HƏRBİ
TƏHSİL DALINCA
(Əvvəli
ötən saylarımızda)
SƏMƏD BƏY MEHMANDAROV
CÜMHURİYYƏT DÖVRÜNDƏ
Ağqvardiyaçı general Denikin 1919-cu ildə sərhədlərimizə yaxınlaşaraq cümhuriyyətimizə hədə-qorxu gəlirdi. Dövlətimiz və xalqımız onların təhdidlərinə əhəmiyyət vermirdi. Bir ziyafət vaxtı general Denikinin təhdidlərindən söhbət açılmışdı. Dövlətmizin, xalqımızın və ordumuzun fikirləri eyni idi: gələcəkləri varsa, görəcəkləri də var. Ziyafətdə onların hamısı müdafiə naziri general Mehmandarlıya qulaq asırdılar. Möhkəm iradəli 63 yaşlı qoca aslan ayağa qalxır. Ətrafına baxıb deyir: "Əziz övladlarım, general Denikinin təhdidlərinin nə mənası var, nə də qiyməti. Denikin məni rus millətindən, çardan və ordusundan yaxşı tanıyır. Və çox yaşı bilir ki, mənim rəhbərlik etdiyim rus ordusu daimi digər rus ordularından üstün olmuşdur. Övladlarım, mən bütün gəncliyimi, gücümü rus ordusuna sərf etdim. Nə xoşbəxt insanam ki, ixtiyar yaşımda millətimin ordusunu yaratmaq mənə nəsib oldu. Qurduğumuz orduya komandanlıq edirəm. Mənim komandanlıq etdiyim orduya qarşı Denikin cəsarət edib vuruşmaz. Narahat olmayın və işinizlə məşğul olun.
Nağı bəy ŞEYXZAMANLI,
1919-cu ildə Azərbaycan hökumətinin
əks-kəşfiyyat idarəsinin rəisi
Qırx altı il çar ordusuna xidmət edən Səməd bəy Mehmandarov 1917-ci ildə martın 28-də tam artilleriya generalı rütbəsində istefa verdi. Onun sonuncu vəzifəsi ikinci Qafqaz ordusuna korpuslar qrupunun komandanı idi. Mütəxəssislərin firkincə, bu, ordu komandanı vəzifəsinə bərabərdir. Birinci dünya müharibəsində iki ildən çox korpusa komandanlıq edən Səməd bəy o qədər məharətli döyüşlər aparırdı ki, ikinci Qafqaz ordu korpusu "General Mehmandarovun qrupu" kimi şöhrət qazanmışdı. Xüsusilə, Vilno (Vilnyus şəhəri) istiqamətindəki əməliyyatlar onu şöhrətin zirvəsinə qaldırmışdı. On il ərzində (1904-15-ci illərdə) Səməd bəy əla xidmətinə görə üç dəfə general rütbəsi almışdır: 1904-cü il oktyabrın 22-də general-mayor, 1908-ci il iyulun 13-də general-leytenant və 1915-ci il martın 22-də tam artilleriya generalı. Qısa müddətdə generallıq pillərini keçmək və sürətli təltifat hərb aləmində çox nadir hadisədir.
Hərbi akademiya təhsili olmayan eloğlumuzun imperiya ordusunda belə sürətlə irəliləməsinin ilkin səbəbi qoçaqlığı və güclü hərbi-elmi məharəti olmuşdur. Səməd bəy Mehmandarov tam artilleriya generalı kimi ali rütbəyə layiq görülən ilk azərbayanlı idi.
Səməd bəy Mehmandarova məxsus Rusiya Dövlət Hərbi Tarix arxivinin sənədlərində (f.407, s.1, iş 51) göstərilir ki, o, iki dəfə Ali Hərbi Akademiyada təhsil almaq üçün təşəbbüs göstərmişdir. Birinci dəfə 1879-cu il aprelin 16-da Peterburqdakı Mixaylovski Artilleriya Akademiyasına, ikinci dəfə isə 1881-ci il avqustun 1-də Baş Qərargahın Nikolayev Akademiyasına qəbul imtahanı vermişdir. Hər ikisində də qəbul oluna bilməmişdir.
Həmin illərdə şovinist N.İ.İlminskinin (1822-1891) ruslaşdırma siyasəti impreiyada çox güclü idi. Qeyri-rəsmi də olsa ali məktəblərə belə dini müsəlman olanları götürmürdülər. Şübhəsiz ki, Səməd bəy də rus olmadığına görə imtahandan keçməmişdir.
