Üm Gülsümün istiqlal poeziyası

XIX əsr ümumilikdə Avropada milli azadlıq hərəkatının geniş vüsət aldığı bir dövrdür. Bu dövrdə sanki Nizami və Füzulinin irəli sürüb əsaslandırdıqları humanizm və insanpərvərlik prinsipləri arxa plana keçir, hər bir etnos, guya ki, bəşəri məəyə malik olduğunu unudaraq öz milli problemləri ilə məşğul olmağa başlayır. Hər bir milləti öz dar milli problemləri, öz millətinin fərdlərinə məxsus olan duyğular, uzaqbaşı öz dindaşlarının qayğıları maraqlandırır və düşündürür, başqa millətlərlə, başqa dinlərlə, "bəni-növi-bəşər"in başqa nümayəndələrinin zülmə düçar olan başqa fərdlərin qayğıları və məsələləri ilə sanki heç kim öz başını yormaq istəmir... Öncə Avropada, sonra isə bunun ardınca və buna qarşı bir təbii reaksiya olaraq bütün dünyada öz milli qınına çəkilmək və bütün problemləri bu qının nöqteyi-nəzərindən həll etmək meylləri özünü büruzə verir.

İlk dəfə bu meyllər məhz xaçpərəst Avropada özünə yer taparaq, sonralar romantiz ədəbi cəmiyyəti vasitəsilə bütün dünyaya yayılır. Bu da təsadüfi deyildi. Məlumdur ki, xaçpərəst dinində ümumiyyətlə şəxsiyyət azadlığına böyük önəm verilir və şəxsiyyətin azadlığı uğrunda hər cür qurbanlar yolverilən hesab edilir. Bütün bu ideologiyanı öz fikrində, bədii təxəyyülündə əks etdirən Avropa yazarları bəzən tarixi və həyati hadisələrən uzaq, mistik surətləri öz əsərlərinə gətirir, müsəlman Şərqinin xaçpərəst Avropasını istismar etməsi haqqında real olmayan bədii təsəvvürləri irəli sürürdülər. Bu isə millətşilik ruhu ilə zəhərlənmiş Avropa romantik yazarlarında əslinə uyğun olmayan reaksiyalar doğuraraq, onlarda fantomik intiqam hissi alovlandırır və islama qarşı kin ruhunu təbliğ etməyi hər vəzifə kimi, onların qarşılarına qoyurdu. Örnək üçün böyük fransız yazıçısı Viktor Hüqonun xaçpərəst yunanların müsəlman türklər tərəfindən ağlagəlməz zülmlərə düçar olması barəsində o dövrün qəzetlərindən və romantik yazarların əsərlərindən alıb təsvir və təqdim etdiyi uydurma, pataloji təxəyyül məhsulu olan bədii "materialları" göstərmək olar.

Əlbəttə, bütün bu pataloji uydurmalar türklərin milli heysiyyətlərinə və izzət-nəfsinə toxunmaya bilməzdi. Nəticə olaraq ilk növbədə məhz söz sənətkarları-jurnalistlər, publisistlər, yazıçı və şairlər öz millətlərinin heç də qələmə verildiyi kimi "vəhşi", "qaniçən", "qəddar", "qeyri-insani sifətlərə malik olduqları üçün, insan cəmiyyətində yaşamağa haqları olmayan" varlıqlar olmadığını, dünyanın başqa millətləri ilə birgə yaşamaq hüququ olduğunu sübut etməyə çalışırdılar.

Həmin dövrün ədəbi hərəkatını qiymətləndirən prof. Y. Qarayev yazır:

"Ümumiyyətlə, əsrin əvvəllərində "Azərbaycanda milli hərəkat", "milliyyət və hürriyyət", "məşrutiyyət və müsavat" ideyaları geniş vüsət alır. Artıq "xalqın düşüncəsində Azərbaycan məfhumu coğrafi bir mənadan ziyadə fikir və əməl şəklində təcəssüm edir" və millət qəti inanır ki, daha bundan belə "istiqlal xaricində onun üçün bir Azərbaycan yoxdur".

