İLTİFAT SALEH

("Bölgələrdə ədəbiyyat" silsiləsindən)

 

ƏDƏBİ HƏYAT

1962-ci il idi. Lənkəranın Port-İliç (indi Liman) qəsəbəsində müəllim işləyən İltifat Salayev adlı bir gənc Bakıya, böyük şairimiz Rəsul Rzanın ünvanına bir məktub göndərir. Bu zərfin içində İltifatın şeirləri toplanmışdı və o zaman təzə-təzə yaradıcılığa başlayan İltifat Salayev bilmək istəyirdi ki, onun yazılarına Rəsul Rzanın münasibəti necə olacaq və ümumiyyətlə, o, şeir yolunu davam etdirsinmi?

Rəsul Rza o illərdə ədəbiyyata gələn istedadlı cavanların hamisinə çevrilmişdi. Bunun üstündə bəzən onu tənqid də edirdilər. Amma Rəsul müəllim böyük səbr və təmkinlə cavanlara yol göstərir, onları ruhlandırırdı. İltifat Salayev də heç yarım ay keçməmişdi ki, "Ədəbiyyat və incəsənət" qəzetində Rəsul Rzanın onun şeirləri barəsində "Şairlik ciddi sənətdir" məqaləsi və dörd şeiri ilə qarşılaşdı. Üstündən düz 51 il keçib, amma o məqaləni İltifat Salayev (az sonra o, İltifat Saleh imzası ilə şeirlərini dərc etdirdi), İltifat bir çox kitablarına ön söz kimi verdi. Ən sonuncu kitabı - "Poetik testlər" qarşımdadır və bu kitab da Rəsul Rzanın həmin yazısı ilə açılır. Məqalədə oxuyuruq: "Hörmətli İltifat! Şeirlərinizi oxudum. Əgər yazmaq həvəsi sizdə möhkəm bir inam və iradəyə bağlıdırsa, ötəri bir həvəs deyilsə, mən sizə "uğur olsun!" deyirəm". Bir neçə şeirini təhlil edəndən sonra Rəsul müəllim yazırdı ki: "Mən istəyirəm sən biləsən ki, kənardan hamar görünən sənət yolunun enişi-yoxuşu, çuxurları vardır. Bu yolu sənətə sədaqətlə getmək, inadla zəhmətə qatlaşmaq, səndən əvvəl yaşayıb-yaratmış sənətkarların həyat yoluna, yaradıcılığına bələd olmaq lazımdır.

Ancaq o zaman yaz ki, xalqa deməyə sözün var. Fikirlər, duyğular səni rahat qoymur. Kiçik olsa belə, bir kəşfin var. Yoxsa yüz məlum şeirə bir məlum şeir də əlavə etmək nəyə gərəkdir? Tanış olduğum şeirlərin səndə istedad olduğunu göstərir. Bu istedad fitridirmi, onun qida aldığı çeşmə həyatdırmı - hələlik bunu deyə bilmərəm.

Həyatda elə olur ki, bir neçə yaxşı şeir, ya hekayə yazmış adam get-gedə yaradıcılıqdan soyuyur, özünə başqa sənət seçir. Bu nə cinayət, nə qəbahətdir. Həyat yolunu doğru seçmək üçün müəyyən bir zaman lazımdır. Kim həqiqi yolunu tez tapırsa, daha artıq müvəffəq olur, insanlara onun faydası daha çox dəyir.

Qəlbinlə baş-başa qalmaqdan qorxma. Lakin istək və arzularını, məqsədini həyatda insanlarla ünsiyyətdə də yoxla, görsən ki, şeir həvəsi, yaradıcılıq eşqi üstün gəlir. Yaz, yarat. Unutma ki, sənətin şərəfli və çətin yolları, ciddi imtahanları vardır".

İllər keçdi və İltifat Saleh böyük şairin poetik dərslərini unutmadı, onları mənimsədi.