Bu siyasətdə məqsəd Qazan, Orenburq, Ufa tatarlarının, Orta Asiya, Qafqaz türklərinin və Krım tatarlarının yaşadıqları quberniyalara təbliğatçılar göndərib ruslaşdırmanı təbliğ edirdilər. Xristiyanlığı yaymaq yalnız hərbi sahədə deyil, maarifçilikdə də aparılmasına baxmayaraq İlminskinin üsulu - yəni müsəlmanları xaçpərəst eləmək fayda vermədi.
Görkəmli ədəbiyyatşünas-alim Firudun bəy Köçərli yazır ki, doğrudur Qazan şəhərində və onun həvalisində tatarlardan bəziləri pravoslaviya dinini qəbul elədilər. Amma onlar həqiqi müsəlman olmadıqlar kimi, həqiqi rus da olmadılar, əbədi mürtəd oldular, böyük səhvlərə düçar qıldılar.
Xalis zadəgan ailəsində Azərbaycan tərbiyəsi almış Səməd bəy Mehmandarov cavan olmasına baxmayaraq ali təhsil almaq naminə nə dinini, nə də dilini xaçpərəstə dəyişmədi.
Bunların hamısı general Səməd bəyin fevral burjua inqilabına qədərki fəaliyyətidir. İmperiya dağılandan sonra Vladiqafqaz şəhərinə gələn Mehmandarov 1917-ci il avqustun 7-də yaralılara yardım edən "Aleksandr komitəsi"nin üzvü seçilir. Ömründə ilk dəfə hərbi ximdətə son qoyub dinc həyat sürməyə başlayır. Cəmi bir neçə ay sakit yaşayan Səməd bəy 1918-ci il avqustun əvvələrində Vladiqafqazı tərk etməli olur. Şimali Qafqazda Sovet Hakimiyyəti quran bolşeviklərlə işləməkdən imtina edən Səməd bəy Mehmandarov hərbi Gürcüstan yolu ilə Bakıya gəlir.
1918-ci il noyabrın 1-də Azərbaycan hökuməti Hərbi Nazirliyin yaradılması haqqında qərar verir: "Respublika hökuməti yanında Hərbi Nazirlik təsis edilsin. Nazir portfeli Nazirlər Şurasının sədrinə təqdim edilsin. Ona müavin isə general Səməd bəy Sadıq bəy oğlu Mehmandarov təyin edilsin.
Milli ordu quruculuğunda əsas vəzifə və çətinliklər barədə general Səməd bəy Mehmandarov həmin il noyabrın 7-də bir saylı əmrini verir:
"Azərbayacan Respublikası Nazirlər Şurasının qərarı ilə mən Hərbi Nazirin müavini edilmişəm. Bu barədə Hərbi Nazirliyə elan edirəm. Vəzifələrimin icrasına başlayarkən mənim görməli olduğum o böyük işin bütün ciddiliyini, mürəkkəbliyini və çətinliyini yaxşı anlayıram. Ancaq bu iş görülməlidir və Hərbi Nazirliyin qarşısına çıxan bütün çətinlikləri birgə fəaliyyət və vəzifəyə təmiz münasibət bəslənildiyi halda aradan qaldırmaq mümkündür.
Döyüşən ordunun yaradılmasının uğuru bütünlükdə bu işin düzgün qurulmasından asılıdır. Hamını birgə, səmimi fəaliyyətə dəvət etməklə mən bütün səviyyələrdə olan rəislərin əsas diqqətini qoşunlarda təlim və tərbiyəyə, onlarda möhkəm intizamın aşılanmasına, işə məsuliyyət və məhəbbət hisslərinin, xidməti mülkiyyətə marağın oyadılmasına, qayda-qanuna riayət edilməsinə və nəhayət, tabeçilikdə olanlara qayğıkeş və mehriban münasibət göstərilməsinə çağırıram.
Yalnız bu keyfiyytlərin varlığı ordunun yaradılmasını, gənc respublika tərəfindən ona böyük xərclər çəkilməsini doğrulda bilər və belə bir ordunun yaradılması üçün mən heç bir çətinlikdən çəkinməyəcəyəm. Qoşunların bütün təminat və təchizatının vaxtında ödənilməsi mənim daimi diqqətim altında olacaqdır".
1918-ci il dekabrın 25-də Azərbaycan Demokratik hökumətinin qərarı ilə tam artilleriya generalı - Səməd bəy Mehmandarov Hərbi nazir, dekabrın 29-da isə general-leytenant Əli ağa Şıxlinski Hərbi nazirin müavini təyin edildi. Həmin ili dekarbın 24-də nazir hərbi salamlaşma barəsində belə bir əmr verir:
"Sırada, eləcə də sıradan kənarda olarkən əsgərlərin azərbayanca salamlaşması - bir sözlə "Salam", cavabı isə "Əleyküm salam" olmasını bütün zabitlərə əmr edirəm.
