Dəniz
dərindir durulmaz Dostluq əbədidir unudulmaz...
Dəyərli İnsan, mehriban dost
Azərbaycan Respublikasının sabiq baş prokuroru, general
İsmət İsmayıl oğlu Qayıbovun əziz xatirəsinə ithaf edirəm.Dəhşətli 20 noyabrdan uzun illər keçsə də, elə təsəvvür edirəm ki, hadisə bu gün baş verib. O
müdhiş günü heç vaxt unuda bilmirəm. Onun haqqında dəfələrlə xatirə yazmağa cəhd göstərmişəm, lakin hər dəfə həyəcandan qeyri-ixtiyari qələmi əlimdə saxlaya bilməmişəm, özümdən asılı olmayaraq həddən artıq kədərlənmişəm. Axı o, bu
dünyanı vaxtsız tərk
etdi. İsmət
müəllim
xalqımız, millətimiz,
dövlətçiliyimiz
üçün olduqca dəyərli və gərəkli
bir insan idi. Onun bütün arzuları, istəkləri
yarımçıq qaldı. O yaşamaq istəyirdi, həddən artıq həyatsevər və ailəcanlı idi.
Övladları: oğlu İsmayılı, qızı Firuzəni canından
artıq istəyirdi.
Sevimli övladlarından, bütün varlığı ilə bağlı
olduğu həyat
yoldaşı Leyla xanımdan vaxtsız ayrı
düşdü. Heç vaxt özünü Leyla
xanımsız təsəvvür etməzdi İsmət. Onun xalqına,
övladlarına olan sonsuz məhəbbəti yarımçıq qaldı. Bu
sətirləri qələmə
almaq istərkən yenə də həddən artıq həyəcanlandım, lakin çətinliklə özümdə güc tapıb
yazmağa başladım. Axı, hələ də mən
onun yoxluğuna, aramızda olmamasına inana bilmirəm. Sözün həqiqi mənasında dəyərli bir insan idi İsmət Qayıbov. O
inanılmaz təşkilatçılıq
qabiliyyətinə malik, mənəviyyatcə
təmiz və saf bir şəxsiyyət kimi
yetişmişdir. Deyirlər
səhvsiz insan
yoxdur, ancaq İsmət
doğurdan da səhvsiz,
qərəzsiz bir şəxsiyyət, daim haqqa-ədalətə söykənən hüquqşünas,
görkəmli
dövlət xadimi
idi, İsmət
müəllim.İsmət müəllim gözəl hüquq mütəxəssisi olmaqla bərabər,
həyatı
düzgün dərk
edə bilən, uzaqgörən bir insan
olmuşdur.Hər
hansı bir qərarı
qəbul edərkən, heç vaxt tələsməzdi, necə deyərlər yeddi ölçüb bir
biçərdi. O,
zamanın nəbzini
tutmağı bacaran və
yaranmış vəziyyəti düzgün qiymətləndirən
bir şəxs
olmuşdur. Eyni zamanda o, olduqca ürəyi
yumuşaq və
humanist bir şəxs
idi. Kimliyindən
asılı olmayaraq, hər
hansı bir qəbahət törətmiş vətəndaşlara qarşı ədalətli olmağı hər şeydən üstün
tutardı.İsmət
Qayıbov humanist bir insan kimi həmişə tərbiyələndirmək prinsipini əsas məqsəd tutardı. O, heç vaxt
ağır cəza
vermək tərəfdarı olmazdı. Bununla bərabər, insan
haqlarının pozulmasına heç bir vəchlə
yol verməzdi və belə halları o, qəbul etməzdi. Bu kimi hallara yol
verilməsini
böyük qəbahət hesab edərdi İsmət müəllim. Dağlıq
Qarabağ məsələsi mənfur
ermənilər tərəfindən
ortalığa atılanda da İsmət
Qayıbov düzgün mövqe tutmaqla, çox cəsarətli və qətiyyətli
addımlar atırdı. O vəziyyətin mürəkkəbliyini dərk
edərək, dəfələrlə efir vasitəsiylə ermənilərə kəskin
və tutarlı
mesajlar göndərirdi.
"Bir qarış torpaq belə
sizə verməyəcəyik!"
Onun belə ciddi bəyanatlarından
Dağlıq Qarabağda, xüsusilə
Xankəndidə yaşayan ermənilər qorxuya düşüb,
şəhəri tərk etmək məcburiyyətində
qalmışdılar. O vaxtlar mən
bu məsələlərdən hərtərəfli
xəbərdar idim,
çünki bütün il boyu qaynar nöqtələrdə
olurdum. Dağlıq Qarabağda yaşayan
bütün ermənilər
çalışırdılar ki, Azərbaycan
ərazisini tezliklə tərk etsinlər.