Azərbaycanın görkəmli nümayəndələrindən Üm Gülsüm də məhz belə bir ictimai-siyasi mühitin istiqlal ideyasının daşıyıcılarından və təbliğatçılarından biri idi.

Əsrin əvvəllərində Üm Gülsüm artıq Azərbaycan şeirinin görkəmli simalarından biri kimi tanınırdı. Yaradıcılığında ictimai məzmun, inqilabi motivlər, vətən sevgisi üstünlük təşkil edən, Üm Gülsüm bütün həyatını amalı yolunda, "parlaq istiqbal" yolunda sərf edən sənətkarlardan biri olmuşdur.

Yaradıcılığa 1908-ci ildə başlayan Üm Gülsümün poeziyasında milli azadlıq və istiqlaliyyət mövzusu başlıca yer tutur. Azərbaycan Demokratik Respublikası dövründe yazdığı şeirlerde isə özünü daha bariz şəkildə özünü göstərir. Bu dövrde yazdığı şeirlərde Azərbaycan Demokratik Respublikasının fəaliyyətindən xalqa bəetdiyi azadlıqdan demokratiyadan, sülh ideyalarından həvəslə tərənnüm edir. Onun "İqbal", "Yeni iqbal", "Açıq söz", "İstiqlal", "Azərbaycan", "Ədəbiyyat", "Birlik", "Qurtuluş", "Məktəb Füqəra fyuzatı", "Şərq qadını" qəzet və məcmuələrdə ardıcıl olaraq çap olunurdu.

Şeirlərinde milli qürur, xalqın əsrlər boyu öz azadlığı yolunda çəkdiyi əzab-əziyyətlər, türklüyə sonsuz məhəbbət hissi çox güclüdür. Üm Gülsümün yaradıcılığının ən məhsuldar dövrü 1917-1920-ci illərə təsadüf edir. Bu iillərdə o "Turan düyünü", "Səs verəlim", "Ey türk oğlu", "Çəkil, dəf ol", "Əsgər anası", "Yolunu bəklərdim", Bu yilki mayısda" , "Bir qız üçün" , "Bayrağın enerken , "Hicran", kimi bir-birindən gözəl şeirlər yazır. Üm Gülsüm yaradıcılığında vətən sevgisi bir tərəfdən milli istiqlal uğrunda mübarizə,onun tərənnümü, digər tərəfdən, xalqı Azərbaycanın milli istiqlala səsləməsi, onu qoruyub saxlamaq əsas yer tutur.

Üm Gülsüm şeirlərində xalqı mübarizəyə ruhlandıraraq yazır:

 

Ey türk, sən ey qəhrəman,igid oğlu türklərin,

Şanlı, ulu babanın öyüdünü unutma!

Sən də yürü o yolu, ad çıxarsın əsgərin,

Ulular ardınca get, başqa bir yolu tutma!

 

Üm Gülsümü təkcə Azərbaycan türklərinin deyil, bütövlükdə türk xalqlarının taleyi narahat edir. Onun "Turan düdüyü"şeirində bu mövzu özünü daha qabarıq şəkildə göstərir.

 

Məskənimiz həp fəlakət bucağı,

Bəstərimiz fırtınalar qucağı

Sönmüşmüdür əcəb Türkün ocağı

Anadolu nərdə, Turan nərədə?

 

Və yaxud:

 

Nalətimə uğramışız həpimiz:

Cavanlarımız,ixtiyarımız,yigitimiz,

Bir sahil yoxmudur çıxa gəmimiz,

Ağlaşır analar, duyan nərədə?

