"Ah qürbət, zalım qürbət..."

 

"Şah ölüm"dən "Milena"yadək...

Dostum, gözəl ifaçı və ədəbiyyat adamı Zəka Vilayətoğlunun yenicə çap olunmuş "Milena" kitabını - povestlər və hekayələr toplusunu böyük həvəslə və diqqətlə oxudum. Kitabı bitirən kimi düşündüm ki, qalmaqallardan uzaq, sakitcə öz yaradıcılığı ilə məşğul olan dostumun bu kitabı haqqında düşüncələrimi, fikirlərimi oxucularla da bölüşüm. Zəkanın "Milena"sı Nəriman Əbdülrəhmanlının redaktəsi ilə, "Araz" nəşriyyatında çap olunub. Cəmi 500 tirajla çap olunan kitabda müəllifin "Milena", "Bağışlayın cənab" povestləri, "Külqabı", "Skripkaçı", "Armanın ölümü" hekayələri toplanıb. Kitaba yazıçı Aslan Quliyev "İşıqlı yazılar" adlı son söz yazıb. Kitabda toplanmış əsərlər haqqında ayrı-ayrılıqda fikirlərimi bölüşəcəyəm. Amma istərdim ki, öncə sizləri müğənni-yazıçı Zəka Vilayətoğlu ilə yaxından tanış edim.

Zəka Vilayətoğlu özünü təvazökarlıqla belə təqdim edir: " Zəka Vilayətoğlu musiqiyə və sözə könül vermiş və hər ikisiylə əhd-peyman bağlamış sadiq Tanrı qullarındandır. Biri olmasa özümdə yarımçıqlıq hiss edərəm. Bir sözlə, musiqiylə söz mənimçün qoşa qanad kimidir, ruhumun pərvazlanmasında hər ikisinin rolu var".

İlk hekayəsi 1994-cü ildə "Ulduz" jurnalında dərc olunsa da, bundan çox sonra, 1997-ci ildə xəbər tutub. Dedi-qodulardan, qovğalardan uzaq olub hər zaman. Amma bu onun ədəbi mühitə qaynayıb-qarışmağına mane olmayıb. Elə "Milena"nın təqdimatında da bunun şahidi olduq. Ədəbi mühitdə onu yazıçı kimi qəbul edib, yaradıcılığına ciddi qiymət verən çoxlu qələm dostları var. Ədəbiyyata gəldiyi dövrdə, ədəbiyyat proritet olmasa da, o, yazı-yaratmaqdan, bədii yaradıcılıqdan bir an da olsun, uzaqlaşmayıb. İfaçılıq və yazıçılıq onun yaradıcılığında paralel irəliləyib. 2000-ci ildə "Şah ölüm" adlı romanı çap olunub. "Şah ölüm"ü üç ilə yazmışdım.. Çox tez satıldı. Müəyyən dairələrdə rezonans doğurdu, əl-əl gəzdi. 500 sayla çıxan kitab oxucuların hamısına yetmədi. Bir kitabı on-on beş nəfər oxumuşdu. Hamı tərifləyirdi. Amma sonralar əsərdəki təcrübəsizliyi, çatışmazlıqları çox yaxşı gördüm. Bu yaxınlarda oxucuların arzusuyla həmin kitab yenidən işlənmiş və demək olar, roman halına gətirilmiş vəziyyətdə bir daha nəşr olundu, böyük bir hissəsi uğurla satıldı".

Qürbətdə insan mənzərələri

Zəkanın yaradıcılığı ilə tanışlığım onun hekayələri ilə başlayıb. Olduqca maraqlı üslubu və təhkiyəsi mənim çox diqqətimi çəkmişdi. Etiraf edim ki, ifaçılıqla məşğul olan bir insanın nəsrə bu qədər vaqif olacağını, peşəkarlığını gözləmirdim. Amma oxudumhiss elədim ki, gözəl müğənni, peşəkar ifaçı olduğu qədər də, peşəkar yazıçıdır. Daha sonra müəllifin "Güllələnmiş qaranlıqlar" kitabını oxudum. Əsərdə xeyli tələskənlik və diqqətsizlik gözə çarpsa da, "Güllələnmiş qaranlıqlar" müəllifin nasir kimi potensialını açan, ümidverici əsərdir. Əsərin mövzusu olduqca aktualdır. Rusiyaya çörək qazanmaq dalınca gedən milyonlarla insanımızın faciəsi, yaşantısı əsərin ana xəttini təşkil edir. Eyni zamanda sevgi, dostluq, xəyanət, vətənpərvərlik kimi mövzular da maraqlı bir dillə işlənilib. Amma nədənsə əsərdə bir nizamsızlıq hiss olunur. Hər halda müəllif əsəri təkrar çap etdirməyə ehtiyac hiss etsə, bir daha bəzi məqamları gözdən keçirib, dolğunlaşdıra və sistemləşdirə bilər. Zəka qürbətdəki həmvətənlərinin həyatını, Rusiyadakı insan mənzərələrini ustalıqla qələmə alır. Dəfələrlə gedib-gəldiyi qürbətdə sadəcə qonaq olmur, həm də bu mühiti yazıçı müşahidəsinin süzgəcindən keçirir.

