Bir ailənin iki şəhidi

Hələ çox qabaq - ötən əsrin 80-ci illərində - Səmayə xanımın ağlına da gəlməzdi ki, canından can, qanından qan verdiyi, gecələr beşikləri başında həzin layla dediyi körpələri ərənlik vaxtlarında igidlik göstərib, şəhidlik zirvəsinə yüksələcəklər.

Ağlına da gəlməzdi ki, vətən torpağını mərdliklə qoruyan oğlanları Niyaməddinlə Elşəni bir ilin içində itirəcək. Ağlına da gəlməzdi ki, bu itkilərdən sonra da o hələ xeyli yaşayacaq, ömür sürəcək. O vaxtlar, 80-ci illərin əvvəllərində isə bu körpələr hər şeydən xəbərsiz, sonsuz ana məhəbbətindən, isti ata nəvazişindən xumarlanıb gecələr nağıl paylarını gözləyirdilər.

Cəlilabad rayonunun Fərzəli kəndində yaşayan, əlinin qabarı, alnının təri ilə ailəsini dolandıran, nəvələrinə hər axşam qəhrəmanlıq dastanları danışan Sənami kişi ilə bu mövzuda danışmaq doğrudan çətindir. Ancaq ömrün sərt küləkləri Sənami Kərimovu xeyli bərkidib deyəsən:

- Gözümün ilk ovu, ailənin birinci sevinc payı Niyaməddinim 1978-ci ildə anadan olub. Vətənə, torpağa olan sevgisi onu ali hərbi məktəbə apardı. Leytenant rütbəsində, Ağdam rayonunda torpaqlarımızı erməni faşistlərindən qoruyurdu. Nişanına 4 gün qalmış, 2001-ci ilin 07 sentyabrında xəbər gəldi ki, möhkəm yaralanıb. Özümü çatdıranda hələ sağ idi. Zorla gülümsünüb, "Ata, başımı dizinin üstünə qoy! Səhərdən ölümə can vermirəm ki, atam gəlsin. İndi mən rahat ölə bilərəm. Ağlama, ata, Vətən yolunda şəhid olanın atası ağlamaz". Niyaməddinimi əsgər yoldaşları ilə öz kəndimizə gətirdim. Qəribədir ki, o vaxtlardan yadımda çox az şeylər qalıb, elə bilirdim yuxu görürəm. Yuxular yadda qalmır axı.

Kərimovlar ailəsinin 1979-cu il təvəllüdlü 2-ci övladı Elşən də qardaşı Niyaməddin

kimi nizam-intizamlı hərbçi olub. Gizir olsa da, özündən yaşca və rütbəcə böyük olan zabitlərə həmişə dəyərli məsləhətlər verərmiş. O da Niyaməddin kimi erməni qəsbkarları ilə burun-buruna - Qazaxda hərbi xidmət keçirmiş. 2002-ci ilin 28 mayında, böyük qardaşının ölümündən cəmi 8 ay sonra düşmən gülləsinə tuş gəlib Elşən.

Sənami kişi 2-ci oğlu haqqında da fəxrlə, qürurla danışır:

- Yazın gözəl vaxtları idi, Elşənə də yaxşı xidmətinə görə qısamüddətli məzuniyyət vermişdilər. Evimizdə doğrudan toy-bayram idi. Sanki çox şeyləri unutmuşduq. Qohumlar, dostları, qonşular heç uşağın üzünü düz-əməlli görməyə imkan vermədilər. Vaxt tapıb aradabir yüngül zarafat da edirdim, bəzi eyhamlar da vururdum. Mayın 28-də səhər saat 9-da yola saldım. Axşam saat 9-da xəbər gəldi ki, Elşənim şəhid olub. Onu da kəndimizdə, elə öz qardaşının yanında dəfn elədik.

Çətindir, ağırdır, amma qürur və fəxarət ünvanıdır. Bir evin 2 övladının, 2 ərəninin torpaq, el-oba uğrunda şəhid olması hər ailənin nəsibi deyil. Bu itkilərə dözmək, sinə gərmək də hər ataya, hər anaya qismət deyil. Görünür, şəhidlik taleyinin, şəhidlik zirvəsinin bir sirri də Allahın doğmalarına səbr, dözüm verməsidir.

İki oğul itirməsinə baxmayaraq, öz təmkinini itirməyən Sənami Kərimov qəribə, yozulması xeyli çətin olan bir əhvalat da danışdı. Dedi ki, şəhidlərin qardaşı Tacəddinin oğluna Niyaməddinin adını verdik. Körpəni xüsusi bir istəklə sevməmiz, qorumamız təbii idi. Evimizdə bir Niyaməddin də böyüyürdü. 8 yaşına çatanda həyat onu da bizə çox gördü. Qaynar samovar uşağın üstünə aşmışdı. Nə qədər çalışsaq da, körpənin həyatını qoruya bilmədik. O vaxtdan sonra özümə söz verdim ki, şəhidlərin adını heç kimə qoymayacağam. Görünür burda da bir hikmət, bir sirr var...

Lap yaxın vaxtlarda Cəlilabad rayonunun Fərzəli kəndində yeni məktəb binası inşa olunacaq. Rayon rəhbərliyi, ziyalılar belə qənaətə gəliblər ki, məktəbə leytenant Niyaməddin Sənami oğlu Kərimovun adının verilməsi ilə bağlı məsələ qaldırsınlar. Gözəl fikirdir, çünki hər bir şəhidə özünə layiq qiymət vermək, ehtiram göstərmək gənclərimizi vətənə, torpağa daha dərin köklərlə bağlayar. Vətəni sevmək, Vətən yolunda şəhid olmaq isə yalnız qəhrəmanların nəsibidir.

 

Səxavət Məmmədli

Ədalət.-2013.-20 noyabr.-S.6.