 

Üm Gülsüm xalqını, ölkəsini azad görmək, yadelili işğalçıların əsarətindən xilas olmasını arzulayır. Şairə "Çəkil dəf ol" şeirində hisslərini açıq-açığına qəzəblə ifadə edir.

 

Annəcigim, bənim şu yaşıl dağlar.

Bənsiz nəşə bulmaz çiçəkli bağlar,

Bənsiz bülbül inlər, çiçəklər ağlar,

Buraxmam yurduma alçaq düşməni.

 

Bu məzmunlu şeirlərə Üm Gülsüm yaradıcılığinda tez-tez rast gəlinir. Azərbaycanın əldən-ələ keçməsini başqa xalqlar tərəfindən işğal olunmasını, xalqımızın əsirlərdən bəri azadlıq, istiqlaliyyət arzusu ilə yaşadığını təsvir edən Üm Gülsüm "Dərdli nəğmə" şeirində bu mövzuya toxunur:

 

Dərdli-dərdli sürükləndim, inlədim,

Acı-acı fəryadları dinlədim.

Gəldim iştə dərdim sənə söylədim

Ərzumu dinləyən,soran nərədə?

 

Yaxud:

 

Məskənimiz bir fəlakət ocağı,

Bəsdərimiz fırtınalar ocağı,

Sönçüşmüdür, əcəb yurdun ocağı,

Anadolu nərdə, Turan nərədə?

 

Şairin özünün də qeyd etdiyi kimi, vətənini, xalqını bəxtəvər görmək arzusu ilə çırpınan bir könülün nalə və fəğan notları bu dövrdə qələmə alınmış bir sıra başqa əsərlərdə də, xüsusən lirik-romantik parçalarda özünü sıx-sıx göstərir.

"Bu yilki mayısda" şerində:

 

O günlər ovunmadan, gülmədən

Ağladım ağlayan Türkün dərdinə.

Buyilki yazda bir nəşə bilmədən

Yanardım yaxılan yurdun oduna.

Yelimin baharı, həyatı sönmüş,

Qönçəsi, nəğməsi yasa bürünmüş.

 

XX əsr Azərbaycan yazıçılarının böyük bir qismi öz inqilabi, mütərəqqi ideyalarını ifadə üçün bəzən simvolik təsvir vasitələrinə və folklor təşhiblərinə də müraciət edirdilər. Bu söz həm Sabir, Qəmküsar, Əli Nəzmi kimi realistlərə, həm də Hadi, Səhhət, Cavid, Şaiq kimi romantiklərə aiddir. Hadinin dediyi kimi:

"Əgər vətən azadlıq, istiqlaliyyət kimi müqəddəs nemətlərdən məhrum isə, onda bəs onun nəyi vardır?

Üm Gülsüm Bayıl həbsxanasında yazdığı "Həsrət", "Xəzərə xitab", "Dərdli könül", "Cığataya məktub" şeirlərində günahsız tutulan, dəətli, məşəqətlərə duçar edilən Azərbaycan övladlarının keçirdiyi,dərdli düşüncələr özünün yüksək poetik ifadəsini tapmışdır. "Həstət" şeirində dörd divar arasında həsrət çəkən insanların həsrətindən bəhs edərək yazır:

Deyirlər nəşəli bir bahar gəlmiş,

Böyük kainata təzə can verir.

Təbiətin hüsnü yerlərə enmiş,

Gülümsər həyatdan bir nişan verir.

Həbsxana divarları arasındakı günahsız insanların yaşadıqları faciələr Üm Gülsümdən də yan keçmir. Yeddi il həbsdə günəş işığına həsrət qalan Üm Gülsüm 1944-cü ildə həyat işığına da həsrət qalır.

Deyirlərlər gülşənin açıb gülləri,

Saçılır günəşin ipək telləri

İlhama çağırır şən könülləri,

Ötüşən quşlara xoş əlhan verir.

 

Göyərçin Mustafayeva

Ədalət.-2013.-20 noyabr.-S.6.