“Həyata prezidentin göstərişilə qayıtdım”

 

Tanınmış jurnalist  Nicat Dağlar onu həyatda qəflətən haqlayan ağır dönəmlərinə yazı həsr edib.

 

Məni yeni-yeni planların qurulduğu, neçə-neşə arzuların doğulduğu bir ərəfədə yaxalamış rəngli mərəzlə orada – “neytral meydançada” üz-üzə gələcəkdim

O dünyanı görüb gəlb... Ölümün bir addımlığından dönmüş adamlar haqqında belə deyirlər. Həm də deyirlər ki, filankəs kəfəni çırıb. Mən də həmin o qayıdanlardanam... Mən də kəfəni çıranlardanam... İnanılmaz, yenə kompüterin arxasındayam, yenə yazıram... Bir neçə ay öncə bütün bunlar mənim üçün bitmiş hesab olunurdu. Hər halda, yeriyən cəsədə çevrilmiş bir adam başqa cür düşünə bilməzdi. Mən də fərqlənmədim. Ağaclara, evlərə, hətta adi bir məişət əşyasına sonuncu dəfə baxırmış kimi baxan, öz yas çadırını, tabutunu gözünün önünə gətirən, addım-addım ona yaxınlaşan ölümə özünü hazırlamaq çarəsizliyi ilə üzləşən bir adam yazı-pozu, kağız, qələm, kompüter, iş, jurnalistika barədə ağlından heç nə keçirə bilməz. Deyirlər ümid sonda ölür. Yox, belə deyil, sonda ölən adamın özüdür, ümid ondan əvvəl ölür. Mən də əvvəlcə ümidlərimi dəfn edib öz dəfnimə hazırlaşırdım. Son günlərini yaşadığını qətiləşdirmiş, qonşu otaqda həkimlərin “Îíòàêîéìîëîäîé, íàìî÷åíüæàëü», “Òîëüêîáîëüøèåäåíüãèìîãóòñïàñòèåãî» kimi pıçıltılarını qulağı çalan, hər gün qanına bələnən bir xəstə həmin anlar gözlərini yola tikir, ölümün nə vaxt gələcəyini, bu prosesin hansı formada baş verəcəyini düşünür...

 

***

Yəqin eşitmisiz, bəzən insanlar keçirdikləri ağrılar barədə danışarkən belə deyirlər: “İiliyimə qədər işlədi”. Ağrının şiddətini göstərmək üçün belə deyirlər. Bax mən, həmin o iliyə qədər olan ağrını yaşamışam, qışqırtım bütün xəstəxanaya yayılıb. 30 santimetrlik mili – dəmir parçasını ilik çəkmək üçün sinəmdən onurğamın içinə yeritdilər – narkozsuz-filansız. “Olmaz, dözməlisən, kişi deyilsən?”dedilər. O dəmir parçası burulduqca, xırtıldaya-xırtıldaya iliyimə doğru irəlilədikcə mən gah nalə çəkir, gah da inləyirdim... Bu ağrıları, bu dəhşəti istəmirdim, gürcü həkimin qolundan tutub, “imkan verin, rahat ölüm” dedim...

 

***

Hər şey bir anın içində dəyişdi... Bu dəfə də ümidlərim qabağa düşdü. Əvvəlcə ümidlərim qayıtdı, sonra özüm! Mən Allahdan möcüzə istəmişdim, əllərimi göylərə uzadıb sidq ürkdən dua eləmişdim. Həmin anlarda nədənsə elə düşünürdüm ki, indi Allah yalnız məni eşidir, diqqətini ancaq mənə yönəldib. Çox qəribə hisslər keçirirdim. Sanki yaradanın hüzurunda dayanıb 38 ilin hesabatını verir, ondan möhlət diləyirdim... Allah əllərimi boş qaytarmadı! Elə ertəsi gün Bakıdan zəng gəldi: “Cənab prezident sizin müalicənizi öz üzərinə götürüb”. ...Və mən dərmansız-filansız sağalmağa başladım! Hə, bir anın içindəcə hər şey dəyişdi – ölmüş ümidlərim dirildi, qaralmış gözlərimə işıq gəldi, içimdə bir inam yarandı – “Mən bu xəstəliyi yenəcəm!”. Əlbətdə, Allaha dua edəndə bilirdim ki, göylərdə aptek yoxdur, yuxarıdan dərman düşməyəcək. Köməyi yerdən gözləyirdim, inanırdım ki, Allah öz mərhəmətini yerdəki bəndələrindən birinin əli ilə göstərəcək və bu bəndə Azərbaycan prezidenti İlham Əliyev oldu. Mən həyata məhz onun göstərişilə qayıtdım! Buna qədər qollarımdan əzizlərim, doğmalarım tutub hərəkət etməyə kömək edirdilərsə, prezidentin göstərişindən sonra kürəyimi Azərbaycan dövlətinə söykədim. Gürcü həkimləri təəccüb içindəydilər. Cəmi bir gün öncə əlini hər şeydən üzmüş bir xəstədə inanılmaz dəyişiklik baş vermişdi. Onlar da Azərbaycan prezidentinin göstərişindən xəbər tutmuşdular. Dövlət başçısının bir jurnalistə göstərdiyi qayğı, onu xilas etmək üçün kömək əlini uzatması gürcü həkimərini də sevindirmişdi – bir gün əvvəl mənə ürək yandırmışdılar, “î÷åíüæàëü” demişdilər...

