QANADLI
GÜNLƏR
Böyük Məmməd Araz
isə "Qanadlı illər" yazmışdı...
Son günlər bir
yerdə qərar tuta bilmirəm. Həm daxili
narahatlıq, həm ətrafımda baş verən hadisələr, ümumiyyətlə, həyatımın
özü sanki təkərlər üzərinə
qoyulub. Ona görə də
harda dayanacağımı,
harda duracağımı,
nəyi necə edəcəyimi qərarlaşdıra
bilmirəm. Sanki nəyi
isə gözləyirəm,
nəyinsə baş verəcəyinə köklənmişəm...
Amma...
Bəli, insan o vaxt özünü
dərk edir, özünü anlayır
ki, ətrafındakılar
da, ona doğmalar
da, yadlar da, durduğu yer də bir
sual işarəsinə,
bir ittihamedici baxışa çevrilir. Bax, o baxışlar, o sual oturmağa, düşünməyə,
vərəqləməyə məcbur edir insanı öz içini, öz dünənini, öz bugününü və vərəqləyə-vərəqləyə
də qarışan sətirləri, yerində
olmayan durğu işarələrini görür...
Bəziləri üçün
təəssüflənir, bəziləri
üçün ağrıyır,
bəziləri üçün
isə haqlı olduğuna görə susur... Susmaq razılıqdı, deyənlər bəlkə
də bu yerdə, bu məqamda haqlıdılar
və yaxud da ədalətsizdilər.
Amma açığını
deyim ki, bu susqunluq hərdən
mənə də gərək olur... özü də hava-su kimi, lap elə həyat kimi. Çünki yerində susmaq,
yerində hər şeyi ancaq dinləyib seyr etmək özü də bir uduşdu...
ən yaxşı cavabdı. Axı böyüklərdən öyrəndiyimə görə,
Ulu Tanrının bir adı da
səbirdi. Düzdü,
çox məşhur
və zaman-zaman xatırlanan bir beyt də var:
Səbirlə halva bişər, ey
qora səndən,
Bəsləsən atlas olar gül
yarpağından...
Hə, mən
bütün bu yazdıqlarımın mayasında
bir narahatçılığı
xüsusi vurğulayıram. Daha doğrusu, onun işığı altında
könlümü səksəkədə
saxlayan məqamlara üz tuturam... O məqamlara ki, məhz həmin o səbirsiz olduğum məqamlarda mənim pıçıltısı ilə,
nəvazişi ilə,
təbəssümü ilə,
hətta lap uzaqlardan görünən kölgəsi
ilə köməyimə
çatır, təsəllim
olur. Və mən də özümü unudaraq ağ kağızın
üzərində misralara
çevrilən ruhumu
bir az həzin,
bir az kövrək,
bir az da
həsrətli səslə,
həm də özüm özümə
oxuyuram.
Bir gözüm qapıda,
biri şəkildə
baxıram,
gələnim -
təkcə xatirə...
Deyirəm
yollardan duman çəkilə -
deyirəm
o yollar səni gətirə...
Bir əlim sinəmdə,
biri ümiddə
nə qapım döyülür,
nə şəkil dinir...
paslanıb deyəsən
açar, kilid də
bircə kirpiklərim
tez-tez isinir...
Bir addım irəli,
bir addım geri
dörd divar arası-
ölçümdü mənim!
Pəncərən önündə
tutubdu yeri -
o qoşa göyərçin
elçimdi mənim!..
***
Zamanı bəzən dəyirmana da bənzədirlər. Bu bənzətməni qabardanlar
onu əsas gətirirlər ki, zaman hər şeyi üyüdür.
Yəni onun daşları arasında heç nə dözüb, duruş gətirə bilmir. Və onu da vurğulayırlar ki, dəyirmanda dən və yarma ayrıldığı
kimi, zaman da belə bir
ayırmanı gerçəkləşdirir.
