MƏMMƏD ARAZ DÜHASI
Məmməd Araz - 80
BÖYÜK AZƏRBAYCAN
ŞAİRİ MƏMMƏD ARAZIN YARADICILIĞI HAQQINDA QISA
GİRİŞ SÖZÜ:
Məmməd Araz XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli ədəbi simalarından biridir. Onun qəlbindən süzülən poetik gövhərlər bütöv bir şair ömrünün müxtəlif dövrlərini əhatə edən şeirlərdir ki, bu gün bütün oxucular həmin poetik fikirlərin məftunudurlar.Hər bir vətəndaşı Vətənin kiçik bir daşı sayan şairin qələmə aldığı əksər misralarda Böyük bir vətəndaş ürəyi, sönməz fədakarlıq və ürfani düşüncələr çırpınır. Yüksək poetik ilhamla yazdığı həmin şeirlərdə ölməz şair Azərbaycan təbiətinin əsrarəngiz gözəlliklərini məharətlə canlandıra bilmişdir:
Azərbaycan -
qayalarda bitən bir çiçək,
Azərbaycan -
çiçəklərin içində
qaya!
Mənim könlüm bu dünyanı vəsf eləyərək,
Azərbaycan dünyasından
baxar dünyaya.
Azərbaycan! Qayəsi
nur, mayəsi nur ki,
Hər daşından alov dilli ox ola
bilər.
Azərbaycan deyiləndə ayağa dur ki,
Füzulinin ürəyinə toxuna bilər.
Sənətdə ustadlıq zirvəsini fəth
etmək
hər
qələm sahibinə
nəsib
olmur. Torpağına, millətinə, dilinə,
mədəniyyətinə və
ölməz
poeziyasına dərin bağlılıq Məmməd Arazı
sənət dünyasının şahlıq
taxtına aparıb çıxara bilmişdir.
Həmin
zirvədən Azərbaycan
dünyasını seyr
edən
şair yazır ki:
Çaylar Bethovenə,
Üzeyir bəyə,
Dağlar
babalara vüqar veribdi,
Simfoniya veribdi, Qatar veribdi.
Cəmiyyəin ağrilarını duymaq,
Vətəndaşlıq qayəsi,
şimallı-cənublu
Azərbaycan
torpaqlarının dərdini daşımaq, Bütöv
Azərbaycan
hayqırtısı-Məmməd Araz poeziyasının əsas gücü və qüdrəti bundadır! Bu fikirlərin sübutu onun "Məndən ötdü" rədifli şeirində
daha aydın görünür:
Səndən ötən
mənə dəydi,
Məndən ötən sənə dəydi.
Məndən, səndən ötən
zərbə,
Vətən, vətən sənə dəydi...
Şəhid - ölümü
ilə,
ŞAİR ağrısı və
poetik fikirləri ilə
yaddaşlara qaynayıb-qarışır. Yaddaşın ömrü isə vicdana və
haqqa xidmətin qədərindən,
bir də qədir-qiymətə, qeyrətə çevrilən anların cəmindən
yaranır. Neçə əsrlərdir ki, İsa da
və
Məhəmməd Əleyhissəlam da, Qorqud da
və
Şekspir də bir haqqın, bir də
yaddaşın dərgahında yaşayır. Onlar bütövlükdə tükənməz bir Ürfan ocağıdırlar. Bəli, ürfan sahibləri hər zaman torpağa bağlı yüksək siqlətli
zəngin
şəxsiyyət olurlar .
Məmməd Araz "Duman ömrü" şeirində yazır:
Ölüm istəyirəm. Qəfil bir ölüm,
Bir kibrit ölümü, barıt ölümü.
Bir anda bir ovuc
dumana dönüm,
İstədiyim səmtə tutum üzümü.
Görüm, hər
qonanda dağlar qaşına,
O dağdan, o çəndən necə yazmışam?!
Görüm, hər
enəndə bulaq başına,
Çiçəkdən, çəməndən necə yazmışam?!
