HƏR ADDIM UĞRUNDA
(Söhbət
hərbi
jurnalist, yazıçı Vahid Məhərrəmovun
eyni adlı kitabından gedir)
Vahid Məhərrəmov müharibə başlanandan ta bu günə qədər bir hərbi jurnalist və yazıçı kimi döyüş bölgələrində olmuş, Azərbaycan igidlərinin bu müharibədə keçdiyi qanlı-qadalı yolu öz yazılarında əks etdirməyə çalışmışdır. Əlbəttə, indi atəşkəsdir, üz-üzə gələn qüvvələr döyüşmürlər, arabir düşmənin atəşkəsi pozub tələfat törətməsi istisna olunmur. Amma Vahid Məhərrəmov elə düşünmür ki, biz müharibəni uduzmuşuq. Yox, onun fikrincə, hələ uduzmaq söhbəti yoxdur, çünki Azərbaycan ordusu gün-gündən qüvvətlənir və Ali Baş Komandanın bircə əmrinə müntəzirdir illərdən bəri qisas hissilə yanan əsgərlərimiz işğal altında olan torpaqları azad etsinlər.
Vahid Məhərrəmovun bu kitabında əsasən hekayələri, "Ölüm vaxtı" povesti və bir publisistik yazısı təqdim olunur. Bu yazılara ümumi qiymət verəndə müəllifin müharibə haqqında geniş təsəvvürə malik olmasının, görüşdüyü, söhbət etdiyi döyüşçülərin psixologiyasına yaxşı bələd olmasının şahidi oluruq. Onun hekayələrinin bir səciyyəvi cəhəti də bundan ibarətdir ki, bu bədii yazılarda publisistik xəttin də mühüm rol oynadığını görürük. Kitaba səmimiyyətlə ön söz yazmış yazıçı-publisist Şəmistan Nəzirliyə haqq qazandırırıq ki: "Barıt qoxuyan əsərlərinizi oxuyanda hiss olunur ki, kövrək duyğularla yanaşı siz ağır, mən deyərdim, odlu-alovlu cəbhə bölgələrini düşmənə nifrət yağdıra-yağdıra inadla dolaşıb, Qarabağ dərdini, qoynunda dünyaya göz açdığımız torpağın həsrətini, yurd nisgilini ürəyinizin başında gəzdirirsiniz".
Hekayələri oxuduqca doxsanıncı illərin mənzərələri gözlərimiz qarşısında canlanır. Özümüzü müharibədə, cəbhə bölgəsində və həm də ata, qardaş yolu gözləyən yurddaşlarımızın yanında hiss edirik.
"Qanlı məktəbli çantası" hekayəsində döyüşçü Dönməzin igidliyindən söz açılır. O, ən çətin döyüşlərdə özünün nəyə qadir olduğunu dəfələrlə sübut edir. Amma onun incə, kövrək bir qəlbi də var və Dönməz altı yaşlı oğluna məktəbli sumkası alanda sanki dünyanı ona verirlərmiş kimi çox sevinir. Amma bu çantanı oğluna öz əliylə vermək ona qismət olmur, o, ağır döyüşlərin birində şəhid olur. Onu Şəhidlər Xiyabanında dəfn edirlər. Müəllif ataların döyüş estafetinin oğullar tərəfindən davam etdirilməsindən qürurla söz açır: "Bu dəhşətli hadisədən aylar, illər keçdi... Günəşli yay günlərinin birində Dönməzin məzarı önundə ucaboylu, enlikürək, şux geyimli gənc bir zabit dayanmışdı. Bu zabit oxucuların lap uşaqlıqdan yaxşı tanıdıqları Qalib idi. O, ali hərbi məktəbi uğurla başa vurub leytenant rütbəsi almışdı...gQalib bu gün cəbhə bölgəsinə yola düşəcəkdi..."
Vahidin hekayələrini təsvir olunan məkan və insanlar baxımından iki qismə ayırmaq. Onun elə hekayələri var ki, əvvəldən axıradadək məkan dəyişmir, müəllif cəbhə həyatını, döyüşləri təsvir edir. Elə hekayələri də var ki, "Qanlı məktəbli çantası"nda olduğu kimi həm cəbhə həyatını, həm də arxa cəbhəni canlandırır. "Güllə yağışı altında" hekayəsində biz bir əsgər atasının-hərbi jurnalistin axtarışlarından söz açılır. O, əsgər gündəlikləri ilə maraqlanır, döyüşçülərin psixologiyası ilə tanış olur. Bu gündəliklərin bir çox səhifələri güllə yağışı altında yazılıb.
Yeri gəlmişkən qeyd edək ki, Vahid Məhərrəmovun bir sıra publisistik yazılarında əsgər gündəlikləri bir qaynaq rolunu oynayır.
