QURBAN BAYRAMI

Gün bu gün qan üstə təhvil olacaq,

Torpaq sinirəcək axan qanları!

Azan sədasında açılan bıçaq

Qırğına çağırar müsəlmanları!

 

Baxışlar açılıb, dodaqlar gülər,

Təbəssüm qarışar ölüm səsinə!

Uşaqlar fərəhi səyirib gələr

Baş kəsən atanın xal müjdəsinə!

 

Sürülər gövşəyir ömür suçunu,

Yıxıb, can almağa iştah tələsir.

"Özəl" gədaların "qada" qoçunu

Dubaydan qayıdan "məhəbbət" kəsir!

 

Fələk şər evində min xəta saxlar,

Ölçü-ülgüsü var ötən anın da.

Günah yatağından qalxan adamlar

Səadət axtarır heyvan qanında!

 

Hökmü nişansızdı Allah yazanın,

Qarışqa belində o fərman verir.

Kəbə örtüyünə günah yazanın

Kələyi altında qoyun can verir.

 

Nəfsin tərəzisi daşını atdı,

Yağlandı qabarı açılan əlin.

O gün yeddi evdə "savab" qaynatdı,

Səkkiz ər dəyişən dəyişməz gəlin!

 

Dönüb, baxanmı var öz keçmişinə?

Min baxış dolanır hər çıxan cana.

Üç erkək göndərdi balta dişinə,

Bətnində övladı doğradan ana!

 

Halalda kin olmaz, haramda qüssə,

Hər haram tikəsi min qapı bağlar.

Kişi qurbanını kişilik kəssə,

Nə davar inciyər, nə qazan "ağlar"!

 

Bir sızı qəlbimi fikrimlə gəzdi;

Görən, nə düşünür bu el, bu oba?

Vallah, İsmayılı qurban deməzdi,

Bu günü görsəydi İbrahim baba!

 

***

Fikirsən, dünya, fikirsən,

Fikirsən yol adamına!

Milyonları qırıb-çatdın,

Demədin qal, adamına!

 

Gündə bir xanan sökülür,

Hökmünə canlar bükülür,

Dəymişlərin tez tökülür,

Möhtacsan kal adamına!

 

Sirr ocağın çatma-çatma,

Necə deyim yasa batma.

Bazarında ləl oynatma,

Ləyaqət al adamına!

 

Yerin-göyün paxır-paxır,

Şimşəyində sonluq çaxır.

Yaradanın hara baxır?! -

Bir nəzər sal adamına!

 

Hər böhtanda min ah batıb,

Ölməyinmi vaxtı çatıb?!

Köpəklərin bağda yatıb,

Hürümür yal adamına!

 

 

BAKI TIXACLARI

 

Elə bil bu şəhərin

fil xortumu var,

təzə, pulgir körpülərdən asılıb yollar.

Yuxusuz, höcət leytenant təki

işıqfor gözlərini qırpır.

Əsəb köynəyi nəmli sürücülər

şeytanın atasına od vurub,

dilindən qopanı sükana çırpır!

Günboyu küçələrdə maşınların əyləci

infarkt resepti yazır.

Yetən - gerçəkdən ölür,

coşan - yalandan qızır.

Hamının başına təpir cin atı,

tüpürcəklə açılır nifrətin yeddi qatı.

Siqnal-siqnal dalınca,

burda yol verənmi var?

Hamı məhkumdu sanki,

haqqını görənmi var?!

Həyatın maşın-maşın

iflic olduğu şəhər,

yaşıl işıqlardan

qaçır hər səhər.

Ünvanlı, ünvansız söyüşlərdən

çılpaqlıq yağır.

Əqrəbləri sınmış yollarda

ə gecikən, dərsə yubanan

saata baxır, nəfəs dərib,

ağır-ağır.

Burda öndə dayanan da geridi,

arxada dayanan da.

Yolların şahmat xanasında

ağılsız da matdı ağıllı da.

Bu şəhərdə,

maşınları böv balasıtək

kürəyinə döşəyən yollarda

göz yolundan savayı

bütün yollar irəliyə tərəf

bağlıdır.

Bu yollarda arzuya qovuşmaq

hünərdən deyil,

evinin qapısını tabutla

açmayan ağıllıdır!

Bu şəhərdə

əli sükana, dodağı dərmana

söykənən hər kəs,

təcili yardıma möhtac.

Bakı meri inciməsin,

sanki dəlixananın

səyyar görüntüləridir tıxac!

 

 

XƏBƏR VERİN DURNALARA

 

Eyvay, heyranlığım çökür,

Can yuvamı sökən-sökür,

Payız fəslim yarpaq tökür, -

Xəbər verin durnalara.

 

Bu nə çiskin, nə buluddu?

Axşam-sabahım umuddu.

Sözünmü qarğışı tutdu?! -

Xəbər verin durnalara.

 

 

İşığımnan işıq gəlmir,

Könlümə yaraşıq gəlmir,

Saz köklənib, aşıq gəlmir, -

Xəbər verin durnalara.

 

Açılmazdı ata qalam,

Anammı var dərdin alam,

Yerimə gül əkib balam! -

Xəbər verin durnalara.

 

Göyçənin yolları qardı,

Görükən dərdi dağlardı!

