AYDINLIQDA OLASAN

(Hekayə)

 

Qanunlarımızın keşiyində ədalətlə duran bütün hakimlərə ithaf edirəm.

 

Seyfəddin kişini qəsəbədə çox adam tanıyır, ona bir ağsaqqal kimi hörmət edirdilər. Təqaüdə çıxdıqdan sonra qəsəbə rəhbərliyi Seyfəddin kişini düzgünlüyünə, insanlarla münasibətinə, xeyirxahlığına, zəngin təcrübəsinə görə qəsəbə ictimai şurasının sədri vəzifəsinə seçmişdilər. Var-dövlətindən həyətdəki tövləsində bir inəyi və on-on beş baş toyuq-cücəsi var idi. Süddən-qatıqdan, həyətdəki toyuqların yumurtasından satıb bir təhər dolanırdılar. Övladlarını - iki qızını köçürmüş, bir oğlunu çoxdan evləndirmişdi.

İki il əvvəl qəsəbədə ayrı-ayrı məhəllələrdə elektrik şəbəkəsi tərəfindən köhnə sayğaclar yeni elektron sayğaclarla əvəz edilməyə başlandı. Seyfəddin kişigildə də köhnə sayğac yenisi ilə əvəz edildi. Köhnə sayğacı isə işıq idarəsinin işçiləri özləri ilə apardılar ki, bu saygac hələ yoxlanmalıdır. Necə oldusa Seyfəddin kişiyə elektrik işığına görə börc pul da yazıldı.

Bir neçə gündən sonra içıq idarəsindən iki nəfər gəlib heç bir sənəd vermədən şifahi olaraq Seyfəddin kişiyə bildirdilər ki, sizin işıq idarəsinə ötən illər üçün borcunuz var və dedilər ki, gərək bu borcu da ödəyəsiniz. Seyfəddin kişi əlbəttə ki, narazılığını bildirmişdi və elə həmən gün də işıq idarəsi rəisinin yanına getmişdi. İşıq idarəsinin rəisi ilə söhbətdən sonra iki il Seyfəddin kişiyə borcu haqqında heç kəs bir söz demədi.

Amma son altı ay ərzində köhnə borcu ondan tələb edib, gəlib işığını dörd dəfə kəsmişdilər. Seyfəddin kişi qəsəbə elektrik idarəsinə gedib borcunun olmadığını bildirsə də, heç bir xeyri olmurdu. Həmişə də belə bir cavab alırdı ki, yazılmış borc pulu ödəməlisən, çünki artıq kompyuterə yazılmışdır. Seyfəddin kişi də: "Əşşi, a balam, mənim borcum olmamalıdır axı, indi nə var, nə var kompyuterə yazmısınız deyə mən bu pulu ödəməliyəm? Necə yazmısınız eləcə də silin" deyə narazılıqla deyinə-deyinə qayıdırdı geri.

Seyfəddin kişi nəhayət əlacsız qalıb məhkəməyə müraciət edir ki, bu işə bir son qoyulsun. Nə vaxta qədər onun işıqları sönməlidir? Nə vaxta qədər o işıq idarəsinə gedib-gəlməlidir. O, məhkəməyə, onun ədalətliliyinə çox inanırdı. O bilirdi ki, məhkəmə bu işə düzgün baxacaqdır.

Bu məsələni bilənlərin çoxu Seyfəddin kişini qınayırdılar ki: "Ay Seyfəddin, nahaq yerə məhkəməyə vermisən, bir xeyri olmayacaq. Əksinə səni təqsirkar çıxaracaqlar ki, niyə pulu ödəmirsən. Daha kimdi sənin düz olub-olmadığına baxan. Gərək yavaş-yavaş ödəyib canını qurtaraydın".

Seyfəddin kişi də hər dəfə əsəbiləşirdi ki: "Əşşi, haqq-ədalət yoxdur məgər, əgər düz adamsınızsa məhkəmədən niyə qorxursunuz. Məhkəmə zərər çəkənlərin, zəiflərin hüquqlarını qoruyandır. Mənim bu adamlara gücüm çatmır, başa sala bilmirəm".

Bir tərəfdən də qonşusu Kazım kişi onu lap boğaza yığmışdı:

- Ay Seyfəddin, nahaq sən belə etdin. Hökumətun puludu, gərək yavaş-yavaş verib canını qurtaraydın.

- Əşşi... cən nə danışırsan, ay Kazım! Hökumətin bu işdən xəbəri yoxdur.

- A kişi, nə fərqi var, elə onlar da hökumətin pulunu yığırlar da. Odey... Şəhərdə, qaynımın oğlu hökumət işində işləyirdi. Anbarda... Nədir o... iskladçik. Çox düz adam idi, işini də çox sevirdi, canını qoyurdu. Axırı necə oldu?!.