Ürək
ağrısı ilə
qeyd edirəm ki,
1991-ci il 20 noyabr hadisəsindən sonra M.Qorbaçov
hakimiyyətinin təkidi ilə bu proses tamamilə
dayandırıldı. Erməni
faşistləri
fürsətdən istifadə edərək ərazimizdə meydan sulamağa
başladılar, nəticədə 20 faizdən
çox torpaqlarımız işğal olundu.İsmət Qayıbov yuxarıda qeyd etdiyimiz kimi, olduqca humanist bir insan idi. Ehtiyatsızlıq səbəbindən törədilən cinayətlərə görə təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini tələb edir və günahkarı
islah etməyin düzgün yolunu bunda görürdü. Qəsdən törədilməyən cinayətlərə görə o, məhkəmə prosesində təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini tövsiyə
edirdi. Yaxşı yadımdadır, bir dəfə məhkəmə prosesində iştirak etməyi mənə təklif etdi, mən isə dedim, axı
mən rayon Daxili İşlər şöbəsinin rəisiyəm. Camaat nə fikirləşər? Dedi, burda heç bir qəbahət yoxdur, mülki geyimdə oturarsan zalda və zarafatyana dedi: "Eynək taxarsan, heç kim səni tanımaz".
Bu sözləri elə səmimiyyətlə dedi ki, mən onunla razılaşmalı oldum. Prosesdə
ittiham nitqinin sonunda
İsmət müəllim məhkəməyə xoş təbəssümlə müraciət edərək "görün bu cavan oğlanın nə qəşəng qıvrım teli var" dedi. Prokurorun bu ifadəsi zalda xoş ovqat yaratdı
və o əlavə
etdi ki, biz insanların tərbiyələndirilməsini cəza verməkdən üstün tutmalıyıq. Prokurorun belə humanist mövqe tutması hamıya çox yaxşı təsir bağışladı. Sonradan öyrəndim ki, təqsirləndirilən o şəxs kimsəsiz bir sovxoz fəhləsidir. Həqiqətən də məhkəmə həmin cavan oğlana yüngül cəza verməklə kifayətləndi.1979-cu ildə məni İsmayıllı rayon Daxili İşlər şöbəsinə
rəis təyin etmək istərkən mənə təklif olundu ki, rayon partiya komitəsinin 1-ci katibi ilə görüşüm. O vaxtlar qayda belə idi. Həmin ilin avqust ayının axırlarında İsmayıllı rayonuna gələrək birbaşa rayon partiya komitəsinə
getdim
və 1-ci katib mərhum Qəşəm Aslanovun qəbulunda oldum. O mənimlə xeyli söhbət etdikdən sonra təklif etdi ki, rayon prokuroru ilə də görüşüb söhbət edim.O vaxt İsmayıllı rayonun prokuroru, sonralar Əli Bayramlı, Sumqayıt şəhər prokuroru, daha sonra isə respublika baş prokuroru olmuş general Qayıbov İsmət İsmayıl oğlu idi. Mən onun yanına getdim,
o məni çox mehriban qarşıladı və
1 saata yaxın onunla söhbət etdik. Söhbət zamanı İsmət müəllim dedi ki, rayonda vəziyyət yaxşı deyil, inşallah təyinat alıb gələrsən, əl-ələ verib işləyərik, vəziyyəti birlikdə düzəldərik. Söhbətdən sonra onunla sağollaşıb Bakıya qayıtdım. Sonradan mənə məlum oldu ki, hələ
mənim İsmayıllıya göndərilmək məsələm ortalığa çıxarkən mənim fəaliyyətimin öyrənilməsi məsələsi rayon partiya komitəsinin rəhbərliyinin tövsiyəsi ilə rayonun prokuroru İsmət Qayıbova həvalə edilmişdir, o da öz növbəsində müxtəlif kanallarla mənim kimliyimi və
necə işçi olmağımı bütün təfərrüatı ilə
öyrənmiş, rayon partiya komitəsinə müsbət xarakterizə etmişdir. Hətta İsmət müəllim demişdi ki, "İsmayıllı rayonunun rəis vəzifəsi üçün Xalıq müəllim ən yaxşı namizəddir. O,
Daxili İşlər Nazirliyi Qərargah İdarəsində işləyir, özü də
hüquq elmləri namizədidir, həm də onun haqqında hamı
ancaq müsbət fikirdədir". Rayon rəhbərliyi İsmət Qayıbovun rəyini nəzərə almış və mənim təyinatıma razılıq vermişdir.Beləliklə 5 sentyabr 1979-cu ildə İsmayıllıya rəis vəzifəsinə gəldim. Gələn gündən İsmət Qayıbovla aramızda çox mehriban, işgüzar münasibət yaranmışdı. İsmət müəllim olduqca gözəl bir insan idi.İsmayıllı rayonunda vəziyyət olduqca ağır idi, problemlər həddindən çox idi, hətta kriminal və keçmişdən qalmış açılmayan cinayətlər. Bütün bu məsələlər məni çox narahat edirdi.