Görüm dumanlara qoşula
bilmək,
Ayrılıb didərgin
olmaq, necədir?!
İstəksiz dərədən daşına
bilmək,
İstəksiz dərəyə dolmaq necədir?!
Görüm, bir necədir yerlərə hopub,
Vətən torpağının
şehinə
dönmək.
Kiçik bir qayanın döşündən
qopub,
Böyük bir dünyanın
mehinə
dönmək
Görüm, hər
tutanda kəndi, şəhəri,
Fatehlər bu dəmdə nə
görüb axı?
Nənəmin Allahı min ildən bəri,
Nənəmin yurduna nə
verib axı?
Məmməd Araz son dərəcə həssas qəlbli,
geniş düşüncəli və
öz zamanını qabaqlaya bilən böyük
bir məfkurə
sahibi idi.
Tarix bəşəriyyətin yaddaşı olduğu kimi, əsl, həqiqi, Böyük
Poeziya da ümumbəşəri yaddaşdır. Xalq şairi Məmməd Arazın
yaradıcılığı da düşüncədə, məfkurədə, əxlaqda və
qeyrətdə belə
yaddaşın şeirdə ifadəsidir.
İNSAN adlı varlığın
qəlbində insaf ölçüsünü,
rəhm
diləyini
əsas amil sayan Böyük
ustad yazır ki:
Ya Rəbbim!
Arabir düş yanımıza,
Arabir ölçü qoy vicdanımıza,
Harda dinimiz var, imanımız
yox,
İmana
gəlməyə gümanımız
yox!
Gəlsən tufanla gəl,
tufanla qayıt,
Bu yeri, bu yurdu
sahmanla, qayıt!
Ya Rəbbim!
Mən
Sənə olanı dedim,
Yadımda azacıq qalanı
dedim.
Bizə qalmayacaq, nə bizə
qalsa,
Dağ-dağa qovuşsa, düz-düzə qalsa.
Qalan dərdimizi
yükləsək əgər,
Kəl olsa, nər
olsa qəddi əyilər!
Məmməd Arazın
poetikası Azərbaycan poeziyasının təkamülündə yeni mənəvi iqlimin və
tarixi mərhələnin, hava və
qan dəyişmənin
bir növ əbədi simfoniyasına döndü. Həmin poetikada şair bir ənənənin yox, min illik əxlaq, fəlsəfə, hünər
və
poeziya irsinin varisi kimi çıxış
edirdi: insan, təbiət, tarix, tale-bir qovşaqda cərəyan
edib kəsişirdi:
Bir taleyin əllərində cütlənmiş zərik,
Yüz il qoşa
atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar
şərik,
Dünya
sənin,
dünya mənim, dünya heç kəsin!
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidirsən, pıçıldayır yıxılan,
duran,
Dünya
sənin,
dünya mənim, dünya heç kəsin!
Bu get-gəllər bazarına dəvədi
dünya!
Bu ömür-gün naxışına
həvədi dünya!
Əbədiyə qəhqəh çəkir
əbədi dünya!
Dünya
sənin,
dünya mənim, dünya heç kəsin!
"Gəlimli-gedimli
dünya, son ucu ölümlü dünya!" Bu kəlamı
və
ovqatı Qorquddan sonra bu qədər tutarlı
şəkildə ifadə
edən
uğurlu bədii misralara yalnız Məmməd Araz poeziyasında rast gəlmək mümkün olur.
Məmməd Arazın
cənublu-şimallı
Azərbaycan
poeziyasının XX əsrdə ən böyük nəhəngi sayılan Məhəmmədhüseyn Şəhriyarla
uzun müddət yazışmaları olmuşdur. M.P.Vaqifin Azərbaycanda anadan olmasının 250 illiyi qeyd edilən günlərdə ustad Şəhriyarı da
Bakıya dəvət edirlər.