- Necə oldu?..

- Hökumət damlayıb onu, yatır.

- Niyə?

- Nə bilim, ay Seyfəddin. Dedilər ki, guya hökumətin filan qədər pulunu yemisən. Anbardan filan şey, nə bilim fəsman şey yoxdur.

- E,.. e,.. eh... - deyə Seyfəddin kişi əlini havada yellətdi, sonra sözünə davam etdi, - Sən Allah, burax görək, ay Kazım, mən ki, anbardar deyiləm. Bir də ki, ay Kazım, vallah, deyəcəyəm inciyəcəksən, axı düz adamın damda nə işi var. Hə?..

- Nə fərqi var, a kişi, bu da hökumətin puludur da... Düz oldun, olmadın. Özün öz ayağınla getmisən məhkəməyə ki, mənim hökumətə bu qədər borcum var. Bunlara nə etibar,.. bir də gördün ki, hakim də o pulun üstünə bir o qədər də yazdı, qoydu sənin belinə. Sonra nə edəcəksən, hə?!.

Seyfəddin kişi daha bir söz demədi. Oturduğu yerdən ayağa qalxıb sozü kəsmək istədi.

- Əşşi... Ay Kazım, sənin fikrin o vaxtlara getməsin, - deyib Kazımdan uzaqlaşdı.

Belə söhbətlər, qohum-qonşuların qınağı Seyfəddin kişidə az da olsa məhkəməyə qarşı tərəddüd yaradırdı. Amma bütün bunlara baxmayaraq Seyfəddin kişinin məhkəməyə böyuk ümidi var idi. O bilirdi ki, haqq-ədalət öz yerini tutacaq.

Elə bu zaman qarşısında görünən Şahnisə arvadın sözü Seyfəddin kişini fikirdən ayırdı:

- Ay kişi, sabah bir get gör bizim bu işıqlar nə vaxt yanacaq. Motor işləmir, quyudan su vurmaq olmur. Hovuzda da ki, su qurtarıb, qalmışıq susuz.

- Yaxşı, yaxşı ay arvad, səhər gedərəm, - deyə Seyfəddin kişi dilləndi.

Axşam qaranlığında Seyfəddin kişi ilə Şahnisə arvad evdə şam işığında əyləşib söhbət edirdilər. Axşama yaxın qalxan yaz küləyi bir az da güclənmişdi. Bayırda əsən külək ağacları yellədirdi. Birdən tövlə damının üstündən taxta parçalarının səsi gəldi. Şahnisə arvad dedi:

- Ay kişi, bir dənə inəyimiz var. Bu qaranlıqda birdən gəlib onu da apararlar. Bir çıx bayıra gör nə səs-küydür elə.

- Yaxşı, - deyib Seyfəddin kişi qalxır ayağa. Divardan asılmış rəfin üstündən neft lampasını götürüb alışdırır:

- Arvad, gedim bir tövləyə, həyət-bacaya göz gəzdirim, - deyib evdən çıxır.

O, qapıdan çıxıb tövləyə tərəf elə bir neçə addım atmışdı ki, küləkdə lampanın şüşəsi yerə düşüb sınır. Lampanın işığı da sönür. Havanın işığında o, daşdan-divardan tuta-tuta yavaş-yavaş gəlib çıxır tövləyə. İçəri girib başlayır inəyi səsləməyə:

- Alagöz,.. Alagöz...

Alagözdən səs çıxmır. Bir az da irəli yeriyib inəyi yenə səsləyir:

- Alagöz,.. Alagöz...

Bu dəfə inək sahibinin səsinə səs verib yerində tərpənir. Ayağının birini götürüb birini qoyur, başını yelləyib qulaqlarını şaqqıldadır.

Seyfəddin kişi Alagözün səsini eşidcək ürəyi gəlir yerinə - "Şükür Allaha yerindəsən" deyə astadan öz-özünə deyir. O, inəyin yerində olmasından arxayınlaşıb qayıdır geri.

Qaranlıqda evin qapısının ağzına çatanda ayağına daş ilişir, üzü üstə yıxılır yerə, başı dəyir qapıya. İçəridə şam işığında oturan Şahnisə arvad birdən-birə səsdən diksinir. Buy,.. bissimillah... Bu nə səsdi belə, - deyə kişini səsləyir:

- Seyfəddin,.. Seyfəddin... Sənsən?..

Kişi Şahnisə arvadın səsinə səs vermir. Şahnisə arvad bir də kişini səsləyir:

- Kimdi?.. Seyfəddin, sənsən?..

Kişi haçandan-haçana cavab verir:

- Mənəm arvad, mənəm...