Nənə çeşmələr ağlardı, -

Xəbər verin durnalara.

 

Mən öləndə keçin başa,

Son sözümü yazın daşa.

Bəlkə göylər qaqqıldaşa!

Xəbər verin durnalara.

 

 

MƏN DƏ BU DÜNYADA

ÖMÜR YAŞADIM

 

Musa Yaquba

 

Bir sonsuz zəmiyəm dəni döyülmüş,

Daha biçilməyim, sovrulmağım yox.

Ünvansız bir dağam, beli bükülmüş,

Bir də havalanıb, bac almağım yox.

Zaman dərələrdən axıb gəlmişəm,

Ölümün dadına baxıb gəlmişəm.

 

Lilparlı bulağam, xəzan qonaqlı,

Günəş pıçıltılı, ulduz çıraqlı.

Kuzəli günlərim axıb da getdi,

Hardan iz almışdı, gör harda bitdi.

 

Çökdü ədalətə dırmanan yolum,

Zalım barmağıyla axdıqca qanım.

Zülmün qandalında birləşdi qolum!

 

Nə yazıq, qandaldan qaça bilmədim,

Ümid qapısını aça bilmədim.

 

II

 

Göməşdim həyatın nəf tərəfində,

Günnənə bilmədim kef tərəfində.

Könül binə qurdu dərədə, dağda,

Heyf, bulaq əmən o dodaqlara.

Ayrılıq tez gəldi, ölüm gecikdi,

Heyf, buz olmadım şux yaylaqlara.

Babamın səsinə alaçıq quran

Heyf obalara, ovalıqlara.

 

Hanı bal dünyanın bal kişiləri?!

Hardandı vicdanı kefinə çəkən,

Arvad kişiləri, yal kişiləri?!

 

III

 

Gölməçə saxlamır bulaq suyunug

Bu çovğun dağların ölüm səsidi.

 

Bitdi gözlərimin "naz-naz" oyunu,

Ürəyim ömrümün qış kəlməsidi.

 

Görən hardan keçir söz karvanlarım?

Ömrümün güdazı-pəhləvanlarım.

Hansı çeşmələrdə damladı, görən,

Hansı toxumdadı, şumdadı, görən?

Çoxdandı fikrimin üstündən keçir

Qələmin belindən gələn söz balam.

Susqunam hissimin ögeyliyində.

 

Vallah, dünya itib haqqın gözündən,

Adamı ayırıb, atıb özündən!

Nimdaş yatağımla sağollaşmışam,

Təzə balışa da deyəcəyim var.

Heç nəyi yarımçıq saxlamamışam,

Yalnız söz yaşadan öləcəyim var.

 

Bir də ötənlərə kəmənd atmıram,

Fikir payızımda yaz oyatmıram.

 

Arzu tamaşadı ümid tüsmtümə,

Burulğan kəlmələr oyadar məni.

Qartalmış ağrılar, durub qəsdimə,

Tütün qoxusuyla uyudar məni!

 

Olub-olmuşlarla təklənmişəmsə,

Bir fəsil üstündə köklənmişəmsə,

Bu günün əlindən nə dərman içim?!

Yollar xəyanətkar, yolçu amansız,

Bilmirəm, heç kimin üzündən keçim!

 

Hanı kişiliyin cinah topları?!

Bayraq ucaldacaq arvad gopları?!

 

Fərəhin qarası, dərdin ağıyam,

Nöqtədən incikdi həyat vergülüm.

Qərib obaların yurd çırağıyam,

Hələ başdaşımı axtarır ölüm!

 

Yarıb gecələrin ulduz qatını,

Haqqa nəql edirəm insanatını!

 

Hanı kainatın Allah tərəfi?

Böhtan xanasının günah tərəfi?

 

IV

 

Dilimin altında sıxılır sözüm,

Hələ ürəyimin can davası var. -

Hələ bu dünyanı göstərir gözüm.

 

Daha yarpaqlardan asılıb istək,

Qarışqa yuvası qaldırır məni.

Payızın qovduğu erkək arıtək

Gülün oxşarları çaşdırır məni.

Sanki meşəlikdi bu ev, bu həyət,

Həyatın kompası azdırır məni.

 

"Hanı cəmiyyətin cəm tərəfləri,

Yaşayış tapmağa çəm tərəfləri?"

 

 

YAŞAMAĞA

 

Ümidgahda qapı döyür,

Ürək ömür yaşamağa.

Allahdan qabağa keçib,

Kələk ömür yaşamağa.

 

Fitnə-fəsad dilbir olub,

Qaya çöküb, selbir olub,

Xəlbir ilə əlbir olub

Ələk ömür yaşamağa.

 

Səbrin astarı yuxalıb,

Yuxu verənlər çoxalıb,

Şeytannan ömür-gün alıb,

Mələk ömür yaşamağa.

 

Səfalətin yeri başdı,

Mərhəmətin bağrı daşdı.

İblis felinnən çaşbaşdı,

Fələk ömür yaşamağa.

 

Göydən yeri alıb günah!

Xalq düzəlməz ömürbillah.

Ən gözəl töhfədir vallah,

Ölmək ömür yaşamağa!

 

MƏCNUN GÖYÇƏ

Ədalət.-2013.-13 noyabr.-S.6.