Mənim bu narahatçılığımı hiss edən İsmət Qayıbov deyirdi: "Hər şey yaxşı
olacaq, mən əlimdən gələn köməkliyi edəcəm ki, mövcud olan çətinliklər aradan qaldırılsın". İsmət müəllimin bu sözləri elə bil mənə qol-qanad verdi,
mənim işləməyə həvəsim artdı və
öz fəaliyyətimə keçmişdən açılmamış
qalan cinayət işlərinin araşdırılması ilə
başladım. Bu fikrimi İsmət müəllimlə bölüşdüm. O, bunu çox razılıq hissi ilə qarşıladı
və əlavə etdi ki, "çoxdandır keçmişdən açılmamış qalan cinayət işləri ilə məşğul olan yoxdur, həm də şöbədə bu xarakterli cinayət hadisələrinin açılması ilə
məşğul ola bilən əməliyyatçı da yoxdur. Nə kömək lazımdır mən edərəm".Həmin işləri nəzərdən keçirərkən diqqətimi 1969-cu ildə baş vermiş ölüm hadisəsi cəlb etdi. Belə ki, yenicə
ailə qurmuş cavan bir gəlin amansızlıqla qətlə yetirilmişdi. Mən həmin cinayət işi, həm də cinayət axtarış işi ilə tanış olarkən dəhşətə gəldim. Cinayət işi bir neçə müstəntiqin icraatında olmuş, cinayət işini ancaq təzələməklə kifayətlənmişlər. Heç bir istintaq hərəkəti edilmədən cinayət işi yenidən dayandırılmışdır. Cinayət işi ilə tanışlıqdan o da məlum oldu ki, bu cinayətin açılmasında heç kim maraqlı olmamışdır. İş üzrə
elementar istintaq hərəkətləri edilməmişdir.
Hiss olunurdu ki, işin açılmasına kim tərəfindənsə güclü maneəçilik törədilmişdir. Mən bu vəziyyəti görəndən sonra gecələr yuxu da yata bilmirdim. Fkirləşirdim... necə
ola bilər ki, ailəli cavan bir gəlin öldürülsün, ağır cinayətin üstü açılmasın? Kim öldürə
bilər deyə öz-özümə sual verirdim və
belə qərara gədim ki, uzağa getmək lazım deyil,
bunu ailənin özünün daxilində axtarmaq lazımdır. Şübhə
etmirdim ki, bu hadisə qısqanclıq zəminində
törədilmişdir.
Mən bu hadisə ilə də bağlı
rayon prokuroru İsmət Qayıbova bildirdim və o bu fikri çox bəyəndi. Dərhal Daxili İşlər Nazirliyinin istintaq idarəsinin rəisi general-mayor Tofiq Aslanova zəng edərək təcrübəli müstəntiq ezam edilməsini xahiş etdi və əlavə etdi ki, işçiniz Məbud Hüseynovu göndərəsiniz, zənnimcə o, bu işin öhdəsindən gələ bilər. Səhərisi gün istintaq idarəsinin müstəntiqi, Məbud Hüseynov İsmayıllıya ezam edildi. Bir neçə gün gərgin zəhmət öz bəhrəsini verdi və müəyyən edildi ki, qadını öz həyat yoldaşı qısqanclıq zəminində
qətlə
yetirərək çaya atmışdır. Bu hal təkzibedilməz sübutlarla öz təstiqini tapmış və
həmin şəxs törətdiyi cinayət hadisəsini boynuna almışdır.1981-ci ilin mart ayının axırlarında rayonun Mican kəndində
iki nəfərin öldürülməsi barədə milis şöbəsinə məlumat daxil olmuşdur.
