Biləsuvar rayonu etimadı doğrultdu

 

Arxada qalan cari ilin 9 ayı bunu bir daha təsdiqlədi

 

Azərbaycan Respublikasının Prezidenti bölgələrə səfəri çərçivəsində 04 sentyabr 2013-cü ildə Biləsuvar rayonunda da olmağa vaxt tapdı. O, yeni inşa olunmuş bir sıra obyektlərin açılışında iştirak və çıxış da etdi. Səfər zamanı Biləsuvarda görülmüş bu işlərdən razı qaldığını bildirən cənab Prezident biləsuvarlılarla görüşü zamanı öz sevincini belə bildirmişdir: "Mən Biləsuvarda dəfələrlə olmuşam. Əvvəlki dövrlərdə də, prezidentlik dövründə də olmuşam. Bu, mənim Prezident kimi dördüncü səfərimdir. Burda gedən abadlıq-quruculuq işləri əlbəttə ki, məni sevindirir. İndiki Biləsuvar əvvəlki ilə müqayisəedilməz dərəcədə inkişaf edibdir. Gözəl şəhər yaradılıbdır. Gözəl binalar tikilib, küçələr abadlaşıb. Bax, bu meydan yox idi. Yeni tikilib. Yəni, hər şey etmək mümkündür. Gözəl Heydər Əliyev Mərkəzi, İcra Hakimiyyətinin yeni binası, park. Budur bizim bugünkü reallıqlarımız. Biləsuvarın timsalında biz regionların inkişafını, dövlət siyasətinin nəticələrini görürük".

Elə bu uğurların məntiqi davamıdır ki, Prezident Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının davam etdirilməsi, insanların daha rahat yaşaması məqsədilə bir sıra sərəncamlar imzalamışdır. Onun imzaladığı sərəncamlara uyğun olaraq indi rayon Mərkəzi Xəstəxanasının yenidən qurulması, tibbi avadanlıq və inventarlarla təchiz olunması, rayonun 13 min nəfər əhalisinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yolunun və 10 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirən Əsgərabad-Muğan avtomobil yolunun tikintisi məqsədilə işlərə başlanılmışdır. Biləsuvar rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə bağlı sərəncama əsasən isə görüləcək işlər müəyyənləşdirilmiş və yaxın günlərdə bu işlərə başlanılması planlaşdırılmışdır.

 

Bu, Biləsuvar şəhəridir

 

Qeyd etdiyimiz kimi, 2013-cü ilin 9 ayında Biləsuvar rayonunda tikinti və abadlıq sahəsində xeyli işlər görülmüşdür. Rayon mərkəzində ərazisi 2,1 hektar olan Heydər Əliyev Parkı müasir üslubda yenidən qurulmuş, onun ərazisi müasir arxitekturaya uyğun ən müasir avadanlıqlarla təmin edilmişdir. Heydər Əliyev Mərkəzi, Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyasının Biləsuvar rayon təşkilatı üçün yeni inzibati binalar tikilib istifadəyə verilmişdir. Ümummilli lider Heydər Əliyevin 8,5 metr hündürlükdə abidəsi ucaldılmış, 56 metr hündürlüyündə Azərbaycan Respublikasının Dövlət Bayrağı quraşdırılmışdır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Biləsuvar şəhərinin içməli su xəttinin çəkilişi başa çatdırılmışdır. İnşası başa çatdırılmış bu obyektlərin 2013-cü ilin sentyabr ayının 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları tərəfindən rəsmi açılışı olmuşdur.

Arxada qalan müddət ərzində Heydər Əliyev, M.A.İbrahimovNizami küçələrində hasarların tikintisi, dekorativ üzlük aqlay daşları ilə üzlənməsi, darvazaların yenilənməsi, piyadalar üçün səkilərin kənarlarına bordürlərin düzülməsi işləri görülmüşdür. 30 ədəd yeni işıqlandırma dirəklərinin quraşdırılması işləri də yekunlaşdırılmışdır. Biləsuvar şəhərinin cənub istiqamətindən girişində müasir üslubda tağvari giriş darvazası, Heydər Əliyev küçəsindəki yolayrıcı dairə və saat kompleksinin, Bolqarçay çayı üzərində körpünün giriş və çıxışında 5 fənərli dekorativ işıqlandırma sistemi quraşdırılmışdır. Şəhərin Heydər Əliyev küçəsində yaşıllıq zolaqlarında 3,3 min kvadrat metr sahədə qazon örtük salınmışdır. Min ədəd dekorativ ağacgül kolları əkilmişdir. Yuxarıda adları çəkilən küçələrdə yerləşən yöndəmsiz kommersiya obyektləri yenidən qurulmuş, bu obyektlərin də dekorativ aqlay daşlarla üzlənməsi başa çatdırılmışdır. Aparılan tikinti-quraşdırma işləri ilə yanaşı şəhərin Heydər Əliyev küçəsində 2,2 kilometr, M.A.İbrahimov küçəsində 1 kilometr yol asfaltlaşdırılmışdır.

Şəhər sakinlərinin rahatlığını təmin etmək üçün "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq Biləsuvar şəhərinin kanalizasiya sisteminin tikintisi davam etdirilmişdir. Bu tikinti başa çatdırılandan sonra şəhərin küçələri asfaltlaşdırılacaq və rayon mərkəzi daha gözəl görkəm alacaq.

 

Kəndlinin dostu torpaq

 

Digər kənd təsərrüfatı rayonları kimi Biləsuvar rayonu da bu sahədə bir sıra uğurlara imza atmışdır. Rayon iqtisadiyyatının əsasını təşkil edən kənd təsərrüfatının inkişafı əhalinin həyat tərzinə xeyli təsir etmişdir. Kənd təsərrüfatı məhsullarının istehsalından əldə edilən gəlirlər hesabına rayon sakinləri sosial şəraitlərini yenidən qurmağa başlamışlar. Dövlət Proqramına uyğun olaraq aparılan islahatlar bu sahənin inkişafına böyük təkan vermişdir. 2013-cü ilin 9 ayı ərzində kənd təsərrüfatı məhsullarının həcmi 76,4 milyon manat, o cümlədən bitkiçilik üzrə 40 milyon manat, heyvandarlıq sahəsi üzrə 36,4 milyon manat olmuşdur.

 

(ardı gələn sayımızda)

Səxavət Məmmədli

 

ədalət.-2013.-8 noyabr.-S.7.