Günəş ömürlü poeziya

Araz ən çox sevilən və oxucu auditoriyası qazanmış şairlərimizdəndir. Onu sevdirən poeziyasındakı reallıq, müdrik fikirlər, hakimanə və dəyərli ifadələr, fəlsəfi tapıntılardı ki, bu da söz dünyasının, xüsusilə poeziyanın, bədii yaradıcılığın gözəlliyi və yaraşığıdır.

M. Araz poeziyası həmişə işıq saçan Günəş kimidir. O, Azərbaycan poeziyasına öz dəst-xətti ilə gəlmişdir və poetik gücü, yükü çox yüksəklərdədir. Onun poeziyasında təbiətin gözəlliyi - dağların əzəməti, torpağın bərəkəti, palıdın nəriltisi, eyni zamanda insanların aliliyi, Vətən yanğısı əsas mövzu kimi mütəmadi olaraq tərənnüm olunmuşdur. Bir də M. Arazı oxuculara sevdirən onun şeirlərinin xalq ədəbiyyatına, dilinə, musiqisinə yaxın olmasıdır.

Şairin sərbəst mövzuda yazdığı gözəl şeirləri kimi aşıqların sevgilərlə oxuduqları gözəl qoşmaları da var.

Deyilənə görə, yetmiş iki saz havası var. XX əsrdə bu havaların sırasına Qaymaxlı ustad aşıq Avdının yaratdığı "İncəgülü" havası da daxil olaraq Türk dünyasında yetmiş üçüncü hava kimi qəbul edilib.

Aşıq Kamandar M. Arazın "Duman, salamat qal, dağ, salamat qal" rədifli məşhur qoşmasını bu hava üstündə oxuyandan sonra o taylı-bu taylı aşıqların ən çox müraciət edib, sevə-sevə oxuduqları aşıq mahnısıdır.

M. Arazın bu qoşması oxunanda başı qarlı, ətəyi sürülü, düzləri çəmənli, qayaları qartallı, üstü buludlu, leysan yağışlı dağlar, yaylaqlar, haylı-haraylı dağ köçü, yurd yeri hər bir oxucunun qəlbində poetik mənzərəyə, göz önündə isə rəsm əsərinə çevrilir.

 

Bəlkə bu yerlərə bir də gəlmədim,

Duman, salamat qal, dağ, salamat qal.

Dalımca su səpir yoxsa buludlar

Leysan, salamat qal, yağ, salamat qal.

 

Xalq şairi Rəsul Rza Məmməd Araz haqda yazdığı "Duyğuların izi ilə" xatirə yazısında vurğulayır ki, M.Arazın lirik parçaları - təbiət gözəlliklərinə könüldən vurğun bir rəssam kimi çəkdiyi mənzərələr, lövhələr yadda qalır, oxucunu düşündürür, dəfələrlə görmüş olduğu dağları, dərələri, çəmənləri, bulaqları, könül oxşayan mənzərələri yeni gözlə görməyə, yeni çalarlarla duymağa yön verir, dönə-dönə baxdığımız, lakin görmədiyimiz rəngləri, biçimləri qarşımızda canlandırır.

Lakin M.Arazın yaradıcılığında tapıntılar, səmimi vurğunluq, poetik yanğı üstündür, onun əksər şeirlərinin leytmotivini təşkil edir.

Bu, böyük şairin M. Araza verdiyi böyük qiymətdir. O, qabaqcadan bilirdi ki, M. Araz gələcəyin böyük şairi olacaq.

Bəzən qısa deyilmiş bir cümlədə olan təsir gücü fikrimizdə, zehnimizdə dərin iz buraxır. Sadəcə bir bənzətmə ilə dərin bir fikir ifadə olunur, şairin poetik düşüncəsi, oxucunu ayıldır və bu düşüncə bizə çox şey deyir.

 

Əl-Günəş,

Qalan şey günəbaxandır...

 

Böyük şairlər, yazıçılar, elm adamları öz xatirə yazılarında M. Araz yaradıcılığına, poeziyasına yüksək qiymət veriblər.

Şairin bu günlərdə 80 illik yubileyi ilə bağlı, mətbuatda geniş yazılar gedir, tədbirlər keçirilir.

Mənim Məmməd Arazla yaxın tanışlığım-təmasım olmasa da onun poeziyasına, poetik dilinə vurğun olmuşam. Mənim kiçik qardaşım şair-publisist Aslan Kəmərlinin onunla yaxın münasibəti olub, onun poeziyası, həyata baxışı, insanlığı barədə çox danışıb. Son zamanlar onun səhhətində yaranan narahatlıqlarla bağlı danışanda gözü yaşarırdı.

2006-cı ildə nəşr olunmuş "Mən özüm bilirəm nəçiyəm, nəyəm" kitabında yuxarıda dediyim kimi tanınmış ziyalıların M.Araz haqqında dəyərli yazıları, xatirələri toplanıb. Həmin kitabda Aslan Kəmərlinin "Vətən ona oğul dedi" başlıqlı yazısı gedib. O, bu yazını 1983-ci ildə şairin 50 illik yubileyi münasibətilə qələmə alıb.

