Biləsuvar rayonu etimadı doğrultdu

 

Arxada qalan cari ilin 9 ayı bunu bir daha təsdiqlədi

 (əvvəli ötən sayımızda)

Rayon ərazisindəki torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə mövcud kollektor-drenaj sistemlərinin təmiri və lildən təmizlənməsi üçün 2012-2014-cü illər üzrə qrafik hazırlanmış və təsdiq edilmişdir. Haqqında danışdığımız müddət ərzində 233 kilometr kollektor-drenaj sistemi lildən təmizlənmişdir. Torpaqların suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədi ilə 20 ədəd su nasosları, 25 ədəd dizel mühərriki, 5 ədəd elektrik mühərriki, 3 ədəd elektrik transformatorları əsaslı təmir edilmişdir.

Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsində yeni texnologiyanın tətbiqinə də ciddi fikir verilir. Bütün bunlar onu deməyə əsas verir ki, kənd təsərrüfatında sahibkarlığı sürətlə inkişaf etdirməklə əhalinin pul gəlirləri də artacaq və insanların maddi rifah halı yaxşılaşacaqdır. Buna bariz misal olaraq şəhər ərazisində 2 böyük ticarət mərkəzi, rayonun Təzəkənd və Ağayrı kəndlərində xeyir-şər evləri, Xırmandalı kəndi ərazisində 2 hektar sahədə kənd təsərrüfatı məhsulları yetişdiriləcək istixananın tikintisini göstərmək olar. Bunlar rayon iqtisadiyyatının sürətli inkişafından xəbər verən amillərdir.

Paytaxt sakinlərini ucuz və keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə təmin etmək məqsədi ilə təşkil olunan yarmarkalarda Biləsuvar rayonunun fermerləri yaxından və həvəslə iştirak etmişlər. Bu müddət ərzində yarmarkalara nəzərdə tutulduğundan xeyli çox müxtəlif növ kənd təsərrüfatı məhsulları göndərilmişdir.

 

Yaxşı təhsil yaxşı gələcəkdir

 

Biləsuvar rayonundan bəhs edilərkən burdakı təhsilin son uğurlarından da danışmamaq olmaz. Rayonun ümumtəhsil məktəblərinin tikintisi və əsaslı təmiri istiqamətində aparılan işlərin miqyası genişləndirilmişdir. 1176 şagird yerlik Ağalıkənd tam orta məktəbinin əsaslı təmiri başa çatmaq üzrədir. Hazırda bu tikintidə işlərin yekun mərhələsi başlanmışdır. 640 şagird yerlik Xırmandalı kənd 2 saylı tam orta məktəbinin, 220 şagird yerlik Amankənd kənd tam orta məktəbinin, 450 şagird yerlik Aşağı Cürəli kənd tam orta məktəbinin tikintisi davam etdirilmişdir.

Təhsil ocaqlarının informasiya-kommunikasiya texnologiyaları ilə təminatı da yaxşılaşdırılmışdır. İndi Biləsuvar məktəblərində kompyuterlərin sayı 385-ə çatdırılmışdır. Hər 35 şagirdə 1 kompyuter düşür ki, bu da əvvəlki illərlə müqayisədə çoxdur. Hazırda Biləsuvar rayonunun ümumtəhsil məktəblərində 13711 şagirdin təlim-tərbiyəsi ilə 1440 nəfər müəllim məşğul olur ki, onlar da bütün pedaqoji ustalıqlarını hər bir şagirdin sabahın layiqli vətəndaşları kimi tərbiyə olunmasına yönəltmişlər.

2012-2013-cü tədris ilində rayonun ümumtəhsil məktəblərinin məzunlarından 178 nəfəri ali məktəb tələbəsi adına layiq görülmüşdür. Onlardan 6 nəfəri 600-dən, 32 nəfəri 500-dən çox bal toplamışdır. Məzunlardan 65 nəfəri isə orta ixtisas məktəblərinə qəbul olunmuşlar.

 

Sosial şərait yaxşılaşdırılır

 

Rayon sakinlərinin daha rahat, daha firavan yaşamaları üçün burda son illər bir sıra layihələr həyata keçirilmişdir. Sakinlərin mavi qazla təmin edilməsi istiqamətində Çaylı, Bağbanlar, İsmətli kəndləri təbii qazla təmin edilmişdir. Hazırda Ağayrı, Günəşli, Nərimankənd, Səmədabad, Muğan, Yuxarı Ağayrı, Arazbar kəndlərində, Biləsuvar şəhərinin və Əsgərabad yeni salınmış yaşayış məntəqələrində qaz xətlərinin çəkilişi davam etdirilir.

Ümumilikdə rayonun 1 şəhər və 18 kəndi təbii qazla təmin olunmuşdur ki, bu da 83 faiz göstərici deməkdir. Hazırda 10705 abunəçiyə təbii qaz verilir və sayğaclaşma işi də 100 faiz başa çatdırılmışdır. Rayon ərazisində magistral daşıyıcı qaz xətlərinin çəkilişi tam başa çatdırılmışdır.

Bundan əlavə şəhər və kənd ərazilərində qaz xətlərinin cari təmir işləri həyata keçirilmişdir.

Əhalini elektrik enerjisi ilə təmin etmək üçün rayonun kəndlərində və şəhər ərazisində təmir işləri aparılmışdır. 21 ədəd elektrik transformatoru təmir edilmiş, 6,6 kilometr yeni hava xətləri, 41 ədəd elektrik dirəyi dəyişdirilmişdir. Nərimankənd kəndində yeni salınmış yaşayış massivində elektrik transformatoru quraşdırılmış və 1400 metr SİP kabeli çəkilmişdir.

Rayon ərazisindəki kəndlərdə yaşayan əhalinin içməli su ilə təminatının daha da yaxşılaşdırılması məqsədi ilə 16 kənddə "MODUL" tipli sudurulducu qurğu fəaliyyətə başlamışdır. Bu da 43 min nəfər kənd əhalisinin duruldulmuş içməli su ilə təminatı deməkdir.

Rayondakı aztəminatlı ailələrin sosial qayğıları da yaddan çıxmamışdır. Belə ki, 1548 ailə ünvanlı dövlət sosial yardımı ilə təmin olunmuşdur. Rayon üzrə hər bir ailəyə düşən ünvanlı sosial yardımın məbləği 120 manat təşkil edir.

Sakinlərin sosial qayğıları ilə bərabər asudə vaxtlarının səmərəli təşkili də unudulmamışdır. Bu məqsədlə rayonda təşkil olunan mədəni-kütləvi tədbirlər, görüş və konsertlər əhali tərəfindən maraqla qarşılanır. Yəqin ki, Heydər Əliyev Mərkəzinin istifadəyə verilməsi sakinlərin mənəvi zənginliyinə daha çox xidmət edəcək.

 

Səxavət Məmmədli

 

Ədalət.-2013.-9 noyabr.-S.6.