvanını dəyişəcək. Bəlkə hələ min illərin Həkərisi,
Arazı öz əvvəlki səmtini itirəcək. Böyük Füzulinin söz mülki kimi dəyişməyən
Məmməd Arazın yazdıqları olacaq. Hava, su, çörək kimi köhnə təzəlikdə
həmişə ona ehtiyac duyulacaq. Və bir də bizə
qalan bu vəsiyyəti olacaq:
Bu
torpağın son qurbanı mən olsam,
Öz
odumda yanıb külə tən olsam,
Eldən
ötən güllələrə dən olsam,
Ata millət,
oğul deyib ağlama,
Ağlamağın
yeri deyil, ağlama!
Flora XƏLİLZADƏ, əməkdar
journalist
Ədalət.-2013.-8
noyabr.-S.5.