Buy, başıma xeyir. Bu necə gəlişdi, ay kişi?..

- Arvad, mənəm qorxma yıxılmışam,.. - deyə kişi qapının arxasından səslənir.

Şahnisə arvad kişiyə kömək etmək üçün şamı stolun üstündən götürüb qapıya tərəf gəlir. Görür ki, kişi qapının ağzında uzanıb yerə. Tez soruşur:

- A, kişi bir şey olmayıb ki?..

- Yox arvad, başım qapıya dəyib...

Arvadla köməkləşib birtəhər kişi qalxır ayağa, içəri keçib narazılıqla başını bulayır. Üst-başını çırpıb sakitləşir.

Yataqda kişi yuxuya gedə bilmir. Elə hey yerində öz-özünə düşünüb var-gəl edir: "Səhər durum gedim məhkəməyə... Belə əzab-əziyyət olmaz daha... Düz deyirlər, gərək gedim ərizəni götürüm geri... Oradan da çıxım gedim işıq idarəsinə. Yalvarım-yaxarım, bir otuz manat da pul verim işıqçıya ki, gəlib işığı bağlasınlar yerinə. Deyim ki, vallah yoxdu, hamısını birdən-birə verə bilmərəm, sonra yavaş-yavaş ödəyərəm. Oradan da çıxım gedim bazara. Bazardan da iki dənə neft lampasının şüşəsindən alım ki, birdən yenə lazım olar, qoy evdə olsun...". Seyfəddin kişi bu düşüncələr içərisində gedir yuxuya.

Səhər erkən Seyfəddin kişi tövlədə inəyi rahatlayır, toyuq-cücənin dənini, suyunu verib, gəlib evin qarşısındakı dəhlizdə əyləşir. Bir stəkan çay içdikdən sonra:

- Arvad, mən durum gedim məhkəməyə, - deyib qalxır ayağa.

Məhkəmədə Seyfəddin kişi hakimin köməkçisi ilə görüşür. Yüksək hörmət və səmimiyyətlə onu qarşılayan bu cavan oğlan:

- Narahat olmayın, əyləşin. Gəldiyinizi bu saat hakimə məruzə edərəm, - deyib o biri otağa keçir. Bir neçə dəqiqədən sonra otaqdan çıxıb:

- Buyurun, keçin içəri, - deyə Seyfəddin kişiyə müraciət edir.

Seyfəddin kişi hakimin qapısını astadan döyüb keçir içəri. Hakim gözünü qarşısındakı kağızdan ayırmadan:

- Buyurun, gəlin! - deyə razılığını bildirir.

Seyfəddin kişi hakimin stoluna yaxınlaşanda hakim əlindəki qələmi stolun üstünə qoyub nəzərlərini qarşısındakı kağızdan ayırır. Ayağa durub Seyfəddin kişi ilə əllə görüşür:

- Buyurun, ağsaqqal, əyləşin! - deyə ona əyləşmək üçün yer göstərir.

Seyfəddin kişi hakimi tanımasa da hakim onu kəndin ağsaqqallarından biri kimi tanıyırdı.

- Xoş gəlmisiniz, - deyə hakim əlavə etdi.

Seyfəddin kişi astadan:

- Əşşi,.. məhkəməyə də xoş gəlmək olar?!. - dedi.

Hakim azacıq dodaqucu gülümsündü. Sonra əlavə etdi:

- Hə,.. şikayətiniz nədəndir ağsaqqal?..

Seyfəddin kişi başlayır başına gələn əhvalatı hakimə danışmağa, - "... vallah mən nəhayət məcbur olub gəlmişəm məhkəməyə. Bilmirəm necə olub ki, bu işıqçılar mənə köhnə illərə köhnə borc yazıblar. Nə mən ödəyə bilirəm, nə də onlar məndən əl çəkirlər. Özüm də pensioner adamam. Neçə dəfəm getmişəm rəislərinin yanına ki, ay balam belə olmaz axı... Söz verib ki, bu borcu məndən silsin. Amma faydası yoxdur. Son altı ayda dörd dəfəm işığımı söndürüb məni qoyublar qaranlıqda. Bu yay vaxtı, olmazın əzab, əziyyət...". Seyfəddin kişi hakimə elə hey gileylənirdi...

- Cənab hakim, - deyə Seyfəddin kişi sözünə davam etdi, - "Mən bir az düz adamam, ona görə də sevirəm ki, ..."Hakim Seyfəddin kişinin sözünü yarımçıq qoyub:

- Seyfəddin kişi, mən sizin ərizənizi oxumuşam! Bilirəm! Sizi tanıdığım üçün siz mənim nəzərimdə bir az yox, tam düz adamsınız. Narahat olmayın, baxarıq, araşdırarıq.