Məlumat daxil olan kimi, İsmət müəllimlə
birlikdə hadisə
yerinə getdik. Orada məlum oldu ki, Hacıağa və onun həyat yoldaşı Zöhrə
öz evlərində
amansızlıqla qətlə yetirilmişlər. Hacıağa 1913-cü il, Zöhrə
isə 1908-ci ildə anadan olmuşlar.
Hacıağa uzun illər yataq xəstəsi olmuşdur.
Bu hadisə həddən artıq ağır cinayət hadisəsi idi. Bu hadisə ildırım sürəti ilə bütün ətraf rayonlara yayıldı. İsmayıllı camaatı hadisədən dəhşətə
gəlmişdilər. Rayon əhalisi vahimə içərisində idi. Bir sözlə, rayon necə deyərlər, bir-birinə dəymişdi. Bu son bir neçə ildə
törədilmiş ən ağır cinayət hadisəsi idi. Axı 2 nəfər köməksiz yaşlı insan vəhşicəsinə
gətlə
yetirilmişdi. Rayon rəhbərliyinin zənglərinin ardı-arası kəsilmirdi. Rayon Partiya Kömitəsinin 1-ci katibi mərhum Qəşəm Aslanov dəfələrlə
şöbəyə
gələrək işin gedişatı ilə
maraqlanırdı, o vaxtlar Respublika Daxili İşlər Naziri Cəfər Vəliyev şəxsən özü dəfələrlə zəng edərək hadisə ilə maraqlanmışdır. Həmin hadisənin açılmasında rayon prokuroru İsmət Qayıbov əsil fədakarlıq göstərdi. O,
17 gün gecə-gündüz mənimlə birlikdə yuxusuz gecələr keçirmişdir. Mən nə qədər çalışırdım ki, o gedib heç olmasa, bir az istirahət etsin, onu heç cürə
məcbur edə bilmirdim. Deyirdi:
"Mən səni necə tək qoyub, istirahətə
gedə bilərəm?" İsmət müəllim gecələr kürsüdə
mürgüləyirdi. Onunla da kifayətlənirdi. Bu cinayət hadisəsinin də açılmasında DİN-in İstintaq
İdarəsinin müstəntiqi Məbud Hüseynovun əvəzsiz rolu olmuşdur.
O da cinayət hadisəsinin tam açılmasına qədər bizimlə birlikdə
yuxusuz gecələr keçirmişdir.Nəhayət 17 gün gərgin zəhmət nəticəsində,
bu dəhşətli cinayətin üstü
açıldı və
cinayətkarlar öz layiqli cəzalarını
aldılar. Cinayətkarlardan biri güllələndi digəri isə 15 il azadlıqdan məhrum edildi. Bu cinayətin açılmasında İsmət Qayıbovun rolu danılmazdır. Bu cunayət açılana qədər o rahatlıq bilmədi. İsmət Qayıbov dostluqda çox sədaqətli idi. Bu məsələdə o əvəzedilməz bir insan idi. Onun kimi dostluğa,
yoldaşlığa sadiq bir insan tanımıram. O, bu məsələlərə nə qədər böyük əhəmiyyət verirdi. Bir neçə il idi ki, işləyirdim, günlərin birində şöbənin növbətçisi zəng edib bildirdi ki, Bakıdan bir nəfər qonaq gəlib və sizi istəyir. Kim olmasını soruşmadan dedim qoy gəlsin. 2 dəqiqə
keçməmiş mənim aspirant yoldaşım Arif Mustafayev otağa daxil oldu. Uzun illər idi ki, onunla görüşməmişdik.
Onun gəlişinə
çox sevindim.
Arif müəllim alicənab, təmkinli, sakit bir insandır. Onunla oturub aspirantlıq illərimizin şirin anlarını yada salıb, xatırladıq. O vaxtdan keçən illəri bir daha yada saldıq.
Nahar vaxtı İsmət müəllimə zəng edərək dedim ki, mənim əziz bir qonağım gəlib, aspirant yoldaşımdır, Şirvanın, o cümlədən İsmayıllı rayonunun maddi mədəniyyətini öyrənən görkəmli etnoqraf alimdir. Gəl birlikdə
nahar edək. Əlavə etdim ki, özü də
Qazax mahalındandır. O, zarafatyana dedi:
"Hə, onda məmnuniyyətlə gələrəm". İsmət müəllim özü də
əslən Qazax mahalındandır. Bir neçə dəqiqədən sonra o, gülər üzlə
kabinetə daxil oldu, Arif müəllimlə
çox mehribanlıqla görüşüb söhbət etdilər. Mən hiss etdim ki, ilk andan Arif müəllim haqqında onda yaxşı təəssürat yarandı.