Təltif zamanı əsgərə deyilməlidir: "Mərhaba!", əsgər cavab verməlidir: "Çox sağ ol!".
Hərbi nazir, tam artilleriya generalı
Səməd bəy Mehmandarov.
Baş qərargah
rəisi
polkovnik Həbib bəy. Səlimov".
***
Görkəmli sərkərdəmizin Azərbaycana gəlişini,
dar gündə xalqın dayağı olmasını əsgərlər böyük sevinclə
qarşılamışdır. İl yarım
fəaliyyətdə olan Milli ordumuzda iyirmi bir azərbaycanlı
general xidmət
etmişdir. Onlardan
yalnız ikisinə - Teymur bəy
Novruzova və Səməd vəy Mehmandarova əsgərlər şərqi qoşmuşlar:
Qafqaziyaya
şan gəlir,
Dərdlərə dərman
gəlir.
Aç
köksünü, qarlı
Qafqaz,
Sevdiyin Səməd gəlir.
* * *
Çoxdan bəri
gözlədik,
Qafqaziyanı əhv et yaşa.
Onun sizə
salamı var,
Minlər yaşa,
Səməd paşa.
***
Aslan ürəkli
Səməd paşamız,
Şanlı komandan, sənsən
babamız.
Sənə qurban olsun ata-anamız
Al bir düşməndən türkün
qanını.
Yetmiş
il əl vurmadığımız üzümüzə "tamamilə
məxfidir"
qrifilə
bağlanan Respublika Yeni Tarix Mərkəzi Dövlət arxivində
generalımız haqqında
belə
şərqilər çoxdur. Bu şərqilərdən hiss olunur
ki, xalq öz xilaskarını gözləyirmiş.
Səməd paşa sərdarımız,
Qan axıdar
xəncərimiz.
Düşmənləri qəhr
edərik,
Yurdlarını məhv
edərik,
Biz bir tabor əsgərlərik,
Pək şanlıyıq.
***
Sağ ol Səməd paşa, səni min yaşa,
Vətənin üstündə oldun tamaşa.
Səməd paşa əsgərlərin padəri,
Çağırır silah başına irəli.
Azərbaycanın taleyi həll
olunduğu bir vaxtda müdafiə naziri kimi məsul vəzifəyə gələn Səməd bəy Mehmandarov qarşıda duran çətinlikləri
çox yaxşı dərk
edirdi. Yüz illərlə əsgəri qüvvəsi
olmayan bir xalqa qısa vaxtda nizami ordu
yaratmaq ağır və
məsuliyyətli iş idi. Bir tərəfdən
də
bu dar gündə Azərbaycanın
ətrafı
düşmənlərlə əhatə olunmuşdu. Dağılan imperiyadan Azərbaycana heç
nə
qalmamışdı. Nə silah, nə əsgəri qüvvə,
nə
də
qışlalar vardı.
Tərəddüd, şübhələr, bəzən də
inamsızlıq altımış
iki yaşlı ixtiyar generala əzab
verirdi. Amma qəlbindəki inamı, güclü vətənpərvərliyi
hər
şeydən
üstün idi.
Bu inam güclü
dağ seli olub tərəddüd və
şübhələri yuyub aparırdı. Ana vətənə olan sonsuz bir məhəbbətlə o, kürsüyə
qalxmışdı.
Səməd bəyin
səlis
danışığı, mərd
siması, vətən təəssübkeşliyi
ilə
yana-yana danışması
ziyalı qadınlarımızdan
birinin - Məryam xanım
Bayraməlibəyovanın yaddaşında əbədi qalmışdır:
- Kürsüdə,
gözqamaşdıcı şüaların
düşdüyü yerdə general Səməd bəy
Mehmandarov dayanmışdı.
Ağarmış saçları, nurani
sifəti
daxili kamillikdən xəbər verirdi. Bu gün
o, hərbi
nazir vəzifəsinə təyin
edilməyinə razılıq verməli idi. Respublikanın fəaliyyətinin elə
ilk günlərindən generala təkidlə müraciət
etmişdilər
ki, belə bir məsuliyyətli vəzifəni öz üzərinə
götürsün. O isə hər
dəfə qətiyyətlə bu təklifi
rədd
etmişdi. Ona görə
yox ki, çətinlik çəkəcəkdi. Dərk edirdi ki, indiyə
qədər çarın etibarsız saydığı müsəlmanları, hərbi
mükəlləfiyyətə layiq görmədiyi
xalqı indi yeni sənətə hazırlamalı
idi. Bu ona
bənzəyirdi ki, yaşlı, ahıl bir adama
yazı yazmağı
öyrədəsən. Yox, yox,
yüksək
təşkilatçılıq
keyfiyyətinə malik olan keçmiş
çar generalını
belə
çətinliklər qorxuda bilməzdi.
