SÖZÜN İŞIĞI

Hər sözdə işıq olmur...

Təbii ki, bugünün söz bolluğunda işıqlı söz axtarmaq asan olduğu qədər də, çətindi. Ona görə çətindi ki, bolluq özü bir az ifrata aparıb çıxarır, bir az urvatsızlığa aparıb çıxarır, bir az da sözü elə ucuzlaşdırıb ki, sanki sözün çənəsi boşalıb, elə öz-özünə taqqıldayır. Bax belə bir durumda olan böyük sözün nələr çəkdiyini təsəvvür etmək heç də çətin deyil. Ona görə ki, göz görür, ağıl kəsir...

Bəzən iddia edirlər ki, sözü, səsi görmək olmur, onu eşitmək, dinləmək mümkündü. Amma mən çəkinmədən mübahisə edə bilərəm ki, söz də, səs də görünür. Sadəcə onu görmək lazımdır, görməyi bacarmaq lazımdı, görmək üçün daxilində xüsusi bir həssaslıq, bir qabiliyyət, lap necə deyərlər, kobud da səslənsə, ürəyin də gözləri olmalıdır. Məhz həmin o ürəiyn gözləri ilə baxanda, sözü də, səsi də görmək olur. Digər tərəfdən söz özü də, səs özü də o qədər qeyri-adi, o qədər gözəl, məntiqli, həlim, cilvəli olmalıdır ki, o səni özünə çəksin, sənin ürəyinin gözləri ona istiqamət götürsün. Və beləcə, ürəyin gözləri gördüyünü yaddaşına, lap elə ürəyin özünə köçürsün. Bax elə onda da hər şey öz yerini alır, söz də, səs də o böyük ağırlığın altından, söz bolluğundan, o sıxıntıdan, urvatsızlığın içindən sıyrılıb çıxır...

Dəfələrlə bu mövzuda yazmışam və dəfələrlə də vurğulamışam ki, hər gün yeni imzayla, yeni kitablarla qarşılaşıram və hər gün də həmin imza sahiblərinin bir çoxuna stolun üstünə gəlib çıxan kitablara ürəyim ağrıyır. Ona görə ki, həmin o dəftər orta məktəb şagirdinin dəftəri həcmində və yaxud da ondan böyük, bəzən isə lap külliyat təsiri bağışlayan epopeya həcmində olan kitabların içində söz tapa bilmirəm, işıq görə bilmirəm, vərəqləri çevirə-çevirə qalıram... yazığım gəlir o kitablara, o sözlərə... heyfim gəlir ona xərclənən vəsaitə, ona itirilən vaxta. Amma neyləyə bilərəm ki?! Ən yaxşı halda gücüm o kitabları, o imzanı görməməyə çatır. Laqeydliklə, biganəliklə ötmək ağır olsa da, amma buna zorən məcbur oluram. Burda onu da səmimi şəkildə etiraf edim ki, o kitablar, o kitablardakı sözlər bir məhbəs həyatı yaşayır sanki. Əsl oxucunun, əsl kitab xridarının gözləri qarşısında görünə-görünə görünməz olurlar. Bu da təkcəəllifin yox, həm də sözün faciəsidir...

Azərbaycanda kifayət qədər özünü, sözünü təsdiq etmiş qələm adamları var. Həmin insanları hər kəs tanıyır, imzasını izləyir və hətta o imza üçün, o söz üçün darıxır da. Şəxsən mən bu cür söz adamlarını bəzən telefonla da arayıram... niyə susduğunu, niyə yazmadığını soruşuram və yaxud da onun istənilən yazısına öz münasibətimi ifadə etməyə çalışıram. Bu mənim özümdən asılı olmayan daxili tələbatdı və mən də ona boyun əyirəm.

Bugünlərdə çox dəyərli söz adamı, Azərbaycanın xanım yazarları arasında özünəməxsus yeri olan əməkdar jurnalist, şair-publisist Flora Xəlilzadənin yenicə nəşr olunmuş 7 cildliyinin 2-ci cildi ilə baş-başa qaldım. "Elm və Təhsil" nəşriyyatının oxuculara təqdim etdiyi bu kitabdaəllif xüsusi bir qeydlə öz yaradıcılığının bu kitabda toplanan bölümünə sanki bir əbədi möhür vurubdu. Flora Xəlilzadə yazır:

- Bu kitabı nəslimin - səcərəmin şah sütünü, qibləgahım, Türk dünyasının böyük şairi, unudulmaz Məmməd Arazın əziz xatirəsinə ithaf edirəm.

Təbii ki, təkcə bu cümlə sözə marağı olan, sözü diqqət yetirən hər kəsi dərhal özünə çəkmək gücündədi. Çünki ittihaf olunan ünvan, yəni, Məmməd Araz böyük sözə könül verdiyi kimi, ona da özünə, şəxsiyyətinə, qələminə layiq sözlər həmişə ithaf olunubdu. Bax, həmin cümlədən başlayaraq maraqla gözdən keçirdiyim bu kitabda Azərbaycanın mədəniyyət-mənəviyyat camiyəsinin ünlü simaları ilə qarşılaşıram, onlarla həmsöhbət oluram. Bir məqamı xüsusi vurğulayım ki, bu kitabda toplanmış məqalələrin, xatirələrin, düşüncələrin, publisist qeydlərin böyük əksəriyyətini müxtəlif mətbu orqanlarda zaman-zaman oxumuşam, onlardan xəbərdar olmuşam. Ona görə də bu kitabdakı mədəniyyət-mənəviyyat-incəsənət adamlarıyıla sanki təkrar görüşürəm, təkrar həmsöhbət oluram. Ən maraqlı məqam da budur ki, kitab Azərbaycanın sovet dönəmindən və hətta ondan öncəki zaman kəsiyində də xalqımıza xidmət etmiş ünlü simalar haqqında dəyərli bilgi mənbəyidir. Hətta bu kitabla, bu kitabı vərəqləməklə bizim mədəniyyətimizin, incəsənətimizin, səhnəmizin keçdiyi o böyük yolu izləmək mümkündür.

Bir neçə fəsildən ibarət olan bu kitab Flora Xəlilzadənin böyük yaradıcılığının məhz əvvəldə də qeyd etdiyi kimi, mədəniyyət-mənəviyyat adlı bir qolunu təşkil edir. Yəqin ki, dəyərli bacım, qələm dostum, həmkarım Flora Xəlilzadə növbəti kitabının növbəti cildlərində də jurnalistikamıza, mətbuatımıza, böyük sözümüzə xidmətin ifadəsi olan yazıları ilə bizi görüşdürəcək. Bəri başdan o görüşə hazır olduğumu dilə gətirmək istəyirəm.

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2013.-22 noyabr.-S.6.