Zəkanın "Milena"sı

Ümumiyyətlə Zəka Vilayətoğlunun nəsrində, xüsusən povestlərində tələskənlik və axtarış ciddi şəkildə hiss olunur. Məsələn, "Milena" povestində müəllif səbrlə, təmkinlə işlənməli daha aktual bir mövzunu qələmə alır. Uşaqlıqdan parlaq istedadı olan Eynar hərbi xidmətdən sonra onu böyüdən nənə-babasının yanına qayıtmır. Tatar qızı Milena ilə evlənir və Nijni-Novqorodda yaşamağa qərar verir. Günlərin bir günü vətəndən gələn və babasının ölümündən xəbər verən məktub onun taleyini dəyişir. Vətən, vətənindəki yaşantıları Eynarı xoşbəxt etmir. Eynən müəllif kimi axtarışda olan Eynar, geriyə, Rusiyaya qayıtmağa qərar verir.

Məncə Rəssam Eynarın obrazını daha dolğun yaratmaq, onun yaşadığı faciəni inandırıcı etmək müəllif üçün o qədər də çətin olmazdı. Çünki bəzi məqamlarda müəllif bunu ustalıqla bacarıb. Xüsusən Eynarın vətənə qayıdıb, qohumlarının seçdiyi bir qadınla evlənməsi və bu evliliyin ona gətirdiyi psixaloji ağırlıq, sevdiyi qadından uzaq düşməyin bədbəxtliyi kifayət qədər təsirlidir. Eyni zamanda oxucu Milenanın və qızının taleyindən xəbərsiz qalır. Halbuki, Eynarın yaşantıları ilə paralel Milenanın da faciəsini də dərindən işləmək olardı. Ayrı-ayrı məqamlarda bu faciənin detaları yaxşı işlənsə də, ümumilikdə nə Eynarın, nə də Milenanın faciəsi açılmır. Eynarın faciəsində nə qədər konkretlik, həyat detalları ilə bağlılıq olsa da, Milena obrazında simvoliklik var.

Müəllif Eynarın faciəsini çox qəribə səbəblərə bağlayır: "Yoox, nə kor, nə də ağılsız idi. Sadəcə yetim, kimsəsiz, qəlbisınıq olduğundan başına bu işlər gəlmişdi". Məncə Eynarın faciələrinin kökündə "yetim", "kimsəsiz" olması dayanmır. Məncə bu səthi yanaşmadır. Faciəni daha dərindən, daha ustalıqla yazmaq üçün çatışmayan bir məqam var, müəllif rəssamların yaşantısını dərindən araşdırmayıb. Bu məqamda müəllif sadəcə əlində olan məlumatlarla kifayətlənib.

Mövzuya sadiqlik

Avtobioqrafik "Bağışlayın cənab..." povesti də Rusiyada yaşayan azərbaycanlıların əzablarını, çəkdikləri əziyyətləri işıqlandırmaq baxımdan maraqlıdır. Rusiyanın ucqarında yaşayan azərbaycanlıların qəribə taleləri, yaşantıları maraqlı dildə qələmə alınıb. Müəllif burda da öz mövzusuna sadiqdir: qürbətdə insan mənzərələri. Dostun-dosta xəyanəti, nüfuzlu həmyerlilərimizin aldadılması, qürbətdə yaşayan azərbaycanlı ailənin faciəsi insanın içini göynədir.

Bu povestdə "Güllələnmiş qaranlıqlar" əsərinin bəzi məqamları ilə paralellik duyulur. Sanki müəllif öz mövzusundan yayına bilməyib.

Zəka Vilayətoğlunun yaradıcılığında qəribə bir detal müşahidə etmişəm. Müəllif erməniləri, əsərlərindəki erməni obrazlarını çox ustalıqla qələmə alır. Bu ustalıq həm povestlərdə, həm də hekayələrdə hiss olunur.

Zəkanın nəsrində ermənilərə psevdovətənpərvərlikdən uzaq, soyuqqanlı bir münasibət var. Obrazlara müəllifin nifrəti gizlidir. O daha çox stuasiyanı yazır və mühakiməni oxucunun öhdəsinə buraxır. Bu peşəkarlıq baxımından çox maraqlı detaldır.

Zəka Vilayətoğlunun "Milena" kitabında toplanmış povest və hekayələrdən daha ətraflı yazmaq, təhlil etmək təbii ki, mümkündür.

Amma mən bu kiçik yazıyla kifayətlənirəm və ümid edirəm ki, Zəkanın yaradıcılığı haqqında peşəkar fikri mürgüləyən ədəbi tənqidimiz deyəcək.

Mən isə dostuma yaradıcılıq uğurları diləyir, "Milena"nın oxucunun və ədəbi tənqidin diqqətindən kənarda qalmamasını arzulayıram!

P.S. Yazıya seçdiyim başlıq türk sənətçisi Volkan Konakın məşhur mahnısındandır. Məncə Zəkanın "Milena"sının da, "Bağışlayın cənab..."ının da soundtrack-i bu türküdür:

 

Ah qürbət, zalım qürbət

Ağladırsan adamı.

Gözümdə yaş qalmadı,

Buraxsana yaxamı...

 

Cəlil Cavanşir

Ədalət.-2013.-2 oktyabr.-S.7.