Arif müəllimin söhbətlərinə o, çox maraqla qulaq asırdı. Onların geniş, əhatəli ilk söhbəti mənim üçün də maraqlı oldu, xüsusi ilə Qayıbovların şəcərəsinə dair söhbə
daha böyük maraq kəsb etdi. Onların söhbət əsnasında mən bu şəcərənin görkəmli nümayəndəsi 36 il Zaqafqaziya müftisi olmuş Hüseyn Əfəndi Qayıbov, Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbov barədə ətraflı məlumat ala bildim. Bu nəslin görkəmli nümayəndəsi olan Fərrux ağa Qayıbov Azərbaycanın ilk təyyarəçisi kimi, Birinci Dünya Mühariəsi cəbhələrində hərbi rəşadət göstərərək həlak olmuşdur.Onlar söhbət etdikcə mən hiss edirdim ki, İsmət müəllim öz əcdadlarının nümayəndələrinin xidmətləri və hərbi şücaətləri barədə danışdıqca, iftixar hissi duyur. Bu cəhəti, deyəsən, Arif müəllim də sezmişdi.
Elə ona görə
də söhbətin mövzusunu dəyişməzdən əvvəl o, əlavə etdi ki, indi Qayıbovların ənənələrini davam etdirmək növbəsi Sizə çatır,
İsmət müəllim! İnşallah, bunu zaman göstərəcəkdir. "Kaş sağlıq olsun", - deyə İsmət müəllim cavab verdi.Söhbət zamanı məlum oldu ki, Arif müəllim İsmayıllı rayonuna elmi işi ilə əlaqədar göndərilib, hələ bir neçə
gün İsmayıllıda qalmalıdır. Bu məni daha da sevindirdi. Arif müəllimin şirin söhbətləri İsmət müəllimin çox xoşuna gəlmişdi,
hər gün onunla görüşüb söhbət edirdilər. Adətən, İsmət müəllim ziyalı insanlarla oturub-durmağı, onlarla ünsiyyətdə olmağı çox xoşlayırdı. Bir neçə gün sonra elmi işi ilə əlaqədar Arif müəllim İsmayıllının uzaq bir dağ kəndinə getməli oldu. (Kəndin adı indi xatirimdə deyil). Mən onu kəndə yola saldım və ora zəng edərək xahiş etdim ki, ona lazımi şərait yaratsınlar. Həmin gün axşam İsmət müəllim mənə zəng edərək Arif müəllimi şam yeməyinə dəvət etdiyini bildirdi. Mən ona dedim ki, Arif müəllim rayon mərkəzində yoxdur, kəndə
gedib, bir neçə gün həmin kənddə qalmalıdır. Mən belə dedikdə
o təəssüflə dedi, "məgər rayonda qalmağa yer yox idi ki, tez-tələsik kəndə göndərmisən, heç səndən gözləməzdim". Mən ona izah etdim ki, Arif müəllim elmi-tədqiqat işi ilə bağlı
kəndə
gedib və bir neçə
gün orda qlamalıdır. O, buna tam əmin olduqdan sonra hiss etdim ki,
sakitləşdi. Bir neçə
gündən sonra
Arif müəllim
işini yekunlaşdırıb rayona qayıtdı. İsmət
müəllimlə birlikdə onu yola saldıq.
İsmət müəllim həmişə Arif müəllimi məndən soruşurdu və deyirdi ki, mənim salamlarımı ona çatdır, çox gözəl insandır, nə yaxşı ki, belə insanlar hələ var, onun gələcəyinə inanıram, ümid edirəm ki, o görkəmli alim olacaq. Həqiqətən də
İsmət müəllimin bu arzusu həqiqətə çevrildi. Arif
müəllim indi
tarix elmləri doktoru,
professordur. Bakı Dövlət Universitetində elmi tədqiqat
laboratariyasının müdiri kimi elmi fəaliyyətini
davam etdirir. Neçə illər
İsmət müəllimlə bir rayonda işlədikcə bir dəfə də
olsun o, mənsiz
heç bir tədbirə getməzdi. Hətta o
vaxt kolxoz, sovxozlara da onunla birlikdə
gedərdik, əməkçilərlə görüşlərdə elə
maraqlı söhbətlər edərdi ki, bəlkə də
səhərə qədər
çıxış etsəydi
belə yenə də qulaq asardılar. Onun bütün söhbətləri çox sadə, səmimi, həm də yumorla dolu keçərdi. Bir nəfər kimi hamı onu maraqla
dinləyirdi, İsmət müəllim baxmayaraq ki,
rayonun prokuroru idi, heç kimin könlünə, qəlbinə dəyməzdi,
elə buna görə də onu hamı sevirdi.