Həmin yazıda deyilirdi ki: "M.Araz bütün yaradıcılığında torpağı vəsf edən, onu özünün ilham mənbəyi adlandıran görkəmli şairdir". Torpaq onun poetik misralarında gül-çiçəyə bürünür, gözəlləşir, qayalar qanad açır, vətənimiz başdan-başa laləzara çevrilir. M.Araz həm də fikir, obraz şairidir. Onun şeirləri hər bir oxucunu düşündürür və oxucu şairin ədəbi qəhrəmanına oxşamağa çalışır.

O, öz kitabında M. Araza iki şeir həsr edib:

 

Sən gəzdiyin dağa gəldim

Məmməd Araz,

Niyə belə vəsf edirsən

Bu dağları - indi bildim

Məmməd Araz.

 

Çoban dindi - səndən dedi,

Duman endi - əndən dedi,

Qayalar da gendən dedi:

Darıxmışıq, belə olmaz,

Harda qaldı Məmməd Araz?

 

***

Əriyirik bu dünyada,

Biz çırpıyıq, dünya ocaq.

Bayraq kimi dünya səni

Başı üstə qaldıracaq,

Məmməd Araz.

 

Bəxtiyar Vahabzadə deyirdi ki, M. Araz nədən yazır yazsın - istər təbiət gözəlliyindən, istər xalqımızın qazandığı uğurlardan və istərsə də xarici ölkə səyahətindən, onun gəldiyi nəticə budur: Vətənə xidmət eşqi ilə yaşamayandan Vətən üçün vətəndaş ola bilməz.

Akademik Budaq Budaqov: "M. Araz çox böyük şair ustalığı ilə təbiəti ürəyə qoşur və bununla ürəyin böyüklüyünü, davamlılığını və tutumluq dərəcəsini poetik ustalıqla tərənnüm edir".

 

Ürəkdə Ay doğar, Günəş də batır,

Göy qopur, ildırım çaxır ürəkdə.

Tufan da hayqırır, günəş də yatır,

Alov da, gurşad da yatır ürəkdə.

 

M.Araz haqda xatirə yazanların əksəriyyəti: "M.Araz düşünən və oxucunu düşündürən şairdir" - deyirlər. Bu həqiqətdir. Lakin oxucunu düşündürür o demək deyil ki, oxucu şeirin, sözün, fikrin mənasını, şairin nə demək istədiyini uzun-uzadı düşündükdən sonra anlayır. Əsla yox. Oxucunu sözdəki dərin məna, fikir yeniliyi, fəlsəfi tapıntıların necə də ustalıqla, yerində deyilməsi düşündürür və şairin bilik sferasının genişliyinə heyran edir.

Fars-Tacik ədəbiyyatının əzəmətli zirvəsi olan Əbdürrəhman Cami (1414-1492) dahi mütəfəkkir, böyük humanist şair və müdrik alim kimi məşhurdur.

Biri könül açan, birindən zəhlə qaçan iki növ şeirin təsiri və xüsusiyyətləri barədə belə deyir:

 

Hər sözdə düşünəsən haçanacan mənanı,

Ürəyin qana dönür açanacan mənanı.

 

M.Araz poeziyası, həqiqətən əbədiyyat mülkünün nişanəsidir, könül açandır. M. Arazın poeziyasında vətəndaşlıq duyğusu, milli köklərə istinad etmək, onu qoruyub saxlamaq, obrazları göz önündə canlandırmaq ustalığı güclüdür.

O, boş hay-küyçülükdən uzaqdı, təriflənməyi xoşlamır. Acı həqiqətləri şirin vədlərdən üstün tutur.

O, Məmməd Araz olmaqla Araz çayının o taylı-bu taylı kədərini özündə yaşadıb:

 

Araz üstə çinar gördüm,

Qoşa çinar.

Budaqları bir-birinə dolaşan çinar,

İki titrək, iki güləş, iki şən çinar.

 

Şairin şeirlərindən nümunələr:

 

Mən Arazda şaxələnən çinardım

Ömrü boyu tufan əydim, su yardım,

Xətainin qılıncını suvardım -

Məmməd Araz karandaşı göyərdi.

 

***

Nizami göz yumub köçdü günəşə,

Mənə də bir qarış yer saxlatdırır...

 

***

İstedad elə bir toxuma bənzər,

Göyərər bir qara daş üstündə...

 

***

Tamah var daşkəsən mişardan iti,

Gödən var - bir qara yarğandan dərin...

 

***

Özüm yük çəkənəm, özüm də yükəm...

 

***

Bir balaca Vətən daşı,

Vətən daşı olmayandan

Olmaz Ölkə vətəndaşı.

 

***

Dünya sənin,

Dünya mənim,

Dünya heç kimin.

 

Məmməd Araz dövlət tərəfindən ən yüksək ali mükafatlara layiq görülüb, ən əsası isə xalqın qəlbində məskən salıb. Onun şeir bağçası həmişə təravətli, ətirli olaraq qalacaqdır.

Necə ki, Günəş var, Məmməd Araz poeziyası yaşayacaq.

 

Sayad Mustafaoğlu

ədalət.-2013.-13 noyabr.-S.6.