İltifat Saleh əlli ildən artıq (indi onun 78 yaşı var) davam edən yaradıcılığında Rəsul Rza ədəbi məktəbindən çox şeylər öyrənmiş və bu yolda ona inam, "yaz, yarat!" xeyir-duası verən bir insanın xatirəsini dönə-dönə yad etmişdir. Rəsul Rzaya sonsuz sevgilərini ona həsr etdiyi bir neçə şeirində ifadə edən İ.Saleh bununla kifayətlənməmiş, 2002-ci ildə "Ustad Rəsul Rzaya sonetlər çələngi"ni qələmə almışdır. Həmin çələngin sonuncu-on beşinci soneti ilə tanış olaq:

 

Yolçu, uğur olsun, getsən ha yana,

Unutma Rəsulun qeyrət yolunu.

Sehirli nağıltək danış hər kəsə

Görəndə Rəsulun ömür yolunu.

 

Kəlmələr bahara döndü dilində,

Qəmli ürəyində saf məhəbbəti.

Qələbə çələngi tutdu əlində,

Qaldırdı göylərə büllur sənəti.

 

Yolçu, yığ heybənə dəftər-kitabfı,

Özünü ələ al, itirmə tabı.

Şeriylə ürəyin gələr vəcdəyə.

Hələ görməmisən Rəsul Rzanı,

Ustadı sözüylə, şeiriylə tanı,

Onun söz məbədin əyil səcdəyə!

 

Yeri gəlmişkən qeyd edək ki, R.Rzaya həsr olunan bu sonetlər çələngi 2004-cü ildə Beynəlxalq Rəsul Rza ədəbi mükafatına layiq görüldü.

İltifat Salehin ilk kitabı - "Səni görmək üçün" - çapdan çıxanda onun 43 yaşı vardı. Deyə bilərik ki, o illərdə şeir kitabı çap etdirmək asan məsələ deyildi. Amma burada İ.Salehin özü günahkar idi. Kitab 7-8 il öncə çap olunmalıydı, yəqin ki, get-gəllər olub və İ.Saleh o qədər də üstünə düşməyib. İş burasındadır ki, İ.Salehin özü də birinci kitabından o qədər də razılıq eləmir. Bu kitabdakı bir çox şeirlər sovet gerçəkliyinə, sosialist realizmi prinsiplərinə uyğun idi. Amma beş ildən sonra ikinci kitabı - "Ay işığı" onun ürəyincə oldu. Birinci kitabla müqayisədə İ.Salehin bir şair kimi poetik inkişafı göz qabağında idi. "Ay işığı"nda təbiət şeirləri üstünlük təşkil edirdi. Ömür-gün, həyati qayğılar və problemlər də ayrıca bir mövzu idi. Və nəhayət, sevgi şeirləri. Mövzular müxtəlif olsa da, kitabın əsas qayəsini insan arzuları, duyğu və düşüncələri təşkil edirdi. Budur, Ay işığı haqda bir şeir:

 

Bir parça Ay işığıyam,

ələnmişəm torpağa.

Yarpaqların arasından

gecənin zil qarasından

süzülürəm torpağa

süzülürəm otağa.

 

İnsan niyə Günəşi sevir, niyə onun işığını müqəddəs sayır? Çünki Günəş təkcə işıq saçmır, həm də insana mənəvi qüvvət verir. Günəş olmaq insanın əbədi arzusudur. İnsanın ürəyində mənəvi Günəş yanırsa, o, əbədidir. İltifat Salehin "Günəşlə birgə" şeirindən aldığımız təəssürat budur.

 

Qarşımda bir ölü gün

uzanıbdır tabutda;

indi dəfn edəsiyəm.

Sonra səssiz-səmirsiz

düzəlib öz yolumla

irəli gedəsiyəm.

Sağlığında bu ölü

yaşaya bilmədi ömrünü,

insan üçün,

körpə təbəssümü üçün,

bilinmədi bir işi.

Kimi göynədə bilər

bu həyatdan gedişi?