"Hər addım uğrunda" hekayəsini sözün əsl mənasında Qarabağ uğrunda gedən döyüşləri diqqətlə izləyən, bu müharibənin hər addımına yaxşı bələd olan, döyüş əməliyyatlarının, vuruş səhnələrinin spesifik cəhətlərini yaxşı bilən bir hərbi yazıçı yaza bilərdi. Təsvirlərdən hiss olunur ki, Vahid Məhərrəmovun bir yazıçı-publisist kimi real və inandırıcı müşahidələri dəqiqdir. Müharibənin içində olmayan adam tutaq ki, bu cür təsvirlərə yol verə bilməzdi. Baxın, görün hər cümlə necə də yerindədir: "Amma nə neçə gündən bəri yağan aramsız qar, nə də qışın şaxta-boranı Ağdərə ətrafında gedən qanlı döyüşlərə soyuqluq gətirməmişdi. Əksinə, qışın bu oğlan çağında cəbhədə vəziyyət daha da gərginləşmişdi. Rayonun mərkəzi küçələri, cəbhə xəttinə uzanıb gedən yollar hərbi texnikayla doluydu. Aramsız işləyən mühərriklərin uğultusu qarlı dağlara səs salırdı. Minik maşınlarına baxanda ağır döyüş texnikası buz bağlamış yollarda hərəkət etməkdə çətinlik çəkmirdi. Enli tırtılları ilə sanki pişik kimi buzdu yolları cırmaqlayıb qabağa gedirdi. Ön xətdə atılan topların səsi başı qarlı dağlarda əks-səda verib gur-gur guruldayırdı".
Bu hekayədən bir də o anlaşılır ki, Azərbaycan ordusu o zaman düşmənlə və onların xarici havadarlının hərbi qüvvələri ilə müqayisədə zəif olsalar da, heç də oradakı döyüşçülər, komandirlər bacarıqsız olmamışlar. Onlar vuruşmuşlar. Lakin ölkədəki siyasi çaxnaşmalar, hakimiyyət uğrunda gedən mübarizələrin mənfi təsiri, ən əsası isə ordumuzun mükəmməl texnika və əsgərlə təmin olunmaması itkilərə gətirib çıxardı.
Müharibə
və
qızılgül... Doğrudan da bu iki
məfhumu
qarşı-qarşıya qoyanda necə böyük
bir təzadla
üzləşirik.
Amma indiyə
qədər aparılan
müharibələrdə qızılgülün, yəni, sevginin
də
iştirakını görmüşük.
Vahidin "Sevgiyə
açılan atəş"
hekayəsinin də məğzində
elə bu təzad
durur. Tibb
bacısı Samirə
ilə döyüşçü Teymurun
sevgisi də
cəbhədə yaranır. "Neçə illərdir anam
gəlin görmək həsrəti çəkir,
atam oğluna toy etmək
istəyir.
Döyüşlər
bir az səngiyəndən sonra icazə alıb evə gedəcəyəm.
Ata-anama səni
sevdiyimi deyəcəyəm. Qoy onlar da sevinsinlər". Amma Teymur
ata-anasını sevindirə bilmir. Döyüşlərin birində
o həlak
olur.
Hekayədə təsirli
səhnələr çoxdur
və
belə
səhnələrdən
biri Samirənin Teymurun
məzarını
ziyarət
etməsidir:
"Samirə
məzarın
üstündəki
qızılgülləri
görəndə Teymurun bir vaxtlar
ona yazdığı xoş sözlərlə dolu məhəbbət məktubunu xatırlatdı. Tibb bacısı bu
kağız parçasını
ən
əziz
bir xatirə kimi qoruyub saxlayırdı.
Həmişə ondan Teymurun
sevgisinin qoxusunu alırdı. Samirə göz yaşları
içində
onun qəbrinin yanında
dizini yerə qoyub hönkür-hönkür ağlayaraq
əlləri titrəyə-titrəyə gətirdiyi qızılgülləri
Teymurun məzarının üstünə düzdü".
Bu tibb bacısı
sevgilisi həlak olandan
sonra əldə silah döyüşə
yollanır, hər yerdə
Teymuru axtarır.
Vahid Məhərrəmovun
"Qoşa məzar" hekayəsi
fikrimizcə,
bədii
sanbalı etibarilə onun ən yaxşı hekayəsidir. Bu hekayədə oğlu Vüqarı cəbhəyə yola salan Məryəm ananın obrazı yaradılıb və bu obrazla müəllif, Azərbaycan
analarının ümumiləşdirilmiş
obrazını canlandırıb.
Müharibə zamanı belə faktların sayı-hesabı
yox idi, analar göz yaşları ilə oğulları ölümün
qucağına atırdılar.