 

***

Tiflisdən Gəncəyə qayıtdım. Yol boyu telefon zənglərinin ardı-arası kəsilmirdi. Prezident Adminstrasiyasının əməkdaşları Gəncəyə qədər məni telefon zənglərilə müşayət etdilər: “Necədir?”, “Özünü necə hiss edir?”, “Narahatlıq yoxdur ki?”, “Vəziyyət pisləşsə bizə təcili xəbər edin ki, helicopter göndərək”. Addımbaşı dövlətin diqqəti, addımbaşı prezidentin qayğısını hiss edirdim. Gəncədə isə şəhər İcra Hakimiyyətinin, Səhiyyə İdarəsinin xüsusi nəzarəti altına götürüldüm - Başımın üstündə dayandılar! Artıq Prezident Adminstrasiyası Almaniya xəstəxanaları ilə danışıqlar aparmışdı və mənim göndəriləcəyim tibb müəssisəsi də müəyyənləşmişdi – Frankfurt yaxınlığındakı Bəd Vildungen şəhərinin Hemotologiya Klinikası. Cəmi bir neçə gündən sonra – iyulun 26-da artıq bu klinikanın pasiyentiydim.

 

***

Almaniyada da özünü Azərbaycandakı kimi hiss edirdim. Hər gün bir neçə dəfə Prezident Adminstrasiyasının əməkdaşları mənimlə, həkimlərlə əlaqə saxlayır, müalicə prosesini ciddi nəzarət altında saxlayırdılar. Alman həkimləri də kimliyimdən, Almaniyaya kimin dəstəyi ilə gəldiyimdən məlumatlı idilər və ilk günlər elə zənn edirdilər ki, hakimiyyətin mövqeyini müdafiə edən yazarlardan olduğumdan indi belə bir qayğı ilə əhatələnmişəm. Lakin biləndə ki, əslində hər şey tərsinədir və mən illər uzunu müxalifət düşərgəsinin maraqlarından çıxış etmişəm, xeyli təəccübləndilər. Eyni zamanda, məndəki ruh yüksəkliyi də onların diqqətini çəkmişdi. Həkimim professor Ştahlla söhbətimdə ona elə belə də dedim:

Həkim, bilirəm ki, xəstəlik ortaya çıxanda avtomatik olaraq üç tərəf yaranır – Xəstəlik, həkim və xəstə. Əgər mən xəstəliyin yanında dayansam onda biz sizi yenəcəyik. Əmin olun ki, mən sizin yanınızda dayanacam və biz birlikdə xəstəliyə güc gələcəyik.

Professor Ştahl bu sözlərimdən sonra əlimi sıxdı və dedi ki, belə əhvalda olan xəstələrə çox nadir hallarda rast gəlir: “Xəstədəki ruh yüksəkliyi uğurlu müalicənin əsas şərtlərindən biridir. Bu da sizdə var”. Professoru əmin etdim ki, üzərimə düşən nə varsa hamısını yerinə yetirəcəm.

 

***

Mən Almaniyaya psixoloji cəhətdən tam hazır vəziyyətdə getmişdim. Azərbaycan jurnalistlərinin həmrəyliyi, maşınını, evini, torpaq sahəsini satmağa hazırlaşan, mənə maliyyə yardımı ayıracaqları təqdirdə rəhbərlik etdiyi holdinqə daxil olan media qurumlarında şirkətləri pulsuz reklam edəcəyini bəyan etmiş dostlarımın bu işə ürək qoyması, millət vəkillərinin dəstəyi, QHT sektoru təmsilçilərinin isti münasibəti... və ən əsası hər hansı yardım kampaniyasına lüzum görməyən Azərbaycan prezidentinin mənim həyatda qalmağımı arzulayanların şükranlıqla qarşıladığı, onlara rahatlıq verdiyi göstərişi Almaniyaya psixoloji cəhətdən tam hazır vəziyyətdə getməyimdə böyük rol oynamışdı. Hə, Almaniyaya ölüm-dirim mübarizəsinə gedirdim. Məni yeni-yeni planların qurulduğu, neçə-neşə arzuların doğulduğu bir ərəfədə yaxalamış rəngli mərəzlə orada – “neytral meydançada” üz-üzə gələcəkdim. Və sözsüz ki, bu qarşılaşmanın favoriti mən idim – iradəmə güvənənlərin sayı daha çox idi. Güclü idim!.. Həm də ona görə ki, arxamda Azərbaycan dövləti dayanmışdı!