Hakimin Seyfəddin kişini başa düşməsi ona elə bil həyatda nəyi isə böyük bir şeyi bağışladılar. Seyfəddin kişi elə bil birdən-birə kövrəldi, uşaqlaşdı... yumşaq səslə dedi:

- Cənab hakim, axı indi yayın bu istisində evdə qaranlıqda qalmışıq. Motor da işləmir ki, quyudan su çəkək, həyət-bacaya vuraq.

- Seyfəddin kişi, dünən mən sizin işığınızın məhkəmədə mahiyyəti üzrə baxılana qədər yandırılmasına qərar qəbul etmişəm. Heç kəs indi gəlib sizin işığınızı söndürə bilməz. Narahat olmayın gedin evə, ya bu gün, ya sabah gəlib sizin işığınızı yandırarlar.

Seyfəddin kişi görür ki, - "... yox, bu heç deyilənlər kimi qaraqabağ, sərt, adamı taxsırkar çıxarmağa çalışan hakimlərə oxşamır. İşıq idarəsinin işçiləri kimi "A, kişi! Niyə işığın pulunu ödəmirsən?!." - demir. Əksinə çox səmimiyyətlə, səbrlə adamı dinləyən, adamı başa düşəcək dərəcədə ona yaxınlaşan, onun hüquqlarını qorumağa çalışan bir hakimdir. Axı hakim hökumət adından çıxış edir, hökumət adından qərar verir". Elə bu vaxt hakimin səsi Seyfəddin kişini düşüncədən ayırır:

- Narahat olmayın Seyfəddin kişi, gedin evə, ya bu gün, ya da sabah gəlib işığınızı yandırarlar.

Seyfəddin kişi hakimlə sağollaşıb otaqdan çıxır. O, məhkəmədən çıxıb heç bir yerə getmədən düz birbaş gəlir evə. Qapını açıb girir həyətə. Qulağına su nasosunun səsi gəlir. Bir az da irəli, su quyusuna tərəf yeriyəndə Şahnisə arvadı su hovuzunun yanında dayandığını görür. Su nasosu quyudan hovuza su vururdu. Şahnisə arvad kişini görcək:

- Gözün aydın olsun, ay kişi,..

- Aydınlıqda olasan, ay arvad... De görüm nə olub?..

- İşıqlığa çıxasan. İşığımız yandı axı...

- Yandı?..

- Hə,.. ... İşıqçılar gəlmişdi. Dirəkdən işığı bağladılar yerinə. Dedilər ki, məhkəmənin qərarı var.

Seyfəddin kişi əvvəlcə qulaqlarına inana bilmədi. Sonra hovuzun yanında bir az dayanıb Şahnisə arvada dedi:

- Gördün, ay arvad!.. Hökumətimiz var, onun qayda-qanunları da var. Belə şey olar məgər?.. Ola bilməz ki, hər yan,.. kəndlər, şəhərlər gecə-gündüz işıqlıq içərisində olsun, amma həmən ölkənin vətəndaşı işıqsız qalsın.

Seyfəddin kişi bir qədər hovuzun qırağında dayanıb su nasosunun quyudan şəlalətək hovuza vurduğu axar suya baxdı. Sonra hovuzdan aralanıb evə tərəf aramla addımlamağa başladı. Hakimin onunla söhbəti, ona necə hörmət və diqqətlə yanaşması hələ də Seyfəddin kişinin gözləri qarşısında idi. Bu görüşdən sonra Seyfəddin kişi ətrafda gedən bütün söz-söhbətlərə ürəyində son qoymuşdu. O, astadan "Sağol, bala!.. Nə yaxşı ki, dövlətimizin qanunlarının keşiyində duran belə hakimlərimiz var" dedi.

O, gəlib qapının ağzında dayandı. Geri çevrilib bir də hovuza tərəf baxdı. Hovuzla evin arasındakı məsafə az olduğundan buradan hər şey aydın görünürdü.

O, elektrik enerjisinin gücü ilə işləyən su nasosunun hovuza vurduğu göz yaşıdək şəffaf, yayın istisində qığılcımından ətrafında göy ğurşağı yaradan şırhaşırla axar suya baxıb "Su aydınlıqdır" dedi. Sonra başını yuxarı qaldırıb göy üzünü seyr etdi. Səma açıq idi. O, əllərini yuxarı qaldırıb astadan: - "Allah sənə xeyir-dua versin, bala! Allah səni şərdən-bəladan qorusun!" deyib evin qapısını açdı.

 

Azər Əliyev,

Filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü

Ədalət.-2013.-8 noyabr.-S.6.