Oğlu şəhid
olandan sonra Məryəm ana da çox
yaşamır, vəsiyyət edir ki, onu
da oğlunun yanında dəfn eləsinlər.
Vahidin bir neçə
hekayəsində döyüşçü obrazları
da diqqəti cəlb edir, yəni,
biz Qarabağ müharibəsi zamanı Azərbaycan döyüşçüsünün
kamil də olmasa, hər
halda müharibə insanının obrazını
görə
bilirik. "Qanlı məktəbli çantası"nda Dönməz, "Hər
addım uğrunda"
hekayəsində kapitan və
zabit Hüseynov, "Döyüşçü sözü"ndə Cəlal
və
Firdovsi, "Hərbi sirr"də
Samir Cəfərov
bunlar Azərbaycan döyüşçülərinin obrazlarıdır.
Müharibə çox mürəkkəb, təzadlı hadisələrlə doludur. Burada adi döyüşçüdən tutmuş generala qədər hər bir adamın psixologiyası diqqətlə izlənilməlidir. Qoca Tolstoyun "Hərb və sülh" romanını xatırlayın. Müharibə heç vaxt sevinc gətirmir, həmişə dərd, bəla və müsibətlə dolu olur. "Gecikmiş göz yaşları"nda müharibənin törətdiyi bir bəlanın doğurduğu faciə təsvir olunur. Hər hansı bir müharibədə ən bədnam hadisə fərarilikdir. Adını çəkdiyimiz hekayədə Vəfalı adlı gənc təsir altına düşüb fərariliyə meyl edir. Amma sonra səhvini başa düşür. Kəndə qayıdanda onun yolunu həsrətlə gözləyən nişanlısının artıq ərə getdiyini, anasının isə vəfat etdiyini görür: "Tutduğu işdən peşiman olan Vəfalı utandığından atasının, anasının məzar daşındakı şəkillərinə də baxa bilmirdi. O, göz yaşları içində heykəl kimi yerindəcə donub qalmışdı. Kənd qəbiristanlığının sakitliyində Vəfalının hıçqırtıları, hönkürtüsü aydın eşidilirdi".
Vahid Məhərrəmovun "Ölüm vaxtı" povesti də müharibə haqqında, bu müharibədə iştirak edən insanlar haqqında real və inandırıcı lövhələrlə diqqəti cəlb edir. Povestin qəhrəmanı Bəhruzdur. O, erməni əsirliyində hədsiz zülmlər çəkmişdir. Müəllif bu əsərdə erməniliyin mahiyyətini də açmğa çalışıb. Budur erməniliyin təzahürü olan vəhşilər: "Qəmli hekayətlərin içində o qədər eybəcər sifətli, üzünə tüpürməli, əsirlərə zülm edən, qaniçən "ediklər", "aşotlar", "andraniklər", "qarik-mariklər", "sadiklər", "beniklər" var idi ki...gHamısı da bir-birindən zalım və qəddar. İnsan övladına da oxşamırdılar. Heç elə bil, onları ana doğmamışdı. Bu gözəl təbiətin havasından udmamış, onun dağlardan, daşlardan süzülüb gələn dupduru suyundan içməmişdilər. Onlarda insaf deyilən şey qalmamışdı. Elə bil, ən gözəl nemət olan mərhəmət hissindən məhrum olmuşdular. Buna görə də baş kəsməkdən, insana işgəncə verməkdən, kimisə əzabla öldürməkdən zövq alırdılar".
Povestdə real və inandırıcı faktlar əsasında əsirliyin dəhşətləri canlandırılır.
Vahid Məhərrəmovun publisistik yazılarına gəlincə biz bir anlığa İkinci Dünya müharibəsi zamanı Azərbaycan yazıçılarının böyük cəsarətlə müharibədə iştirakını, onların müharibə həqiqətlərini necə işıqlandırdıqlarını xatırlayırıq. Mirzə İbrahimovun, Mehdi Hüseynin, Ənvər Məmmədxanlının, Əbülhəsənin, İsmayıl Şıxlının cəbhədən, müharibənin odları-alovları içərisindən qələmə aldıqları publisistik yazılar indi öz bədii təravətini itirməmişdir, bunlar artıq ədəbiyyat tariximizin yaddaşına həkk olunmuşlar. Vahid Məhərrəmovun Qarabağ müharibəsi ilə bağlı onlarla yazıları, o cümlədən, "Hər addım uğrunda" kitabında "Tarixdən bir yarpaq" silsiləsi də yaşayan əsərlər sırasında olacaq, çünki bu yazılarda HƏQİQƏT var...
Həmkarımıza müharibə ilə bağlı yeni yazılar yazmağı arzulayaq!
Vaqif YUSİFLİ
Ədalət.-2013.-22
noyabr.-S.7.