ŞUŞANIN YOLLARI...
Növbəti Şuşa haraylı, Şuşa ağrılı bir film-kompozisiyanı izləyirəm: "Şuşa şikəstəsi". Yaradıcı heyətin işinə artıq bələd olduğumdan filmə baxmamışdan ürəklə deyə bilərəm ki, bu kollektivin ortaya qoyduğu iş vətənpərvərlikdən, təəssübkeşlikdən doğan bir iş olacaq. Mayasında yurd həsrəti, torpaq dərdi, Qarabağ yanğısı olduğu, filmin adından artıq məlum idi. Şair Şöhlət Əfşarın "Şuşanın gözləri yollarda qalıb" şeiri ilə. Bəstəsi istedadlı bəstəkarımız Tahir Əkbərə, ifası gözəl xanım, muğam ustası, səhnəmizin Leylisi, xalq artisti Nəzakət xanım Teymurovaya məxsus gözəl bir klip. İndi dəbdə olan aronjemanlardan, xarici ölkələrdə çəkildiyi fəxrlə nəzərlərə çatdırılan, səs-küylü, qalmaqqallı kliplərdən fərqli olaraq bu klip hər kəsə lazım olan bir film-kompozisiyadır. Yaradıcı heyətin - televiziyaçılıq işinin mahir bilicisi (və çox təəssüf ki, qiymətini almayan - F.R) Bəxtiyar Qaraca, Kəmalə xanım Mirzəyeva və başqalarının əməyini qiymətləndirməmək mümkün deyil. Artıq bu kollektivin işindən söz düşəndə səbirsizliklə onun təqdimatını gözləyirəm. Şuşanın gözləri yollarda qalıb! Bəli, yollarda qalan bu ağlar gözlərin yaşını silməyə toplaşanların içərisində Azərbaycanın tanınmış ziyalıları, sənət adamları, aydınları vardı və hamı bir dərdin acısıya yığılmışdı. Filmin baş məsləhətçisi millət vəkili Rövşən Rzayevin Şuşaya səfəri haqda söylədikləri Qarabağ acımızı bir az da artırdı. Ona orda olarkən verilən: "burdan torpaq götürəcəksinizmi?" sualına: Xeyir, biz bu torpağa qayıdacağıq və əvvəlki kimi bu torpağın üstündə gəzəcəyik - deyə cavab verməsi də iştirakçıları qəhərləndirdi. Sona xanım Vəliyevanın dediyi kimi, bu filmdəki gözlər hamısı bir-birinə bənzəyirdi - yolda qalan gözlər... Qələbə ümidini bir gün də kəsməyən Sona xanımın fikirləri çox maraqlı idi. Qan yaddaşının bu qələbədə mühüm rolu olduğunu vurğulayan Sona xanımın fikrincə: qələbəyə gedən yol yaddaşdan başlayır. Yaddaş, məfkurə itərsə, milli mənə qayıtmaq müşkül olar. Uşaqlarımıza kiçik yaşlarından düşmənimizi tanıdaq, əzbərlədikləri şeirlərin əksəriyyətini mütləq Vətən, Qarabağ, Şuşa haqda şeirlər təşkil etsin. Hansı şeiri bilirsən? - soruşanda Qarabağ, Şuşa adını çəksin uşaqlarımız. Şair İlyas Tapdıq: Şuşa haqda yazılan hər şeir, hər mahnı gözəldir - deməklə, hazırkı dövrün ən önəmli mövzusunun Şuşa olduğunu nəzərlərə çatdırmaq istədi."Qarabağ konservatoriyasının" müdavimi Arif Babayevin çıxışının əsas hissəsi tələbəsi, klipin ifaçısı Nəzakət Teymuravayla fəxr etməsi olsa da, Qarabağ dərdinin onu da yaraladığı hiss olunurdu.Filoloq Elxan Məmmədli bu klipi çox bəyəndiyini, klipdəki ifanın, müsiqinin, şeirin və təbiət təsvirlərinin tam bir-birinə uyuşduğunu və Nurəddin Mehdixanlının diksiyasının klipə gözəllik qatdığını söylədi. Ramiz Quliyevin film haqqındakı fikri çox orijinal oldu: bu filmə klip deyə bilmirəm, çünki bu haraydı, Şuşa harayı! Şuşa harayına yığılan dostlar, torpaq itirmişiksə, deməli çox şey itirmişik, tariximizi itirmişik. Əlimizdə sazımız, sözümüz və zəkamız qalıb. İçimizdəki yurd sevgisini, vətən təəssübünü bunlara qataraq itirilənləri geri qaytarmalıyıq.