 

***

 

Kimsə bizə balaca bir hədiyyə verəndə sevincimizin həddi-hüdudu olmur. İyulun 22-də prezident bir qrup jurnalistə mənzil hədiyyə etdi. Bu hədiyyəni alanların hansı hisslər keçirdiyini təsəvvür eləmək o qədər də çətin deyil. Mənə isə təkcə ev yox, həm də həyat verdilər! Bəli, mən Azərbaycan dövləti tərəfindən ayrılmış maliyyə vəsaiti hesabına ayağa qalxdım. 1975-ci il sentyabrn 1-də dünyaya göz açmışdım. 2013-cü il iyulun 10-da – prezident İlham Əliyevin məlum göstərişindən sonra ikinci dəfə həyata qayıtdım.

 

***

Sən demə mənim ölümümü gözləyənlər də varmış... Sən demə bir jurnalistin, iki körpə balası olan bir atanın öz ailəsinin başına qayıtmasından məyus olanlar da varmış. Sən demə mən qan içində çabalayanda düşdüyüm durum Azərbaycan Nəşriyyatının yeməkxanasında “50-50” müzakirə edilirmiş, siyasi nəticələr çıxarılırmış. Uzun illər çörək kəsdiklərim qapımı döymək, zəng etmək, nə baş verdiyini aydınlaşdırmaqəvəzinə, yaşadığım acıları proje kimi qələmə verib bu barədə statuslar yazdılar. Vicdanınız sızıldamadımı? Aycanın, Mirsamirin ahından qorxmadınızmı? Siz o statusları yazdığınız anlarda, müzakirələr açdığınız vaxtlarda mənim balalarım qan içində boğulan atalarını görüb əsir, qorxur, göz yaşı tökürdülər. Siz versiyalar axtarışına çıxanda onlar üzümə dağlmış qanı yuyurdular. Mən xəstəxana qapıları döyür, dərman axtarır, ölümdən xilas olmağa çalışır, QANIMA əlac gəzirdim, siz isə qanımda sıyasət axtarırdınız... Ay adamlar, yox idi o! Leykositlərdən başqa heç nə tapmırdılar qanımda. Mən axı sizin gözünüzün önündə əriyirdim... Əmin olun, yazdıqlarınız, danışdıqlarınız sinəmdən onurğama salınan mildən daha dərin iz buraxdı... Əlbətdə, mənim yoxluğumdam cəmiyyət heç nə itirməyəcəkdi, dünya dağılmayacaqdı. Məndən sonra həyat da öz axarı ilə davam edəcəkdi. İtirən yalnız mənim ailəm, övladlarım olacaqdı... Siz isə uf demədən yazırdınız: “Sən ölsəydin nə olacaqdı ki. Sənsiz də övladların böyüyəcəkdi”... Misallar çəkirdiniz ki, filan fateh atasız böyüyüb, filan sərkərdə yetim olub... Bunları yazmaq üçün adam gərək ya sonsuz olsun, ya da axtalanmış. Bunu yazmaq üçün adam gərək bütün insani hisslərini itirsin. Heç olmasa bir dəfə müxalifətçi maraqlarınızdan yan dura bilmədınızmi? Eh, sildik sizi tüm dəftərlərimizdən!

 

***

Mən İlham Əliyevə təşəkkürmü bildirdim. Qolumdan tutub yerdən qaldıran bir adama, əcəba, başqa nə deməliydim ki? Tərbiyyəsi, mədəniyyəti yerində olan bir adam bunca qayğının qarşılığında başqa necə münasibət göstərməliydi ki? Prezident göstəriş verdi, dedilər burada nəsə var, seçki dövrüdür, təbliğatdır... Nə qədər yaramaz bir yanaşma. Məgər İlham Əliyev mənə dəstək olmasaydı onun uğurlu seçki kampaniyası aparılmayacaqdı? Lay divar təsiri bağışlayan bir sistem jurnalisti xilas etməsəydi öz hədəflərinə çatmayacaqdı? İlham Əliyevin qələbəsinin təmin olunmasında mənim xəstəliyim nə qədər böyük rol oynaya bilərdi ki? Tutalım xəstələnməmişəm və prezident də mənimlə bağlı hər hansı göstəriş verməyib. Fərqli nə baş verəcəkdi? Əgər kimsə fikirləşirsə ki, bütün bunlar baş verməsəydi İlham Əliyev prezident seçilməyəcəkdi, onda yüz faiz xəstə mən deyiləm, mən olmamışam!..

 

***

Eh... Yaxşı günlərdən danışaq. “Yaxşı düşünən yaxşı görər”. Mən də yaxşı düşünürəm, YAXŞI GÖRÜRƏM – Günəş çıxır!

Oktyabrın ikinci yarısında yenə Almaniyaya gedəcəm. Prezidentin göstərişinə əməl etməyə - Tam sağalmağa!

P.S. Telefonuma yenə zəng gəlir: “Özünüzü necə hiss edirsiniz?”...

Nicat Dağlar

 

Ədalət.-2013.-1 oktyabr.-S.4.