İkicə kəlmə: Mənsum İbrahimov
Bu gün görkəmli sənətkarın 53 yaşı tamam olur. Müəllif və Modern.az Mənsum müəllimi təbrik edir, ona yeni uğurlar arzulayır.
Nadanlıqla silahlananları tərksilah eləmək lazımdı, ağlıma gələn birinci cümlənin sonunda nöqtə qoymağa yer tapmıram, nöqtənin bəlkə də yeri yoxdu, amma cümlənin yeri var; o, güc orqanında işləmir, müstəqil dedektiv də deyil, amma hücum eləməyi əla bacarır, qarşısındakı nadandısa...
Üzeyir Hacıbəyov, opera, balet, Məcnun, Füzuli kimi orta statistikadan da "aşağı” sözləri çoxları ilk dəfə onun dilindən eşidib.
O – öyrədəndi...
Balaca uşaq kimi, kitab-dəftər əlindən düşmür, üst-başına mürəkkəb tökülsə heyrətlənmərəm, heç bir çəkilişə məşqsiz getmir, dərs dediyi akademiya – gimnaziya – orta məktəbdə ən səliqəli tələbə – şagird o özüdü, səsdən söz, sözdən səs almağın yolunu bilir, bəlkə kiməsə adi görünər, dünyada ən çətin iş kimləsə, nəyləsə nəfəs almaqdı, o kimlə, nəylə nəfəs almağın yolunu bilir.
O – öyrənəndi...
Adı olmayanda da utancağıydı. Xalq artisti, Prezident mükafatçısıdı, yenə özünü dartmaz.
Opera və Balet Teatrında heç kim işləməyəndə o, səhnədən düşmürdü. İndi hamı teatral olub, o yenə sakitcə Məcnunun məşqlərinə tələsir.
Otuzunda səsinin başını yığmaq olmurdu, gələn il yaşı yarım əsri haqlayacaq, nə olsun, zilinin təqvimdən xəbəri yoxdu.
Vaxtıyla öyrəndiklərindən indi çox bilir, amma hələ də onları "ustad” deyə öyməyində.
Sənət evinə gətirdiyi yeniliklər də bünövrənin üstündə dayanıb.
O – dəyişməyəndi...
Toyda elə oxuyur, deyirsən, sarayda dövlət konsertidi. Ona görə kimsə cibinə pul qoymağa cürət eləməz.
İlahi, o, yüz kərə Məcnun olub! Adam bir yol özünü Məcnuna oxşadanda (Məcnun olanda yox ha, oxşadanda!) ağlı başından oynayır, evini, eşiyini, itini, pişiyini, arvadını, uşağını atıb çöllərə düşmək istəyir – yoxsa yüz kərə! Leylini ona düz eləyib vermirlər, o, Leylinin yox, Məcnunun məcnunudu.
Hər dəfə adımı onun dilindən eşidəndə sevinirəm. Elə bilirəm, məni Məcnunun özü çağırır. Axı, Füzulinin yazdığına görə, Məcnunun da gözəl səsi olub. Poema yadınızdadı:
Avazı idi bəsi mülayim,
Üslubi dürüst, üsuli qaim.
Təhrir ilə hər çəkəndə avaz,
Quşlara tutardı rah-i pərvaz.
Gahi qəzəlü gahi qəsidə
İnşa qılıb ol sitəmrəsidə.
Suz ilə oxurdu gahü bigah,
Bir neçə
əziz onunla həmrah.
O – Məcnundu...
Muğam çölləri onun müridləriylə doludu. Azərbaycan
muğam müsabiqəsində
birinci yer – onun şəyirdinin, Beynəlxalq muğam müsabiqəsinin qalibi – onun boğazından sənət körfəzinə
yan alıb, ən balaca muğam ustası Elməddin İbrahimov və bu günlərdə
əməkdar artist adına layiq görülmüş ən
gənc xanəndə
Təyyar Bayramovun adlarını çəkmək
bəsdi. Tələbələri təkcə oxumağı
yox, nitq mədəniyyətini də
ondan əxz eləyiblər. Onun məktəbi
həm də "Vətən eşqi məktəbi”di (M.Şəhriyar).
Onun səsi Qarabağın səsiylə açılır,
sözü Qarabağın
sözüylə bitir.
Dost kimi hələ
bir kəsi xəcil eləməyib.
Elçi gedib, dava yatırıb, sülh imzaladıb, adamı həmişə özünə
çəkib, özündən
itələməyib. Ata
kimi də xoşbəxtdi, oğul kimi də, ər
kimi də, sənətçi kimi də. Allah onu
sübh çağı
– şər dağılanda
xəlq eləyib.
O – məsumdu...
O – Mənsumdu...
Ədalət.-2013.-2 oktyabr.-S.7.