... Səməd bəy
Mehmandarovu bu addımı atmağa vadar edən
isə
qarşısı alınmaz,
çox qüvvətli bir hiss idi - Vətən məhəbbəti. Azca həyəcanla dediyi
- "Üzərimə götürdüyüm bu
müqqədəs vəzifəni yerinə
yetirməyim
üçün bütün
gücümü və bacarığımı sərf edəcəyəm!" - sözləri
yerdən
alqışlarla qarşılandı.
Onun yan yörəsində
parlıdayan günəş şəfəqləri bu günün bayram əhval-ruhiyyəsini daha da artırırdı.
"Generalın bu müdrüklüyü
təzimə layiqdir. Allah özü onu bizə
xilaskar yollayıb",
- deyə
hörmət
əlaməti olaraq başımı endirdim.
***
Tapılan hər
bir sənəd,
fotoşəkil
yenidən
yazılacaq Azərbaycan tarixinin sanballı səhifəsi olacaq. Xüsusilə, hərbi
tariximizdəki
boşluğun doldurulması
suveren dövlətmizin özülünü qoyan
gənclərmizdə daha çox maraq doğurur. Çünki bu sahə uzun illər
araşdırılmamış, "tamamilə
məxfi"
qalmış və hətta
lazımsız bir tarix kimi öyrənilməmişdir.
Öyrənilən və
öyrədilən isə
yalnız "böyük
qardaşımızla", bir də
nankor qonşumuzla
"dostluq səhiflərimiz" olub.
Yetmiş
il əl vurmadığımız 1918-20-ci illərin
arxiv qovluqları açıldıqca bizə məlum
olur ki, il yarım fəaliyyətdə olan Milli Ordu tariximiz
çox zəngin olmuşdur. O da məlum
olur ki, hərb
tariximizi zənginləşdirən general Səməd bəy
Mehmandarov, Əli ağa
Şıxlinski, Həbib bəy Səlimov, Məmməd bəy
Sulkeviç, Şahzadə Əmir Kazımxan Qacar,
topoqraf-general İbrahim
ağa Vəkilovg bir də
Azərbaycanın
əsgər və
zabitləri
idilər.
Şöhrətli generalımız Səməd bəy Mehmandarovun bu illərdəki (1918-20) fəaliyyəti xüsusilə böyükdür. Onun yeni ordunun yaradılmasındakı müstəsna rolu, 1918-ci il dekabrın 25-də Azərbaycan xalqına müraciəti, əsgər, zabitlər qarşısında ata nəsihətli çıxışları və nəhayət, güclü Vətən təəssübkeşliyi qırx minə yaxın əsgəri olan nizami ordu yaratmağa səbəb oldu.
Həyatı və fəaliyyəti hələ də lazımınca tədqiq olunmamış general Mehmandarovun haqqında araşdırmalar apardıqca təkcə o illərin sənədlərində yox, qəzetlərin də səhifələrində çıxış və nitqlərinə rast gəlmək olar.
İlk hərbiyyə nazirimiz Səməd bəy Mehmandarov belə bir nitqlərdən birini 1919-cü il fevralın 25-də Azərbaycan Məclisi-Məbusanında da söyləmişdir. Generalın nitqi həmin il martın 7-də "Azərbaycan" qəzetində (131-ci nömrəsində) dərc olunmuşdur.
Səməd bəy öz nitqində bugünkü ordumuzda da mənfi hal kimi qəbul edilən fərarilikdən söhbət açır və o vaxtlar orduda onun olmasını xüsusi qeyd edir: "gGəncədə son zamanlar bir adam qaçmışdır. Əhali özü qaçanlara nifrət edir və hətta çox vaxt olmuşdur ki, əsgərlikdən qaçanı döyüb geri gətirmişlərdir. Güman var ki, müsəlmanlarda olan fitri nizam və ədəbə görə vaxtilə heç kəs qaçmayacaqdır".
(ardı
var)
Şəmistan Nəzirli,
İstefada olan olan polkovnik-leytenant
Ədalət.-2013.-13
noyabr.-S.7.