Yəni bu zamanın dəyirmanında
üyünməsi məsləhət
olmayan, zamanın ehtiyac duyduğu, zamanın yaşatdığı
və xususi olaraq zamanın da zamana ehtiyac
hiss etdiyi nöqtələr,
fərdlər, şəxslər,
hadisələr, faktlar
var ki, o tarixləşir, o zaman dəyirmanının milyon
illik qalın tarix kitabına yazılır.
Bu kitabı isə
dəyişən nəsillər,
bir-birinə, özü
də bir-birindən xəbərsiz şəkildə
hədiyyə edirlər,
ötürürlər. Oxunan, xatırlanan, qiymətini alan həmin
o kitabın içindəkilər
nümunəyə də
çevrilir, örnəyə
də çevrilir, hətta bəzən təkrar da olur. Bunlar isə tarixin
təkrarı kimi qiymətləndirilir. Doğrudur, oxuyanlar,
savad, mərifət sahibi olanlar həmişə bir məqamı diqqətə
çatdırırlar. Deyirlər ki, "təkrar biliyin anasıdır".
Mən də etiraz etmirəm. Oxuyan bilikli adamlar
sırasında neçənci
olduğumu bilməsəm
də, sadəcə anlayışıma, gördüklərimə
əsaslanıb bu ifadəni qəbul edirəm. Çünki bu həm də həyat dərsidi. Oxumadıqca, öyrənmədikcə elə köhnə düşüncənlə, baqajınla,
yatırımınla sabaha
gedib çatmaq çox çətin məsələdi. Çünki sabahlara yeni yollar gedir. Bu yeni yollar isə təkcə dözüm, fərasət
yox, həm də bilik, savad istəyir. Yoxsa mənzil başına gedib çata bilməyəcəksən...
İndi
yaşadığımız və müəyyən mənada da yaşatdığımız zamanın
kino versiyasını göz önünə gətirsək, onda kifayət qədər mənzərələrlə, məqamlarla,
hətta içində
ola-ola görmədiyimiz,
hiss etmədiyimiz durumlarla
qarşılaşmalı olacağıq.
Bu isə öz
növbəsində bizi
həm silkələyəcək,
düşündürəcək, həm də özümüzü özümüzə
gülməyə məcbur
edəcək. Necə deyərlər,
o gülüş bir ittiham olacaq, bir sillə olacaq. Anlamaq üçün, açıq gözlə baxmaq üçün,
kin-küdurətdən, nəfsdən
qorunmaq üçün.
Təəssüf ki, bu yazdıqlarım
bəzən o qədər
ritorik səslənir ki, sanki kimsə
heç tanımadığı,
amma vəzifəsinə,
tutduğu mövqeyə
görə, təriflədiyi
bir adamın şəninə möhtəşəm
bir tost dilə gətirir. O sözlər
bir-biri ilə danışmır, bir-birinə
bağlanmır, amma gurultu yaradır. Özü də saxta və adamda
ikrah hissi doğuran bir gurultu...
Çox təəssüf etsək
də biz bu məqamları da, bu zamanı da yaşamağa artıq alışmışıq. Çünki hamı eyni qəlbdən, eyni prizmadan yanaşmır - özünə, cəmiyyətə,
zamana. Odur ki, yenə güc
ürəyə düşür,
onun yükü bir az da artır.
Fikirlər çarpazlaşır və
sonda duyduqların, eşitdiklərin səni,
özün də hiss
etmədən qəm yuvasına, qəm daşıyıcısına çevirir. Sonda həmin qəm də çaylaq daşları kimi yupyumuru dərdlərə
çevrilir... ruhunda,
ürəyində, canında,
qanunda gəzib dolaşan dərdlərə...
Mənə düşən dərdləri
Gözmuncuğu bilirəm.
Mən onlara sığınıb
Bir küncdə isinirəm!
Günlərimin naxışı
Göz oxşayır, göz öpür...
Çəkib odlu baxışı
-
Pıçıltıyla söz öpür...