Şəmistan Əlizamanlı Şuşaya çatmanın yolunu qələbəyə inamdan, milli birlikdən keçdiyini söylədi. Və həmişə vətənpərvər ruhlu çıxışlarıyla yadda qalan Şəmistan müəllim bu çıxışında da fərqləndi: Heyəti tebrik etmirəm, təşəkkür edirəm! Təbrik Şuşa alınanda olacaq!Filmə bir qədər tənqidi yanaşan Adil Cəmilin "Əsərlərdə, filmlərdə məğlubiyyət mahnıları oxuyuruq, Şuşa deyib ağlayırıq, erməni baxıb gülür, bir az nikbin ruhda əsərlər yaratmalıyıq. Təbliğatımız mübariz ruhda olmalıdır" deməsiylə razılaşmayanlar çox oldu zalda. Qarabağ dərdi içini gəmirən Ənvər Əhməddən bu fikirlərə sərt münasibət gəldi: Dünyada elə bir millət yoxdu ki, ölüsünü ağlamasın. Yas da var, toy da, itkilər də. Bu vətən itkisidi, şeirimizin, sözümüzün, muğamımızın qibləgahını itirmişik, millətin yarasıdı Şuşa, əlbəttə məyus olacağıq. Toyumuzda sevinməyi, yasımızda ağlamağı bacarmalıyıq. İnşallah, qələbə çaldıqdan sonra bayram edərik. "Mənim uşaqlığım, gəncliyim Qarabağda keçib" söyləyən peşəkar müğənnimiz, səhnəmizin Məcnunu Mənsum İbrahimov: Həmişə demişəm, mən Qarabağın Məcnunuyam. Bu klip, Nəzakətin səsi məni Qarabağı dolandırıb gətirdi- söyləməklə Qarabağ nisgilini etiraf etdi. Nəzakət Teymurova isə söz verildiyində çox kövrək idi: məni üzürlü sayın bu mövzuda danışa bilmirəm- deyərək onu boğan qəhərdən sözünün ardını gətirə bilmədi. Amma əslində Nəzakət xanım heç kimin söyləmədiyi sözləri ifasıyla çox gözəl ifadə etmişdi. Nurəddin Mehdixanlının emosianal çıxışı hər kəsdə bir tərpəniş yaratdı: Hər birimiz qarabağlı olsaq, qələbəyə çatarıq. Dərdi yaşamadan böyüklüyünü dərk etmək olmaz. Qələbə çalanda qələbə mahnıları da oxuyarıq. Bu dərd hamının dərdidir. Sülhü, barışı savaş yaradır. Nurəddin müəllimin Qulu Məhərrəmlinin bir yazısından gətirdiyi misal kövrəlti iştirakçıları. Anası haqda bu yazıda Qulu müəllim yazmışdı ki: "...Anam birdən bizə deyirdi ki, durun gedək Babalıya... hafizəsi zəiflədiyindən işğalı, yurd itkisini unutmuşdu...". İndi mən də demək istəyirəm: Durun gedək Qarabağ!!!Klipin musiqisinin bəstəkarı Tahir Əkbərin çıxışı sanki bir çağırış idi: Şuşa incimizdi, onu da Göyçə kimi nağıllara çevirməyək!Çox maraqlı, kövrək, məhrəm bir aurada birləşdirdi insanları bu film-kompozisiya. Vətənpərvərlik mövzusunda tərifəlayiq işləri ilə seçilən bu kollektivi ürəkdən təbrik edir və yeni-yeni yaradıcılıq uğurları arzulayıram! Sizin kimi işini bacaranların, sevənlərin və bu işə girişməyə haqqı çatanların izi ilə Qarabağa yol görünür...
Fəridə
RƏHİMLİ
Ədalət.-2013.-22
noyabr.-S.6.