 

Bu, XX əsr insanının həyatın, ömrün mənası barədə gəldiyi, son nöqtəyə vardığı fəlsəfi düşüncə tərzidir. O, filosof deyil, amma həyatı dərk etmək üçün filosof olmaq o qədər də vacib deyil. İnsan olmaq hər şeydən önəmlidir. XX əsr insanı həm də mürəkkəb talelidir, içində xeyrin, işığın, həyat eşqinin gur çayları, selləri çağlayır, amma həm də etiraf edir ki: "Daim billur kimi qala bilmirik. Etalon bir insan ola bilmirik".

Sonrakı illərdə İltifat Salehin "Rənglərin səsi" (1989), "Sənə demədiklərim" (1997) və "Dərdin şəkli" (2005) kitabları çap olundu. Artıq onun şeirləri barədə tənqidçilər və qələm yoldaşları da söz söylədilər. Xalq yazıçısı Anar İ.Salehin "Dərdin şəkli" kitabına ön söz yazdı. Anar qeyd edirdi ki: "Bu gün köhnə dostum və nəsildaşım İltifat Salehin xahişiylə onun kitabına ön söz yazıram. Təbii ki, ön sözü yazmağa başlamazdan qabaq bu kitaba daxil edilmiş şeirləri diqqətlə mütaliə etdim. Bəziləriylə tanış idim, bəzilərini ilk dəfə oxuyurdum. Dostumun bir şair kimi yaradıcılığının kamil dövrünü yaşadığına, təsirli, mənalı, həm zərif, həm sərt, kəsərli şeirlər yazdığına və bunları bir toplu halında çap etməsinə sevinməyə bilməzdim. Kədərlənirəm, ona görə ki, kitabda toplanmış şeirlərin əksəriyyəti çox kədərli, qəm-qüssəli şeirlərdir, dərddən doğulmuş şeirlərdir. Və İltifatın güclü qələmlə şəklini çəkdiyi dərd, daha doğrusu, dərdlər tək onun dərdləri deyil, xalqımızın başına gətirilən min bir müsibətdən, torpağımızın işğal olunmasından, insanların ağır güzəranından, hər gün üzləşdiyimiz haqsızlıqlardan, ədalətsizliklərdən doğulan dərdlərdir".

İltifat Saleh öz poetik nəsli içərisində seçilir, fərqlənir. Onun belə bir şeiri var: "Tənha şeir"

 

Mən görürəm tənha şeiri

Ləpələrin əlində.

Sular sakit, ləpələr də

İlıq, kövrək, mülayim.

Bax, beləcə ötüb keçir

Günlərim, ayım, ilim.

Ləpələrin əli üstə

Tənha gəzən o şeir.

Elə bəlkə mən özüməm-

Nə deyim...

 

TƏNHA ŞEİR nə deməkdir? Bunu belə anlayaq: İltifat Salehin şeirlərinin göz oxşayan parıltısı, zahiri bər-bəzəyi yoxdur, olsun ki, çoxları bu cür şeirlərə sevgi bəsləmir. Elə İ.Salehin özü də şeirlərinin təbiiliyinə, onların kimsə tərəfindən rəğbətlə qarşılanmasına əhəmiyyət vermir. İltifatın bir çox şeirləri 80 və 90-cı illırin mənəvi mənzərəsini əks etdirir: "Bir ümid", "Ütü", "Bakıda qadağan saatı", "Qəbul otağından reportaj", "Təsəlli", "Ömürdə ilklər", "Dəli şeytan" və s. Bu şeirlərin bir çoxu onun yeni kitabında - "Poetik testlər"də də təqdim edilir. Ən əvvəl "Poetik testlər" haqqında. Bu şeirləri İltifat ikimininci illərin əvvəllərində qələmə almışdır, ancaq indi də elə bil təzə yazılıb. Çünki həmin silsilədə fikir yeniliyi, forma mükəmməlliyi diqqəti cəlb edir. Bunlar istedadla yazılmış şeirlərdir və Rəsul Rzanın "Rənglər" silsiləsinin təsirini hiss edirik. Amma təsir təqlid demək deyil və İltifat Saleh "Poetik testlər"də bəzi nümunələri çıxmaq şərtilə öz şair fərdiyyətini ortaya qoya bilmişdir. "Qisas testi", "Yalan testi", "Sərxoşluq testi", "Yaxşılıq testi", "Azadlıq testi", "Xoşbəxtlik testi", "Təmizlik testi", "Halallıq testi", "Qorxu testi", "Həqiqət testi", "Korluq testi", "Yuxu testi", "Sayıqlama testi", "Dilənçi testi", "Acı dil testi", "Şirin dil testi", "Sel testi", "Həyəcan testi", "Sevinc testi", "Səadət testi", "Paxıllıq testi", "Yaltaq testi", "Böhtan testi", "Boşboğazlıq testi", "Alver testi", "Şairlik testi", "Qocalıq testi", "Gülüş testi", "Nadanlıq testi" - ümumən 29 "test". Bu "testlər"in bir çoxunda ustad Rəsul Rza xatırlanır, onun şəxsiyyətinə hörmət və ehtiram ifadə olunur, fikirləri təsdiqlənir. Bir nümunə gətirək: "Sevinc testi"