Ləngərlənir həyatım -
Dalğasında dərdlərin
Mən ki, çoxdan yarmışam -
Dərdlərin sərhədlərin...
***
İndi bir-birinə ismarıc çatdırmaq, söz yetirmək xeyli asanlaşıb. Barmaqların altındakı düymələr
ürəyindən keçəni
çox qısa bir zamanda, hətta
bir udum nəfəs alınca sahibinə çatdırır.
Ona görə də nə məktub yazılmır, nə də kimsə kiminsə qapısını
döyməyə lüzum
görmür. Bu, məsələnin rahat və real variantıdı.
Amma bu rahat və real variantın içində
qəlbə toxunan, bəzən kimlərisə
üz-üzə qoyan
hissəciklər də
var. Əslində o hissəciklər
bəzən bütöv
bir xoş məramı ayaq altına salır. Onu çətin
yaşanan, çətin
həzm olunan suala, ittihama çevirir, qalırsan düşünə-düşünə, qalırsan var-gəl edə-edə. Sonda gücün
dizlərinə vurduğun
yumruğuna çatır.
Yeri ağrısa da, ağrımasa da...
Yəqin nəyə işarə etdiyimi müəyyənləşdirə bildiniz. Anladınız ki, söhbət nədən gedir. Əgər bir balaca çətinlik yarandısa, onda bu məsələyə də bir aydınlıq gətirim. Belə ki, göndərilən ismarıclar, yazılan yazılar, ünvanlanan sözlər qıcıqla qarşılananda, olduğu kimi anlaşılmayanda, qəbul edilməyəndə, ya da maddi problemlər ortaya çıxaranda... bax onda məlum olur ki, üzbəüz, nəfəs-nəfəsə fikir bölüşmək, söz deyib, söz eşitmək necə deyərlər, daha canlıdı, daha diridi. Çünki o sözün içində bütöv bir varlıq kimi, şəxsiyyət kimi özün də dayanır, özün də nəfəs alır, özün də ifadə olunursan...
Bəli, bütün bunların yozumu və yaxud yazılması ola bilsin ki, o qədər də böyük önəm kəsb etmir. Çünki indi əvvəldə xatırlatdığım kimi, zaman və onun sürəti bizdən çox qabaqdadı. Biz onun içərisində ola-ola ondan geri qalırıq. Özü də təkcə addımlamaqda, yeriməkdə yox, həm də düşüncəmizdə, baxışımızda və yanaşmamızda da!..
Mən yazımın əvvəlində hansı durumda, hansı ovqatda olduğumu ifadə etməyə çalışmışdım. Bilmirəm, alındı, yoxsa yox, amma tam səmimiyyətimlə deyim ki, elə bu yazının özündə də istəklərimi, anladıqlarımı, gördüklərimi, bütövlükdə həyatımın gerçək dərdlərini nə qədər ifadə etsəm də, deyəsən məramıma çata bilmədim. Sizlər nə istədiyimi, nə yazdığımı fikirləşə-fikirləşə qaldınız. Odur ki, qayğıların başdan aşdığı indiki nöqtədə, yəni mənim dayandığım yerdə siz də bir dözüm nümayiş etdirin. Çalışın ki, səbriniz tükənməsin. Axı sizinlə həmsöhbət olan dərdlə kifayət qədər şirin danışmağı bacaran, dərdin könlünü alan bir Allah bəndəsidi. Elə bu son şeirdəki kimi:
Dərdinə qurban olum,
Dərdi aldım gözündən.
Kağız tək cırıb atdım-
Dərdi saldım gözündən.
Kiprik sərinliyinə
Sevgi dərinliyinə
Neçə qərinəliyə -
Hər gün daldım gözündən.
Bir kimsəm yox kiridə
Əldən tutub yeridə...
Mən hamıdan geridə -
Gülüm, qaldım gözündə!..
Əbülfət MƏDƏTOĞLU
abulfatm@box.az
ədalət.-2013.-9 noyabr.-S.8.