Lakin o zamankı
şahlıq üsul-idarəsi Azərbaycanın
işığını, böyük
nailiyyətini
görməyi
Şəhriyara
yasaq etdi. Şəhriyar həmin
yubiley bayramına gələ bilmədi.
Bu hadisəni
Məmməd Araz "Şəhriyar gəlmədi" şeirində nəzmə gətirdi:
Baxışlar asıldı təyyarələrdən,
Ümidlər yollara sərili
qaldı.
Bu ağır xəbərdən, bu nəs
xəbərdən,
Güllər güllüklərdə dərili
qaldı,
Şəhriyar gəlmədi...
Məmməd Araz elə
nəhəng bir planetdir ki,
onun günəşinin işığı başqa
kəhkəşanları da nura qərq edir. O, anadan dünyaya
gələndə eləcə şair kimi gəlmişdir.
Şeir Araz siqlətində sərhəddi görünməyən dərya,
sonu bilinməyən
ucsuz-bucaqsız bir kainatdır. Fəqət həmin
kainat astral sapla şairlərin
qəlbinə nəql
olunur. Çünki ilham kainatın
çox dərinliklərindən, ərşi-əladan gəlir.
Məhz elə
ona görə də
deyirlər
ki, peyğəmbərlərdən sonra Allaha ən yaxın olanlar şairlərdir.
O şairlər
ki, heç zaman haqqı nahaqqın qarşısında
endirməzlər, o şairlər
ki, yaltaqlıqdan, yalan və
iftiradan uzaqda qalarlar. Əsl şair kamil insan olmalı, cəmiyyətin dili, millətinin
dilmancı və torpaqlarının fədaisi olmalıdır.
Məmməd Araz yazır:
Şair
cəmiyyətin dili, dilmacı,
Şair bir planet siqlətindədir.
Onun baxışının qəzəb qırmacı,
Dağlar
parçalamaq qüdrətindədir!
Neyləmək olar ki, bu gəlimli-gedimli dünyadan bir gün şeirsevərlərin ən sevimli şairi olan Ulu Məmməd Araz da köçdü. Fəqət o, bu həyatla
vidalaşmazdan əvvəl ulu dağlarla vidalaşdı:
Bəlkə bu yerlərə bir də
gəlmədim,
Duman salamat qal, dağ
salamat qal!
Dalımca su səpir yoxsa buludlar,
Leysan salamat qal, yağ, salamat qal!
Qıy vuran qartallar yox oldu çəndə,
Nərgizlər saraldı şehli çəməndə,
Ey qaragöz pəri, dalımca
sən
də,
Boylan, salamat qal, bax,
salamat qal!
Gəldim, qarşıladı güllər-çiçəklər,
Gedirəm, əl edir göy biçənəklər,
Nidamı
çaylara dedi küləklər,
Bulan, salamat qal, ax-salamat qal !
Dağların pələngi, şiri də sənsən,
Şairi
də
sənsən, şeiri də sənsən,
Varı,
bərəkəti, xeyri də
sənsən,
Çoban, salamat qal, sağ-salamat qal!
Bəli, Ustad Məmməd Arazın Ulu dağları özünün
yazdığı kimi,
sağ-salamat qalsa da, fəqət düşmən
tapdağında bu gün xiffət çəkir. O, Ulu dağlar Cavanşir hünərli,
Koroğlu biləkli igidlərin
həsrətindədir . Məmməd Arazın ruhu o zaman şad olacaq ki, zirvəsi dumanlı ulu dağları öz şairlərimiz
dolaşıb onları
vəsfə gətirəcək, dağlardan
cuna kimi süzülən
şəlalələrin şırıltısı
ruha qanad verəcək və
qəm-kədər o dağlardan
həmişəlik yox olacaq! Ulu
Məmməd Araz bax, o zaman
rahat uyuyacaq!
ƏŞRƏF HÜSEYNLİ
Moskva şəhəri,
16.11.2013-cü il
ədalət.-2013.-21
noyabr.-S.5.