 

Dünyaya körpə gəlişi,

Ürək isindirən insan işi.

Gənc şairlərə

Rəsul Rzanın işıqlı sözü,

sərraf gözü.

Ölkələr arasındakı sərhədsizlik.

Azad olmuş Vətən torpağı.

Xeyirli işlər görən

insan övladı.

İnsan fikrinə işıq.

Dünyamıza yaraşıq.

Ad günü.

İlk dərs.

İnsanın insana harayı.

 

İltifat Salehin son illərdə yazdığı şeirlərində də dövrün, zamanın, gerçəkliyimizin ritmi, ahəngi öz poetik ifadəsini tapır. "Potik testlər" kitabındakı "Mənim yadigarlarım", "Şəhidlər deyirdi", "Ağ atlı sözlər", "Balerina", "İnanmaq istəyirəm", "Qara qutu", "Yaşa, a sərçəcik", "Son zəng", "Özümü aldadıram", "Plastilin adam". "Yanıq Kərəmi", "Görmədim", "Kimə gərək", "Etiraf". "Kimə gərəkdir", "Suallar", "Ürəyimin odu", "Rahat uyu", İşıq saçan fikir", "Təzyiq", "İnsanların əliylə", "Kardioqram", "Kim olacaq?!", "Nazim Hikmətə" göründüyü kimi yeni şeirlər çoxdur və bu şeirlərdə İltifat Saleh öz fərdi deyim tərzi, poetik manerasını qoruyub saxlayır. "Görmədim" şeirinə diqqət edin:

 

Dünya otel otağı.

İstədiyimiz kimi yaşayırıq,

İstədiyimiz kimi gəzirik.

Ağacını sındırırıq,

Çiçəyini əzirik.

İşimiz bir az çətinə düşəndə

Deyinirik, bezirik.

Bir-birimizə şər atırıq,

Aləmi bir-birinə qatırıq.

Bu otel otağını

Bir günə qoyuruq,

Düşünmədən

Bizdən sonra gələni.

 

İ.Salehin şeirlərinin əksəriyyəti sərbəstdə yazılıb və deyə bilərik ki, o, sərbəst şeir ərazisinin adamıdır. Amma onun hecada da şeirləri var və bu şeirlərdə də dilinin təmizliyi, səliqəliliyi ilə rastlaşırıq.

İltifat Saleh Cənub bölgəsində tanınan, sevilən ağsaqqallardan biridir. O, 1995-ci ildən Azərbaycan Yazıçılar Birliyi Lənkəran bölməsinə rəhbərlik edir və bu müddət ərzində onun rəhbərliyi ilə Cənub bölgə yazarlarının kollektiv və ayrı-ayrılıqda kitabları nəşr olunub. Lənkəranda qaynar ədəbi mühit formalaşıb.

Qarşıdan onun 80 illiyi gəlir və arzu edək ki, 2015-ci ildə bu yubileyi böyük yaradıcılıq sevincləri ilə keçirək.

 

Vaqif YUSİFLİ

Ədalət.-2013.-9 noyabr.-S.13.