İsmət müəllimlə mehriban dostluğumuz ailələrimizə də sirayət etmişdir. Bütün
bayramları ailəlikcə bir yerdə keçirərdik və bir-birimizin evinə tez-tez qonaq gedərdik. Bizim dostluğumuz rayonda çox xoş əhval-ruhiyyə yaradırdı,
hamı sözün yaxşı mənasında
qibtə edirdi, həm də belə münasibəti yerli camaat
çox razılıqla qarşılayırdılar. Bizim İsmətlə
mehribançılığımız rayonda əmin-amanlığın,
sakitliyin başlıca amili idi. Birgə işlədiyimiz illər ərzində
rayonda cinayətkarlıq
ilbəil azalmağa
doğru gedirdi. O illərdə demək olar ki, rayonda oğurluq,
soyğunçuluq, qarət halları baş verməmişdi, bütün bunlar
hüquq-mühafizə orqanlarının əl-ələ verib işləməsinin nəticəsi idi. Bu işdə
də İsmət Qayıbovun əvəzsiz xidməti
olmuşdur. O, həmişə hamını mehribançılığa səsləyirdi.
İsmət Qayıbov eyni zamanda rayonun ictimai-siyasi həyatında fəal iştirak edirdi. Elə buna görə də respublikada yeganə rayon prokuroru idi ki, rayon Partiya Komitəsinin büro
üzvü seçilmişdi, o vaxt bu çox şərəfli hesab edilirdi. Hamı onun belə
nüfuza malik olmasına həsəd aparırdı.
Yeri gəlmişkən, onu da qeyd etməliyəm ki, İsmət müəllimlə mehribançılığımızın nəticəsi olaraq, indi
övladlarımız bu ənənəni davam etdirirlər. Mənim
oğlum Fərid,
İsmət müəllimin oğlu
İsmayılla o vaxtdan dostluq edirlər,
tez-tez görüşüb səmimi
söhbət edirlər, keçmiş
günləri yada
salırlar, bu məni
həddən artıq sevindirir.
İsmət Qayıbov harada işləməsindən asılı olmayaraq, heç vaxt onunla əlaqəni kəsməzdik və bu mümkun də deyildi. Ona görə ki, o özü buna imkan verməzdi.
Əlibayramli şəhər prokuroru olanda da, Sumqayıt şəhər prokuroru olanda da hər zaman əlaqə saxlayaraq, İmkan olanda vaxt tapıb, görüşüb söhbət edərdik.
İsmət Qayıbov Respublika baş prokuroru olanda mən artıq Respublika Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsində işləyirdim. Respublika Baş Prokuroru olması da İsmət müəllimin sadəliyini, xasiyyətini, xarakterini dəyişmədi. Yenə də həmin İsmət olaraq qalırdı. Onun təbiətində sadəlik, təvazökarliq, səmimlik həmişə qalırdı.
İsmət Qayıbov Respublika Baş Prokuroru olan vaxt mütəmadi olaraq zənglər edər və məni yanına dəvət edərdi. Oturub İsmayıllıda keçirdiyimiz günləri xatırlayardıq.
Belə bir insanın itkisi hamı kimi məni də sarsıtmışdır.
Nə yaxşı ki, İsmayıl kimi ləyaqətli oğlu, davamçısı var. Ancaq bu mənim kədərimi az da olsa yüngülləşdirir, mən bununla təsəlli tapıram. Yeri gəlmişkən, İsmət müəllimin yadigarı olan İsmayıla işlərində uğurlar arzulayıram və inanıram ki, o, atası kimi haqq-ədaləti hər şeydən uca tutacaqdır. Axı, "ot kökü üstündə bitər" deyib müdriklərimiz.
İsmət Qayıbov belə böyük ürəyə sahib bir insan olmuşdur. Onun gözəl insani keyfiyyətləri, saf səmimiyyəti indi də mənim gözlərimin önündədir.
Belə bir böyük insanı unutmaq olarmı?!
Allah rəhmət eləsin, qəbri nurla dolsun.
Xalıq Qasımzadə
Hüquq elmləri namizədi
Ədalət.-2013.-20
noyabr.-S.5.